525.Az

Nağıllara dönən insan taleyi


 

Nağıllara dönən insan taleyi<b style="color:red"></b>

... Fərqi yoxdur, müəllifi kimdir və o kitab nə haqqındadır, bəzən əlinə keçən bir romanı oxumaq istəyirsən.

Zamanın insana bəxş etdiyi hər nə varsa, o, qənimətdir. Qazandığı təcrübə, yaşadığı acılı-şirinli günlər, sınaqdan çıxarılmış və yaxud hər halında yanında gördüyü dostlar və sairə... Bu dəfə hər səhifəsində həyatda tutduğu mövqedən asılı olmadan insanlara dostluğun nə demək olduğunu aşılayan bir roman vardı masamda.

Yaşadığım rayonun və onun sakinlərinin bütün fərdi özəlliklərini bilməsəm də, necə deyərlər, "hər sabah işdən evə, evdən işə" prinsipiylə yaşasam belə, mənim də dostluq haqda öz düşüncələrim vardı. Yaddaşımın və beynimin alt qatında saxlayıb qoruduğum "dostluq" anlamını bu romanı oxuyaraq ya darmadağın edəcək, ya da daha da hifz edərək böyüdüb bərkidəcəkdim. Təbii ki, ikincisinin olmasını arzu edərək çox həvəs və diqqətlə kitabı vərəqləyib oxumağa başladım. Kitabı oxuduqca sanki Şabranın dar küçələrindən çıxıb son illərdə salınmış İpək yolundan keçmək üçün körpüyə qalxırdım. Ordan üzü şəhərə doğru boylansan ürəkaçan bir mənzərə ilə qarşılaşırsan. Dağlara qalxmağa bir neçə yerdən yol olsa da, bu dəfə sən də özünə bir yol açmaq iqtidarında olduğunu anlayaraq, dartına-dartına, dirənə-dirənə öz çığırını salmağa başlayacaqsan. Bax, "Nağıl adam"ın qəhrəmanı olan Aydın müəllim də elə birnəfəsə o dağı çıxmaq əzmində olan bir obrazdır. Bəli, bu romanın ilk səhifələrindən şabranlılara yaxın olan  Aydın Tağıyevi əsərin baş qəhrəmanı kimi görməyə başladıqca onu Şabran küçələrində gəzən qoltuğunda qara portfeli, sakit təbiətli, zahirən cüssəsiz bir insan kimi yox, tanınmış yazıçımız Novruz Nəcəfoğlunun romanına seçdiyi qəhrəmanına dağdan ağır bir insan, yazıçı kimi isə kiçik həcmli hekayələr ustası kimi görməyə başlayırsan...

Mən də o romanı oxuduqca qəhrəmanın ucaldığı "dağa" səhifələri vərəqləyə-vərəqləyə qalxmalıydım...

Əsərin hər səhifəsi də bizim Şabranımızın saf bulaqları kimi dumduru idi. İçdikcə doyulmayan sətirlərinin dincini alıb arada bir dərindən nəfəs almaq üçün sərin "kölgəlikləri" də vardı. Hər addımbaşı hələ ki, yurdumun gəzmədiyim, görmədiyim, sadəcə adını eşitdiyim obasından, elindən keçir, səmimi, layiqli insanlarının evində, ocağında qonaq olur, bərəkətli süfrəsində duz-çörək kəsirdim.

Mən "Nağıl adam" romanını özlüyümdə, bax, beləcə, oxuyurdum.

Oxuduqca romanın, necə deyərlər, "baş qəhrəmanı"Aydın müəllimlə qiyabi yol yoldaşı olmaq da xoşuma gəlməyə başlamışdı, hərçənd ki, müəllif bəzən az qala qəhrəmanını hamıya "qısqanır". Öz müşahidələrimdən çıxış edərək deyə bilərəm ki, Novruz müəllim bütün sevdiklərinə qarşı, yaxşı mənada, həmişə belə mühafizəkar bir mövqe tutur və bu mövqeyi də ona olan sevgini birəbeş artırır.

Yazıçının çox böyük səmimiyyət və sevgiylə oxucusuna təqdim etdiyi "Nağıl adam"ın qəhrəmanı da bundan əvvəl qələmə aldığı "Bir qış gününün xatirəsi"nin, "Yollar uzanan gün"ünün, "Çarəsiz yolçu"sunun, "Keçən cavan çağım ola"sının qəhrəmanları kimi mətin, həyatın sevincindən, kədərindən çıxmış, sınaqlarına dözmüş və bərkimişlər tənində idi. Bu romanda müəllifin aparıcı-seçmiş bir dostun timsalında sədaqəti və "dost" haqqında ürək sözləri hər bir oxucunu dərin düşüncələrə daldırır, nə yaxşı ki, həyatımızda dostlar var...

Bu romanı əslində ballada da adlandırmaq olar: dost və dostluq haqqında ballada! Və yazıçı uzun illərdən bəri tanıdığı, dost bildiyi Aydının timsalında əslində bütün dostlarına qarşı nə vaxtdan bəri qəlbindəki xətir-hörmətini izhar edir. Əsərdə təkcə bir dost obrazı yoxdur, burda bütün Şabrana və yazıçını əhatələyən ədəbi mühitə gümüş arxalı ayna tutulmuş, zərgərcəsinə dostluq lövhələri cilalanıb işlənmişdir.

Bəzən adladığın yollara, keçdiyin küçələrə dönüb baxmaq gəlir içindən. Dostlarının da həyatı, taleyi, sevincləri və kədərləri də səninlə bərabərdir o yollarda. Bəzən bir masada çörək kəsdiyin adamla o qədər doğmalaşırsan ki, sanki o insanın ruhu köçüb ruhuna. Sonra zaman keçdikcə bir daha o dostu yanında görmək istəyirsən. Həmsöhbət olmaq üçün haradan-hara getmək xülyası dolaşır beynində. Heç nəyin könlünün ovutmadığı bir vaxtda üzünü ağ vərəqlərə tutursan... O vərəqlər də bəzən haya yetməyə bilir. Xatirələr də belədir. Bir zaman etdiklərinin nə vaxtsa özünə qayıdacağı bir dünyadır yaşadığımız bu dünya...

Yazıldıqca çözələnir "Nağıl adam"ın müəllifinin öz xatirələri də. Yazıçı qəhrəmanının ata ocağını təsvir etdikcə öz ata ocağını, taleyini xatırladıqca öz keçdiyi ömür yolunu xatırlamaya bilmir. Hətta Aydın müəllimin dostlarından yazanda belə, öz dostlarını xatırlamağı da unutmur. Bu isə yazıçının səmimiyyətdən doğan bir keyfiyyətdir ki, romanı daha da şirinləşdirir.

Həyatda hisslərin və xəyalların dəyişdiyi bir məqam olur əslində. Ona qarşı çıxdıqca insan özünə rahat olanı və qəlbinə sakitlik gətirəni qəbul edir. Xatirədən-xatirəyə, rəvayətdən-rəvayətə, sətirdən-sətirə keçdikcə ürəyindən sevgi, gözlərindən işıq qataraq yoğurduğu hər əsər yazıçının əslində elə öz dünyasının daxili təlatümlərinin izharıdır. Yaxşı və ağır günlərimizdə sevincimizi bölüşə bildiyimiz, kədərimizi paylaşa bildiyimiz dostlar...

Şeirləri və məktubları çox sevdiyim üçün romandakı həmin fəsilləri az qala nur kimi göz bəbəklərimə səpməyə başladım. Yazıçı lerikli adaşı dostunun bizim "qəhrəmana" yazdığı məktublarının nöqtəsinə, vergülünə toxunmadan onları öz romanında sığallamış, əzizləmiş, bir oxucu gözü ilə, düşünürəm ki, elə mənim kimi "öpüb" oxşaya bilmişdi. Həqiqətən də Aydını, "özü və sözü" ilə aydınca təsvir edərək, bəlkə də ədəbiyyatımızda hələ ki, az-az yazılan dostluq və qardaşlıq mücəssiməsi sayıla bilən, iki yazıçının arasında bu qədər dərin bağlılığı sübut edən və etibara, sədaqətə zərrə qədər güman və şübhə yeri qoymayan bir əsər yarada bilmişdir. Müəllifin insanlara sevgisi dostunun dostlarına olan sevgilərini də canlandırmağı bacarıb. Bu roman vasitəsi ilə biz oxucular da Aydın Tağıyevə gələn məktubların cavabını elə müəllifin bu romanında tapırıq. Çünki aldığımız məktuba cavab verməyə nə qədər özümüzü borclu biliriksə, bu romanda da oxuduğumuz məktubların içində bütün suallarımıza cavab tapırıq.

İnsan bəzən özünə dost, yoldaş seçməkdə çətinlik çəkir. Bu bəlkə də bir normal haldır. Amma "Nağıl adam"ı oxuduqca oxucuda elə gözəl bir duyğu yaranır ki, sanki bu dünyada ən gözəl dostlar və yoldaşlar müəllifin taleyinə düşüb. Ümid edirəm ki, romanı oxuyan hər bir səmimi oxucunun qəlbində, yaxşı mənada, bir paxıllıq və qibtə hissi oyanacaq.

Aydın müəllimin həyat yolu da hekayələri kimi çox rəngarəng və maraqlıdır. Real həyat həqiqətləri nəql olunduqca insan torpağına, daşına, hətta dünyadan köçmüş əzizlərinə olan dəyərin bu qədər necə uca tutulmanın şahidinə çevirilir və özü də həmin qəhrəmanın obrazında həyatı yaşamağı öyrənmək istəyir. Bir qarışqanı incitməyə qıymayan insan ürəyi var bizim qəhrəmanda, qonaqpərvərliyi, dostlara sədaqəti, sözübütövlüyü ilə tam bir "nağıl adam"dır Aydın müəllim.

Müəllif əslində bizim Şabranda "bənnası" da, necə deyərlər, memarı da özü olan "Poeziya ocağı"ndan da söz açmışdı bu romanda. Qeyd etməliyəm ki, romanda öz adıma rast gələcəyimi heç düşünmürdüm, həmin sətirləri oxuduqca qəlbimə fərəh hissləri dolurdu...

Nəsrin içində şeir parçalarının xüsusi ustalıqla seçilib yerləşdirilməsinin oxucuya yaşatdığı bir ayrı zövqü vardır. O parçalar nəsrdə mənim üçün "nəfəslik" rolunu oynayır. Onları xüsusi  bir özəlliklə oxuyub yaddaşıma köçürə bilirəm. Zümzümədir, bayatıdır, layladır o şeirlər. İnsanı həm duyğulandırır, həm yaşadır, həm də özü ilə çəkib aparmağı bacarır. Yazıçının nəsr dili isə özünəməxsusdur, məncə, bunun üçün bizim qəhrəmanın "qartalla görüş" hissənini oxumaq kifayət edir.

Kitabdakı fəsillərdən birindəki kimi "Ömrü nurlu insanlar" bu həyatı özləri üçün yaşamırlar. Əslində onlar bu həyatı özlərinə yük edib çəkib aparmaqla məşğul olurlar. Sevdiyi insanlara - dostu öz mənləri kimi qəbul etdiklərinə və onu özünə dost bilənlərə ithaf olunan bu bioqrafik romanla Novruz Nəcəfoğlu ürəyinin dərinliklərində gəzdirdiyi ən gözəl və saf hisslərini sözlərə çevirə bilib. Kaş ki, bizlərdə bizi özünə dost bilənlərə bu qədər sədaqətli, etibarlı olaq və dostları yaddaşımızda belə yaşada bilək.

"Dosta vəfası olmayanın haqqa vəfası olmaz",- deyib Həzrəti Mövlana.

İnanmıram ki, bu romanı oxuyan hər hansı bir oxucu sətirlər arasında özünü-dostunu tapmasın. Gözəl yazıçı və ələlxüsus da dəyərli insan kimi Novruz Nəcəfoğluna və romanın qəhrəmanlarından birinə, Aydın Tağıyevə  sözün ömrü qədər bu romanın işığında əfsanələşən, nağıllaşan, dastanlaşan bir dostluq arzu edirəm...

 





27.07.2017    çap et  çap et