525.Az

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında


 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında<b style="color:red"></b>

Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da, şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş, bizlərə nəyi vəsiyyət etmişlər - oxuyaq, düşünək, bu günümüz üçün fəxr edək!

ÖGRƏDƏN BİR MÜSİBƏT!.. 

Min öyütdən bir müsibət yekdir...

Xalqın sınanmış təcrübələr nəticəsində söylədigi vəcizələrdən birisi də budur! Bu vəcizədəki böyük həqiqəti biz azərbaycanlılardan dərk etməyənlər var idisə böyük nisan müsibətindən sonra onun ifadə etdigi hikməti anlamayan qalmadı, zənn edəriz.

Bundan doqquz sənə əvvəl, 27 nisana (aprelə) təsadüf edən bir gündə Azərbaycan xalqı müsibətin ən böyügünə və faciələrin ən fəciinə məruz qaldı. İstiqlalını qeyb etdi. Sənələrdən bəri bəkliyərək hənuz kovuşduğu hürriyyət və hakimiyyətinə təkrar həsrət qaldı.

İstiqlalını qeyb etmək, hürriyyət və hakimiyyətinə həsrət qalmaq... bundan da böyük bir müsibət olurmu?!

Sözdən anlayanlara bu müsibətin Azərbaycana verdigi maddi və mənəvi təxribatı uzun-uzadıya saymaq ehtiyacı yoxdur. Hələ 4 gün əvvəlisi qurtuluş gününü təsid etməklə məsud olmalarına rəğmən, istila nə olduğunu unutmamış bulunan Türkiyə vətəndaşlarına bu xüsusda fəzlə təfsilat verməyə lüzum belə yox!

Sevr müahidəsini doğuran müsibət, bir az sonra, Türkiyəyi müəyyən şərait nəticəsində 23 nisan zəfərinə gətirdi. Sevr müahidəsinin Türkiyə Cümhuriyyətinin təsisində oynadığı rolu 27 nisan hadisəsi Azərbaycan Cümhuriyyətinin qurtuluşunda görə biləcəkmidir?

Bu suala cavab verə bilmək üçün istila sənələrinin Azərbaycan cəmiyyəti üzərinə icra etdigi təsirlərlə bunların inkişafındakı hərəkət və istiqaməti seyr etmək lazım!

Bu seyr bizə nə göstəriyor? Onu tədqiq edəlim.

Budəfəki rus istilası - məlum olduğu üzrə ələladə bir istila degildir. Komunizm prinsiplərini tətbiq şüarı ilə gələn bu qüvvət eyni zamanda bir ixtilal qüvvəti idi. Bu qüvvət kəndinə məxsus bir surətlə Azərbaycandakı ictimai münasibatı alt-üst etdi. Həddi-zatında hərəkətdə ağır bulunan və əlavə olaraq, kəndisinə hərəkət vermək üçün çar idarəsi tərəfindən heç bir şey görülməyən Azərbaycan köylüsü istər-istəməz hərəkətə gəldi. Bu hərəkət, istila qüvvətinin yabançı olması etibarilə bir komunist olması etibarilə də iki dəfə yağmaçı bir qüvvət olduğunu köylüyə göstərdi. Komunistlərin kəndi təbirincə “Köylü Azərbaycan” “Proletar (oxu rus) Bakı”ya qarşı “qafa tutmaya” başladı. Öylə bir tutuş ki, təfsilatı keçən nüsxələrimizdə olduğu kibi, qismi məxsusumuzda dəxi qeyd edilmişdir.

Azərbaycan köylüsü artıq yalana inanmıyor, o mülkiyyət, hürriyyət və istiqlal müdarilə bu ümdələri tərviç edənləri arıyor. Yabançı və müstəvli gördügü bolşeviklərə könül xoşluğu ilə ərzaq satmamaq və vergi verməməklə müqabilə ediyor. Bu müqabilə iqtisadi passif sahədən çıxaraq, şimdi siyasi aktiv bir şəklə girmişdir. Şöylə ki, sovet seçkiləri əsnasında köylünün bu fəaliyyəti bizə zəbt olunan komisyonlar, yıxılan “sovxozlar”, öldürülən komunistlərdən bəhs ediyor.

Xalqın əsil kütləsini təşkil edən köylünün bu ruhi haləti bolşeviklərin “ufaq burjuva” dedikləri mütəvassid şəhər xalqı ilə bu xalqdan yetişən milli münəvvər zümrə üzərinə də təsir yapıyor. Azərbaycan gəncligi istila idarəsinin müdhiş təkibatına rəğmən mücadilə səflərinə yeni-yeni qəhrəmanlar veriyor. O dərəcədə ki, keçəndə ictima edən komunist konqrasında məruf rus uşağı Qarayev, Azərbaycanda komunist gənclər arasında “Müsavat” təşkilatı açıldığını acı bir lisanla etiraf etmək məcburiyyətində qalmışdır.

Köylülər kəndi əkdiklərinə bizzat sahib olmaq istiyorlar, bunların kəndi əkinləri üzərindəki istiqlal istəmələrinə müqabil münəvvər gənclik sadə əkin yerinin degil, bütün vətənin hürriyyət və istiqlalını tələb ediyor.

Qarayev köylülərin bu müxalifətinə qarşı onların “Komunist” firqəsindən “təmizlənmələrini” tələb etdigi kibi, Mirzoyan da “komsomolları” 40% “Müsavatçı” olduqları üçün təmizləmişdir”.

Azərbaycan cəmiyyətinin ictimai bünyəsində, istilanın 9-cu sənəsində görülən bu müqavimət o cəmiyyətin ruhi qivamını təmin etməkdir. Artıq 27 nisan dərbəsinin təsirilə gözlərindəki yaşlara yol verən passiflər degil, mübariz Azərbaycan nəslinin ruhiyyatına hökm edən zümrə, göz yaşlarını toplayaraq, bunu günün birində dəhşətli bir tərəkeylə partlayacaq milli xilas hərəkatı halına qoymaq istəyən, idealist, aktiv zümrədir!

27 nisan müsibətinin Azərbaycana qazandırdığı bir şey varsa, o da bu fədakar zümrəyə sahib oluşudur!

Komunist rejiminin və qızıl rus istilasının həpimizcə məlum yaşadığı bu böhranlı günlərdə, biz milliyyətpərvərlərə düşən vəzifə bu zümrə ətrafında birləşmək, onu qüvvətləndirmək, onun zəfər və qələbəsini təmin etməkdir.

Bunu yapmaq iqtidarında olanlar tarixi müsibətdən ögüt ala bilmiş olanlardır.

Bir müsibəti daha həqq etmək istəmiyorsaq 27 nisan müsibətinin verdigi ögütü iyicə xatırlayalım!..

M.Ə.Rəsulzadə
”Odlu-Yurd”, 27 nisan (aprel) 1929, № 3

Vəcizə - qısa deyim
Qivam - duruş, varolma
Həqq - doğru, gerçək

TARİXDƏ AZƏRBAYCAN-RUS MÜNASİBATI

I 

Kəlmənin geniş mənasilə Azərbaycan (1) və rus münasibatının hankı tarixdən etibarən başladığı haqqında Avropa alimləri müttəhid degildirlər. Daha bir qaç əsir əvvəlləri bu mövzua təmas edən müxtəlif ərəb, əcəm və erməni müvərrixləri kəzalik bu sahəyə aid mütexalif məlumat verməkdədirlər. Hətta bəzən eyni dövrdə yaşayan iki müvərrix eyni siyasi hadisə haqqında ya yekdigərini cərh edən məlumat vermiş, yaxud da birisinin bəhs etdigi mühüm hadisəyi tamamilə məsqut keçmişdir. Bununla bərabər ilk Azərbaycan-rus siyasi münasibatının başlanğıcını məxəzlərin fakir və məhdud olmasına rəğmən, müəyyən bir tarixə rəbt etmək imkanına malikiz. Son zamanlarda Azərbaycan haqqında tədqiqatda bulunub dolayısilə bu mövzuya dəxi təmas edən rus akademisi rəisi professor Bartold (2) kəndi sələfləri Melqunov (3) və Abasqulu Ağa Bakıxanovun (4) ərəb müvərrixi Məsudiyə (5) istinadən verdikləri məlumata yeni heç bir şey əlavə etməmişdir. Bu etibarla Bartold Azərbaycana qarşı ruslar tərəfindən ilk icra edilən hərəkət olmaq üzrə miladi 913-914 sənələrində vaqe olan axını qəbul etmişdir. Halbuki Məsudinin bəhs və müfəssəl məlumat verdigi bu siyasi hərəkətdən daha əvvəlləri rusların Azərbaycan sahillərinə qarşı təərrüzdə bulunduqlarına dair məlumata qismən olsun vaqifiz. Yalnız Bartoldun Darnin (6) əsərindən bəhs etməməsi şayani-diqqətdir.

İlk Azərbaycan və rus siyasi münasibatı vaxtən 880 miladi sənəsindən etibarən başlıyorsa da biz daha əvvəlləri Bəhri-Xəzər təriqilə bunların Şərqlə ticarət etdiklərini biliyoruz. Təqribən daha VII, VIII əsirlərdə Rus tacirləri Volğa və Don nəhirləri vasitəsilə Xəzər dənizinə enmiş və Qafqasiya, İran yoluyla ta Bağdada qədər mal göndərmişlərdir. Bu ticarəti ruslar daha III əsirdən etibarən Bəhri-Xəzər sahillərində yerləşib buranın ilk oturaq əhalisini təşkil edən xəzərlər vasitəsilə icra edə bilmişlərdir. Bilaxirə VI və IX əsirlər zərfində xəzərlərin hakimiyyətinin ən yüksək dövrü idi ki, Bəhri-Xəzərdə bunların isminə izafə edilmişdir. Rusların bu xəzərlərlə ticari münasibatda bulunduqları tarixəndə tövsix edilmiş bir qəziyədir.

Ümumiyyətlə, Bəhri-Xəzər və Dərbənd şəhri o dövr ticarət yolları mühimmindən biri olaraq ədd edilməkdə idi. Bilxassə bu yol ərəb və əcəm ticarətinin ana xətti idi. Bu nöqteyi-nəzərdən Bəhri-Xəzər coğrafi mövqei dolayısilə Şərqlə Rusiyanın arasındakı ümumi və ticari münasibatın ən əlverişli bir mərkəzini təşkil eyləmişdir. Ayrıca “İdrisi” və “İbn Haukel” kibi ərəb mühərrirləri Bəhri-Xəzər ticarəti məsələsinə təmas etmişlər. Digər tərəfdən axirən Moskva civarında icra edilən arxeoloji xəfriyat nəticəsində rus-ərəb ticarətini tövsik edən bir çox sikkələr əldə edilmişdir. Bu kibi sülhən icra edilən ticarət mübadiləsindən istifadə edən ruslar şübhəsiz müaxirən tərtib eylədikləri axınlar üçün kəşfiyyatda bulunmuşlar. Hər halda Bəhri-Xəzər sahili ruslar üçün o qədər də yabançı degildir.

Yağma məqsədilə Bəhri-Xəzər sahilinə ruslar tərəfindən icra edilən ilk səfər aşağı-yuxarı 880 sənəsinə müsadifdir. Bu hadiseyi tənvir və tövsix edəcək tarixi məlumatın əlimizdə pək əndər olması bu xüsusda fəzlə izahata girişməmizə mane olmaqdadır. Hətta “Təbəri” və “Məsudi” kibi ərəb müvərrixləri yalnız 909, 913, 943 və 968 sənələri rus səfərlərindən bəhs edərək, ilk dəfə vüqu bulan 880 axınını tamamilə məskut keçmişlər. Zahirəddin ki, əsərini 1476-77 sənələrində ikmal etmişdir isə 2-ci rus səfərindən bəhs edərək birinci axına heç təmas etməmişdir. Məsudinin bəhs etdigi 913 səfəri haqqında kəzalik Zahirəddin heç bir məlumat vermiyor. İkinci səfərdən bəhsdə də olduqca səthidir.

Bundan maəda 968 sənəsi axınından 1175 sənəsinə qədər davam edən dövrənin bizi əlaqədar edəcək siyasi vaqeələr haqqında heç bir ərəb və əcəm müvərrixlərindən qeydə təsadüf edilmiyor. Azərbaycan-rus siyasi münasibatının bu dövrdə ərz etdigi səfərlər məəttəəssüf şimdilik məchuldur.

İlk rus axınlarına gəlincə, 913-914 səfəri haqqında müfəssəl məlumat verən Məsudinin, rusların ilk icra etdikləri axın əsnasında külli qüvvətlərlə olmayıb ufaq bölükcüklərlə gəldiklərini fəqət sonra 913-914 səfərində isə əvvəlcə gördükləri acı təcrübədən bilistifadə bütün qüvvətlərilə gəldiklərini qeyd edən rusların Bəhri-Xəzər sahillərinə daha əvvəldə gəldiklərini istintac edə biliriz. Lakin bu əvvəlki səfərlərin hankı sənədə vaqe olduğu haqqında Məsudidə bir qeyd mövcud degildir. Dorn dəxi bu səfərə yanaşmamışdır. 880 sənəsi haqqında bizə tarixi yeganə məlumat verən zat “Tarixi Təbəristan” müəllifi Muhamməd ibni Həsən İsfəndiyardır (3). Mümaileyh “Amedanı Rusan əzdərya betara ke Təbəristan” bəhsində bilxassə ikinci yəni 909 sənəsi rus səfərini izah edərkən “bu sənə yəni (1909-10) 297 sənələrində ruslar 16 gəmidən ibarət olaraq tıbqı Həsən ibni Zeydin (4) dövründə (864-884) olduğu kibi Bəhri-Xəzərə gəldilər və “Abaskun”na qarşı hücuma başladılar. Həsən ibni Zeyd onlara qarşı ordu göndərərək rusları kamilən imha etdi. Bu sənədə (1909-910) 297 onlar (ruslar) Abaskun və dənizin ötəki sahilində bir çox yerləri təxrib, yağma və bir çox islam əhalisini də qətlə müvəffəq oldular. Bir sənə sonra ruslar daha külli bir qüvvətlə gələrək Sarı şəhrini yaxdılar və bir çox kimsələri imha etdikdən sonra bir qismi “Dilman”a getdi, bir qismi də dənizdə qaldı. Gilan şah gecələləyən dəniz kənarına gedilməsini, gəmilərin yandırılmasını və rusların imha edilməsini əmr etdi. Şirvan şah (3) bu keyfiyyətdən xəbərdar olaraq dərhal dənizdəki rusları əhatə etmiş və onları tamamilə imha eyləmişdir. Böyləcə rusların bu cəhətdən axınlarına bir nəhayət verdi.

Bu ilk iki (880 və 909, 10) rus axınına dair məlumatı təhlil edincə bunların doğrudan doğruya Azərbaycana qarşı mütəvecceh olmadığını görmüyoruzsa da, siyasi bir hərəkət olması həsəbilə o dövrdəki Şirvan Şahlığını əlaqədar etmiş və hətta Şahın müdaxiləsinə icab etdirmişdir. Ruslar 880 sənəsi axınına əvvəlcə “Abasükum”u yəni bu günki İranın Bəhri-Xəzər sahilini və sonra da dənizin ötəki sahilini yağma etmişlər. Əcəba bu təbir təhdində hankı məmləkət qəsd edilmişdir. Şayət burası Taberistana aid olmuş olsaydı şübhəsiz Həsən ibni İsfəndiyar bunu kəndi əsərinə qeyd etmiş olurdu. Çünki müəllifin kəndisi əsli etibarilə Taberistanlı olub əsərini məmləkətinə qarşı hiss etdigi mərbutiyyətən dolayı yazmışdır. Digər tərəfdən Şirvanşahın işə müdaxilə etməsi bu axını ona qarşı dəxi vaqe olduğu qənaətini bəxş etdirməkdədir. Bu təqdirdə dənizin ötəki sahili taxtında Azərbaycanın bir qismi qəsd edilmişdir. Şayət bu doğru olmasa belə Şirvan şahın müharibəyə iştirakı Azərbaycan və Rus münasibatının bir mərhələsini təşkil eylər.

Cərəyan edən bu iki hadisə rusların Bəhri-Xəzərə qarşı icra etdikləri axınların mahiyyətini tamamilə tənvir edər. Ruslar bu hərəkətləri ilə yalnız sahil boyundakı sülhpərvər və müdafiəsiz islam əhalisini yağma və talan etmişdir. Dorn isə məəttəəssüf bu hırsız axınlarından ruslara bir şərəf hissəsi ayırmaqdadır. Ona nəzərən ruslar bu axınları ilə məharət, cəsarət və qəhrəmanlıq göstərmişlər (5). Bartold isə, əksinə olaraq, rusların müdafiəsiz Bəhri-Xəzər sahili əhalisini amansızca yağma etdiklərini etiraf etməkdədir. Zatən bilaxirə bəhs etdigimiz digər mühüm rus axınları da bizə rusların degil mədəni vəzifə ilə, biləks təxribkar bir məsədlə gəldiklərini tamamilə göstərəcəkdir.

Dr. Ə.Cəfəroğlu
”Odlu-Yurd”, 2-ci təşrin 1929, № 9

1) Azərbaycan təbiri təhtində yalnız müstəqil Azərbaycan Cümhuriyyəti qəsd edilmişdir. Əskidən buraya Şirvan şahlığı və yaxud “Aran” ünvanı verilmişdir.

2) Mesto Prikaspiyskix oblastey v istorii musulmanskoqo mira. Baku, 1924.

3) Das Südliche Ufer des Kaspischen Meeres. Leipzığ, 1868.

4) Gülüstani İrem. Bakı, 1926.

5) Livre des prairies dof barbierde Meynard et Pavet de Gourteille, t. II. Paris, 1863, s. 18-19.

6) Kaspiy. O poxodax drevnix russkix v Tabaristan. Zapiski Akademii Nauk. Peterburq, 1875, cild 26.

------

1) Rasmussen: Essai historique et Ceoğraphique sur le comerce et les relations des Arabes et des Persan aveg la Russie et la Scandinavi durant le moyen age, journal Asiatique, 1824, Ociabre, s. 300.

2) Əvvəlcə “Spilgel” və “Üzel” tərəfindən istifadə edilən bu əsər Dornun da nəzəri diqqətini cəlb etmişdir. Tərcümə etdigim aşağıdakı parçada Dornun Kaspiya ünvanlı məqaləsindən alınmışdır.

3) Həsən ibni Zeyd “Dai Kəbir” ləqəbilə məşhurdur. Əmuldan Corcana qədər imtidad edən sahə yedi hakimiyətin də idi. Zetschrift der Deutsch Morgen Cesellschaft, t. 4, s. 62.

4) İsmi Əli bin Yusemdir.

5) İbid, s. IV.

Müttəhid - birgə
Kəzalik - həmçinin, eləcə də
Mütəxalif - bir-birinə uyğun gəlməyən
Cərh - təkzib, yaralama
Müsadif - təsadüf edən, rast gələn
Əndər - ən nadir, daha nadir
İstintac - nəticə çıxarma
Mütəvecceh - yönələn, üz tutan 

(Əhməd Cəfəroğlu 1899 ilində Gəncə şəhərində anadan olub. 1919-da Azərbaycana yardıma gələn Osmanlı ordusuna qatılaraq Türkiyəyə getdi. Bakı Universitetində başladığı türkoloji təhsilini 1924-də İstanbul Unversitetində tamamladı. Sonralar Berlin Universitetində doktorluq müdafiə edib İstanbul Universitetinin professoru olub. Görkəmli tarixçi alimdir. 1975-də İstanbulda vəfat edib - Ş.H.)

AZƏRBAYCANDA VƏZİYYƏT

Şəki asilər əlində ikən... 

Xüsusi müxabirimizin verdigi məlumata görə, şəki 10 gün asilər əlində qalmışdır. Şəhəri aldıqları zaman milliyyətpərvərlərin yalnız bir qismi şəhərə girmiş, digər qismi isə şəhər xaricində durmaqda davam eyləmişdir. Şəhərə daxil olan qüvvət hökumət idarələrini təslim almış və ələ keçən komunistlərlə “Çeka” məmurlarını dərhal öldürmüşlərdir. Şəhərdə olan 120 nəfərlik rus əskəri qüvvətini əsir edərək fövqəladə hörmətlərlə saxlamışlar. Milliyyətpərvərlər şəhərdə qaldıqları müddətcə hər gün mitinqlər tərtib edərək proğram və məqsədlərini ətraflı surətdə xalqa izah eyləmiş, demişlər ki:

- Biz qarətkar və yağmaçı degiliz. Məqsədimiz müstəqil və hürr Azərbaycan yaratmaq və rusları Azərbaycandan çıxarmaqdır.

Şəhri müharibəsiz tərk edərək Zaqatala dağlarına çəkilən asilər əsir aldıqları 120 rus əskərini dəxi azad edərək onlara demişlər ki:

- Biz sizləri öldürə bilərdik. Fəqət öldürməyib sərbəst buraxıyoruz ki, vətənimizdə qalmayıb Rusiyaya gedəsiniz. Geddiginiz zaman digər ruslara dəxi anlatınız ki, biz Azərbaycanı müstəqil və hürr görmək istəriz. Biz istiyoruz ki, ruslar vətənimizdən çıxıb getsinlər. Əgər kəndi arzuları ilə Azərbaycanı tərk etməzsələr, zorla çıxaracağız.

Asilər şəhərdə heç bir qarət yapmamışlar. Batan ticarətxanələri və bankları möhürliyərək əhaliyə tapşırmışlar və gedərkən son mitinqdə xalqa demişlər ki:

- Biz müvəqqəti olaraq gediyoruz. Fəqət tezlik ilə yenə gələcəgiz. Bu sərvət və paraları sizə əmanət buraxıyoruz. Bizdən sonra gələcək sovet məmurlarına deyiniz ki, bu sərvət Azərbaycanın milli sərvətidir və alıb sahibinə vermək üçün “Müsavatçılar” yenə gələcəklərdir.

Komunistlər belə hərəkətin bir təşkilat idarəsi altında olduğunu təsdiq ediyorlar. Şəki-Zaqatala partizanları kəndilərinə “Müsavatçı” adını verməkdə və o təşkilat naminə hərəkət etdiklərini iddia eyləməkdədirlər. 

Dağlarda qurultaymı?

Milliyyətpərvərlərin, böylə, böyük qurbanlar və qanlar müqabilində sahib olduqları şəhəri qansız və hərbsiz buraxaraq Zaqatala dağlarına çəkilmələri ətrafında müxtəlif şayiələr dövran eyləməkdədir. Müxtəlif şayiələr içərisində ən qüvvətlisi xalq nəzərində həqiqi bir milli qüvvət olduğunu nümayiş etdirdikdən sonra partizan qüvvələrini məhv etməmək və daha iyi hazırlanaraq Gürcü və Dağıstan ilə bərabər hərəkət üçün müştərək plan tərtib eyləməkdir.

Dövran edən şayiələrə görə Zaqatala dağlarında Azərbaycan, Gürcüstan, Dağıstan və erməni partizan müməssillərindən ibarət bir qurultay dəvət edilmiş və bu qurultayda gələcək müştərək, qəti hərəkətin proğramı cızılmışdır.

Bu plan mövcibincə ən yaxında Dağıstan, Azərbaycan və Gürcüstanda böyük müsəlləh qiyam vüqu bulacağı təxmin edilməkdədir. 

Gəncə-Bakı arasında

Gəncə ilə Bakı arasında dəmir yolunda asayişin tamamilə pozulmuş olduğu xəbər verilməkdədir. Mayısın ortalarında Bakıdan gələn bir qatar Yevlax ilə Kürdəmir arasında partizanların basqınına məruz qalmış, içində qızıl ordu nəfərlərilə “Çeka” məmurları tamamilə qətl edilmişdir. Bu qatarlarla Zaqatalaya yeni rus qüvvətləri sövq ediliyordu. 

Kommunistlər qaçıyorlar

Həziran başlarında Azərbaycandan çıxanların anlatdıqlarına görə Azərbaycan köylərində kommunistlər amansızca öldürülməkdədir. Qəzalarda olan komunistlər Bakıya çəkiliyorlar. Köylərə göndərilən münəvvərlər və əmələ qurupları getməkdən imtina etməkdədirlər.

Vedibasarda qara bayraq

Zəngi-Basar, Vedi-Basar, Gergi-Basar və Naçevan tərəflərində üsyan məntəqəsində olan köylərdə qara bayraq çəkilmiş olduğu hüdud boyunda olan müxabirlərimiz tərəfindən xəbər verilməkdədir. Çünki üsyan rəisi Abasqulu Ağa qətl edilmişdir. Matəmdə erməni köyləri də iştirak etməkdədir. Abasqulu Ağanın qrupunda olan köylərdən 80 kişi 17 tələfat vermək müqabilində Türkiyəyə keçməgə müvəffəq olmuşlardı. Ruslar Araz boyunda hüdudu keçərkən öldürdükləri 17 köylünün meyitlərini günlərcə səhrada buraxmışlardır. Türkiyəyə keçməgə müvəffəq olan 63 köylünün söylədiklərinə görə Abasqulu Ağa daşnaqlar tərəfindən qətl edilmişdir. Və bu hadisədən daşnak olmayanerməni köylərinin nifrətinə mucib olmuşdur. 

Abasqulu Ağa neçün öldürüldü?

Hər kəsdən ziyadə bolşevikləri sevindirəcək olan bu qətl hadisəsinə daşnaqlar nədən müraciət etmişlər?..

Abasqulu Ağa rus ixtilalından sonra əksəriyyəti türk olan Erivan vilayətində “süni bir erməni əksəriyyəti” yaratmaq üçün türk köylərini yer ilə yeksan etməgə başlayan daşnaqlara, onların “qəhrəmanı” androniklərə 2 sənə müqavimət eyləmiş, bu yerlərdə türkün mövcudiyyətini mühafizəyə müvəffəq olmuşdu.

O zaman Erivan vilayətində, Mavərayi-Qafqasya Seyminin xüsusi komisyonu 200-dən fəzlə türk köylərinin məhv edilmiş olduğunu təsbit eyləmişdi. Abasqulu Ağa daşnakların şeytani tədbirlərinə qarşı gəlmiş və bu sayədə Vedi və Naxçıvan tərəfləri bu qətliamdan qurtarıla bilmişlərdi.

Daşnaklar, şimdi, Abasqulu Ağanın ruslara qarşı mübarizə etməsindən istifadə edərək “intiqam” almışlar.

Abasqulu Ağaın öldürülməsindən daşnak olmayan erməni köyləri dəxi çox mütəəssir imişlər. 

Gürcüstan milliyyətçiləri

Xüsusi müxabirimizdən aldığımız məlumata görə mayısın sonlarında Tiflisdən Rusiyanın şimalına sürülən 300 gürcü milliyyətçisi Qazax tərəflərindən hərəkət edən 1000 kişilik partizanlar tərəfindən xilas edilmişlərdir. Trendə milliyyətçiləri müşayiət edən Çeka məmurları öldürülmüşdür. Gürcü millətçiləri asilərə iltihaq (birləşmə) edərək dağlara çəkilmişlərdir.

Erivanda həbslər

Erivan vilayətində 130 türk milliyyətpərvər həbsə alınmışlardır. Bunlar Rusiyaya sürüləcəklər. Məhbusların arasında Türkiyəyə keçməgə təşəbbüs etməklə ittiham edilənlərdən Abas və Mehmet Tağı bəylər də vardır. Mayısın 17-də bunlar sürüləcəklərdi. Fəqət Borçalıda və Qazax tərəflərində dəmir yol xəttinin türk köyləri əlində olması nəzərə alınaraq şimdilik təxir edilmişdir.

Mühacirət

Ermənistanda yaşayan türklərdən mayısın sonuna qədər Türkiyəyə (İğdır təriqilə) 300 adam keçmişdir. Bunlardan yalnız 50-si ailəlidir. Yerdə qalanların ailələri o tərəfdə qalmışdır. Zəngi Basar, Vedi Basar və Gərgi Basarda 200 ailənin evləri imha və əmlakları zəbt edilmişdir. Hüduda yaxın və uzaq yerlərdən on minlərcə əhali gecə-gündüz Türkiyəyə keçməgə hazırlaşıyorlarsa da bolşeviklər hüdudda mane oluyorlar. Şimdiyə qədər keçmək istəyənlərin çoxu ruslar tərəfindən hüdutda öldürülmüşdür.

Bağırova bomba atıldı

Aldığımız məlumata görə Azərbaycan “Çeka”sının rəisi və Azərbaycan qəzalarındakı köylü hərəkatını tənkilə (cəza verməyə) məmur Çeka məfruzəsi komandanı Mir Cəfər Bağırova Bakıda, Bakı Darülfünunu tələbəsindən Həmzə B. namında bir türk gənci Bağırovu götürən avtomobilə bir bomba atmışdır. Bağırov burada canın qurtarmağa müvəffəq olmuşsa da yanında olan 3 çekist qətl edilmişdir. 

Gəncədə həbslər

Gəncədə müəllimlər, tələbələr, münəvvər və xalq arasında külliyətli həbslər ica edilmişdir. İçərisində qızıl orduda olan bir qaç türk Azəri zabitləri də olmaq üzrə miqdarları 4000-ni keçən mevquflar (həbs olunmuşlar) Bakıya sövq edilmişlərdir.

Şuşa hadisəsi

Şuşada son hadisələrdə bizzat iştirak eyləmiş olanlardan İrana iltica edənləri ilə Qaradağ müxbirimiz görüşmüşdür. Məlum oluyor ki, üsyançılar şəhəri aldıqdan sonra həbsxanələri açaraq bütün məhbusları xilas eyləmişlərdir. Şuşanın silah deposu əskərləri dəxi asilərə iltihaq etdigindən bütün silahlar partizanlar əlinə keçmişdir.

Asilər bütün komunistləri kəsərərək 2 həftə şəhərdə hakim olmuşlar. Yalnız Yevlaxdan gələn böyük rus qüvvətilə davam edən qanlı müharibədən sonra şəhər təslim olmuşdur. Ruslar şəhərdə külliyətli həbslər icra eyləmiş və qətliam yapmışlar.

Müxbirimizin qeyd etdiginə görə partizanlar içərisində köylü qadınlar belə iştirak ediyorlar.

Şuşadan dağlara çəkilən partizanlar müqavimətlərində davam etməkdədirlər. 

Tehran və Azərbaycan üsyanları

Tehran müxbiri məxsusimizin verdigi məlumata görə İran hökumət məhafili Azərbaycanda davam edən qanlı üsyan hərəkatını təsdiq eyləməkdədir. Tehranda olan əcnəbi dövlətlərin diplomatik məhafilində Azərbaycan üsyanları haqqında ətraflı məlumat vardır. Üsyanın Erivana qədər sirayət etdigi, hətta Naxçıvandakı İran Konsulosunun öldürüldügü şayiələri vardır.

İrana mühacirət seli

Son hadisələrlə əlaqədar olaraq İrana mühacirət seli artmaqdadır.

Biləsuvar müxbirimizin verdigi məlumata görə 155 müsəlləh və atlı azərbaycanlılar İrana keçmək istərkən ruslarla atışmaya məcbur olmuşkən, nəticədə mühacirlərdən 130 kişi ölmüş, 25-i İrana keçə bilmişdir.

Səlyan qəzasının Şor Sulu və Xarış-Dalı köylərindən 10 ailə 6 tüfəngli ilə bərabər 40 at, 200 qara mal və minə qədər qoyunları ilə bərabər rus hüdud mühafizlərilə atışa-atışa İrana keçmişlərdir. Mühacirlər silahlarını təslim etdikdən sonra Talış-Mikili obasında sakin edilmişlər. Obanın rəisi Əbdül bəy mühacirlərə əlindən gələn yardımı əsirgəməmişdir. Muğanın Saatlı köyündən Hacı Mustafa bir çox ailələr və 200 qoyunu ilə İrana keçib. Canyarı elinin rəisi Fərzullah bəyin göstərdigi və hüduddan 50 kilometr kənarda olan bir obada oturdulmuşdur.

Ağdam qəzasından da 30 köylü Arazı keçərək Araz boyunda olan Tərzə-kənddə sakin olmuşlardır.

Hüdudu hər gecə 10-15 köylü keçməkdədir. Bu üzdən hüdud boyunda daima atışma eşidiliyor.

Bu günlərdə 250 qızıl əskər hüdudu keçərək İran hökumətinə təslim olmuşlardır. Bunun müqabilində ruslar 4 İran əskərini tutub götürmüşlər. 

Çekistin ölümü

Aldığımız məlumata görə, Bakı köylərindən birində köylülərə nitq söylərkən Çeka məmurlarından Qənbər nam birisi qurşunla qətl edilmişdir. 

İran-Azərbaycan hüdudunda

Donlanda intişar edən “Deyli Teleğraf” qəzetəsi 17 həziran (iyun) tarixli Təbriz müxbirindən alaraq dərc etdigi məlumata görə Azərbaycan köyləri külliyətli surətdə İrana keçmək istərkən hüdud boyunda rus əskəri hissələrilə köylülər arasında qanlı müsadimə vüqu bulmuşdur. Qaradağ səmtində bir qaç min Azərbaycan köylüsü Arazı keçmək istərkən qızıl ordu ilə hərbə girişməgə məcbur olmuş, nəticədə 20 qızıl nəfər 2 zabit öldürülmüşdür. Bakıdan hadisə mahalına 3000 qızıl ordu hissəsi cəlb edilmiş, eyni zamanda qızıl ordu süvari alayı Araz boyunda hərəkətə keçərək İran ərazisinə girmiş və İran köyünü yağma eyləmişdir.

Bolşeviklər telefon və teleğraf xətlərini kəsərək məruf simaları rehin olaraq, aldıqdan sonra Vinerdəki erməni evlərini dəxi yaxmışlardır.

Hüdudun mühafizəsi üçün İran hökuməti tədabir almaqdadır.

Son alınan məlumata görə mərkəzi Qafqasiyda yenidən üsyan qalqmışdır.

“Odlu-Yurd”, temmuz (iyul) 1930, № 18

 





31.07.2017    çap et  çap et