525.Az

Sənədsiz mənzillərin hüququ status problemi


 

Sənədsiz mənzillərin hüququ status problemi <b style="color:red"></b> “Bələdiyyələrin fəaliyyətinin təbliği ” İctimai Birliyi  Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının  dəstəyi ilə “Sənədsiz mənzillər, onların hüquqi statusu və sosial-məişət xidməti hüquqları ilə bağlı televiziya verilişləri və teledebatların təşkili” mövzusunda layihənin icrasına start verib.
 
İkiaylıq layihənin əsas məqsədi  vətəndaşların televiziya verilişləri və  teledebatların keçirilməsi vasitəsi ilə  maarifləndirilmək,  habelə sənədsiz mənzillərə hüquqi status verilməsi yolların müəyyən edilməsi və əhalinin mülkiyyət hüquqlarının qorunması, qanunsuz mənzillərin tikintisinə maraq göstərən vətəndaşlara bu addımın gələcəkdə onlar  üçün yaradacağı problemlər barədə izahat işlərinin aparılması və maarifləndirilməsidir. Qeyd edək ki, cənab Prezident İlham Əliyevin müvafiq göstəriş və sərəncamlarından sonra prosesin həlli istiqamətində  bir sıra  addımlar atılmağa başlamışdır.

“Bələdiyyələrin fəaliyyətinin təbliği ” İctimai Birliyi də bu prosesə vətəndaş cəmiyyəti olaraq layihəni uğurla həyata keçirməklə öz töhvəsini vermək arzusundadır. Qeyd edilməlidir ki, daşınmaz əmlak milli sərvətin əsas hissəsini təşkil edir. Bu əmlakın hüquqi müstəvidə qeydiyyata alınması və idarə olunması ölkəmizdə keçirilən sosial-iqtisadi islahatların nəticəsinə də müsbət  təsir  edən amillərdən sayılır. Təsadüfi deyildir ki, dövlət tərəfindən vətəndaşların mülkiyyətinə olan hüquqlarının qorunması Azərbaycan Respublikasının Konstitusiyası və digər normativ-hüquqi sənədlərlə  tənzimlənir. Lakin  etiraf edilməlidir ki, bir sıra inkişaf etmiş ölkələrdə olduğu kimi, ölkəmizdə də qanunlardakı  bəzi boşluqların mövcudluğu, habelə  bir çox hallarda qanunların işləməməsi, bəzi yerlərdə məmur özbaşınalığı qanunsuz  yaşayış evlərinin  inşasına şərait yaradır. Bu da ki sonralar, əmlaka və mənzilə olan hüquqi statusla baglı böyük mübahisələrə səbəb olur. 

Odur ki, 2011-ci il mart ayının 6-da ölkə prezdenti, cənab İlham Əliyevin bu istiqamətdə Bakı Şəhər İcra Hakimiyyətində keçirdiyi müşavirədə müvafiq orqanlara sənədsiz evlərlə bağlı verdiyi tapşırıq və tövsiyələr prosesin  həllində dönüş nöqtəsi hesab olunur. Bu günlərdə bu problemin həlli ilə bağlı dövlət başçısı cənab İlham Əliyevin  sərəncamı ilə  komissiyanın yaradılması  problemin həllinin sürətləndirilməsinə yönəlik bir addım kimi də qəbul edilməlidir. 

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin (BFTİB) apardığı araşdırmalar göstərir ki, Bakı  və Bakı ətrafı ərazilərdə hüquqi sənədi olmayan  450-500 minə yaxın mənzil mövcuddur. Təxmini hesablamalara görə, bu rəqəmin 28-30%-i müvafiq kommunikasiya xəttlərinin üzərində və ya yaxınlığında yerləşdiyindən sənədləşdirilməsi qeyri-mümkündür. Ancaq mənzillərin 70%-dək hissəsini sənədləşdirmək mümkündür. Müşahidələr göstərir ki, son illər qanunsuz tikinti bazarında artım  səviyyəsi aşağı düşsədə, yenə də müvafiq yerli icra strukturlarının qeyri-rəsmi icazəsi nəticəsində sənədsiz evlərin tikintisi gözə dəyir. Nəticə də, bir tərəfdən vətəndaşın qanunsuz yollarla zəbt etdiyi torpaq sahəsində mənzilin özəlləşdirməsi sual altına düşür.

İkinci bir tərəfdən  hüquqi statusu olmadığından bələdiyyə nə əmlak, nədə ki torpaq vergisinin tətbiq edə bilmədiyindən külli miqdarda vəsaitdən mərhum olur. Üçüncü bir tərəfdən mənzillərin alqı-satqısı və ya  addan-ada keçirilməsi, habelə özgəninkiləşdirilməsi zamanı kompensasiyaların verilməsi  mümkün olmur. Bundan əlavə, bu qrup mənzillərdə yaşayan vətəndaşlara sosial xidmətlərin göstərilməsində müəyyən problemlərin mövcudluğu gələcəkdə  vətəndaş-xidmət sahələri ilə qarşıdurmaların yaranmasına şərait yaradır. BFTİB-nin araşdırmaları göstərir ki, bütün bunlar əhalinin öz hüquqlarını və qüvvədə olan qanunları bilməməsindən, habelə bəzi hallarda yerli məmurların  bu prosesə “göz yumması”ndan da irəli gəlir. Bu baxımdan vətəndaşların mülkiyyət hüquqları ilə bağlı əhali arasında mütəmadi olaraq istər vətəndaş cəmiyyəti qurumları, istərsədə bələdiyyə orqanları tərəfindən maarifləndirmə-izahat işlərinin aparılmasına ehtiyac duyulur.  Yuxarıda qaldırılan problemin  “vətəndaş-məmur-bələdiyyə” kontekstində müzakirəsi ümumən problemin həllinə yardımçı ola bilər. Sənədsiz, hüquqi statusu olmayan mənzillərin rəsmiləşdirilməsində şəffaflığın təmin edilməsi, o cümlədən prosesin sadələşdirilməsi ilə bağlı təkliflərin hazırlanması üçün layihə çərçivəsində Suraxanı rayonu ərazisində formalaşan bələdiyyələrdə dəyirmi masaların keçirilməsi də nəzərdə tutulub.  Vətəndaş cəmiyyətinin təmsilçisi olaraq inanırıq ki, əhali arasında maarifləndirmə- izahat işlərini aparmaqla bu sahədə aparılan dövlət siyasətinə uğurla həyata keçməsinə  yardımçı olacağıq.   

Vüqar Tofiqli
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri
 
 





02.10.2012    çap et  çap et