525.Az

Səfir: "Pretoriya-Bakı arasında çox səmimi münasibətlər var"


 

"AZƏRBAYCANDA İNSANLAR KİM OLDUĞUNU BİLMƏDƏN DƏ SƏNƏ MÜLAYİM MÜNASİBƏT GÖSTƏRİR"

Səfir: "Pretoriya-Bakı arasında çox səmimi münasibətlər var"<b style="color:red"></b>

Azərbaycanla Cənubi Afrika Respublikası (CAR) arasında diplomatik əlaqələr 1992-ci il 29 aprel tarixində qurulub.

2011-ci ilin avqustundan Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyət göstərir. 

CAR-ın Azərbaycandakı səfiri Pule İsaak Malefane ötən il etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.

Müsahibimiz CAR-ın Azərbaycandakı səfiri (iqamətgahı Ankara şəhərində yerləşir) Pule İsaak Malefane iki ölkə arasındakı siyasi, iqtisadi münasibətlər, gələcək planlar barədə danışıb.

- Azərbaycanla Cənubi Afrika Respublikası (CAR) arasında çox səmimi münasibətlər mövcuddur. Biz Cənubi Afrikadan Bakıya çox sayda nümayəndə heyətlərinin gəldiklərini görürük. Mən özüm də bir sıra hallarda Bakıya səfər etmişəm. Həmçinin, yüksək səviyyəli görüşlər də həyata keçirilir. Bizim beynəlxalq əlaqələr və əməkdaşlıq üzrə nazirimiz xanım Maite Nkoana-Maşabane Azərbaycan Respublikası prezidentinin qonağı kimi Bakıda səfərdə olub. Bu səfər artıq güclü olan əlaqələrin möhkəmlənməsinə və yaxşılaşdırılmasına bir mandat oldu. Biz, həmçinin öz maraqlarımızı daha yaxşı təmsil etmək üçün Azərbaycana Fəxri konsul təyinetmə prosesindəyik. Münasibətlərimizin yaxşı səviyyədə olmasına bir nümunə kimi yenidən beynəlxalq əlaqələr və əməkdaşlıq nazirimizin səfərini qeyd etmək istəyirəm. Xanım nazir xüsusi olaraq Bakıya səfər edib. Yəni o, Bakıdan sonra digər heç bir ölkəyə getməyib. Bütün bunlar onu göstərir ki, Azərbaycanla CAR arasında siyasi münasibətlər möhkəmdir. Bakıya CAR-dan edilmiş sonrakı səfərlər də bunu təsdiqləyib.

- Azərbaycana səfir təyinatından əvvəl ölkəmizdə olmusunuz?

- Səfir təyinatından öncə heç vaxt Azərbaycanda olmamışdım. Buna görə də narahat idim ki, məni nə gözləyir. Etimadnaməmi təqdim etməyə gedərkən məni nazirlər, səfirlər və biznes ictimaiyyəti ilə tanış etmək üçün bir görüş-tədbir keçirildi. Mən Azərbaycanın çox sakit, maraqlı bir ölkə olduğunu gördüm. Azərbaycan hökuməti, biznes ictimaiyyəti və yerli insanlar tərəfindən çox isti qarşılandım. Beləliklə, həqiqətən, Azərbaycana səfir təyinatım məni yaxşı mənada həyəcanlandırdı.

- CAR iqtisadi baxımdan inkişaf etmiş ölkədir. Bu baxımdan ölkələrimiz arasında iqtisadi əlaqələrin səviyyəsini necə dəyərləndirirsiniz?

- Mən Bakıya səfər edəndə Azərbaycan Xarici İşlər Nazirliyində müzakirə etdiyim məsələlərdən biri də iqtisadi əlaqələr idi. Bizim indikindən daha çox ünsiyyətə ehtiyacımız var. Aramızda informasiya mübadiləsi aparmaq lazımdır. İki ölkənin iqtisadi münasibətləri üçün o qədər böyük potensial var ki. Hərbi-sənaye kompleksi sahəsində əməkdaşlıq edə bilərik. Digər sahələrə də imkanlar çoxdur.

Azərbaycan Afrikada o qədər tanınan yer deyil. Buna nail olmaq üçün elə, turizm əlaqələrindən başlaya bilərik. Qarşılıqlı turizm əlaqələrindən sonra başqa imkanlarımızı da aşkarlaya bilərik. Azərbaycan özünün biznes imkanlarını təqdim edə bilər. Biz may ayında keçirilən ən böyük turizm sərgilərindən birinə - INDABA sərgisinə ev sahibliyi edirik. Bu sərgidə Cənubi Afrika bütün dünyanın marağını cəlb edir. Növbəti ildə Azərbaycan turizm şirkətləri də bu sərgidə iştirak edəcək. Bu, bizim əlaqələrimizin inkişafına kömək edə bilər.

Mən bu yaxınlarda Bakıya səfər zamanı iki ölkə arasında diplomatik təlim üzrə əməkdaşlıq haqqında razılaşma imzaladıq. Belə ki, Azərbaycan Diplomatik Akademiyası diplomatların təlim-tədrisi ilə bağlı CAR-dakı diplomatik institutlarla əməkdaşlıq edəcək. Bizim gələcək diplomatlardan bəziləri treninq üçün Azərbaycana gələcək. Bu da öz-özlüyündə ölkələrimizin birgə gördüyü işlərin nəticəsidir. Beləliklə, bu yolla da biz əlaqələrimizi inkişaf etdirə bilərik.

- Azərbaycanda son illər turizm sahəsində nəzərəçarpan inkişaf müşahidə edilir. Sizcə, Azərbaycan turisti üçün Cənubi Afrikadakı hansı turizm növləri daha maraqlı ola bilər?

- Bu insanların seçimindən, tarixi maraqlarından, ambisiyaları və arzularından asılıdır. Məsələn, onlardan bəziləri idman tədbirlərinə, bəziləri tibbi əməliyyatlara, digər qismi də ölkəni gəzməyə gəlir. Təbii ki, ölkəyə gələn turistlər nəqliyyat və digər vasitələrdən istifadə edəcək və buna görə pul xərcləyəcəklər. Cənubi Afrika çoxlu turizm növlərinin - vəhşi təbiətlə təmas, ailə səfərləri, mədəni turizm, idman tədbirləri və s. qarışığı olan bir ölkədir. Azərbaycan vətəndaşları üçün də ölkəmiz zövqalma məkanı ola bilər. Turistlər ölkəmizə əsasən Avropa, Asiya, Afrika və Latın Amerikasından gəlir. Biznes turizmi, yəni biznes qurmaq üçün ölkəyə gələn insanlar da var. Ölkəmizdə biznes, infrastruktur və bank sistemi çox yaxşı təşkil olunub. Turizm isə CAR-ın əsas iqtisadi sektorlarından biridir.

- Bəs mədəniyyət sahəsində əməkdaşlıq imkanları barədə nə deyə bilərsiniz?

- Mədəniyyət əlaqələrin qurulmasında çox mühüm amildir. Mədəni münasibətlər konkret olaraq ölkələr arasında diplomatik əlaqələr deməkdir. Məsələn, CAR-da baş tutan Azərbaycan milli günündə yerli Cənubi Afrika mədəniyyət qrupları mədəni proqramla çıxış etdilər. Onlara Azərbaycan milli rəqsləri və mahnılarının necə ifa edilməsi öyrədilmişdi. Beləliklə də, görürük ki, mədəniyyət münasibətləri inkişaf etdirmək üçün bizə lazım olan əsas məqamlardan biridir. Bundan başqa, biz ölkəmizin milli günlərindən birini Azərbaycanda qeyd edə bilərik. Biz Azərbaycanla mədəni mübadilə proqramları da təşkil edə bilərik, bizim incəsənət kollektivləri Azərbaycanda çıxış edə bilər. Bununla da insanlarınız görəcək ki, biz mədəni imkanlarımız baxımından nələri təklif edə bilərik.

- CAR-ın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi necədir?

- Biz Birləşmiş Millətlər Təşkilatının qətnamələrini dəstəkləyir və münaqişə yaradan hər hansı vəziyyətə qarşıyıq. Münaqişə nəticəsində günahsız insanlar həyatını itirir. BMT-nin bu münaqişə ilə bağlı qətnamələrinin həyata keçirilməsi onun həlli baxımdan ən yaxşı bir yoldur.

- Səfirliyin iqamətgahı Ankarada olduğu üçün siz Bakıya ara-sıra səfər edirsiniz. Ölkəmiz barədə təəssüratlarınız nədən ibarətdir?

- Mən yalnız Bakıda olmuşam. Çox müasir bir şəhərdir. Bakıda zəngin mətbəx, restoranlar, mağazalar ilə bağlı geniş seçim imkanları var. Hətta gecə saatlarında belə, kifayət qədər gözəl və cəlbedici yerlər tapmaq mümkündür. Qədim şəhərdə də oldum. İnsanlarınız çox qonaqpərvərdir. Azərbaycan insanları istiqanlıdır. Bu xüsusiyyət bizim insanlarımızda, ümumiyyətlə, bütün Afrika insanlarında da var. Məsələn, mən Bakını təkcə gəzdim. Küçədə hər hansı bir narahatlıq hiss etmədim. İnsanlar öz işləri ilə məşğul idi. Onlar sadəcə məndən nəzakətlə haradan olduğumu soruşdular. Hətta mənə başqa yerləri göstərməyi də təklif etdilər. İnsanlar kim olduğunu bilmədən də sənə mülayim münasibət göstərir.

PƏRVANƏ

 





01.08.2017    çap et  çap et