525.Az

Ruslan Dost Əli: “Biz sözü ilahilikdən məişətə endirmişik”


 

Ruslan Dost Əli: “Biz sözü ilahilikdən məişətə endirmişik”<b style="color:red"></b>

Gənc yazarlar arasında öz dəsti-xətti, orijinal fikirləri, fərqli poeziyası və şeir duyumu ilə seçilən şairlərdən biri də Ruslan Dost Əlidir.

Onun özünü və imzasını bir neçə ildir tanısam da, vətəndən uzaqda yaşadığı üçün tez-tez görüşmək imkanımız olmur.

Bugünlərdə Azərbaycana qayıdan Ruslanla görüşüb son zamanlar gördüyü işlərdən, təhsilindən, poeziyadan, şeirdən, ədəbiyyatdan söz açdıq.

Hər zaman üzündə təbəssüm, başında şeir dumanı dolaşan bu gənci söhbətimizdən daha yaxından tanıyacağınıza əminəm.
 

- İşlərin necə gedir, Ruslan?

- Ümumlikdə soruşursansa, işlərim yaxşıdır. Bildiyiniz kimi, mən artıq üç ildir Qazaxıstanın Türküstan şəhərində ali təhsil alıram. Bu il TÜRKSOY tərəfindən Türküstan şəhəri türk dünyasının mədəniyyət paytaxtı elan edildi. Bundan sonra həmin şəhərə diqqət daha da artdı. Bununla bağlı bizim universitetdə də bir sıra tədbirlər keçirildi. Bu tədbirlərdə iştirak üçün Azərbaycandan da nümayəndələr dəvət olundu. Türk dünyasının ortaq xəbər saytı yaradılması ətrafında müzakirələr aparıldı. Artıq mənim orada təhsilimi yekunlaşdırmağıma iki il qalıb. Bu iki ildə mən Azərbaycan-Qazaxıstan mədəni əlaqələrinin inkişafı istiqamətində çalışmaq istəyirəm. Bu müddətdə Qazaxıstanın yerli təşkilatlari ilə birgə ədəbi, mədəni layihələr həyata keçirmək fikrim var.

- Bildiyim qədərilə bu il Azərbaycanın Qazaxıstandakı səfirliyində təcrübə də keçmisən. Bir az da bu haqda danışaq...

- Noyabr ayında Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfirinin Türküstana səfəri baş tutdu. Səfər çərçivəsində Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Türk-Qazax universiteti ilə səfirliyimiz arasında memorandum imzalandı. Memoranduma görə, universitetimizdə “Azərbaycan mədəni mərkəzi”nin açılması işlərinə başlanılıb. Bir neçə ay ərzində açılışı da olmalıdır. Ondan sonra bizim səfirliklə əlaqələrimiz yarandı və orada təcrübə keçmək üçün müraciət etdik. Səfirlik bizi qəbul etdi, hətta təcrübə rəsmi üç həftə olsa da, biz iki aya yaxın orada qaldıq. Bu, mənim diplomatik orqanla ilk tanışlığım idi. Mən orada səfirliyimizin məhdud imkanlar və az sayda əməkdaşlarla Azərbaycan adına çox böyük işlər gördüklərinin şahidi oldum. Bu müddətdə III Avrasiya Beynəlxalq sərgisi təşkil olundu. Sərginin Azərbaycan stendində təqdimatçı mən idim. Biz orada Azərbaycan haqqında mindən çox kitab nümayiş etdirdik. Həm turistlərin, həm də yerli əhalinin marağı böyük idi. Bu, həm də səfirliyimizin oradakı intensiv fəaliyyəti ilə əlaqədardır. Bir həftəlik sərgi boyunca çay dəsgahımızı, xalçalarımızı, beynəlxalq “İrs” və “Xalça” jurnallarımızı nümayiş etdirdik, qonaqlara yüzlərlə jurnal payladıq. Onu da qeyd edim ki, biz səfirliyimizin təklifi və dəstəyi ilə Türküstanda Azərbaycanlı Tələbə Gənclər Təşkilatı yaratmışıq. Hər il iki şəhərdə Xocalı soyqırımının il dönümü ilə bağlı tədbirlər keçiririk. Tez-tez şeir müsabiqələri təşkil olunur. Bu yaxınlarda Türk Dünyasının Beynəlxalq Musiqi Festivalında bizim “Cəngi” qrupu birinci yerə layiq görüldü. Bu, bizim üçün çox qürurverici idi. Resurslarımız o qədər də geniş olmasa da, bir sıra işlərin öhdəsindən gəlməyi bacarmışıq. Aprel ayında “Azərbaycan gecəsi” konsert təşkil etmişdik. Müəllim kollektivi və tələbələr tərəfindən maraqla qarşılanmışdı. Hətta bizə təşəkkür də etdilər. Hələ qarşıda iki ilimiz var, inanıram ki, bu müddət ərzində səfirliyimizin də dəstəyi ilə daha böyük işlər görməyə, daha geniş tədbirlər keçirməyə nail olacağıq.

- Təhsilini Azərbaycandan kənarda davam etdirməyin səbəbi nə idi?

- Orta məktəbi yaxşı oxusam da, ali təhsil almaq haqda düşünmürdüm. Hələ kənddə olanda yavaş-yavaş şeirlər yazmağa başlayırdım, ədəbi proseslə maraqlanırdım. “Ulduz” jurnalı kəndə gələndə oxuyurdum. Orada çap olunan müəlliflər mənə əlçatmaz kimi gəlirdi. Ancaq Bakıya gələndən, ədəbi mühitə daxil olandan sonra həmin insanların bir çoxu ilə dostluq münasibətlərimiz yarandı. Bakıya gələndən sonra başa düşdüm ki, ali təhsil almaq şərtdir. İstər burada, istər Türkiyədə, istərsə də başqa ölkələrdə universitetlərlə maraqlandım, gördüm ki, həm maddi, həm də yaradılan imkanlar baxımından ən uyğunu Qazaxıstandakı Əhməd Yəsəvi universitetidir. Həm də ora Türk dünyasının ortaq universiteti olduğuna görə, başqa türksoylu xalqların gəncləri ilə bir mühitdə təhsil almaq daha maraqlı gəldi mənə və deyə bikərəm ki,  bu seçimimə görə peşman deyiləm.

- Yaşadığın məmləkətlə doğulduğun məmləkətin ədəbiyyatında oxşarlıq və fərqlilik varmı?

- Hər ikisi türk məmləkəti olduğundan istər dil, istər mədəniyyət, istərsə də başqa sahələrdə oxşarlıqlar var. Ancaq ədəbiyyata qalanda onlar bizim indiki gənc nəslə nisbətən sözə, poeziyaya daha ciddi yanaşırlar, məncə. Bizdə demək olar ki, hamı yazır. Bu yaxınlarda Azərbaycan beynəlxalq arenada “Şairlər vətəni” adını alsa, mən buna heç də təəccüblənmərəm. Onlarda isə ədəbiyyata bu qədər axın yoxdur. Bəlkə də onlar sözə daha çox ilahi qüvvə kimi yanaşırlar. Biz sözü ilahilikdən məişətə endirmişik.

- Səncə, şair olmağın meyarı nədir?

- Məncə, ən başlıca meyar İlahi tərəfindən verilən istedaddır. Peyğəmbərlərdən sonra Allaha ən yaxın şairlər hesab edilir. Ona görə də şairlik hər adama qismət olmur. İntellektli olmaq, şeirin texnikasını bilmək, ağıllı-ağıllı cümlələr qurub onu kəsib-doğrayıb şeir formasına salmaq hələ sən şairsən demək deyil. Yəni şairliyin ağılla heç bir əlaqəsi yoxdur. Əksinə, şeiri ağıllıcasına yox, dəlicəsinə yazarlar. Şairlik elə bir şeydir ki, o ya var, ya da yoxdur və olub-olmadığı da kənardan aydınca görünür, özümüzü öldürməklə deyil bu iş.

- Deyir, “aldanma ki, şair sözü əlbəttə, yalandır”. Şeirlərində nə qədər səmimisən?

- Şeir yazmaq ruh halı ilə bağlı məsələdir, insan o an özündə olmur. Yəni ruhun gördüyü iş, yazdırdığı şeir yalan olsa belə, gözəl olur. Təki belə yalanlarımız çox olsun. Düşünürəm ki, şair həyatda nə qədər səmimidirsə, şeirlərində də bir o qədər səmimidir. Yəni, belə olmalıdır. Mənim nə qədər səmimi olub-olmadığımı isə gərək Ruslanı və Ruslan Dost Əlini yaxşı tanıyanlar desin.

- Modern şeirlə aran necədir?

- Daha çox köhnə ənənələr üstündə yenilik axtarışının tərəfdarıyam. Yəni, köhnə ülubda da  yeni fikirlər yeni ideyalar yazmaq mümkündür.  Əsas yeni və fərqli  ifadə olmalıdır. Necə yazırsan yaz, şeir yaz, bizə şeir ver. Forma o qədər də önəmli deyil, əsas məzmundur.

- “Quş yuvası dağıdan” Ruslanla indiki Ruslan arasında fərq varmı?

- Yəqin ki, var. Çünki indi nəinki quş yuvası dağıtmıram, hətta yuva qurmağa cəhd də göstərirəm. Mənim bir misram var, “Quşlar ağaclara meyl salıblar, Mən də ürəklərə çöp daşımışam”. Yəni, indi insanların qəlbində yuva qurmağa çalışıram.

- Nə vaxtsa yazmaq qorxun olubmu?

- Əslində, əvvəllər yazmamaq qorxum olub. İlkin mərhələlərdə bir şeirdən sonra qorxurdum ki, bununla da sözüm, fikrim, mövzum tükəndi və mən daha  yaza bilməyəcəm. Onun qədər heç nədən qorxmamışam. Sonralar gördüm ki, əslində yaza bilən yazmaqdan qorxur. Çünki yaza bilməyən nə gəldi yazır, yaza bilən isə yazdığını duyur və dərk edir, daha məsuliyyətlə yanaşır.

- Musa Yaqub kimi ustad şair sənin şeirlərin haqqında məqalə yazdı. Bu, səndə arxayınlıq yaratmadı ki?

- Qətiyyən yaratmadı. Əksinə, haqqımda deyilən hər fikir çiyinlərimə daha ağır yük qoyur, məsuliyətimi artırır. Musa müəllimlə tanışlığımız da qəribə oldu, əvvəlcədən qərarlaşdırmamışdıq. Hətta şeirlərimi təqdim edəndə düşünürdüm ki, yəqin ki, oxumaz. Ancaq görüşümüzün üstündən bir saat keçəndən sonra mənə zəng elədi, şeirlərimi bəyəndiyini dedi və mənimlə maraqlandı. Dedi, şeirlərin haqqında yazı yazmaq istəyirəm və məni evinə çağırdı. O vaxtdı mən də “525-ci qəzet”ə bir dəstə şeir vermişdim. Qərara gəldik ki, elə bu yazı da şeirlərlə birgə çap edilsin. Elə də oldu.  O yazıdan sonra mənim şeirlərimə maraq daha da artdı.

- Heç bir şeirinə ad qoymursan. Xüsusi bir səbəbi varmı?

- Mənim üçün şeirə ad tapmaq onu yazmaqdan daha çətindir. Şeir şeirdir, onun adı olmaz ki... Məncə, şeiri rədiflə, ya da hansısa misra ilə adlandırmaq elə də uğurlu deyil. Şeir mövzusu, ideyası ilə adlansa, hardasa qəbul etmək olar. Məsələn, hər hansı bir sevgi şeirinə ad olaraq ən uzağı “Sevgi şeiri” yazmaq olar də.

- Deyirsən ki, “anam olmasaydı, çörək yeməzdim”. Anana bu qədərmi bağlısan?

- Bəli. Bəlkə də göründüyündən daha artıq. Bilirsiz, analıq çox ağır missiyadır. Anam bizi, yəni iki övladını böyütmək üçün çox əziyyət çəkib. Yəqin ki, bu  bağlılığın başlıca səbəbi də onun əzablı keçmişi ilə bağlıdır. Anam evdə olmayanda doğrudan çörək yemirdim, özümü pis hiss edirdim, ev də sıxırdı məni. Hərdən məktəbdən evə gəlirdim ki, stolun üstündə ağ kağıza bu cümlələr yazılıb: “ Hər şey hazırdır, yemək istidir. Çək, ye. Qab-qaşığa da dəymə, bircə çörəyi qabına qoy, qurumasın”. Mən isə oturub çörəyimi yemək əvəzinə çıxırdım küçənin başına, gələnlərdən soruşurdum ki, “anamı görmədiniz ki?”, “anam gəlmirdi ki?”

Bir maraqlı əhvalatı da danışım. 7-8 il öncə, anam məni atamın yanında qoyub bir neçə günlük Bakıya gəlmişdi. Mən onda anamın xiffətini edib heç nə yemirdim. Atam gördü ki, neçə gündür, heç nə yemirəm, qaş-qabağım yer süpürür. Bilirdi ki, ət yeyənəm. Kənd-rayon arası işləyən taksislərin birinə tapşırmışdı ki, kabab alıb gətirsinlər, bəlkə bu uşağın kefi düzələ. Ətdən başqa heç nə yeməyən uşaq o isti kababın üzünə də baxmadı. Həmin gün anam da yolda idi, gəlirdi. O gəlib çıxana kimi o kababa əl vuran olmadı. Düzdür, artıq öyrənmişəm, tələbəlik çox şey öyrədir insana. Amma bütün uğurlarım anam üçündür. O, buna məndən çox sevinir, mən də onun sevincinə sevinirəm.

Şahanə MÜŞFİQ

 





05.08.2017    çap et  çap et