525.Az

“Azərbaycanda milli siyasət burada yaşayan xalqların tam hüquq bərabərliyidir, heç kimə üstünlük verilmir” (davamı)


 

“Azərbaycanda milli siyasət burada yaşayan xalqların tam hüquq bərabərliyidir, heç kimə üstünlük verilmir”<b style="color:red"> (davamı)</b>

Müsahibimiz Mədəniyyət və İncəsənət Universitetinin sosial- siyasi elmlər kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor Əlikram Tağıyevdir. Söhbətimizin mövzusunu  əsasən millətlərin yaranması, təşəkkül tapması və inkişafında müxtəlif ideologiyaların, dinin, diaspor və lobbinin rolu, milli birlik məsələləri, milli mentalitet və buna əsasən millətlərin təsnifatlaşdırılması, qloballaşma fonunda milliliyin, milli dəyərlərin qorunması, etnik münaqişələrin yaranma səbəbləri və problemdən çıxış yolları təşkil edir.

–Məqalələrinizin birində vurğulayırsınız ki, marksizmə görə, mədəniyyəti aşağı olan bir xalq mədəniyyəti yüksək olan bir xalqı işğala məruz qoyarsa onda o, mütləq mədəniyyəti yüksək olan xalqın mədəniyyətini qəbul edəcək...

– Doğrudur. Məsələn, makedoniyalılar zəngin və həşəmətli İran imperiyasını, orta Asiyanı (Soqdiyanı) və Hindistanı tutandan sonra yerlilərin yüksək mədəniyyəti onları valeh etdi, İsgəndər və yunan elitası artıq İran libaslarını geyinməyə, qızıl-gümüş və billur qablarda yeyib-içməyə başladılar, halbuki onlar dağlıq və kasıb Makedoniyada və Yunanıstanda bunları heç yuxuda da görə bilməzdilər. Ona görə də İsgəndər bu xalqları birləşdirməyə çalışdı, 10 min yunan oğlunu 10 min iranlı qızla (fars və midiyalı) evləndirdi. O iranlıların və yunanların birləşməsində hibrid bir millət yaratmaq istəyirdi. Bu məqsədlə özü əvvəlcə Rövşənəki (Roksana), sonra isə Daranın iki qızı ilə evləndi. Dostu Qafsetona isə Midiyanın Satrapı Atropatın qızını aldı. Eləcə də ərəblər. Onlar tarix səhnəsinə çıxanda bir tayfa idilər. İranı və Turanı işğal edəndən sonra varlandılar. Mirzə Fətəli Axundovun dediyi kimi “ac-yalavac ərəblər Vətənimizi çalıb-çapmaq yolu ilə varlandılar və mədəniləşdilər”. Onlar Şərqin həmişə mədəniyyət mərkəzi olmuş İranı (eləcə də Azərbaycanı) əldə etməklə onların zəngin mədəni sərvətlərini də əldə etdilər və bunun nəticəsində onlarda elm və mədəniyyət yüksək sürətlə inkişaf etməyə başladı. Xəlifə Əl-Malik deyərdi ki, biz ərəblər min illərllə İran imperiyasının tərkibində olmuşduq. Amma onlar bizə heç bir ehtiyac duymayıblar. Amma bizim cəmisi 100 illik bir tarixi dövrdə hakimiyyətimiz onlarsız keçinmir. Dövlət idarəçiliyində iranlıların zəngin təcrübəsi olmadan xilafət Çindən İspaniyayadək yayıla bilməzdi. İranlı Cəfər Bərməki nəslinin hakimiyyətdən uzaqlaşdırılması xilafəti zəiflətdi.

Eləcə də Səlcuq imperiyası dövründə Nizamülmülkün öldürülməsilə imperiya tədricən zəifləyir və parçalanır. Orta əsrlərin dəqiq nizam-intizamı vardı. Bu dövrdə Şərqin üç böyuk xalqı əmək bölgüsünü öz qabiliyyətinə görə həyata keçirirdi. Ərəb dili elm və fəlsəfədə, fars dili divan işlərində və şeirdə, türk dili isə orduda işlədilirdi. Bu qayda Azərbaycanda hətta ruslar buraya gələnədək belə davam edirdi. Ruslar Azərbaycan xanlıqları arasında farsca yazışmaları aradan qaldırdı, bu işin elə “tatarca” da edilə bilməsini əsas tutdular. Bu da əslində Azərbaycan dilinin sonrakı inkisafı üçün səmərəli oldu. Ruslar bu siyasəti həm də ona görə həyata keçirirdilər ki, onlar Şimali Azərbaycan xanlarının və eləcə də əhalinin İranla olan əlaqələrini zəiflətsin. İkinci bir tərəfdən Yermolov təbiətcə nə qədər qaba və sərt bir adam olsa da çarizmin yerlərdə siyasətini həyata keçirirdi. Yerli – məktəblər açır və Rusiya üçün işləyəcək yerli kadrlar yetişdirirdi. Qafqazın “prokonsula”  vəzifəsini yerinə yetirən Yermolov 1816-1826-cı illərdə – keçirdiyi bütün tədbirləri Rusiya imperiyasının Qafqazda möhkəmlənməsinə xidmət edirdi. Bu yolda o yeri gəldikcə ermənilərdən də istifadə edirdi. Milliyyətcə erməni olan Mədətov və Behbudov kimi hərbçilər də ona kömək edirdilər.

– Milli və dini vəhdətin əldə olunması üçün tarixən bir sıra ideologiyalar hakim mövqe tutub. Bunlardan türkçülük, islamçılıq və azərbaycançılıq ideologiyalarını bəzən bir-birinə qarşı qoymağa çalışıblar. Sizin bu barədə hansı fikirləriniz var?

–Azərbaycançılıq elmdə və siyasi ədəbiyyatda artıq bir paradiqma kimi irəli sürülüb, onun yaranışı, təkamülü, hazırki vəziyyəti, xüsusiyyətləri, türkçülükdən fərqli cəhətləri və sair müəyyən tədqiqatların obyekti olub. Azərbaycançılığın milli ideya kimi seçilməsi heç də onun türkçülüyə qarşı qoyulması demək deyil. Türkçülük ümumi, bir qədər də romantik səciyyə daşıdığı halda, azərbaycançılıq daha real və praktiki görünür, yerli xalqlar, xüsusən də azsaylı xalqlar üçün daha məqbul və cəlbedicidir. Etnik millətçilik olan türkçülükdən fərqli olaraq azərbaycançılıq siyasi-coğrafi millətçilikdir və bütün respublika xalqları və vətəndaşları üçün inteqrativ rol oynayır. Ona görə də azərbaycançılıq qarşıya qoyulmuş məqsəddir, dövlətçiliyin möhkəmləndirilməsi yolunda bir vasitədir. Hər bir xalqın, millətin, tayfanın, regionun və hətta ayrılıqda götürülmüş bir insanın özünəməxsus müəyyən bir ideyası, fikri, amalı, yəni, uğrunda mübarizə apardığı bir məqsədi olur. Bu fenomen özlüyündə ya milli ideyanın özüdür, ya da ona yaxın bir anlayışdır. Bu ideyalar geniş və dar mənada işlənə bilər. Məsələn, Qərb ideyası ilə yanaşı “alman ideyası”, “fransız ideyası”, “anqlo-saks ideyası” və sair mövcuddur. “Slavyan ideyası” ilə yanaşı olaraq “rus ideyası” mövcud olduğu kimi, “islam ideyası” və “türk ideyası” ilə bağlı olan bir “Azərbaycan ideyası” da olub və indi də var. Bu ideyalar özlüyündə öz siyasi-coğrafi məkanlarını çıxış nöqtəsi sayırlar. Məsələn, Qərb ideyasının məqsədi “Avropa evidir”. Slavyan ideyasının və eləcə də türk ideyasının məqsədi “Avrasiya evinə” sahib olmaqdır. Bu ideyalar öz “evlərini” qurub yaratmaq üçün bəzən başqalarını rədd edirlər. Məsələn, Qərb ideyası “West is against Rest!” (Qərb hamıya qarşı!) şüarından bir vasitə kimi istifadə edir. “Qafqaz ideyası” “Qafqaz – qafqazlılar üçün” şüarını irəli sürür. Belə olan şəraitdə “Azərbaycan ideyası” da Azərbaycanı özünə sığınacaq bilir, onun siyasi-coğrafi vəhdətini ön sıraya qoyur.

–Konkretləşdirsək, azərbaycançılıq nəyi tələb edir?

–Azərbaycançılıq – respublikanı məskunlaşdıran xalqlarda Azərbaycan dövlətinə mənsubluq hisslərinin formalaşdırılması, ölkədə vahid vətəndaş siyasi mədəniyyətini inkişaf etdirmək vəzifələrinin yerinə yetirilməsini tələb edir. İnsanlar öz polietnik rəngarəngliyini politik rəngarəngliyə çevirməməlidir. Əksinə, çalışmalıdırlar ki, yaşadıqları Azərbaycan Respublikasının ümumi maraqları və mənafeləri kölgədə qalmasın. Milli ideyalar milli liderlərin ətrafında sıx birləşəndə reallığa çevrilir. Azərbaycanın ulu öndəri Heydər Əliyev milli ideologiyanın təcəssümüdür. Onun şəxsiyyəti, fəaliyyəti, siyasi-əxlaqi keyfiyyətləri, elmi-nəzəri irsi əsl azərbaycançılıq nümunəsidir. Heydər Əliyev milli ideologiyanın təməlini, güşə daşını qoyub və indi də bu ideya həmin özül üzərində qərar tutub. Heydər Əliyev böyük hərflərlə yazılan azərbaycanlı idi. Özü də əbəs yerə deməyib: “Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, azərbaycanlıyam”. Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri əvəzsizdir. İstər iqtisadi, istər siyasi-hərbi-ideoloji, istərsə də xarici və daxili, istər sosial-mədəni, mənəvi sahələrdə qazanılan uğurlar bilavasitə onun adı ilə bağlıdır. Ulu öndərin 90 illik yubileyi haqqında Azərbaycan Respublikasının Prezidentinin 21 yanvar 2013-cü il tarixli sərəncamında deyilir: “Azərbaycan məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub”. Bu baxımdan xalq milli ideyanı milli liderin ideyası kimi qəbul edəndə onun rolu daha da artır və  yalnız o halda milli ideya dönməz olur. Azərbaycançılıq iqtidar tərəfindən hakim ideyaya, bir siyasi xəttə, dəsti-hərəkətə çevrilib. Azərbaycanı bütün ölkə vətəndaşlarının mənafelərinə uyğun gəldiyinə görə onu hər yanda dəstəkləyirlər. Azərbaycançılıq tarixən osmançılığın Türkiyədə oynadığı rolu Azərbaycanda oynamalıdır. Bu keçid dövründə ölkənin və onun xalqlarının vəhdətini qoruyub saxlamaq üçün ortaya atılmış çox uğurlu siyasi bir ideyadır.

(Ardı var)

Sevinc MÜRVƏTQIZI

 





21.05.2013    çap et  çap et