525.Az

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında


 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında<b style="color:red"></b>

Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da, şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş, bizlərə nəyi vəsiyyət etmişlər - oxuyaq, düşünək, bu günümüz üçün fəxr edək! 

TEMMUZ HADİSƏSİ MÜNASİBƏTİLƏ

“Pravda” qəzetəsinin İzmir mühakiməsi münasibətilə yapdığı nəşriyyatın Türkiyə mətbuatında doğurduğu inikaslar bir hadisə şəklini aldı.

Sovet hökumətinin, bolşevik firqəsi diktatorluğuna verilmiş hüquqi bir isimdən ibarət olduğunu bilməyən yoxdur. “Pravda” isə bolşevik firqəsi mərkəzi heyətinin fikirlərini nəşr edən rəsmi bir qəzetədir. Böylə rəsmi bir qəzetənin Türkiyənin daxili işlərinə bu qədər açıqdan müdaxiləsi və Türkiyə komunistlərini bu qədər əlaqə və hərarətlə müdafiəsi, başda “Milliyyət” qəzetəsi olmaq üzrə, Türkiyə mətbuatının, pək haqlı olaraq, müqabiləsini cəlb etdi.

Gündəlik mətbuat moskvalı qəzetənin “həzəyanlarından” bəhs edərkən “düşmən ağzından çox dinlədikləri sözlərin eynini dost bildikləri ağızlardan da eşitdiklərini qərib” buluyorlar.

Onlarca qərib görülən bu “həzəyan” bizə görə heç də qərib degildir. Cümhuriyyət Türkiyəsilə Sovet Rusiya siyasətcə dost ola bilirlər, mənfəətləri bir qaldıqca bu dostluq da varlığını mühafizə edi bilir. Fəqət unutmamalıdır ki, Türkiyə Cümhuriyyətilə Sovetlərin siyasi mənfəətləri bir zaman üçün bir olsa da, bu iki təşəkkülü canlandıran əsil əsaslar arasında dərin bir müxalifət vardır. Milliyyətçiliklə komunizmin yekdigərinə dost birər qüvvət olduğunu kim iddia edə bilir?..

Bolşevizm, məlum olduğu vəcihlə, burjua sisteminin düşmənidir. Milliyyətçilik isə, onun görüşündə, burjua sinfinin məfkurəsidir. Onun bütün dünyaya yaymaq istədigi ixtilalın yıxacağı qüvvət bu milliyyət qüvvətidir. Doğrudur, kapitalizmə, burjua aləminə bir küll olaraq hərb elan etmiş olan bu qızıl qüvvət daha yeni toparlanmaqda olan Şərq milliyyətçiligi ilə ara milliyyətçiligi arasında fərq göstərir, birincinin ikinciyə qarşı almış olduğu vəziyyətə görə onu kəndisinə müəyyən bir zaman üçün yol yoldaşı görüyor. Fəqət ancaq müəyyən bir zaman üçün.

Bu zaman hankısıdır? Nə zamana qədər milliyyətçi Şərq, komunist Rusiyanın dostudur?...

Buxarinin bu xüsusdakı klassik tərifi H.Süphi bəyin işbu nüsxəmizdə nəqlən dərc olunan məqaləsində qeyd olunmuşdur (Daha çox məlumat üçün müraciət oluna “Milliyyət və bolşevizm” M.E.Rəsulzadə İstanbul 1928)

Uzaq Şərqdən tutaraq, Yaxın Şərqə qədər bütün təcrübələri ilə sabit olduğu kibi, Sovet hökumətinin müəyyən bir Şərq məmləkəti və milliyyət hərəkatı ilə münasibəti o məmləkətdəki komunist hərəkatının vəziyyəti və o məmləkət hökumətinin beynəlmiləl Moskva siyasətinə qarşı “sədaqət”inə bağlıdır.

Kəndisilə dostluqda bulunan bir Şərq məmləkəti Avropa dövlətlərilə əlaqəsində fəzlə istiqlal göstərdimi, Moskva o istiqlalı mütləqa şübhə gözü ilə görəcək və buna qarşı dərhal tədbirlər alacaqdır. Bu tədbir isə o məmləkət komunistlərinin III internasyonalın bir işarətilə qiyama hazır olmasıdır və bunun üçündür ki, “kəndi daxilində komunistləri təqib edən milli bir Şərq hökumətinin Avropa kapitalistlərindən heç də fərqi yoxdur”.

Çində, İranda, Hindistanda olduğu kibi, Türkiyədə də bolşeviklərin tətbiq etdikləri “Şərq dostluğu” bu ikiüzlülüklə məluldur. Bu illət onu bu gün milliyyətçi Çin hökumətilə qanlı bıçaq etmişdir. Leninin varisləri Sun-Yat-Senin müaqiblərinə qarşı silah çəkiyorlar. Halbuki, Çan-Kay-Şekin komanda etdigi bugünkü sovet xəsmi Çin, dün adəta bolşevik sayılan “Ko-min-dan” firqəsi tərəfindən idarə olunmaqdadır.

Türk-Rus dostluğunun Rusiyaya tə

min etdigi çox böyük faidələri görməyib də sadə Türkiyənin bu qarşılıqlı müamilədən gördügü faidələri hesablayanlara xəbər verəlim ki, ən romantik zamanlarında belə bu dostluq kölgəli səfhələrdən boş qalmamışdır. Moskva, bir tərəfdən Anadolunun milli istiqlal mücadiləsinə yardım etmişsə də, o bir tərəfdən bu mücadilənin kəndindən müstəğni müstəqil bir siyasətə mülik olacağı əndişəsilə, Anadoluda Moskva direktivilə çalışır təşəküllər vücuda gətirmək fikir və təşəbbüsündən vaz keçməmişdir.

Milliyyətçi “Cümhuriyyət” beynəlmiləl diplomasi ədəbinə fəzlə riayətlə, Rusiyanın daxili işlərinə qarışmasın deyə, qızıl rus çekalarında Nerona rəhmət oxutduracaq işkəncələrə məruz qalan “irqdaşların”, milliyyət, cümhuriyyət və demokrasi idealları qəhrəmanlarının müqəddəratlarına laqeyd qalmaq imkanını bulur. Fəqət onun təsəvvür etdigi kibi, ələladə bir qəzetə degil, bolşevizmin rəsmi orqanı olan “Pravda” Türkiyə komunistlərinin başından bir tük əskik olmasını istəməz. Bunun üçün də o, kəndi təcrübələrinə qiyasla mühakimə olunan komunistlərin işgəncə edildiklərini təsəvvürlə hayharay qoparıyor.

Fəqət bunu da qeyd edəlim ki, “Pravda”nın hayharayı sadə bir komunist arkadaşlıq hissindən ziyadə, Sovet hökumətinin Türkiyə siyasəti haqqında son zamanlarda görülən bir müxalifətindən iləri gəlməkdədir. Türkiyə komunistlərinin hərəkətə keçmələri, Türkiyə tacirlərinə qarşı yapılan fahiş haqsızlıq, TAS ajansının qərəzkar nəşriyyatı ilə sovet mətbuatının Türkiyə xarici siyasəti haqqında axirən nəşr etdikləri yazılarla ahəngdardır.

“Pravda” məxtut məqaləsində Türkiyə ilə Fransa arasında əqd olunan etilafdan məmnun olmadığını gizlətmiyor. “220 milyon lirəlik dövlət büdcəsinin 32 milyon lirəsi devrilən səltənət hökumətinin borclarını ödəmək üçün təxsis edilmişdir” deyə etilafı müaxizə ediyor.

Bundan daha əvvəl “Türkiyə, Avropa və Şərq” ünvanı altında bir məqalə nəşr edən “Zarya Vostoka” (bolşevik firqəsinin Qafqasiya komitəsi qəzetəsi) 14 həziran tarixli nüsxəsində xariciyə vəkili Tevfik Ruştü bəyin İtalyaya səyahətini, bu səyahət əsasındakı təzahüratı, Ser Çemberlaynın “Milliyyət” qəzetəsi müxabirinə verdigi “mənidar” mülaqatı, bu mülaqatda ingilis xariciyyə nazirinin “Türkiyə İngiltərə münasibətinin sadə dostanə degil, hətta səmimi olduğundan əhəmiyyətlə bəhs edişini” və bunun kibi digər bəzi vaqeələri bir araya sıralıyaraq Türkiyənin Avropa ilə anlaşmaq üzrə olduğu nəticəsinə gəliyor və bu nəticədən adəta canını qorxu alaraq “Milliyyət” baş mühərriri Sürt məbusu Mahmud bəyin bir cümləsi üzərində epiyi duruyor. 9 mayıs nüsxəli “Milliyyət”də Mahmud bəy yazmış imiş ki: “Ağ dənizdə, Qara dənizdə, Balkanlarda və ələlümum bütün Avropada Türkiyənin beynəlmiləl bir sülhü-səlah amili olmaqdan başqa bir məqsədi yoxdur. Türkiyə, bir vaxt təsəvvür olunduğu kibi, Qərb və Şərq dövlətləri arasında heç bir fərq gözetmədən, bütün dövlətlərlə iyi münasibət təsisinə çalışmaqdadır” (kursiv “Z.V.”undur). Türkiyə dostluğunun ən əsli sifəti bu dostluğun üçüncü bir dövlət əleyhində olmayışıdır.

“Z.Vostoka” mühərriri bu “Şərq ilə Qərb arasında” fərq gözətməmək “nəzəriyyəsini” şaşqınca bir hərəkat tələqqi edərək bu şaşqınlığı o Cenevrədəki tərki-silah konqrasında iştirak edən Türkiyə deleqələrinin hərəkətlərində də görüyor, şöylə ki, türk deleqələri “Şərq ilə Qərbə eyni surətdə baxaraq gah Sovet, gah Avropa deleqələri ilə bərabər rəy veriyor, əksəriyyətlə də, ən mühüm və qəti hərəkət ediləcək zamanlarda müstəqil qalıyorlar”mış.

Bütün bu vaqeələri zikr edən qəzetə Türkiyənin görülən bu Avropa təmayülatından nə əldə etmək istədigini diplomatcasına “Sürix Saytinğ” nam almanca qəzetənin 29 nisan tarixli nüsxəsindən aldığı bir cümləylə ifadə ediyor. Alman qəzetəsi diyormuş ki:

“Türkiyə ibtida əskəri, sonra da Lozanda siyasi bir müzəffəriyyət qazandı, fəqət iqtisadən o, oyunu adəta qeyb etmiş kibidir. Türkiyə xaricdən borc almalıdır, başqa imkanı yoxdur.

“Şimdiki halda olduğu kibi, sovetlərlə ancaq uzaqdan bir münasibətdə bulunmaq və eyni zamanda da Balkanlarla Ağ dənizin Şərq qismindəki mətin sistemə daxil olması nisbətində Türkiyə bu borcu əldə edə bilir”.

Şübhəsiz bolşevik qəzetəsi Mahmud bəyin Şərq ilə Qərb arasındakı “bitərəflik” və “Ağ dəniz, Qara dəniz, Balkanlar və ələlümum bütün Avropa dövlətləri arasında bir sülhü-səlah amili olmaq nəzəriyyəsilə bu alman qəzetəsinin təhlili arasında arqanik bir münasibət buluyor və kəndi ağlınca Türkiyə ricalına nəsihətə qalxışaraq “avropalılarca sülhi-səlah demək Sovetlərə qarşı hərb deməkdən ibarət imiş” kibi qərib bir nəticəyə gəliyor.

Rus komunizmilə anarşizm arasında, rus ruhuna məxsus nihilizm kibi, gizlidən-gizliyə səmimi bir yaxınlıq vardır. “Bənimlə getməyən düşmanımdır” şüarı bu ruhun ən sevdigi düsturdur. Bu düstura görə bütün Şərq millətləri kibi, Türkiyənin də Şərqlə, (anla: Rusiya ilə) birlikdə getməkdən başqa çarəsi yoxdur. Əks təqdirdə onun Buxarinin məruf tərifinə görə Avropa kapitalistlərindən heç də fərqi yoxdur.

O halda yapılacaq şey Türkiyə əmələsini təşkil ilə, komandasını III internasyonala bağlayan Türkiyə Komunist Firqəsinə verməkdir. “Pravda”ya baxılırsa bu iş yoluna girmiş gediyor. “Türk əmələ hərəkatı komunizm bayrağı altında yürüyormuş və o bayraq altında kəndi burjuazisini yenincəyə qədər mücadilə edəcəkmiş!..

Əvət, Türkiyənin həqiqi mənfəətləri degil, Moskvanın xüsusi direktivlərilə siyasət çevirəcək bir Türkiyə ancaq bu surətlə təmin edilə bilir. Fəqət H.Sübhi bəyin də dedigi kibi, daha dün yüz minlərcə evladını istiqlalı uğruna qurban verən bir millətin böylə bir zillətə qatlanacağını kimsə təsəvvür edəməz!

Yetişər ki, “dostluq pərdəsi altında oynanan oyun” görülsün və bu oyuna qarşı, “Hakimiyyəti Milliyyə”nin dedigi kibi, sadə polis və məhkəmə ilə degil, düşmənin qollandığı silahların heç biri ihmal edilməsin! Və hər şeydən əvvəl hökumətlər arasındakı siyasi etilafın ideyalar arasındakı fikri ixtilafı qaldıramıyacağı həqiqəti daima göz önündə burundurularaq, bu rejimlərdən birinin müməssili Rus, digərininki də Türk olduğu dəxi unudulmasın!

M.Ə.Rəsulzadə
”Odlu-Yurd”, avqust 1929, № 6 

Temmuz - iyul
Həzəyan - sayaqlama, mənasız
Qərib - qəribə, təəccüblü
Vəcih - münasib, layiq
Müaqib - təqib edən
Xəsm - rəqib, düşmən
Müstəğni - ehtiyacı olmama
Məxtut - yazılmış
Müaxizə - məzəmmət etmə, bərkə çəkmə

ATƏŞİN GÖZ YAŞLARI QARA GÜN MÜNASİBƏTİLƏ BİR XATİRƏ

27 nisan millətimizin tarixdən silinmiyəcək qara bir günüdür. Hürriyyətimizə, müstəqil həyatımıza nəhayət verilən, milli varlıq, milli hürriyyət və milli hakimiyyətmizin timsalı olan və üç rəngli sevimli bayrağımızın müstəvli rus vəhşiləri tərəfindən endirildigi bir gündür.

Bu gün qalalarından bayraqları enmiş, toplarının səsi kəsilmiş, ordusu və münəvvərləri imha edilmiş Azərbaycanda, matəmlər içərisində olan Azərbaycanda qızıl düşmən zəfər şənlikləri yapıyor.

Qızıl rusların 9 ildən bəri davam edən şənlik və təzahürləri mənə rus çarlığının 100 ildən çox davam edən təzahürlərini xatırlatdı, bilxassə bir fəqərəyi burada qeydə sövq etdi.

1903 sənəsi idi.x Çarlıq Rusiyası Gəncənin 100 sənəlik işğal bayramını yapıyordu. O zamanlar hər kəs çarlıqdan qorxuyordu. İstibdad və irticanın ən müdhiş bir zamanı idi. Gəncə şəhri başdan-başa donatılmış, mağazalar qapatılmış, xalq şəhrin böyük meydanına dopladılmışdı. Nitqlər söyləniyordu. Məruf rus advokatı Feodorov kürsüyə çıxaraq, Gəncənin alınmasından, Rusluğun əzəmət və qüvvətindən bəhs etdikdən sonra türklərin bu təzahüratda iştirak etmədigini, türk münəvvərlərindən kimsənin nitq söyləmədiklərindən, bundan dolayı da burada rusca söylənən sözlərin türklər üçün anlaşılmadığından bəhs etdikdən sonra:

- Nədən Cavad xanın torunu Adil xan buraya gəlməmiş? Şimdi o gəlməli, nitq söyləməlidir - dedi. Bunun üzərinə polis müdiri Adil xanı gətirtdi. Adil xan pək mütəəssir və matəmli bir çöhrə ilə kürsüyə çıxdı və dedi ki:

- Vətəndaşlar! 100 il bundan əvvəl, bu günkü gün, general Sisyanovun komandasında olan rus ordusu Gəncə şəhərinə hücum yapdı və bənim böyük babam Cavad xan, son beş əskərinə qədər, ruslarla hərb etdi və şəhid düşdü...

Adil xan bu sözlərdən sonra ağladı, bunu görən türk xalqı da göz yaşları tökərək dağıldı...

Azəri xalqının için-için axıdığı göz yaşları toprağı islatdı və orada intiqam toxumlarını yetişdirdi. O göz yaşları idi ki, 1917 sənəsində vulkan kibi, topraqdan fışqıraraq intiqamını aldı, Azəri xalqı istiqlala hazırlandı, milli varlığını, hürriyyətini, hakimiyyətini, milli bayrağını düşündü və nəhayət, istiqlal və hakimiyyətini elan etdi.

Heç şübhə yoxdur ki, bu günkü qızıl rus təzahüratının sonu da istiqlal və milli hakimiyyətimizin təkrar zəfər ilə nəticələnəcəkdir. Azərbaycandakı rus hakimiyyəti məhv olacaqdır. Müstəvliləri Azərbaycandan çıxarmıyacağız, xayır, onları orada şimdi göz yaşlarımızla islanan vətən topraqlarına gömdürəcəgiz!...

Şimalın vətənimizi istila edən buzları Azərbaycanın daima yanar, o sönmək bilməyən müqəddəs atəşində əriyəcək, yox olacaqdır!...

Çünki atəş və işıq daimidir!..

Trabzon: Naki
”Odlu-Yurd”, 27 nisan 1919, № 3 

X Söhbət 1903-cü ilin noyabrın günlərindən gedir.

YENİ TÜRK ƏLİFBASI VƏ BOLŞEVİK MƏTBUATI

Altı il bundan əvvəl Azərbaycanda latın əlifbasının qəbulu müzakirə edilirkən, Azəri milliyyətçilərinin neçün müxalifətə keçdiklərini vaxtilə “Azəri-Türk” məcmuəsinin 18-ci sayısında yazmışdıq.

Bizcə, Azərbaycanın tək başına ərəb əlifbasından latın sisteminə keçməsi və bütün Türk dünyası ilə tərki-əlaqə etməsi, Azəri türklərinin milli varlığına böyük bir zərbə olacaqdı.

Türkiyənin ərəb əlifbasında qalması və Azərbaycanda yeni əlifbayı tətbiq edənlərin milli hars və milli mədəniyyət düşməni bolşeviklərdən ibarət oluşu, Azərbaycanda bütün türkçi və milliyyətpərvər ünsürləri latın əlifbasının əleyhdarı yapmışdı.

Azərbaycan sovet şəraiti içərisində latın əlifbası yeni kosmopolit komunist və bolşevik hars və mədəniyyətinin yaradıcısı olduğu halda, ərəb əlifbası, milli hars və xüsusiyyəti ortadan qaldıran latına qarşı Azəri türkünün milli ədəbiyyatını, milli tarix və ənənələrini mühafizə və inkişaf etdiriyordu. Bilxassə ki, Moskvadan ruh və ilham alan Bakı bolşeviklərinin milli Azəri-Türk hars və ədəbiyyatı yerinə yeni nəslə təqdim etməyə başladıqları “qızıl proletar hars və ədəbiyyatı” həp latın əlifbasilə ikən, milliyyətpərvər Türkiyədən ilham alan Azəri milliyyətpərvərləri Türkiyənin hala ərəb əlifbasında davam etdigini görüyorlardı.

Türkiyənin ərəb hərflərindən vaz keçərək latın əsasından yeni bir əlifba qəbul etməsi məsələnin şəklini bütün-bütünə dəgişdi. Və bu tarixi hadisə hər kəsdən çox  azəriləri sevindirmiş oldu. Çünki bolşeviklər daha 1928 sənəsinin temmuzunda ərəb hərflərini büsbütün qaldırmayı qərara almış, məktəblərdə, mətbuatda, dövlət müəssisələrində latın əlifbasına keçməyi qət etmiş bulunuyorlardı. Böylə bir vəziyyət içərisində Azərbaycanda milli hars, milli həyat və milli türk mövcudiyyəti pək böyük bir təhlükəyə düşəcəkdi. Zira ərəb hərflərini qəti bilməyən yeni nəsil, sırf komunizm, bolşevizm və marksizmdən bəhs edən bir nəşriyat ilə böyüdüləcəkdi. Şimdi isə vəziyyət tam başqa oldu. Türkiyədə latın əsasından alınmış yeni türk əlifbasilə yeni bir türk harsı, milli türk ədəbiyyatı və mədəniyyəti canlanmaqdadır. Yeni Azəri əlifbasını bilən gənclərə pək qolaylıqla oxuya biləcəkləri bu yeni türk əlifbası Azərbaycanda öldürülmək istənilən milli türk varlığını, türk hars və ədəbiy-yatını davam etdirəcək, milli türk ruh və duyğularının Azərbaycanda ölməməsinə, biləks qüvvətlənməsinə, bununla da ənənəvi Azəri istiqlal mücadiləsinin nəsildən-nəslə intiqal etməsinə vasitə olacaqdır.

Azəri milliyyətçiləri Azərbaycan əlifbasilə də milli nəşriyyatda buluna bilir. Və bu vasitə ilə məmləkət daxilində “qızıl proletar harsına” qarşı milli bir hars və ədəbiyyatı eyni hürufatla davam etdirə bilirlərdi. Fəqət bu hərəkat türk harsı vəh-dətini qayə edinən bizə görə hars sahəsində seperatizmi təqviyə demək olurdu.

Türkiyədə tətbiq olunan yeni əlifba müştərək və yeganə türk yazısıdır. Bunu hər bir Azəri güclük çəkmədən oxuya biləcəkdir. Eyni zamanda bu yazı cümhuriyyət və inqilab Türkiyəsindən Azərbaycana, komunizmə, sovetizmə, istila və istibdada qarşı qoymaq üçün, türkçülük, milliyyətçilik, hürriyyət, istiqlal və demokrasi fikirlərini götürəcəkdir.

Bunu nəzəri-etibara alaraq, biz bolşeviklərin Türkiyədəki bu inqilabdan məmnun olmayacaqlarını təxmin etmişdik. Son posta ilə aldığımız bolşevik qəzetələri təxminimizdə nə qədər haqlı olduğumuzu göstərməkdədir.

Azərbaycan Komunist firqəsi orqanı olan rusca “Bakinski Raboçi” bir qanuni sani 1929 tarixli nüsxəsi bu xüsusda yazılmış yazılarla doludur. “Bakinski Raboçi” diyor ki:

“Kanuni-əvvəlin birindən etibarən Türkiyədə latın alfabesinə keçilmişdir. Bunu zabitə üsulu ilə tətbiq eyləmişlər. Avğustosda konuşdular, eylulda qərar qoydular, kanuni-əvvəldə də bütün qəzetələr yeni əlifba ilə çıxmağa başladı”. Qəzetə türk xalqının bu inqilabə qətiyyən hazır bulunmadığını, Türkiyədə xalq əcnəbilərin yardımına müraciət edərək sokakların adreslərini oxuduqlarını, postaxanələrdə əcnəbilərə məktub adresi yazdıranların miqdarı gündən günə artmaqda olduğunu istehza ilə qeyd etdikdən sonra əlavə ediyor ki:

“Mütəşəbbüslərdən ötrü bunun heç bir əhəmiyyəti yoxdur. Yalnız Türkiyənin bu məsələdə yeganə və birinci olduğunu nümayiş etdirmək və əcələ olaraq “mədəniyyətə” qovuşmaq lazımdı”.

Türkiyənin - birinci və yeganə olmadığını - isbata çalışdıqdan sonra qəzetə mədəniyyətin Türkiyədə nasıl anlaşıldığını da kəndisinə göstərmək üçün “Cümhuriyyət” qəzetəsinin klişəsini, gözəllik müsabiqəsi haqqındakı yazı və fotoğraflarını alaylı yazılarla bərabər dərc eyləmişdir.

“İstanbul təranələri” isimli bir məqalədə isə xüsumət və hayasızlığın hüdudu tamamilə aşılmaqdadır. Burada Z.Ş.Zakirov nam birisi türklərin “barbar və vəhşi ordu halında Şərqdən çıxaraq Qərbə yaxıcı, yıxıcı, bir lava şəklində” nasıl gəldik-lərini, “bu ordunun ayaqları altında insanların nasıl imha edildigi, sarayların, məmuraların, məbəd və şəhərlərin, zavallı köylülərin nasıl məhv olduqları” təsvir etməkdədir. Zakirov rusca olaraq ruslar üçün yazmış olduğu bu yazısında Türkiyə sultanlarının bu “barbarca keçmişi” nasıl idealizə edərək bir türk romantizmi yarat-dıqları və “bütün cahan türklərini nasıl birləşdirmək istədiklərini” qeyd etdikdən sonra halı hazıra keçərək, diyor ki:

“Proletar Bakıda vücuda gələn böyük mədəni inqilabi hərəkat Rusiyada yaşayan bütün türk-tatar xalqlarını hərəkətə gətirdi. Bu hərəkat yalnız islamiyyətin çürük təməlini degil, romantik sultan nəğmələrini də qorqutmaya başladı.

Bundan çox əndişəyə düşən Ankaralı general əcələ olaraq türk yazısını latıncaya çevirməyə başladı. Kamalçıların pantürkist nəğmələri bundan böylə latın hərflərilə yazılacaqdır. Fəqət bu nəğmələr proletar sinfinə xoş görünməyəcəkdir. Çünki onda sultan əllərinin qanlı nişanəsi vardır”. (“Bakinski Raboçi”, 1 kanuni-sani, 1929)

Bu sözlər üzərinə heç bir şey əlavə etmiyəcəgiz. Komunist firqəsinin rəsmi nəşri-əfkarı bulunan bir qəzetədə müxtəlif imzalarla yazılmış olan bu pək əsəbi məqalələr bolşeviklərin Türkiyədə qəbul olunan əlifbayı nasıl qarşıladıqlarını açıq-casına göstərən canlı birər dəlillərdir.

Bu, eyni zamanda ta ibtidadan bəri Azərbaycan milliyyətçilərinin pozitsiyonlarındakı cəhətləri də izah edər. Azərbaycan istiqlalının ələmdarı “Müsavat” firqəsinin bütün əzasına Türkiyədə qəbul olunan əlifbayı müştərək türk əlifbası kibi ögrənməyə məcbur olduqlarını əmr edən qərarından sonra Azərbaycan bolşeviklərinin keçirəcəkləri əsəbiyyət təsəvvür olunsun.

Mirzə Bala
”Odlu-Yurd”, 1 mart 1929, № 1 

AZƏRBAYCANDA

Komunist firqəsində 

Azərbaycan Komunist firqəsinin son konqresi münasibətilə Bakı qəzetələrində müfəssəl statistik rəqəmlər dərc edilmişdir. 1927-də Azərbaycan Komunist firqəsində 24650 əza varkən, 1928-də bu miqdar 34081-ə varmışdır. 1926 sənəsində türklərin sayı 9787 ikən, 1928 sənəsində 12741 olmuşsa da nisbət hesabilə türk əzanın sayısı azalmışdır, böylə ki, 1926-da 39,7% təşkil edən türklər 1928-də 37%-ə enmişdir. Bakı xaric edilmək üzrə bütün Azərbaycanda 6042 türk komunist vardır.

Köylülərin miqdarı Komunist firqəsində ildən-ilə azalmaqdadır. 1926 sənəsində qəbul edilənlərin 20,3% köylü ikən, 1928 sənəsində bu miqdar 12,8% enmişdir.

1926 sənəsində qəbul edilənlərin 6,9%-i əməkçi idi, 1928-də isə qəbul edilənlər arasında əməkçi 5%-dən çox degildir. 1926 sənəsində firqədə köylülərin miqdarı 53,6% ikən, 1928 sənəsində köylü Komunist firqəsində ancaq 38% miqdarındadır. Bakıda çalışan 47.942 mədən işçilərindən Komunist firqəsində 15.289 kişi vardır. Gəncədə 4338 kişinin 546-sı, Qarabağdakı əmələnin 8%, Şəkidə 16%, Qubada 6,3% Komunist firqəsinə daxildir.

Azərbaycan daxilində miqdarı 31.629 olan muzdurların yalnız 1,4% Komunist firqəsindədir.

Qadınlar Komunist firqəsinin 5,2%-ni təşkil ediyorlar. Bakının xaricində bütün Azərbaycan qəzalarında 551 komunist qadın vardır. İldən-ilə aktiv komunistlərin miqdarı azalmaqdadır. İki sənədə firqəyə qeyd olunan 2047 köylü olduğu halda eyni müddət zərfində firqədə aktiv olaraq 285 komunist köylü çalışmışdır. 1927 sənəsində əzanın 3,5%-i firqədən istefa vermişlərdir. 

Müəllimlər qurultayı

Bakı qəzetələri Bakı müəllimlər qurultayının müzakirə etdiyi məsələlərin ətrafında cərəyan edən münaqişənin təfsilatını dərc ediyorlar. Qurultayda bilxassə “Məktəblərdə tərbiyə” raporu uzun münaqişələrə səbəb olmuşdur. Natiqlər qeyd etmişlər ki:

Məktəb tələbəsi ufaq burjua təsirində bulunmaqdadır. Milliyyətçilər əlində olan və ufaq burjua təsirində bulunan ailə, ictimai həyat, ədəbiyyat, sinema, səhnə teatr, şeir və sairə, məktəblə komunizm ruhunda tərbiyə alan gəncləri tam başqa bir səviyyə və səciyyədə yetişdirməkdədir.

Məktəblərdə milliyyət və din hisslərilə müdhiş mücadilə davam etdigi halda Azərbaycan gəncləri milliyyətçi və dindar yetişiyormuşlar. Çıxarılan qərarda bunun səbəbi olaraq tələbənin daha ufaq burjua cəmiyyəti olan milli mühitin təsirinə düşməsində görünüyor. Həyat ilə Sovet məktəblərinin başqa-başqa şeylər olduğu şimdiki “Nep” şəraiti davam etdikcə bu dualizmin dəxi qüvvətlənəcəgi bir dəfə daha qeyd olunmuşdur. 

Komunist firqəsindən çıxanlar

Tiflisdə nəşr olunan “Zarya Vostoka” qəzetəsinin verdigi məlumata görə Bakı dairəsində türk əmələsi Komunist firqəsindən çıxmağa başlamışdır. Miqdarı 50-yi bulan bu komunistlər Komunist firqəsinin ruslar əlində olmasından və komunist təşkilatlarında ruslaşdırma siyasəti tətbiq edilməsindən şikayət ediyorlarmış.

Gəncə məktəbləri müəllimsiz

“Zarya Vostoka” qəzetəsinin 237 nömrəli nüsxəsində yazıldığına görə Gəncə şəhər və qəzasının türk məktəbləri halı hazırda müəllimsizdir. Komunist təşkilatı milliyyətçi və müsavatçı deyə 400-dən ziyadə əski və təcrübəli müəllimləri vəzifədən çıxararaq yerlərinə “qızıl müəllimlər” təyin etmək istəmişdir. Fəqət Gəncəyə cəlb olunan yeni müəllimlər dəxi “milliyyətçi və qeyri milliyyətçi” təsfiyəsinə məruz qaldıqlarından, Gəncəyi buraxaraq dağılmışlar və böyləliklə, Gəncə məktəbləri bu sənə müəllimsiz qalmışdır.


Azərbaycan maarif komisarlığında əcələ olaraq yapılan dəyişikligində səbəbi bu hadisə ilə izah edilməkdədir. 

Kooperatif həyatı

Azərbaycan Kooperatiflər İttifaqının sovet qəzetələrində nəşr etdigi məlumata görə Azərbaycan daxilində ticarətin 100-də 70-i xüsusi əllərdədir. Ticarətin 100-də 30-na malik olan kooperatif müəssisəsi getdikcə qəzalarda xüsusi ticarət qarşısında məğlub olmaqdadır. 

Azərbaycan Komunist firqəsində təmizlik

Azərbaycan Komunist firqəsində növbəti təmizlik mövsümü başlamışdır: şəhərlərdə, qəza və köylərdə bütün dövlət müəssisəsi, məktəb və kooperatiflərdə - “təmizlik komisiyaları” yaradılmışdır. Bu komisyonlar Komunist firqəsindən çıxacaq olanların listesini elan etmişlərdir.

Darülfünun tələbələrindən olan komunistlərin yüzdə 67-si firqədən ixrac olunuyorlar.

Bakı dairəsində Komunist firqəsindən çıxarılan və isimlərindən həpsinin türk olduğu görülən komunistlərin günahları: 1) 1918 sənəsinin milli istiqlal hərbində əskər olaraq iştirak etmişlər (Almas, Qəhrəman, Ağacan, Bayram v.s.); 2) İstiladan əvvəl Müsavat hökuməti hizmətində bulunmuşlar (Musa, Baba, Ağa, Həmid v.s.); 3) Ruslara kin bəsləyənlər (Şıxalı, Rahim, Novruz, Əli, Bəybəla v.s.); 4) Müsavat hökuməti zamanında babalarının ticarətxanəsi olmuşdur (A.Ağacanlı, Məstəli, Babayev, Kamran, Sadıqlı v.s.); 5) Trotski müxalifəti zamanında türk komunistlərini firqə əleyhinə təhrik etmişlər (Xəlil, Dadaş, Məhəmmədəli, Hüseyn, Qurban v.s.). Təmizlik bilxassə Komunist firqəsinə namizəd olanları ehtiva etməkdədir. 

140 tələbə

Azərbaycan Komunist firqəsinin darülfünun şöbəsi Azərbacan Dövlət darülfünunda oxuyan 140 müsavatçı türk tələbənin darülfünundan ixrac edilmələrini Komunist firqəsinin mərkəzi komitəsindən rica etmişdir. 

Azəri mühacirlər

Gənc Azərbaycan alimlərindən İstanbul darülfünunu islam sənayei-nəfisə müəllimi və evğai muzesi müdürü, Vyana darülfünunu islam sənayei-tarixi şöbəsindən məzun Ağaoğlu Mehmet bəyə Amerikada kain Micikan darülfünunu tərəfindən Şərq sənayei-nəfisəsi professorluğu təklif edilmişdir. Mehmet bəy vüqu bulan bu təklifi qəbul eyləmiş və həziranda məəailə Amerikaya əzimət eylə-yəcəkdir.

- Gənə Azərbaycan mütəxəssislərindən mühəndis olub Almaniyada staj görməkdə olan Əliheydər bəy düçar olduğu xəstəlikdən qurtulamayaraq kəndisindən məmləkət naminə hizmətlər bəslədigi bir çağında vəfat eyləmişdir.

- Parisdə muqim Azərbaycan petrolçuları cəmiyyətinin mutad illik ictimaları olmuş və idarə heyətinin raporunu dinlədikdən sonra, başda Möhsin bəy olmaq üzrə, əski idarə heyətini iş başında buraxmışdır.

“Odlu-Yurd”, 1 mart 1929, № 1

 





07.08.2017    çap et  çap et