525.Az

Milli kinomuzun bayramı - Fotolar


 

Milli kinomuzun bayramı - <b style="color:red">Fotolar</b>

Avqustun 2-də Nizami Kino Mərkəzində Milli Kino Gününə həsr olunmuş tədbir keçirildi. Artıq bir neçə ildir ki, təntənəli şəkildə qeyd olunan bu tədbirin ənənəsi var.
 
Hər il Kino günündə tamaşaçılara yeni bir film təqdim olunur. Bu dəfə qısa müddətdə uğur qazanmış “Nar bağı” filmini də seyr etmək imkanımız oldu.

Tədbiri giriş sözüylə açan Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev kinomuzun son illərdə qazandığı uğurlardan danışdı: “Azərbaycan filmlərinin hansı zirvələri fəth etdiyini, hansı yenilikləri tamaşaçılara təqdim etdiyini rəqəmləri nəzərdən keçirməklə müəyyənləşdirmək olar. Dövlətimizin başçısının müvafiq sərəncamı ilə “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsindən keçən müddət ərzində Azərbaycanda 44 tammetrajlı bədii film, yüzlərlə sənədli film çəkilib. Dövlət sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında, “Yaddaş”, “Salnamə”, “Debüt” studiyalarında çəkilmiş filmlərin sayı 300-dən artıqdır. Azərbaycan filmləri 50-dən çox ölkədə festivallarda iştirak edib. 200-dən çox beynəlxalq kino festivallarında filmlərimiz nümayiş olunub. Azərbaycan filmləri müxtəlif kino festivallarında ən yaxşı film, dəfələrlə ən yaxşı aktyor, rejissor, ssenari adlarına layiq görülüb. Azərbaycan kino sənəti beynəlxalq səviyyədə layiqincə təqdim edilir. Bu sənətə yeni nəslin gətirilməsi, yeni imkanların açılması üçün ciddi addımlar atılır. Hazırda bir neçə istedadlı gənc dövlət hesabına müxtəlif ölkələrdə təhsil alır. Filmlərin çəkilişlərində təcrübəli kino xadimləri ilə yanaşı, gənclər də iştirak edirlər”.

Azərbaycan kinosunun son illərdə əldə etdiyi uğurları sadəcə sadaladıqca bu statistik rəqəmlərə yaxşı mənada təəccüblənir insan. Axı kitab oxumayıb “ədəbiyyat yoxdur, yeni ədəbiyyat yaranmır” deyənlər kimi, yeni çəkilən filmlərlə maraqlanmayıb, bircəsinə belə baxmayıb “kino çəkilmir” söyləyənlər də az deyil. Əlbəttə, son illərdə Azərbaycanda müasir tipli kinoteatrların, kino zallarının qurulması, həm xarici, həm də yeni yerli filmlərin bu zallarda nümayişi tamaşaçı ilə kinonun, kinoteatrın münasibətini xeyli yaxınlaşdırıb. Bununla belə, yeni çəkilən filmlərin geniş təbliğatına, tamaşaçı kütləsinə çatdırılmasına ehtiyac var. Lakin bütün hallarda kinomuzun bugünkü inkişafı da göz önündədir. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova da son dərəcə nikbin çıxışında kino sahəsində görülən işlərdən, yeniliklərdən danışdı. Artıq ənənə halını almış kino mükafatı bu dəfə rejissor Vaqif  Mustafayevə təqdim olundu.

Bütün nikbin, bayram ovqatlı söhbətlərin içərisində kinematoqrafçılar ağrılı mövzunu da unutmadılar. Artıq illərdir ki, Qarabağ dərdi sənətin ən müxtəlif sahələrinin mövzusuna çevrilib. Elə kinomuzda da bu ağrını ifadə edən, bu mövzuda çəkilmiş filmlər az deyil. Milli Kino günündə də bu mövzuya həsr olunmuş qısametrajlı film nümayiş olundu. Kinoşünas, rejissor Ayaz Salayevin çəkdiyi “Qarabağın həsrət salnaməsi” filmi ilk baxışdan, daha doğrusu, ilk kadrlarından çox adi gəlir adama... Yəni müəlliflər sadəcə, ən müxtəlif adamların - fəhlənin, həkimin, müəllimin, satıcının, kosmetoloqun, süpürgəçinin, cavanın, qocanın, uşağın, yeniyetmənin dilindən Qarabağ dərdini, Qarabağ həsrətini verir. Bu müxtəlif  adamların dilində ardıcıl olaraq ağrılı, həsrət dolu sözləri dinləmək o qədər təsirlidir ki... Ayaz Salayev çıxışında əsas niyyətin dünyaya mesaj olduğunu söylədi: “Ermənilərin yalançı təbliğatlarının sayəsində dünyada elə yanlış fikir formalaşıb ki, guya sadə xalq Qarabağı istəmir heç, bunu siyasi oyun kimi qələmə verməyə çalışırlar. Biz bu cür müxtəlif adamların dilindən dərdimizi göstərməklə dünyaya mesaj ötürürük. Qoy görsünlər ki, Azərbaycan xalqı Qarabağın itkisi ilə barışmayacaq heç vaxt. Artıq minlərlə adamı danışdırmışıq. Və bu layihə Qarabağ alınana kimi davam edəcək. Biz bu filmləri internetə yerləşdirib, təbliğatı ilə məşğul oluruq. Bununla da dünyanı ədalətə çağırırıq”.

Son vaxtlarda mətbuatdan aldığımız xəbərlərə görə, İlqar Nəcəfin “Nar bağı” filmi ciddi uğurlara imza atıb. Bugünlərdə film 13-cü Avrasiya Beynəlxalq Film Festivalında mükafatlarla təltif olunub və baş rolun ifaçısı Qurban İsmayılov “Ən yaxşı kişi rolu” mükafatına layiq görülüb. Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firuddin Allahverdidir. Yaradıcı heyət, filmdə rol alan aktyorlar - Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev nümayişdən öncə səhnəyə çıxıb təəssüratlarını bölüşdülər.

Rejissor İlqar Nəcəf əməyi keçən insanlara, çəkilişlərin aparıldığı Göyçayın Bığır kəndinin sakinlərinə, evin sahibinə təşəkkürlərini çatdırdı. Baş rolun ifaçısı, Əməkdar artist Qurban İsmayılova Avrasiya Beynəlxalq Film Festivalının mükafatını təqdim etdi. Yaradıcılığında bir çox uğurlara imza atan, qeyri-adi peşəkarlıq səviyyəsi və istedadı ilə seçilən Qurban İsmayılov bu dəfə də son dərəcə təvazökar çıxış etdi. Bəzən mənə elə gəlir ki, Qurban müəllim böyük uğurlarına, Allahın ona verdiyi istedada görə utanır, təriflənəndə sıxılır, mükafat alanda özünə yer tapmır. Ona sadəcə, oyun, iş, prosess maraqlıdı, qalan şeylərə həvəsi, zamanı da yoxdu sanki. Yadımdadı, 2012-ci ildə Bakı Beynəlxalq Teatr Konfransına Fuceyra Monodram Festivalın təşkilatçıları gəlmişdilər. Bir il öncə orda nümayiş olunan, rejissor Bəhram Osmanovun quruluş verdiyi, Qurban müəllimin “Bu da axırı” tamaşasındakı ifasından danışmışdılar. Bizim aktyor, bizim rejissor haqqında eşitdiyim sözlərdən o qədər qürurlanmışdım ki, elə həmin axşam Qurban müəllimə zəng edib bu festival, orda qazandığı uğurları haqqında soruşmuşdum. Amma nə qədər çalışsam da, aktyordan “yaxşı oldu”, “təşəkkür edirəm”, “nə bilim oynadım da” sözlərindən başqa söz ala bilməmişdim. Uşaqlığımdan “Qurbanəli bəy” rolu ilə sevdiyim və yaddaşımda qalan bu aktyorun sonrakı rollarına, Bəhram Osmanovun “Mən gəldim, qızlar”, “Miras” tamaşalarındakı ifalarına baxanda düşünmüşdüm ki, görünür, təriflərdən qaçmaqda haqlıdı Qurban İsmayılov. Emosiyalarını, hisslərini sənəti üçün qoruyur. “Nar bağı” filmi isə onun yaradıcılığında ayrıca yer tutur.

Çexovun “Albalı bağı” pyesindən təsirlənən ssenaristlər ölən ümidlərin, böyük itkinin sonunda işıq göstərməyə, hər zaman sıfırdan başlamağın mümkünlüyünü anlatmağa çalışır. Filmdə Nar həm birbaşa, həm də rəmzi mənada istifadə olunub. Filmin qəhrəmanı (Qurban İsmayılov) uzun illərdir ki, gəlini və nəvəsi ilə nar bağına qulluq edir. Bir vaxt ailəsini atıb Rusiyaya getmiş oğlunun övladına, arvadına baxmaq da bu saf, məsum adamın boynuna düşüb. Filmin ilk kadrlarından atasının üzünü belə görməyən oğlanın həkimdə göz müayinəsi ideyanın başlanğıcıdır. Rejissor Tahir Tahiroviç “Nar bağının rəngi” essesində bu məqamı xüsusi şəkildə yozur: “Əslinə qalsa, film boyu mən tamaşaçı olaraq həyatı Cəlalın gözüylə rəngsiz görürdüm. Xüsusən də narın qırmızı rəngini seçə bilməməsi onun üçün qaranlıq dünya idi. Qırmızı rəng canlılıq, dinamizm, xoşbəxtlik eşqi təmsil edir. Gördüyümüz bir işdə nə qədər əzimli və qərarlı olduğunuzu göstərə biləcəyimiz bir rəngdir. Qırmızı sevən insanlar tez həyəcanlanır, tez əsəbiləşirlər. Tənbəlliyi sevmir, başqalarının düşüncələrinə elə də fikir vermirlər. Cəsarət və sosiallıqları ilə seçilirlər. Mənim üçün filmin qəhrəmanı Cəlaldır. Çünki düşdüyü ailə mühiti cansıxıcıdır. Filmin müəllifləri ekran əsərində buna xüsusi fikir veriblər”. Tahir Tahiroviçin bu dəqiq qənaətini təsdiq edərək, onu da əlavə etmək olar ki, filmdə dünyanı rəngsiz görən, o cür hiss edən təkcə Cəlal yox, həm də onun anasıdır. Ona görə illərdən sonra peyda olmuş ərinin kürəyindəki banka izlərini heyrət içində sığallayır... İllərdir ki, kişi nəvazişinə, diqqətinə, sevgisinə həsrət qadın üçün ərinin dönüşü ümid, işıq, inamdır. Amma... Cəlal da, anası da, babası da bu gəlişin onlara həmişəlik yara vuracağını, əbədi bir gedişə çevriləcəyini bilmirlər. Filmi ayrıca və daha geniş təhlil etmək niyyətim olduğu üçün burda ətraflı şərhə ehtiyac duymuram... Amma qısaca olaraq deməliyəm ki, mənə görə “Nar bağı” filminin əsas üstünlüyü peşəkarlığıdır.

“Qarabağın həsrət səlnaməsi” və “Nar bağı” filmləri 2 avqust Milli Kino Gününün dəyərini, əhəmiyyətini xeyli artırdı. Çünki sənət adamları üçün ən böyük bayram elə bu cür yeni filmlərin yaranması, çəkilməsidir.

 





07.08.2017    çap et  çap et