525.Az

Rəssamlar İttifaqında "Yay" sərgisi - Fotolar


 

Rəssamlar İttifaqında "Yay" sərgisi - <b style="color:red">Fotolar</b>

Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda "Yay" adlı rəsm sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgi Yaradıcı Qadınlar Assosiasiyası və Azərbaycan Rəssamlar İttifaqının birgə dəstəyi ilə təşkil olunub.

Tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru Səlhab Məmmədov və Milli Məclisin deputatı İlham Məmmədov, Türkiyə səfirliyinin mədəniyyət müşaviri İrfan Çiftçi sərginin əhəmiyyətindən danışıblar.

Vurğulanıb ki, sərginin ekspozisiyasında Yaradıcı Qadınlar Assosiasiyasının üzvü olan 60-dək fırça ustasının 150-dən çox sənət əsəri nümayiş olunur.
 
Ekspozisiyada sərgilənən sənət əsərlərinin məna və mövzu baxımından dolğunluğundan söz açan natiqlər deyiblər ki, ziyarətçilər bir həftə davam edəcək sərgidə rəngkarlıq, yağlı boya, akvarel və dekorativ tətbiqi sənətə aid müxtəlif mövzulu portretlər görə biləcəklər.

Qeyd edilib ki, sərgidəki rəsmlərdə qadın gözəlliyi və xoşbəxtliyi, gözəllik duyğusu, işıqlı rənglərin çoxluğu, həyatsevərliyin və xeyirxahlığın ifadə olunduğu mövzulara yer verilib.

Sərgiyə təqdim olunan sənət əsərlərində incəsənətin bütün janrlarını görmək mükəmməl təəssürat yaradır. Habelə, ekspozisiyada yer alan əsərlərin təbiət, mənzərə, güllər, ilin fəsilləri, vətənpərvərlik, duyğusallıq və fəlsəfi mövzularda olması sərgiyə əlavə ovqat qatır.

Sonda Yaradıcı Qadınlar Assosiasiyasının rəhbəri Afaq Hüseynova sərginin təşkilində əməyi olanlara təşəkkürünü bildirib.

 





09.08.2017    çap et  çap et