525.Az

"Həyata baxış" verilişinin bağlanmasının Neft şirkətinə aidiyyatı yoxdur" (VİDEO)


 

"Həyata baxış" verilişinin bağlanmasının Neft şirkətinə aidiyyatı yoxdur"<b style="color:red"> (VİDEO)</b>

Xəzər TV-nin "Həyata baxış" proqramı sentyabrın 22-i buraxılışından sonra bağlanıb.

525.az-ın "BBC Azərbaycanca"ya istinadən verdiyi məlumata görə, telekanalın mətbuat xidmətinin rəhbəri Məryəm Qulamova modern.az saytına bildirib ki, verilişin dayandırılmasına səbəb “Xəzər” TV-nin 5 illik yubiley öncəsi yeniliklər etməsilə bağlıdır.

Son verilişin qonağı olmuş və hökumətin ünvanına kəskin ittihamlar səsləndirmiş vətəndaş cəmiyyətinin nümayəndəsi Mirvari Qəhrəmanlı isə verilişin bağlanmasına səbəbin onun Dövlət Neft Şirkətinin fəaliyyətini tənqidinin olmasına inanır:

"Verilişdə dedim ki, yaxşı olar ki, böyük pullar Cennifer Lopezə xərclənməsin. Ölkədə təqaüdlər aşağıdır, çoxlu talassemiyalı xəstələr, ehtiyacı olanlar, köhnə neft yataqları var".

Pop ulduz Cennifer Lopezin Azərbaycandakı konsertini maliyyələşdirmiş ARDNŞ isə verilişin bağlanması ilə heç bir əlaqəsinin olmadığını deyir.

Mirvari Qəhrəmanlı deyir ki, sözü başa çatmamış sözünü yekunlaşdırması barədə işarə alıb. "Sözüm qurtaran kimi 10 dəqiqəlik reklam oldu və kanalın rəhbəri aparıcını çağırdı. Sonra isə aparıcı xahiş etdi ki, yumşaq danışaq, verilişə yuxarı səviyyədə baxılır".

Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev BBC Azərbaycancaya bildirib ki, Xəzər TV-nin "Həyata Baxış" proqramının bağlanmasına şirkətin "heç bir aidiyyatı yoxdur".

Nizaməddin Quliyev isə Xəzər TV-ə proqramla bağlı zəng etmədiyini deyib: "Əminəm ki, Neft Şirkətindən heç kəs onlara bununla bağlı zəng etməyib".

Pop ulduz Cennifer Lopez "Tofiq Bəhramov" stadionunda FIFA U-17 qadınlararası dünya çempionatının rəsmi açılış mərasimində çıxış edib və sentyabrın 23-də "Crystal Hall"da konsert verib.

Rəsmi məlumata görə, konsert Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin maliyyə dəstəyilə baş tutub.

Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev BBC Azərbaycancaya deyib: "Bütün telekanallarla nə əlaqəmiz varsa, Xəzər TV ilə də o cürə əlaqəmiz var, hələ deyərdim ki, başqalarına nisbətən bəlkə də daha az" - bildirib.

 





02.10.2012    çap et  çap et