525.Az

Monumental duyumlu rəssam - Mirzəağa Qafarovun 90 yaşına


 

Monumental duyumlu rəssam - Mirzəağa Qafarovun 90 yaşına <b style="color:red"></b>

Azərbaycan monumental sənəti çox qədim və zəngin tarixə malikdir.

Qobustan qaya rəsmləri, Bakı, Şəki, Şuşa və digər şəhərlərin memarlıq abidələrinin daxili divarlarını bəzəyən süjetli və nəbati naxışlardan ibarət divar rəsmlərinin bizim günlərə gəlib çatmış nümunələri Usta Qənbər Qarabaği, Mirzə Qədim İrəvani, Mir Möhsün Nəvvab, Əliqulu və başqalarının yüksək sənətkarlığından, monumental duyumundan xəbər verir. Yaxşı haldır ki, Azərbaycan incəsənətinin sonrakı inkişaf mərhələlərində də bu əski ənənə davam etdirilmiş, XX-XXI əsrlərdə isə forma-biçim və məzmun baxımından xüsusilə rəngarəng tutum almışdır. Onun ötən əsrin altmışıncı illərindən yeniləşməyə başlayan "estetik xəritəsi"nə duyulası özünəməxsusluq bəxş edən sənətkarlardan biri də tanınmış fırça ustası Mirzəağa Qafarov (1927) olmuşdur.

Tanışlıq üçün deyək ki, o, xüsusi ixtisas təhsilini əvvəlcə Bakıdakı məşhur "Əzimzadə məktəbi"ndə (1945-1950), sonra isə Sankt-Peterburqdakı V. Muxina adına Ali sənaye-rəssamlıq məktəbində (1952-1958) almışdır. Elə təhsil sonu bədii tərtibat sahəsində topladığı bilik və vərdişlərin ifadəsi olan diplom işində özünün monumental duyumunun fərdiliyini sərgiləyən Mirzəağa Qafarov, davamlı yaradıcılığı boyu həmin ilkin müsbət məziyyəti bu günə kimi qoruyub saxlaya bilmişdir. Onun monumental sənəti və dəzgah rəssamlığını əhatə edən yarım əsrlik yaradıcılıq yolu çox maraqlı axtarışlarla zəngin olmuşdur, desək, yanılmarıq. Bugünlərdə anadan olmasının 90 illiyini qeyd edən rəssam üçün ən yadda qalanyaradıcılıq nailiyyəti yəqin ki, bu vaxta qədər ərsəyə gətirdiyi divar rəsmlərinin, mozaik pannoların, keramik kompozisiyaların və dəzgah rəngkarlığı nümunələrinin Azərbaycan incəsənətinin zəngin xəzinəsinə layiqli töhfələr kimi qəbul olunmasıdır.

Ən yaddaqalan işlərindən biri Moskvadakı "Bakı" restoranının bədii tərtibatı (1970-ci illər) ilə bağlı olan Mirzəağa Qafarov, o vaxtlar SSRİ paytaxtının ən izdihamlı guşələrindən birində yerləşən bu məkana adi ictimai iaşə obyekti kimi baxmamış, onun Azərbaycanda olmayan hər kəs üçün mədəni-maarifləndirici qaynaq kimi qəbul olunmasına çalışmışdı. Elə bu səbəbdən də "Bakı" restoranı bura gələn qonaqlara zəngin Azərbaycan mətbəxini dəyərləndirməklə yanaşı, həm də onun mədəniyyəti və incəsənəti ilə tanış olmaq imkanı əldə etmişdilər. Doğrudan da divar rəsmləri, əlvan şəbəkə və keramik pannolarla bəzədilmiş binada səslənən milli musiqi ilə qovşaqda çox güclü təsir bağışlayırdı.

Zamanında şəhər tərtibatının bütün formalarının icra sənətkarlığına yiyələnən Mirzəağa Qafarov bunu Azərbaycan məkanında əyaniləşdirməklə, həm də özündə ənənə və müasirliyi birləşdirən bədii ifadə potensialına malik olduğunu təsdiqləmişdir. Onun ötən əsrin yetmişinci illərində həyata keçirdiyi birneçə mozaik kompozisiyanın timsalında buna əmin olmaq mümkündür. Bakıda təhsil alan xarici ölkə tələbələrinin yataqxanasının, Suraxanı  və Zuğulba qəsəbələrindəki əhəmiyyətli obyektlərin müxtəlif mövzulu mozaik pannolar bu qəbildəndir. Monumentalçı rəssamın görkəmli dramaturq Cəfər Cabbarlının Bakıdakı ev muzeyinin həyətindəki süjetli kompozisiyası da onun mövzunu əhatəli tutumda təqdim etmək istedadını əks etdirir. Doğrudan da bu əsərdə dramaturqun yaratdığı əsərlərin personajları ilə əhatələnmiş portreti mənalı və düşündürücüdür. Mozaik daşların təzadlı çalarlarından istifadə etməsinin sayəsində müəllif üfüqi kompozisiyanın həm qabarıq görünməsinə, həm də məna-məzmun daşıyıcısı olan təsvirlərin aydınlığına nail olmuşdur.

Zuğulbadakı, gəncliyi tərənnüm edən mozaik pannoda qızlarla musiqinin vəhdətindən, paytaxtın qədim "Qara qızıl" məskənlərindən sayılan Suraxanıdakı mozaik kompozisiyada isə ötən köhnə mədənlərdə baş verənlərin şərhindən uğurla istifadə edən Mirzəağa Qafarov fəza-məkana özünəməxsusluq bəxş edən estetik qaynaq yarada bilmişdir.

Bakı metrosunun 1972-ci ildə istifadəyə verilən "Neftçilər" stansiyası bədii tərtibatına görə paytaxtın diqqətçəkən obyektlərindəndir. Bu gün metronun geniş salonunun "Yeraltı muzey" kimi qəbul olunmasında Mirzəağa Qafarovun da böyük əməyi vardır. Belə ki, buradakı divarları bəzəyən altı mozaik pannodan üçü onun tərəfindən yaradılmışdır.  Bunlar uzunluğu on metrə çatan "Əsrlərin qovşağında" və "Neft çıxaranlar" əsərləri, eləcə də nisbətən kiçik ölçülü "Musiqi" kompozisiyasıdır. Rəng çalarından "neft qoxusu" gələn iki üfüqi süjetli kompozisiyada həm əsrin əvvəllərində Bakıda yaşanan hadisələr, həm də milli sərvətimizin istismarı ilə məşğul olan neftçilərin fədakar əməyi tərənnüm edilmiş,  bu iki fərqli situasiyanın mənəvi-psixoloji yükü yaddaqalan bədii tutum almışdır. Palitrasında yığcam rəng çalarlarının  istifadə edən rəssam, çox incə keçidlərlə bədii harmoniyaya nail olmaqla, lakonik-şərti ifadə tərzini kompozisiyanın məna-məzmun daşıyıcısı olan insan fiqurlarının və müxtəlif detalların siluetlərinin cəlbediciliyinə yönəldə bilmişdir. Rəssamın boz, qara, qızılı, qırmızı, tünd göy rənglərin "ram edilmiş" çalarlarından yaratdığı kolorit bir qədər tünd görünsə də, bədii uyarlıq və icra sənətkarlığı baxımından yaddaqalandır...

Mirzəağa Qafarovun bütün yaradıcılığı boyu yaratdığı dəzgah rəngkarlığı nümunələrində də bədii həllin monumentallığına rast gəlinməsi yəqin ki, təbii hesab olunmalıdır. Bu iki müxtəlif sahədə ərsəyə gətirilən əsərlərin bədii şərhindəki əsas fərq, müxtəlif mövzulu tablolarındakı axıcı ritmə əsaslanan rəng keçidlərinin daha şux tutuma malik olmasıdır. Daşlarla ifadə olunması bir qədər çətin olan bu "rəng oyunu"nu kətan üzərində həyata keçirməyi bacaran rəssam, həm də bununla süjetlərin psixoloji tutumunu da qabartmağa nail olmuşdur. Bu əsərlərin əksəriyyətinin rəng yığcamlığı ilə səciyyələnən "sərt üslub"un sovet məkanında böyük vüsət aldığı dövrdə ərsəyə gətirilmələrinə baxmayaraq, onlarda müəllifin rəngin təsir gücünü məna-məzmun açımına yönəltmək istedadı duyulmaqdadır. Rəssamın Azərbaycan Milli İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında və şəxsi kolleksiyalarda saxlanılan "Dədə Qorqud", "Abşeron motivi", "Həyat", "Xalq sənətkarı", "Montajçılar", "Sülh naminə", "Qısa fasilə", "Şeyx Şamil", "Novruz", "Abşeron qadınları", "20 Yanvar. Ruh" və s. əsərləri bu qəbildəndir. 

Rəssamın müxtəlif janrlı tablolarındakı məzmun daşıyıcılarının obrazlı tutum almasına yönəli tətbiq etdiyi bədii şərhdə qədim ənənələrə müasir görkəm vermək istəyi qabarıq görünür. Əgər onun Şeyx Şamil və Dədə Qorqud obrazları üçün tapdığı səciyyəvi cizgilər igidliyin və müdrikliyin ifadəçisidirsə, müxtəlif peşəli qadınların ("Abşeron qadınları", "Qısa fasilə", "Novruz" və "Həyat") və kişilərin ("Xalq sənətkarı", "Sülh naminə", "Montajçılar" və "Su paylayıcı") surətlərində gördüklərimiz isə yaşantının psixoloji durumunu-ovqatı ifadə edən bədii vasitələrdir.

Bu gün də yaradıcılığını əzmlə davam etdirən qocaman fırça ustası uzun illərdir ki, həm də əldə etdiyi bilik və vərdişləri yetişməkdə olan yeni nəslə ötürməkdədir. Onun əvvəlcə Azərbaycan Dövlət rəssamlıq məktəbində, sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, 2000-ci ildən isə  Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Rəsm" kafedrasının dosenti kimi çalışdığı dövrdə gənc kadrların yetişdirilməsində xidmətləri danılmazdır. Yaratdığı müxtəlif əsərlərin Beynəlxalq simpoziumların diplomuna layiq görülməsi də onun əsərlərinin zamansızlığa və məkansızlığa qovuşduğunun etirafı sayıla bilər...

 

 





10.08.2017    çap et  çap et