525.Az

"Vikipediyaçı"ların Yay Düşərgəsi keçiriləcək


 

"Vikipediyaçı"ların Yay Düşərgəsi keçiriləcək<b style="color:red"></b>

Vikimedia Fondunun dəstəyi, “Azərbaycan Vikimedia Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə 12-13 avqust tarixlərində Qax rayonunun İlisu kəndində Azərbaycan "vikipediyaçı"larının Yay Düşərgəsi keçiriləcək.
 
APA-nın məlumatına görə, düşərgənin təşkilində əsas məqsəd “Vikipediya”ya yeni istifadəçilər cəlb etmək, təcrübə mübadiləsi aparmaq, “Vikipediya”nın kütləviləşdirilməsini aktuallaşdırmaq, yeni məqalələr yaratmaqla Azərbaycan dilində vikiməzmunu zənginləşdirmək və başqa dillərdə ölkəmiz haqqında yeni məqalələr yaradılmasına stimul verməkdir.

Eyni zamanda, müxtəlif ölkələrdə “vikipediyaçı”ların həyata keçirdikləri layihələr barədə iştirakçılara məlumat veriləcək və “Vikipediya”da tətbiq edilən müxtəlif qadcetlər, onların faydaları, şablon yaratmağın metodologiyası və bu sahədə səmərəli fəaliyyətlə bağlı müxtəlif mövzularda təqdimatlar keçiriləcək.

İştirakçılar tərəfindən düşərgə müddətində 150 məqalənin yaradılması, “vikianbar”a 150 fotoşəkilin yüklənilməsi və onlardan 30-nun viki-məqalələrdə istifadəsi nəzərdə tutulur.

Vikidüşərgədə peşəkar və yeni istifadəçilərdən ibarət 35 nəfərin iştirakı nəzərdə tutulub və bütün maliyyə xərcləri Təşkilat Komitəsi tərəfindən ödənilir.

 





11.08.2017    çap et  çap et