525.Az

"Yay aylarında qazlı içkilərdən də zəhərlənmə və allergiyalar ola bilər"


 

"Yay aylarında qazlı içkilərdən də zəhərlənmə və allergiyalar ola bilər"<b style="color:red"></b>

Mütəxəssislər yay aylarında qidanın saxlanmasına, qəbuluna diqqətin daha da artırılmasını vacib sayırlar. Ümumiyyətlə, isti yay günlərində hansı qidaların qəbuluna üstünlük verilməlidir? Yeməkləri hazırlayarkən baş verə biləcək fəsadlardan qorunmaq üçün nələrə diqqət edilməlidir?

Dietoloq Leyla Zülfüqarlı "Report"a bildirib ki, yay aylarında qazlı içkilərdən də zəhərlənmə halı baş verə bilər: "Bunun səbəbi qazlı içkilərin də işlənmiş bir məhsul olması ilə bağlıdır. Ümumiyyətlə, hər fəsildə olduğu kimi, yay aylarının da özünəməxsus qidalanma tərzi olmalıdır. Həmişə belə fikir səsləndirilir ki, yayda balıq yemək olmaz. Əslində, balığı hər fəsildə yemək mümkündür. Sadəcə, zəhərlənməyə yol açmaması üçün balığın saxlanma qaydasına düzgün əməl olunmalıdır. Bu fəsildə qida zəhərlənməsi hallarının başvermə ehtimalı yüksək olduğundan yeyib-içdiklərimizə qarşı daha diqqətli olmalıyıq. İstənilən qeyri-düzgün saxlanmış qida zəhərlənməyə yol aça bilər. Meyvə-tərəvəzlərdən zəhərlənmə baş verə bilər".

Onun sözlərinə görə, zəhərlənmə ilə yanaşı, yay aylarında allergik reaksiyalar da artır, adi havadan belə allergiya halları yaranır: "Bu kimi halların səbəbi ultrabənövşəyi şüaların həyatımıza həddən artıq yüksək temperaturda daxil olmasıdır. Günəşli günlərdə havaya çıxanda allergiya yaranmasın deyə müxtəlif qoruyucu vasitələrdən istifadə edirik. Bununla yanaşı yeməklərimizə də diqqət etməliyik. Soyuq aylarda südü isti halda qəbul ediriksə, yay aylarında daha çox soyuq halda qəbul olunmalıdır. İstidə qidaların qarışıq şəkildə qəbul edilməsi də orqanizmdə xüsusi bir diskomfort yarada bilir. Ona görə də neytral tərkibli qidalara üstünlük verməliyik. İçərisinə müxtəlif göyərtilər, xiyar vurulmuş ayran, qatıq kimi məhsullardan çox istifadə edilir. Daha çox çiy tərəvəzlərdən, meyvələrdən hazırlanmış salatlardan istifadə olunmalıdır. İsti yeməklərdən qaçmaq, əvəzində çiy şəkildə qəbul olunan qidalara üstünlük vermək vacibdir. Ət yeməklərini qızartma deyil, suda qaynadılmış formada qəbulu daha çox tövsiyə olunur. Çünki qızartma şəklində qidaların qəbulu zamanı orqanizmdə bakterial mühit çoxala bilər. Əti tərəvəzlərlə birgə qızartdıqda isə PH səviyyəsi yarım saata dəyişir".

Mütəxəssis yay aylarında maye qəbulunun əhəmiyyətini də vurğulayıb: "Maye orqanizm üçün hər zaman vacibdir. İsti havalarda təmiz çiy su orqanizm üçün daha zəruridir. İnsanlar maye ehtiyaclarını digər içkilərlə də ödəyirlər. Amma allergiyalar, zəhərlənmə halları qazlı içkilərdən də baş verə bilər. Çünki qazlı içki özü də işlənmiş bir qida növüdür".

 





12.08.2017    çap et  çap et