525.Az

“Bədii mətnə aid heç bir peşəkar yozum yanlış sayıla bilməz”


 

GƏNC ŞAİR VƏ ƏDƏBİYYATŞÜNAS RAMİL ƏHMƏDİN FİKRİNCƏ, ÜSLUB VƏ ÜSLUBÇULUQ ÇAĞDAŞ ƏDƏBİYYATIN ƏN ÖNƏMLİ CƏHƏTLƏRDİR

“Bədii mətnə aid heç bir peşəkar yozum yanlış sayıla bilməz”<b style="color:red"></b>

- Ramil, yaradıcılığında, ədəbi fəaliyyətində nə kimi yeniliklər olub son vaxtlar?

- 2015-ci ilin fevral ayında “Zaman tuneli” adlı şeirlər kitabım nəşr olundu. Elə həmin il Bakı Dövlət Universitetində bakalavr təhsilimi bitirib, Türkiyədəki Mimar Sinan adına İncəsənət Universitetinin Müasir Türk ədəbiyyatı bölümündə magistraturaya daxil oldum. 2015-ci ilin sentyabrından Türkiyədəyəm. Son iki ildə daha çox təhsilimlə bağlı kitablar oxuyur və yazılar yazıram. Uzun müddətdir mətbuatda şeirlərim dərc olunmur. Hesab edirəm ki, son zamanlar mənim şeir yaradıcılığımda yeni bir mərhələ başlayır, əvvəlkinə nisbətən daha fərqli şeirlər yazıram. Ancaq hələ çap etdirməyə tələsmirəm. Gündəlik olaraq, təhsilimdən vaxt qaldıqca çalışıram ki, oxuduğum kitablar, izlədiyim filmlər haqqında esselər yazım. Bunlar vaxtaşırı “525-ci qəzet”də çap olunur. Təhsilimlə bağlı isə deyim ki, daha çox elmi məqalələr yazıram. Artıq 2-3 elmi məqaləm çap olunub.

- Ədəbi tənqidin kitabına qarşı reaksiyası necə oldu?

- Vaqif Yusifli, Nərgiz Cabbarlı, Gülnar Səma və Orxan Cuvarlı kitabım haqqında yazıblar. Bunlar mənim bildiklərimdir. Ancaq ayrı-ayrı şeirlərim haqqında tənqidçilər fikirlərini yazırlar. Etiraf etməliyəm ki, son iki ildə Azərbaycan mətbuatında, ədəbiyyatında gedən prosesləri əvvəlki kimi izləməyə vaxtım olmur. Ona görə də son dönəmlər yazılan yazılardan, yeni imzalardan xəbərdar deyiləm. Əslində, kitab çap olunmamışdan öncə ədəbi mühitdə mənə qarşı xoş fikirlər olduğunu görürdüm. Qəzet və jurnallarda çap olunan yazılarıma qarşı müsbət reaksiyalar var idi. Əlbəttə, bunlar insana əlavə stimul versə də, mənimçün əsas önəmli olan yaxşı şeirlər yazmaqdır. Mən o zaman özümü daha rahat və xoşbəxt hiss edirəm. Bayaq da dediyim kimi, son zamanlar şeirlərimi çap etdirmirəm. Düşünürəm ki, bəlkə də şeirlərin çapından daha vacib məsələ onların yazılmasıdır. Həm də indi çap olunmaq heç də çətin bir iş deyil, istənilən zaman hansısa qəzetdə, portalda çap olunmaq olur.

- Səncə, kitabın haqqında söz deyən tənqidçilər sənin o kitabda demək istədiklərini kifayət qədər aça bildilərmi?

- Mənim ədəbiyyat anlayışıma görə, bədii mətnlə bağlı heç bir peşəkar şərh, yozum yanlış sayıla bilməz. Orada yazılanlar həmin müəlliflərin gəldikləri qənaətdir. Əgər mətn şərhə açıqdırsa, ona olan iradlara da, təriflərə də heç nə deyə bilmərik. Ancaq mənə elə gəlir ki, “Zaman tuneli” kitabım və xüsusən oradakı bəzi şeirlər, göndərmələr haqqında yazılacaq çox şeylər qalıb.

- Türkiyədə ədəbi prosesi izləyirsənmi?

-  Türkiyənin önəmli qəzet və jurnallarını oxuyuram. Məsələn, “Notos”, “Arkakapak”, “Kitaplık”, “Sabitfikir” kimi dərgiləri, “Cumhuriyyət” qəzətinin ədəbiyat əlavəsini daimi olaraq izləyirəm. Türkiyədə həm akademik mühiti, həm də ədəbi mühiti yaxşı tanıdığımı deyə bilərəm. Zamanımın çoxunu akademik mühitdə keçirirəm. Ancaq təbii ki, Yeni Türk Ədəbiyyatı bölümündə oxuduğum üçün dosent Seval Şahin, professor Handan İnci, professor Abdullah Uçman kimi çağdaş ədəbiyyatın ən görkəmli tənqidçiləri hesab olunan müəllimlərdən dərs alıram. Onlar da mütəmadi olaraq çağdaş ədəbiyyat və onun problemləri haqqında danışırlar.

- Zaman tunelində ən çox hansı dövrə səyahət etmək istərdin?

- Keçmiş sadəcə mövzu kimi maraqlı olub mənə. Ancaq keçmişə çox da boylanmıram. Səyahətə qalanda isə həmişə gələcəyə can atmışam. Yəqin ki, gələcəyə getmək istərdim.

- Səninçün müharibə nədir?

- Yaş baxımından müharibənin içərisində doğulmamışam, tank gurultusunu. mərmi səsini eşitməmişəm. Ancaq müharibədən sonrakı psixoloji sarsıntılar, təsirlər var ki, o, mənim uşaqlığımda və eyni zamanda şeirlərimdə qırmızı xətt kimi keçir. Atam Ağdamdan, anam Şuşadandır, 1990-cı illər hadisələrinin canlı şahidləri olduqları, bir çox qohumlarımızı itirdiyimiz, bəzilərinin səhhətində buraxdığı izlər, yaralar, vətən həsrəti, torpaq itkisi, uşaqlığını keçirdiyi yerlərdən uzaq düşmək dərdi olduqları üçün müharibə və onun fəsadları, təbii ki, bizim ailəmizdə, nəslimizdə tez-tez hallanan mövzulardır. Mənim şeirlərimin bir çoxuna da bu söhbətlərin təsiri olub. Əlbəttə ki, müəllif təxəyyülü qaçılmazdır. Əgər fikir vermisinizsə, müharibə mövzulu şeirlərimin bir çoxunda əsasən uşaq psixologiyasından çıxış edirəm. Çünki mənə görə müharibədən ən çox əziyyət çəkən məhz uşaqlardır. Bu mövzular da məni daha çox özünə cəlb edir. Mənə görə, müharibənin üç dövrü var: Birinci, başlanğıc dövrüdür ki, burada gərginlik hökm sürür. İkinci əsas dövrdür ki, müharibənin qaynar zamanlarıdır, itkilər, dağıntılar, acılar məhz bu dövrdədir. Üçüncü isə müharibədən sonrakı dövrdür, burada müharibənin buraxdığı psixoloji təsirlər özünü daha aydın göstərir. Mənə görə bu üçüncü dövr bəlkə də digər ikisindən daha ağırdır.

- Səncə, müasir yazıçı nəyi yazmalı və nəyi yazmalı deyil?

- Məncə, yazıçı üçün hər hansı bir mövzu tabusu yoxdur. Biz dünya və milli ədəbiyyata baxdığımız zaman ən müxtəlif səpkilərdə yazılmış əsərlər görəcəyik. Borxesin belə bir fikri var ki, ədəbiyyat üslubların tarixidir. Mənə elə gəlir ki, əsərdə önəmli olan başlıca amil mövzu yox, üslub və ifadə tərzidir. Yazıçı hər bir mövzudan yaza bilər. Ancaq baxır onu necə yazır. Fransız sənətşünası Jorj Polti özünün kitabında otuz altı dramaturji situasiya və bir çox məsələlərdə onlara paralellər olduğunu göstərir. Əslində yazılacaq mövzular elə də çox deyil. Həmişə yazılan mövzular var: sevgi, ölüm, vətən və sairə. Önəmli olan isə ifadə forması və üslubdur. Məncə, üslub və üslubçuluq çağdaş ədəbiyyatın ən önəmli cəhətləridir.

- Həm yaradıcılığında, həm də həyatında özünə qarşı qoyduğun qadağaların varmı?

- Bəlkə də bu mövzunu oturub uzun-uzun düşünsəm nələrsə çıxa bilər. Ancaq hazırda yadıma önəmli heç bir şey düşmür, ümumiyyətlə, nə həyatımda, nə də yaradıcılığımda özümə qarşı hansısa qadağa qoyduğumu düşünmürəm.

- Kimləri oxuyub yazmağa başlamısan?

- Mən ciddi şəkildə yazmağa universitet illərimdə başlamışam. Düşünürəm ki, elə ən yaxşı şeirlərimi də məhz həmin zamanlarda yazmışam. Məni təsirləndirən yazıçılar, şairlər, rejissorlar, rəssamlar var. Bəlkə də konkret hansısa şeirimdən yola çıxaraq onun hansı zamanda kimdən, hansı əsərdən təsirlənib yazıldığını demək daha asan olardı. Ümumi şəkildə isə konkret bir-iki ad çəkməklə bitən deyil.

- Dindəki “zühur” anlayışı ədəbiyyatda gerçəkləşsəydi, hansı yazıçının zühur etməsini istərdin?

- Mənim üçün yazıçıların əsərləri ilə ünsiyyətdə olmaq, özləri ilə ünsiyyətdən daha maraqlıdır. Doğrudur, Azərbaycanda və dünyada yaşayan bir sıra yazarlar var ki, onlarla görüşmək, tanış olmaq istərdim. Ancaq xarakter baxımından məni tanıyanlar yaxşı bilir ki, çox da ünsiyyətcil birisi deyiləm. İnsanların çox olduğu məclislərdə iştirak etməyi, şair və yazıçılarla görüşməyi çox da sevmirəm. Mənim üçün sakit bir otaqda onların əsərləri ilə başbaşa qalmaq daha maraqlı və cəlbedicidir.

- Türkiyəli oxucu ən çox hansı janrı oxuyur?

- Janr olaraq təkcə Türkiyədə deyil, bütün dünyada hazırda roman daha böyük önəm kəsb edir. Hətta şeir, hekayə yazan adamdan: “Bəs nə zaman roman yazacaqsan” - deyə soruşulur. Bir növ roman yazmaq, ədəbiyyatda özünü təsdiqləməyin forması sayılır. Əlbəttə, məncə, bu, yalnış bir düşüncədir. Şeirin isə həmişə dəbdə olan bir janr olduğunu düşünmürəm. Bu, keçmişdə belə idi. Antik dövrdə filosoflar, siyasətçilər öz fikirlərini qafiyəli şəkildə, şeir formasında deyirdilər. Bu da ən çox şifahi nitqlə xalqın yaddaşında daha yaxşı qalmağa hesablanırdı.

- Nə zamansa yazmaq kompleksin olub?

- Mən hesab edirəm ki, “Zaman tuneli” kitabımda bir şairin ilk kitabı kimi kifayət qədər cəsarətli şeir nümunələri var. Yalnız məzmun məsələləri deyil, həm də forma, üslub baxımından bu, belədir. Çünki böyük bir kütlə, hətta ədəbi mühitin özündə də bəzi tənqidçi və yazarlar şeirdə hələ də hecaya, qafiyəyə üstünlük verirlər. Bu kitabda isə bir çox üslub oyunları, müxtəlif üslubları yoxlamaq var. Bunlar da təbii ki, mənim şəxsi kəşflərim deyil. Bir sıra dünya şairlərinin təcrübəsindən təsirləndiyim, özümün də yazmaq istədiyim formalardır. Nə şeirlərdə, nə də esselərdə “cəmiyyət nə deyər” düşüncəsi üzündən yazmadığım, ya da yazıb çap etdirmədiyim heç bir nümunəm yoxdur. Ona görə də deyə bilərəm ki, yazmaqla bağlı heç bir kompleksim yoxdur.

- Şeirlərini öz səsindən bəyənirsən, yoxsa başqasının?

- Dostlarla bir məclisdə olanda adətən, başqa müəlliflərin sevdiyim şeirlərini səsləndirirəm. Öz şeirlərim həm hafizəmdə qalmır, həm də özüm öz şeirlərimi oxumağa bir az utanıram, sıxılıram, qıraqdan “öz şeirlərini təbliğ edir” düşüncəsinin yaranmasını istəmirəm.

- Səncə, uğurlarının əsasında nə dayanır?

- Hələ o qədər də ciddi uğurlar qazandığımı düşünmürəm. Ancaq bu zamana qədər əldə etdiklərimin arxasında ən əsası ədəbiyyata olan böyük sevgim var. Universitetə qəbul olarkən çox yüksək bal toplamışdım. Şuşa məktəbində təhsil aldığım üçün Şuşa rayonu üzrə ən yüksək bal idi mənim topladığım. Onunla belə, on beş yerin hamısını Azərbaycan dili və ədəbiyyat müəllimliyi yazmışdım. O qədər yüksək balla həmin yerlərdən hətta ən zəif yerə də düşsəydim, tam səmimi deyirəm ki, gedib oxuyacağdım, təki bu sahə üzrə təhsil alım. Ancaq mütaliə, zəhmət və böyük səbr də vacibdir. Çünki ədəbiyyatdakı uğurlar aylarla, illərlə ölçülən zəhmət deyil, uzun bir zamana ehtiyac olan bir nəticədir. Günlük yazılar deyil, ədəbiyyat üçün həqiqətən maraqlı və lazımlı olan nələrisə yazmaq çox uzun zamanın işidir.

- Çoxları müasir ədəbiyyatda bəsitlikdən gileylənir. Səncə, bu, həqiqətən belədir?

- Təəssüf ki, bəziləri müstəqillik dövrü ədəbiyyatımızı bəyənmir, yalnız dünya ədəbiyyatını, klassikanı  oxumağa üstünlük verirlər. Mənə elə gəlir ki, bunların hamısı düzgün və kifayət qədər oxumamaqdan irəli gəlir. Çünki müstəqillik dövrü Azərbaycan ədəbiyyatında, xüsusən poeziyasında çox maraqlı və gözəl ədəbi nümunələr  yaranıb. Və mənə elə gəlir ki, bu dövr ərzində bizdə dünya ədəbiyyatından səviyyəcə heç də aşağı olmayan nümunələr yaradılıb. Əslində, mənim fikrimcə, geniş kütlənin fikri ölçü meyarı deyil. Ümumiyyətlə, oxunub-oxunmamağı, kitab satıb-satmamağı elə də önəmli hesab etmirəm.

Şahanə MÜŞFİQ

 





12.08.2017    çap et  çap et