525.Az

Dünya ədəbiyyatının daha bir məşhur nümunəsi Azərbaycan dilində


 

Dünya ədəbiyyatının daha bir məşhur nümunəsi Azərbaycan dilində<b style="color:red"></b>

Məşhur ingilis ədibi Culian Barnsın 2011-ci ildə dünyanın ən nüfuzlu ədəbiyyat ödüllərindən sayılan “Buker” mükafatına layiq görülmüş “Aqibət duyğusu” romanı Azərbaycan dilində çap edilib.

Kitabın tərcüməçisi “Dünya ədəbiyyatı” jurnalının baş redaktoru, ədəbiyyatşünas və tərcüməçi Seyfəddin Hüseynlidir. Kitab “TEAS Press Nəşriyyat evi” tərəfindən çap edilib və nəşri “TEAS Press” kitab satışı nöqtələrindən əldə etmək olar.

Culian Barns məşhur ingilis yazıçısı, esseisti və ədəbiyyatşünası, postmodernist ədəbiyyatın ən görkəmli nümayəndələrindən biridir. 1946-cı il yanvarın 19-da İngiltərənin mərkəzi hissəsindəki Lester şəhərində doğulub. 1957-1964-cü illərdə London Şəhər məktəbində, sonra isə Oksford Universitetinin “Maqdalena” kollecində, müasir Qərbi Avropa dilləri üzrə fakültədə oxuyub. 1968-ci ildə universiteti fərqlənmə ilə bitirən Culian Barnsın ilk bədii yazıları əsasən “Dən Kavana” təxəllüsü ilə nəşr etdirdiyi detektiv tipli hekayələr olub. Barns bir ara həyat yoldaşı Pət Kavananın soyadını özünə təxəllüs götürmüşdü.

Bir sıra ədəbi almanaxlarda çap olunan Barns ilk romanı “Metrolend”lə “Somerset Moem” mükafatını qazanıb. 1989-cu ildə çıxan “10,5 fəsildə dünya tarixi” romanı isə ədəbi hadisə kimi qarşılanıb. Anti-utopiya janrında yazılmış bu əsərdə bəşər övladının mahiyyəti, keçmişi, bu günü və gələcəyi ilə bağlı bir sıra fəlsəfi suallara cavab axtarılır.

Barns sevgi mövzusunda “O, mənə rast gələnəcən...”, “Sevgi və sairə” kimi nəsr nümunələri də yazıb, belə əsərlərindən birinə - “Hər şey olduğu kimi”yə görə 1992-ci ildə “Femina” mükafatı alıb.

“Mediçi” mükafatına layiq görülmüş “Floberin tutuquşusu” romanı ədəbi yaradıcılıq və müəllif fenomeni barədə ən maraqlı əsərlərdən biri kimi qiymətləndirilir.

Culian Barnsın “İngiltərə, İngiltərə”, “Artur və Corc”, “10 1/2 fəsildə dünya tarixi”, “Londondan məktublar” və digər maraqlı əsərləri də var.

2008-ci ildə sevimli həyat yoldaşı və məsləkdaşı, məşhur ədəbi agenti Pət Kavananı itirən Culian Barns dərin sarsıntı keçirib, hətta intihar fikrinə də düşüb. Ancaq dostlarının, oxucularının dəstəyi və şəxsi iradəsi sayəsində toparlanan, yenə də yaşayıb-yaratmaq üçün özündə güc tapan Barns bir-birinin ardınca çox qiymətli əsərlər qələmə alıb. Son bir neçə əsərini mərhum xanımına ithaf edib.

2011-ci ildə Barns üçün çox uğurlu olub. Yaradıcılığının zirvəsi sayıla biləcək “Aqibət duyğusu” romanı yazıçıya “Buker” mükafatı qazandırıb. Üstəlik, həmin il “Devid Koen” mükafatına da layiq görülən yazıçı ədəbi yaradıcılığını fəal şəkildə davam etdirir.

“Aqibət duyğusu” romanı son 35 ildə əsərləri dünyanın onlarca ölkəsində nəşr olunmuş Culian Barnsın Azərbaycanda, ana dilimizdə çıxan ilk romanıdır. Nəşr tanınmış şair və ədəbiyyatşünas Qismətin “Sonrakı peşmanlığa abidə” adlı önsözü ilə oxuculara təqdim olunub. Kitabla bağlı ilkin təəssüratlar, çox saylı oxucu reaksiyaları “Aqibət duyğusu”nun Azərbaycanda, ana dilimizdə uğurlu bir nəşr taleyi yaşayacağından xəbər verir. 

Cavid QƏDİR

Dünya mətbuatında “Aqibət duyğusu” romanı haqqında verilmiş və aşağıda bəzi nümunələri təqdim olunan fikirlər bu əsərin çağdaş ədəbiyyatdakı və müəllifin yaradıcılığındakı yüksək mövqeyini aydın şəkildə əks etdirir:

“...İnsan həyatına xas olan qarışıqlığı və boşluqları bu cür inanılmaz təmkinlə, sərrast üsulla yalnız Barns təsvir edə bilərdi...”

“The Times”

“...Yazıçı kimi onsuz da parlaq imicə malik olan Barns bu romanı ilə yeni bir zirvəyə yüksəldi. “Aqibət duyğusu”nun həcmcə yığcamlığı heç kimi çaşdırmasın: romanın sujetinə hərəkətlilik verən, bizi dartıb aparan sirr çox dərində - hər birimizin ən məhrəm xatirələrinin yurd saldığı nöqtələrdədir”.

“The Daily Telegraph”

“...Barnsın, bəlkə də, ən yaxşı romanı olan bu əsər son dərəcə insani hadisələrdən, ağrılı gerçəklərdən söz açır...”

“The İrish Times”

“...Oxucunu ovsunlayan kitabdır: əslində, cinayətsiz detektivdir!”

“İndependent”

 

 





12.08.2017    çap et  çap et