525.Az

Qaralar faciəsinə hüquqi qiymət verilməlidir


 

“BAŞ VERƏNLƏRİN ƏSAS SƏBƏBİ ERMƏNİSTANIN BEYNƏLXALQ SƏVİYYƏDƏ CƏZALANDIRILMAMASIDIR”

Qaralar faciəsinə hüquqi qiymət verilməlidir<b style="color:red"></b>

Məlum olduğu kimi, ermənilər növbəti dəfə dinc azərbaycanlıların yaşadığı əraziləri atəşə tutublar.

Avqustun 7-də baş verən bu hadisə zamanı Tovuzun Qaralar kəndində yaşayan 13 yaşlı Ramin Yusibov ağır qəlpə yaraları alıb. Artıq Ermənistan rəhbərliyinin həyata keçirdiyi bu terror siyasəti dünya ictimaiyyəti üçün sirr deyil. Bütün dünya ictimaiyyəti Serj Sarkisyan rejiminin öz məqsədlərinə nail olmaq üçün amansız üsullardan istifadə etdiyini, dinc insanları hədəf kimi seçdiyini yaxşı bilir. İyulun 4-də 2 yaşlı Zəhra Quliyeva və onun 51 yaşlı nənəsi Sahibə Allahverdiyevanı qətl edən, 52 yaşlı Sərvinaz Quliyevanı ağır yaralayan düşmən Qaralar kəndində törətdiyi növbəti vəhşiliklə xüsusilə uşaqlara qarşı cinayətlərini məqsədli şəkildə həyata keçirdiyini bir daha ortaya qoyub. Ermənistanın bu vəhşiliyinin, xüsusilə azyaşlı uşaq və qadınları hədəfə almasının beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə pislənilməsinə baxmayaraq, işğalçı ölkə bu çirkin əməllərindən nəticə çıxarmaq fikrində olmadığını tez-tez nümayiş etdirir. Mülki insanların, o cümlədən, uşaqların hədəfə alınması və qətlə yetirilməsi məqsədi daşıyan qəddar əməllər Ermənistanın siyasi-hərbi rəhbərliyinin yürütdüyü dövlət terrorizm siyasətidir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun həmsədrlərinin dişsiz bəyanatları da düşmənin cəzasızlıq mühitində terror mahiyyətli siyasətini davam etdirməyə imkan verir.


25 ildən artıq dövr ərzində Ermənistanın Azərbaycana qarşı apardığı müharibə nəticəsində Ermənistan tərəfindən çoxsaylı hərbi cinayətlər, soyqırım və bəşəriyyət əleyhinə cinayət əməlləri törədilib. Xocalı soyqırımı bunun ən dəhşətli və qanlı nümunələrindən biridir. 2016-cı ilin aprel ayında da Ermənistan rəhbərliyinin törətdiyi hərbi avantüra nəticəsində cəbhə xətti boyunca 34 mülki şəxs yaralanıb, arasında uşaq olmaqla 6 nəfər həlak olub. Mülki Azərbaycan əhalisinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan silahlı qüvvələri əks-həmlə tədbirləri həyata keçirib, atəş məntəqələrini susdurub və işğal altında olan bir sıra strateji məntəqələri işğaldan azad edib.

Xüsusilə diqqət çəkən məqamlardan biri odur ki, Ermənistan rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində danışıqların intensivləşdiyi vaxtlarda bu cür terror alətlərindən istifadə edərək prosesi ləngitməyə çalışır. Ötən ay baş verən Alxanlı faciəsi məhz Ermənistan-Azərbaycan xarici işlər nazirlərinin Vyana görüşü ərəfəsində baş vermişdi. İndi isə prezidentlərin görüşünə hazırlıqların getdiyi bir vaxtda oxşar hadisələr Ermənistan-Azərbaycan sərhəddində baş verib. Bu da onu göstərir ki, işğalçı rejim ölkə başçılarının görüşünə isti baxmır, münaqişənin dinc yolla həll olunmasında maraqlı deyil. Eyni zamanda, atəşkəsin işğal olunmuş ərazilərdən yox, məhz sərhəddən pozulması Ermənistanın Azərbaycanı növbəti dəfə provokasiyaya çəkməyə çalışdığını ortaya qoyur. Çünki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Ermənistan öz sərhədlərində gərginlik yaradaraq Rusiyanı məsələyə cəlb etmək istəyir. Moskva sözügedən təşkilatın nizamnaməsinə uyğun olaraq Ermənistan ərazilərini istənilən təhlükədən qorumaq məsuliyyətini öz üzərinə götürüb. Ona görə də, işğal olunmuş ərazilərdə deyil, sərhəddə gərginlik yaratmaqla Ermənistan Rusiya-Azərbaycan münasibətlərini korlamağı qarşısına məqsəd qoyub. Lakin işğalçı ölkənin bu niyyəti heç bir nəticə vermir. Həm Rusiya, həm də digər böyük güclər Ermənistanın bu cür addımlarının nəyə hesablandığını dərk edir. Bu mənada, Vyana danışıqlarını pozmağa çalışan düşmənin atdığı çirkin addım nəticəsində yalnız görüş yeri dəyişilib. Xarici işlər nazirlərinin danışıqları bir neçə saat fərqlə təyin olunduğu gün baş tutub. Ona görə də, prezidentlərin görüşünün keçirilməsi də forpost ölkə prezidentinin şəxsi iradəsi daxilində olan məsələ deyil.

Məsələ ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd edib ki, ermənilərin son təxribatına beynəlxalq hüquq-müdafiə təşkilatları qiymət verməlidir. O, “Trend”ə bildirib ki,  bu hadisə Ermənistanın terrorçu dövlət olmasının isbatıdır: “Dinc sakinlərə qarşı erməni vandalizminin həyata keçirilməsi Ermənistanın dövlət siyasəti səviyyəsinə qaldırılıb. Dünya ictimaiyyətinin gözü qarşısında mülki əhalinin hərbçilər tərəfindən atəşə tutulması faşizmin təzahürüdür. Ermənistan təxribatlar törətməklə Azərbaycan əhalisi arasında xof yaratmağa çalışır. Sərhədboyu bölgələrdə dinc əhaliyə qarşı vəhşilik etməklə Ermənistan acizliyini nümayiş etdirir. Dinc əhalini atəşə tutmaq faşistlərin işidir”.

Deputat hesab edir ki, ermənilərin Azərbaycanın Tovuz rayonunda törətdikləri təxribata beynəlxalq hüquq-müdafiə təşkilatları qiymət verməlidir: “Beynəlxalq təşkilatlar bu hadisə ilə bağlı mövqe bildirməlidirlər ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və erməni silahlı birləşmələri hələ də dinc azərbaycanlıları atəşə tutmaqdadır. Ermənistanın təxribatları cavabsız qalmayacaq. Azərbaycanın güclü ordusu var. ATƏT-in Minsk qrupunun həmsədrləri fəal addımlar atmalı və status-kvonun dəyişməsi üçün real tədbirlər görməlidirlər. Çünki belə hallar Azərbaycan tərəfini məcbur edir ki, öz torpaqlarını işğaldan azad etsin”.

Deputat Aydın Hüseynov isə bildirib ki, 13 yaşlı uşağın hədəfə alınması Ermənistanın beynəlxalq qurumlar tərəfindən cəzalandırılmamasının növbəti fəsadıdır: “Ermənistan tərəfinin dinc əhalini hədəfə alması artıq adi hala çevrilib və onlar qadınları, azyaşlıları atəşə tutmaqla müharibənin yazılan və yazılmayan bütün qanunlarını pozurlar. Tovuz rayonunun Qaralar kəndi və sərhəddə yerləşən digər ərazilərdə yaşayan dinc sakinlər Ermənistan tərəfindən mütəmadi atəşə tutulurlar. Ermənilər bu hərəkətləri ilə gündəlik məişət və təsərrüfat işləri ilə məşğul olan mülki şəxslərdə xof yaratmağa çalışırlar. Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində 2 yaşlı körpə - Zəhra Quliyevanın öldürülməsi və bu hadisənin dünyada yaratdığı əks-sədadan ermənilər nəticə çıxarmayıblar. Bu təxribatların baş verməsinin əsas səbəbi isə Ermənistanın beynəlxalq səviyyədə həmin əməllərə görə cəzalandırılmamasıdır”.

Deputat qeyd edib ki, 2 yaşlı Zəhranın öldürülməsi işğal altında olan ərazilərlə təmas xəttində baş vermişdi və Ermənistanın siyasi və hərbi rəhbərliyi müxtəlif bəhanələrlə faktı imitasiya etmək istəyirdi: “13 yaşlı Ramil Yusibovun yaralanması isə Azərbaycanın Ermənistanla sərhəd bölgəsində baş verib. Bu fakt bir daha sübut edir ki, Ermənistanın cinayətkar rejimi bütün siyasətini Azərbaycan xalqına düşmənçilik və torpaqlarımızın işğalı üzərində qurub. Çox təəssüf ki, bu cür əməllərinə görə ATƏT-in Minsk qrupu başda olmaqla, beynəlxalq səviyyədə Ermənistana yetərincə təzyiqlər olunmur. Onlar isə bu təxribatçı əməllərinə davam edirlər”.

Deputat Tahir Mirkişili isə qeyd edib ki, Ermənistan artıq 30 ilə yaxındır dövlət səviyyəsində cinayət əməlləri törətməklə məşğuldur. O, SİA-ya bildirib ki, 1988-ci ildən başlayaraq Ermənistan ərazisində Azərbaycan əhalisinə qarşı divan tutulması, 1992-ci ildə Xocalıda azərbaycanlı uşaqlarına qarşı amansızlıq göstərilməsi, daha sonra bu il Füzulidə azyaşlı Zəhranın qətlə yetirilməsi ilə bağlı işğalçı ölkə rəhbərliyinin birbaşa məsuliyyət və cinayət daşımasını bütün dünyada hər kəs görür: “Məsələn, biz ATƏT Parlament Assambleyasının üzvü kimi orada da bu məsələni qabartdıq. Təbii ki, bu dünyada insanlığa qarşı törədilmiş bir cinayətdir”.

Deputatın sözlərinə görə, bu, sadəcə hər hansı bir torpaq iddiası və separatizmlə bağlı olan bir məsələ deyil: “Bu, Ermənistan rəhbərliyinin xislətinin, xasiyyətinin göstəricisidir. Hər zaman cinayətkar rejim uduzduğu, zəiflik göstərdiyi zaman onların əl qaldırdığı kiçik azyaşlı uşaqlar və mülki əhali olub. Rəsmi İrəvan hər zaman uduzduğunu, Azərbaycan ordusunun gücünü gördükcə, diplomatiyada uduzduqca, Azərbaycan prezidentinin qarşısındakı hər hansı bir arqumentlərə cavab verməkdə çətinlik çəkdikcə, o zaman onların bacardığı tək bir şey var ki, o da Azərbaycan kəndlərini atəşə tutmaq və mülki əhalini qətlə yetirməkdir. Təbii ki, biz də hər zaman bu məsələni qaldırdığımız zaman qeyd edirik ki, cinayətkar rejim nə qədər cəzasız qaldıqca bu cinayətlərin sayı daim artmaqda davam edir. Təcrübə göstərir ki, Ermənistanın bu cinayətkar rejimdən əl çəkməsi üçün bəlli bir təzyiqə, sanksiyalara böyük ehtiyacı var. Çünki bu sanksiyalar olmadıqca, Ermənistan öz əməlindən əl çəkməyəcək”.

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov isə bildirib ki, Alxanlı faciəsindən sonra Ermənistan öz aqressiv və terrorçu simasını bir daha nümayiş etdirmiş oldu: “Hadisə baş verərkən balaca Ramin öz həyətlərində oynayırmış. Qəfil həyətə mərmi düşüb. Mərminin qəlpələri Yusibov Ramini ağır şəkildə yaralayıb. Hər iki faciə bir daha onu göstərir ki, erməni terrorçuları artıq açıq şəkildə fəaliyyətə keçiblər. Əslində, bu günə qədər BMT kimi qurumun 4 qətnaməsini saymayan bir dövlətdən başqa nə gözləmək olar? Son statistikaya görə, ermənilər arasında yoxsulluq pik həddə çatıb, demoqrafiq böhran başlayıb, ölkəni kriminal avtoritet rejim idarə edir. Sıravi erməni vətəndaşları bu reallığı çox gözəl dərk edirlər. Artıq onlar öz övladlarının Azərbaycan torpaqlarında qeyri-qanuni hərbi xidmət keçməsinə dəfələrlə etiraz ediblər. Ermənistan ordusunda intiharlar və kriminal hadisələr günü-gündən çoxalır. Belə bir məqamda hər zaman olduğu kimi Sarkisyan rejimi öz çirkin, terrorçu xislətini biruzə verir. Mülki əhali, xüsusən də azyaşlı yerlilərimiz hədəf seçilərək qətlə yetirilirlər. Bu və bu kimi, faktlar bizə imkan verir ki, Xocalı soyqırımını dünyada tanıdaq. Bütün dünya bilməlidir ki, hazırkı Ermənistan iqtidarı terrorçulardan ibarət qruplaşmaların əlindədir. Bu tək Azərbaycan, tək bölgə üçün deyil, bütün dünya təhlükəsizliyi üçün ciddi təhdiddir”.

Ceyhun ABASOV

 





12.08.2017    çap et  çap et