525.Az

Azərbaycanda kənd təsərrüfatının inkişafına böyük diqqət göstərilir


 

“REGİONLARIN İNKİŞAFI, ƏHALİNİN SOSİAL RİFAHININ YAXŞILAŞDIRILMASI DAİM DÖVLƏTİN, PREZİDENT İLHAM ƏLİYEVİN DİQQƏT MƏRKƏZİNDƏDİR”

Azərbaycanda kənd təsərrüfatının inkişafına böyük diqqət göstərilir<b style="color:red"></b>

Prezident İlham Əliyevin Qaxda keçirdiyi respublika müşavirəsindəki çıxışı və şimal-qərb bölgəsində aqrar sahənin inkişafı ilə bağlı qəbul etdiyi qərarlar, müvafiq icra strukturlarına verdiyi tapşırıqlar texniki bitkilərin istehsalı ilə məşğul olan fermer və sahibkarlar üçün böyük stimul olub.

Məlum olduğu kimi, ölkə başçısı bölgəyə səfəri çərçivəsində Balakən, Zaqatala və Qaz rayonlarında həyata keçirilən sosial-infrastruktur tədbirləri, abadlıq və quruculuq işləri ilə yerində tanış olub, bölgədə kənd təsərrüfatının inkişafı ilə bağlı atılan addımları, həyata keçirilən fəaliyyəti dəyərləndirib və işlərin davamlı, ardıcıl şəkildə aparılması üçün müvafiq tapşırıqlar verib, səfərdən qayıtdıqdan sonra sərəncamlar imzalayaraq bu istiqamətdə maliyyə vəsaiti ayırıb.

Prezident Qaxda keçirilən müşavirədə çıxış edərək ölkənin ümumi iqtisadi inkişaf perspektivlərindən danışıb. İlham Əliyev bildirib ki, Azərbaycan iqtisadiyyatı inkişaf edir: “Bu ilin altı ayının nəticələri bunu deməyə imkan verir. Qeyri-neft iqtisadiyyatımız, qeyri-neft sənayemiz artdı. İxrac 36 faiz, qeyri-neft ixracı 27 faiz artıb. Kənd təsərrüfatı ixracı 40 faizdən çox artıb. Biz 6 ayda valyuta ehtiyatlarını nəinki qoruya bilmişik, görülmüş tədbirlər, düşünülmüş iqtisadi siyasət nəticəsində 3 milyard dollar əlavə valyuta gəlib. Azərbaycana birinci altı ayda 5 milyard investisiya qoyulub. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumu ölkə iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə 37-ci yerə layiq görüb. Bu, MDB məkanında birinci göstəricidir. Bu, sadəcə olaraq, görülmüş işlərin təzahürüdür. Makroiqtisadi sabitlik təmin edilib. Manatın məzənnəsi sabitdir. Dövlət xətti ilə ölkə iqtisadiyyatına sərmayə qoyulur. Özəl sektor da buna qoşulub. Qırxa yaxın aqropark yaradılır. Yaxın 1-2 il ərzində bu aqroparklarda istehsal olunacaq məhsul böyük bazarlara ixrac ediləcək, daxili ərzaq təhlükəsizliyi təmin ediləcək. Bir sözlə, idxaldan asılılığı azaltmaq, daxili tələbatı daxili istehsal hesabına təmin etmək və ixrac imkanlarımızı genişləndirmək məsələləri Azərbaycanda uğurla təmin edilir”.

Ölkə başçısı qeyd edib ki, 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ölkə tarixində çox böyük rolu var: “2004-cü ildən bugünə qədər Azərbaycan bölgələrinin inkişafı tarixi nailiyyətdir. Heç vaxt Azərbaycan tarixində belə qısa müddət ərzində bu qədər işlər görülməyib. Bölgələrdə lazım olan bütün infrastruktur layihələri icra edilib və Azərbaycan sürətli inkişaf dövrünü yaşayır. 30-a yaxın yeni elektrik stansiyasının tikilməsi sayəsində bu gün Azərbaycan özünü elektrik enerjisi ilə təmin edir və xaricə də elektrik enerjisi ixrac edir”.

Azərbaycanda işsizliyin və yoxsulluğun səviyyəsinin daha da aşağı düşəcəyinə əminliyini ifadə edən ölkə başçısı deyib ki, sahibkarlara verilən kreditlər hesabına yüz minlərlə yeni iş yeri yaradılıb: “Bütövlükdə, 2004-cü ildən bugünə qədər 1 milyon yarım iş yeri açılıb ki, bunun böyük əksəriyyəti daimi iş yeridir. Hazırda Azərbaycanda işsizlik kimi bir çox ölkələri incidən, boğan sosial amil yoxdur. İşsizlik 5 faiz səviyyəsindədir. Son iki il ərzində kənd təsərrüfatı, sənaye sahələrində görülmüş çox böyük işlər sayəsində Azərbaycanda işsizliyin və yoxsulluğun səviyyəsi daha da aşağı düşəcək”.

Ölkə başçısının imzaladığı sərəncamlara əsasən, Balakən-Qazbinə-İtitala, Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yollarının, Balakən Uşaq İncəsənət Məktəbinin yeni binasının tikintisi həyata keçiriləcək, habelə Zaqatala və Qaxda abadlıq-quruculuq işləri,  Qax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi davam etdiriləcək.

Dövlət strateji kənd təsərrüfatı sahələrinin inkişafı üçün fermer və sahibkarlara öz dəstəyini göstərir. Ölkə rəhbəri çıxışında qeyd edib ki, tütünçülük, baramaçılıq, fındıqçılıq və digər sahələr uğurla inkişaf edəcək, həm fermerlər, həm də dövlət daha böyük fayda götürəcək: “Fındıqçılıq çox gəlirli və valyuta gətirən bir sahədir, fındıq istehsalı ilə bağlı bütün proseslər ölkəmizdə aparılmalıdır. Ötən il ölkədə fındıq istehsalı 34,3 min ton olub. İstehsalçılar 25 minə yaxın ev təsərrüfatını və 22 fındıq emalı müəssisəsini əhatə edir. 80 min hektar sahədə fındıq bağlarının salınması qarşıdakı dövrdə əsas hədəfdir”.

Tütün istehsalçılarına güzəştli kreditlərin veriləcəyini deyən dövlət başçısı onu da bildirib ki, artıq 13 rayonda tütün əkini aparılıb: “2016-cı ildə 3,6 min ton tütün tədarük olunub. Bu il tütün əkini sahələrinin 3 min hektara çatdırılması planlaşdırılır. Hər rayonda tütün qəbulu məntəqələri və qurutma kameraları yaradılmalı, tütünün ixracı ilə bağlı bazarlar müəyyən olunmalı, ölkədə müasir siqaret istehsal edən fabriklər fəaliyyətə başlamalıdır. 2021-ci ilə qədər tütün əkini daha da genişləndirilməlidir. Tütünçülüklə bağlı çox ciddi proqram qəbul ediləcək”.

Prezidentin bu istiqamətdə verdiyi qərarlardan biri də “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsidir. Bu proqramın qəbul olunmasında əsas məqsəd tütünçülüyün inkişaf etdirilməsi, tütün emalı sahəsinin dərinləşdirilməsi, bu sahədə fəaliyyət göstərən emal müəssisələrinin xammala olan tələbatının yerli məhsul istehsalı hesabına təmin olunması, gəlirliliyin və ixrac potensialının artırılması, kənd əhalisinin məşğulluğunun yüksəldilməsidir.

Ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatları, atılan addımları yüksək qiymətləndirən Milli Məclisin deputatı Aydın Mirzəzadə qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin siyasətində regionların sosial-iqtisadi inkişafı çox əhəmiyyətli yer tutur. O, “Trend”ə bildirib ki, dövlət başçısının diqqəti sayəsində Azərbaycan regionlarında infrastruktur tamamilə yenilənib: “Regionlarda hava limanlarının açılması, magistral və daxili yolların, o cümlədən, dəmir yol xəttinin yenilənməsi, elektrik stansiyalarının inşası həm regionların simasını dəyişdi, həm də sonrakı inkişaf üçün baza rolunu oynadı. Eyni zamanda, regionların inkişafı üçün ümumi xarakterik istiqamətlərdən başqa hər bir regionun xüsusiyyəti nəzərə alınmaqla konkret inkişaf proqamları hazırlandı. Prezident İlham Əliyevin bir neçə gün bundan öncə barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair Qaxda keçirdiyi respublika müşavirəsi göstərdi ki, hər bir regionun inkişafı üçün kifayət qədər potensial var”.

A.Mirzəzadə bildirib ki, ümumilikdə götürdükdə sahibkarlığın inkişafına dövlət dəstəyi göz qarşısındadır: “Bunun nəticəsidir ki, neftin qiymətinin kəskin düşməsinə, eyni zamanda, dünyada maliyyə böhranına baxmayaraq, Azərbaycanda artıq yarım ildir ki, milli valyutanın stabilləşməsi müşahidə olunur, valyuta ehtiyatları əhəmiyyətli dərəcədə artır. Qax müşavirəsi bir daha göstərdi ki, regionların inkişafı, əhalinin sosial rifahının yaxşılaşdırılması daim dövlətin, xüsusilə prezident İlham Əliyevin diqqətindədir”.

Milli Məclisin deputatı Mahir Abbaszadə isə qeyd edib ki, son vaxtlar Azərbaycan iqtisadiyyatın inkişafında post-neft deyilən bir mərhələyə qədəm qoyub. O, SİA-ya bildirib ki, post-neft mərhələsi prezidentin həmişə qeyd etdiyi kimi şaxələndirilmiş iqtisadiyyatı özündə ehtiva edir: “Şaxələndirilmiş iqtisadiyyatın da növlərindən biri kənd təsərrüfatının inkişafıdır”. Deputatın sözlərinə görə, prezidentin rəhbərliyi ilə Qaxda və digər bölgələrimizdə keçirilən müşavirələr bir daha sübut edir ki, dövlətin birinci şəxsi səviyyəsində Azərbaycanda kənd təsərrüfatının inkişafına çox böyük diqqət göstərilir: “Nəzərə alsaq ki, uzun müddət Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün böyük ənənələr var idi. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, prezidentin rəhbərliyi ilə keçirilən müşavirələr və bu müşavirələrdə qəbul olunmuş qərarlar, eləcə də qərarların icrası ilə bağlı faktiki olaraq işlərə nəzarət olunması ölkədə kənd təsərrüfatının çox sürətlə inkişafına gətirib çıxaracaq. Kənd təsərrüfatının inkişafı, eyni zamanda, Azərbaycanda kənd təsərrüfatından asılı olan sənayenin inkişafına gətirib çıxaracaq. Bunun da əsas əlamətlərindən biri artıq xarici dövlətlərdə “Made in Azerbaijan” brendi altında Azərbaycanın ticarət nümayəndəliklərinin açılması və ölkəmizin kənd təsərrüfatı məhsullarının dünya bazarlarına çıxarılmasıdır”.

Deputat Sədaqət Vəliyeva isə hesab edir ki, prezident İlham Əliyevin müəllifi olduğu regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının reallaşdırılması nəticəsində ümumən Azərbaycanın tərəqqisi təmin edilmiş oldu: “2004-2008, 2009-2013 və 2014-2018-ci illəri əhatə edən proqramlar daxilində görülmüş işlər bir sıra hədəfləri reallaşdırmağı təmin edib. Azərbaycanın bütün bölgələrində abadlıq-quruculuq işləri həyata keçirilib, olimpiya kompleksləri, diaqnostika mərkəzləri, məktəblər, bağçalar, xəstəxanalar və bir çox istiqamətli müxtəlif sosial əhəmiyyətli obyektlər inşa edilərək insanların istifadəsinə verilib. Ümumilikdə, görülmüş bu işlərin nəticəsində bölgələrin siması əhəmiyyətli şəkildə dəyişib, gözəlləşib. Həyata keçirilən infrastruktur layihələri əsasında bölgələrdə yeni yollar salınıb, elektrik stansiyaları, qaz və su xətləri inşa edilib. Bununla da, hazırda Azərbaycanın demək olar ki, bütün rayonlarında, qəsəbələrində, kəndlərində elektrik, qaz və su ilə təminat ən yüksək səviyyədədir. Regionlarda həyata keçirilən aqrar və sənaye layihələri əsasında Azərbaycanın kənd təsərrüfatı üçün ənənəvi sayılan sahələr dirçəldilib, bərpa edilib, yeni sənaye məhəllələri salınıb, istehsal müəssisələri inşa edilib. Bununla da, bölgələrdə yeni iş yerləri açılıb, insanların yaşayış səviyyəsi yüksəlib. Məhz, bu proseslər bu gün də davam etdirilməkdədir. Bir sözlə, prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan regionların sosial-iqtisadi inkişafı dövlət proqramları Azərbaycanın kompleks inkişafının konseptual əsaslarını təşkil edir”.

Ceyhun ABASOV

 





12.08.2017    çap et  çap et