525.Az

“Azərbaycanda milli siyasət burada yaşayan xalqların tam hüquq bərabərliyinə əsaslanır” (davamı)


 

“Azərbaycanda milli siyasət burada yaşayan xalqların tam hüquq bərabərliyinə əsaslanır”<b style="color:red"> (davamı)</b>

Müsahibimiz Mədəniyyət və İncəsənət Universitetinin sosial- siyasi elmlər kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor Əlikram Tağıyevdir. Söhbətimizin mövzusunu millətlərin yaranması, təşəkkül tapması və inkişafında müxtəlif ideologiyaların, dinin, diaspor və lobbinin rolu, milli birlik məsələləri, milli mentalitet və buna əsasən millətlərin təsnifatlaşdırılması, qloballaşma fonunda milliliyin, milli dəyərlərin qorunması, etnik münaqişələrin yaranma səbəbləri və problemdən çıxış yolları kimi məsələlər təşkil edir

– Bu halda “ideologiyalar millətin və dövlətin inkişafında başlıca rol oynayır” deyə bilərikmi?

– Mütləq belədir. Milli ideya və milli ideologiya özünü müxtəlif xalqlarda müxtəlif şəkildə büruzə verir. Əgər bizdə bu, milli müstəqilliyə xidmət edirsə, ermənilərdə əksinə, torpaqlarımızın işğalına və ilhaqına əsaslanır. Erməni milli ideologiyasının əsasında erməniçilik, şovinizm və irqçilik, böyük dövlətçilik və başqa xalqlara, xüsusilə də bizə qarşı nifrət hissləri durur. Ermənilər arasında milli qəhrəman səviyyəsinə yüksəlmək çox asandır. Bununçün türkləri söymək kifayətdir. Erməni milli ideologiyasının tərkib hissəsi vahid ideya naminə hər şeyin qurban verilməsidir. Bu yolda bütün vasitələrdən istifadə olunur: alçaqlıq, əxlaqsızlıq, fahişəlik, vandalizm, cinayətkarlıq, terror... “Dənizdən-dənizə böyük Ermənistan” yaratmaq ideyası erməniliyin əsasını təşkil edir. Onlara görə, bu yoldan nə mane olursa, aradan qaldırılmalı, qonşu xalqlar öldürülməli, məhv edilməlidir. “Türkə ölüm” şüarı bu ideyanın leytmotivini təşkil edir.

Yaxud ruslara nəzər salaq. Rusların milli ideyasında pravoslavlıq, rus dövlətçiliyi və Rusiya ərazisi başlıca amildir. Rus milli ideyası getdikcə daha çox rusçuluqdan Rusiya ideyasına doğru gedir. Bu da şübhəsiz ki, burada yaşayan xalqların mənafeyinə diametrik şəkildə əkslik təşkil edir.

ABŞ milli ideyasında dövlətçilik, din və prezident xüsusi yer tutur. Demokratiya milli ideologiyanın guşə daşı zənn edilir.

Böyük Britaniyanın milli ideologiyasında kral, din, parlament və ölkə ərazisi əsas sayılır.

Yaxud qardaş Türkiyənin tarixinə baxaq. Osmanlı imperiyasında əvvəl osmançılıq, sonra islamçılıq və daha sonra türkçülük ideyalarının yaranıb inkişaf etməsi nəhayətdə bu imperiyanın süquta uğraması ilə nəticələndi. Osmançılıq islam əhalisinin, islamçılıq xristianların, türkçülük isə ölkənin qeyri-türk əhalisinin narazılığı ilə qarşılandı. Fələstinə muxtariyyət tələb edən yəhudi masonları buna nail olmadıqda bütün vasitələrlə imperiyanı çökdürməyə çalışdılar və ölkə əhalisi arasında çaşqınlıq yaratmaq üçün həm Avropada, həm də Türkiyədə adları yuxarıda göstərilən ideya cərəyanlarını, xüsusən də islamçılıq və türkçülüyü yayanları maliyyələşdirməyə başladılar. Onlar bu yolla bir növ öz qisaslarını alır, həm də bunu öz məqsədlərinə çatmağın yolu kimi görürdülər. Deməli, imperiyanın dağılmasında həm daxili, həm də xarici amillər mühüm rol oynadılar. Burada başlıca rolun kimə məxsusluğu mübahisəlidir və onun haqqında birmənalı rəy yox dərəcəsindədir. Ancaq o məlumdur ki, imperiyanın süqutu Qərb ölkələrinin və eləcə də yəhudi masonlarının maraqlarına tam uyğun idi.

İslamçılığın və sonra da türkçülüyün yaranmasında qeyri-rus xalqlarının bütün Rusiyanı bürümüş milli hərəkat dalğası da müəyyən rol oynadı. Hətta belə bir fikir də formalaşıb ki, islam-türk xalqlarının ən çox istismar olunduğu Rusiya istər panislamizmin, istərsə də pantürkizmin vətənidir. Deməli, islamizmin və türkizmin yaranmasında üç mühüm xarici amil – Rusiya, Avropa və yəhudilər xüsusi rol oynamışlar. Amma əksər tədqiqatçılar islamizmin və türkizmin Vətəninin Türkiyə olduğunu iddia edirlər. Bu iddiaları da onunla əsaslandırırlar ki, Türkiyə o zamanlar bu hərəkata rəhbərlik edə biləcək yeganə islam-türk dövləti idi. Həm də Qərb islam dünyasını tutmaq üçün ən əvvəl Türkiyəni dağıtmalı idi. Türkiyə də öz növbəsində Qərbin təcavüzü  qarşısında  davam  gətirmək  üçün bu ideoloji cərəyanlardan istifadə etməyə çalışırdı. Paradoksal vəziyyət alınırdı. Bu ideyalardan Türkiyə özünü qorumaq üçün Qərb, Rusiya və yəhudilər isə Türkiyəni parçalamaq üçün istifadə edirdilər. Yaranmış tarixi şərait isə heç də imperiyanın xeyrinə deyildi. Hətta Türkiyənin öz daxilində sultan hakimiyyətindən narazı olan qeyri-türklərlə yanaşı türklərin özü də bu imperiyanın çürüdüyünü, nə ilə isə əvəz olunmalı olacağını dərk edirdilər.

O ki qaldı yerli türk burjuaziyasına, onun da maraqları imperiyanın saxlanılmasının xeyrinə deyildi. Çünki Karl Marksın çox haqlı olaraq göstərdiyi kimi, onları bu imperiyada hakim sinif kimi tanımırdılar. “Burada bütün millətlərə yer vardı, o cümlədən türklərə də” – Rene Pinonun fikridir bu. Siyasi elitanın əsasını fanaroitlər (əsasən, yunanlar, ermənilər və yarıtürkləşmiş Balkan slavyanları) təşkil edirdilər. Onlar Türkiyədə mövcud olan bütün maddi və mənəvi rifah ehtiyatlarından lazımınca yararlansalar da daim imperiyanı arxadan vurmağa hazır idilər. Sadə adamları qəsdən incidir və ölkədə narazılıq yaradırdılar. Türklər isə Anadolunun sadə zəhmət adamlarından ibarət idilər və hər an onların hüquqları pozulur, mənlikləri tapdalanırdı. Sarayda və elmi-mədəni dairələrdə danışılan osmanlı dili isə ölkə əhalisinə yad bir dil idi. Çünki ərəb-fars və türk sözlərinin konqlomerasiyasından ibarət olan bu dil surroqat bir şeydi və əksəriyyət tərəfindən anlaşılmaz idi. Belə bir mürəkkəb tarixi şəraiti olan ölkə şübhə yox idi ki, dağılmaq ərəfəsində idi və dağıldı da. Marağı olan bütün siyasi tərəflər isə bu süqutdan öz tələbatlarını ödəməyə tələsdilər. Üç qitənin mərkəzində ən gözəl və ən əlverişli coğrafi şəraitə malik olan imperiya ərazisi dərhal bölüşdürülüb pay-püş edildi. Deyəsən, heç türklərin özlərini nəzərə alan yox idi. Lakin onlar bu işə kənardan bir seyrci kimi baxmağı özlərinə sığışdıra bilməzdilər. Onların cəngavər, döyüşçü və passionar ruhu buna qətiyyən tab gətirə bilməzdi. Ona görə də onlar ayağa qalxdılar ki, öz haqlarını tələb etsinlər.

Amma bütün bu söylənilənlərdən sonra deməliyik ki, dövrümüzün ümumi məzmunu milli ideyaların demokratiya və ümumbəşəri dəyərlərə söykənməsi zərurətini yaradıb.

Bizə gəldikdə isə, göründüyü kimi “türkləşmək, islamlaşmaq və yeniləşmək” yeni bir “azərbaycanlaşmaq” şüarını da əhatə etmək zərurəti yaranır. Buna istər Azərbaycanda, istərsə də azərbaycanlıların kompakt halında yaşadıqları digər regionlarda ehtiyac hiss olunur. İstər türkçülük, istərsə də islamçılıq milli ideya kimi təklikdə hazırki Azərbaycanın tələbatını ödəmək gücündə deyil. Onlara mütləq əlavə bir qüvvə də lazımdır ki, bu qüvvənin də azərbaycançılıqdan başqa bir ideya olacağına heç şübhə yoxdur.

– Deməli, milli birliyimizin qorunmasında azərbaycançılığın müstəsna rolunu xüsusilə vurğulayırsınız?

– Azərbaycançılıq evin içini, yəni, daxili siyasəti nizamlayan bir vasitədir və onu əldən buraxmaq olmaz. Ziya Göyalp da vaxtilə türkçülüklə turançılığın və türkiyəçiliyin qarşılıqlı əlaqəsindən danışarkən birinci yerə türkiyəçiliyi qoyurdu. Bu günkü azərbaycançılıq bizdə, türkiyəçiliyin Türkiyədə oynadığı rolu oynaya bilər. Azərbaycançılıq – Azərbaycan dilinin, mədəniyyətinin və Vətəninin keşiyində durmaq deməkdir. Ölkənin müstəqilliyi, təhlükəsizliyi, milli maraqları bütün vasitələrlə azərbaycançılığın inkişaf etdirilməsini tələb edir. Çünki o, sadəcə bir ideya olmaqdan ibarət deyil, həm də məqsəddir, müəyyən bir məqsədin həyata keçirilməsi vasitəsidir. Azərbaycançılıq inkişaf edərək artıq bir siyasi ideologiya halına gəlib və onun beşiyi başında ümummilli lider Heydər Əliyev dayanırdı. Azərbaycançılıq, başda Prezident İlham Əliyev olmaqla, hazırki iqtidar tərəfindən də dəstəklənir və inkişaf etdirilir.

– Qeyd etdiyiniz amillərlə yanaşı, islam dininin də milli birliyimizin formalaşmasında böyük rolu olub. Bu barədə nə deyə bilərsiniz?

– Məlumdur ki, sosializm şəraitində Azərbaycanda və digər müsəlman sovet respublikalarında düzgün olmayaraq islamın tarixi rolu ancaq birtərəfli, çox halda qərəzli mövqedən izah olunub, islama yalnız “Xalq üçün tiryək” mövqeyindən yanaşılıb, onun zorakılıq, “qılınc gücünə” yayılması ideyası geniş təbliğ olunub. Digər dinlər kimi islama da tarixən qanunauyğun surətdə meydana çıxan, insanların sosial-mənəvi və ruhi-psixoloji tələbatının ödənilməsi zərurətindən doğan sosial-mənəvi fenomen kimi münasibət bəslənməyib. Digər dinlər kimi islama da mənəvi tənəzzül amili kimi münasibət göstərilib, ona “cəhalət”, “avamlıq mənbəyi” kimi sosial-siyasi və mənəvi tərəqqiyə “əngəl olan mühafizəkarlıq qüvvəsi” kimi baxılıb. Sovet hakimiyyəti illərində sözdə vicdan azadlığı elan olunsa da, işdə ona əməl olunmayıb, müsəlman ruhaniləri və möhkəm əqidəli dindarlar təqib olunaraq, onlar repressiyaya məruz qalıb, məscidlərin bir qismi dağıdılıb, bir hissəsindən isə anbar, idarə, muzey və başqa məqsədlərlə istifadə olunub.

(Ardı var)

Sevinc MÜRVƏTQIZI

 





22.05.2013    çap et  çap et