525.Az

“525”in 25 yaşına - Xalq yazıçısı Anar yazır


 

"Səhər-səhər" rubrikasında

“525”in 25 yaşına - <b style="color:red">Xalq yazıçısı Anar yazır</b>

25 il öncə Azərbaycan mətbuatında yeni bir səhifə açıldı, 525-ci səhifə. Bu, elə bir vaxt idi ki, ən müxtəlif, təzadlı hisslər yaşayırdıq.

Bir yandan müstəqilliyin eyforiyası, sevinci, bir yandan 20 yanvar, Xocalı faciələrinin sarsıntısı, Qarabağ müharibəsi, hər gün cəbhə bölgələrindən bəd xəbər “uçqunlarının” üstümüzə tökülməsi, torpaqların itkisi və s. Ölkədaxili siyasi qarşıdurmalar, gərginlik də öz yerində. Bir sözlə, belə bir vaxtda, aranın qarışıb məzhəbin itdiyi zamanda qəzet açmaq, jurnal buraxmaq bir növ dəb düşdü. Əlbəttə, biznes qurmaq kimi olmasa da, hər halda yerindən duran qəzet yaradıb, söz sahibliyinə iddia etdi. Elə ona görə də bu gün mətbuat tariximizdə özünün sözü eşidilən, yeri görünən mətbu orqanın, qəzetin qeydiyyat nömrəsi 525-ci oldu. Amma elə ilk saylarından  birinciliklərinə vəd verdilər.

Nə deməkdi bu birincilik? Xəbəri tez-tələsik, dəqiqləşdirməmiş hamıdan qabaq yayımlamaqmı? Yaxud yetənə yetib, yetməyənə bir daş atıb özünü millətə ağıllı kimi sırımaqmı? Əsla yox! “525-ci qəzet” bu 25 ildən keçə-keçə hər zaman simasını qorudu, özəlliyini, qeyri-adiliyini öz üsulları, öz vasitələri ilə oxucularına göstərməyə çalışdı. Milli-mənəvi dəyərlərimizə sadiqlik, mədəniyyətimizi, incəsənətimizi, ədəbiyyatımızı təbliğ etmək, yazdığı, yayımladığı sözün ağası olmaq bu qəzetin əsas ideyasıdır. İllərdir ki,  maraqla izlədiyim bu qəzet zaman-zaman məni müxtəlif layihələri, yazıları ilə yaxşı mənada təəccübləndirib. Hər yeni  proyekt, yeni rubrika, yeni tapıntı göydən hazır düşmür, axtarışlar, götür-qoylar, mübahisələr və müzakirələr nəticəsində meydana çıxır. 19 il ərzində  “Qobustan” incəsənət toplusunda çalışdığım üçün bu işin çətinliyini  yaxşı bilirəm. Rahat-rahat vərəqlədiyimiz, oxuduğumuz qəzet saylarının arxasında necə böyük  zəhmətin durduğunu təsəvvür edirəm. Bu zəhmətin uğurlu nəticələri  şübhəsiz,  qəzeti təsis edib, qoruyub, qarışıq illərin sınağından keçirib   bu günümüzə çatdıran  kollektivin yorulmaz zəhməti sayəsindədir.

Qəzetin baş redaktoru, dostumuz Rəşad Məcidin sözə, ədəbiyyata münasibəti, istedadlı gənclərə qayğısı heç kəs üçün sirr deyil. Elə baş redaktoru olduğu “525-ci qəzet”in də səhifələrindən bu zövq, sözə, ədəbiyyata böyük sevgi özünü göstərir. Bəlkə qəzetin bu qədər populyarlıq qazanmasına, sevilməsinə  əsas səbəb ədəbiyyata  geniş yer verməsidir. Klassiklərimizdən çağdaş yazarlarımıza qədər ən müxtəlif müəlliflərin əsərlərinin çapı, təbliğatı bu qəzetin xidmətləri sırasında qeyd olunmalıdır. Son illərdə  mənimçün ən çox maraq doğuran mətnlər köhnə dostum Şirməmməd Hüseynovun Üzeyir Hacıbəyli, Məmməd Əmin Rəsulzadə ilə bağlı silsilə yazıları, onların çap olunmamış əsərlərinin üzə çıxarılıb oxucuya təqdim edilməsidir. Vilayət Quliyevin araşdırma yazılarını xüsusi qeyd etmək istəyirəm. Gənc yazıçı Pərvinin sevgi şeirləri haqqında silsilə yazılarını maraqla izləyirdim və esselər toplu şəklində çapa hazırlanarkən bu kitaba məmnuniyyətlə Ön söz yazdım.

Əlbəttə, başqa  müəlliflərin də  bir sıra qiymətli yazıları ilk olaraq bu qəzetdə işıq üzü görüb, bir yazıda hamısını sadalamaq  təəssüf ki, mümkün deyil. Ədəbi mühitdə özünəməxsus  yeri, sözünün çəkisi olan bir çox müəllifin  məhz bu qəzeti seçməsi təsadüfi deyil. “525-ci qəzet” sensassiya arxasınca qaçmadı heç zaman, oxucunu şişirdilmiş xəbərlə, şok başlıqlarla, şayiələrlə, uydurmalarla, qeybətlərlə   aldatmadı. Ona görə  mediada  sensasiya yox, həqiqət axtaran, düşündürücü fikir gözləyən səviyyəli  oxucuların rəğbətini qazandı. Və məhz bu xüsusiyyətləriylə  qəzet bir çox müəllifləri - o sıradan məni də cəlb etdi, onun səhifələrində çap olunmaq istəyi oyatdı.

Zaman-zaman mənim bir sıra  yazılarım ilk dəfə  “525-ci qəzet”də yayımlanıb. Esselərin, məqalələrin dərc olunmasından savayı, irihəcmli “Ağ qoç, qara qoç”  povestim  də ilk olaraq hissə-hissə bu qəzetdə çıxdı. Minnətdarlıq hissi ilə qeyd eləməliyəm ki,  qəzet bu povestə  ilin bədii əsəri mükafatını təqdim etdi.  “Yaşamaq haqqı” traktatımdan parçalar da keçən illərdə öz dilimizdə ilk dəfə bu qəzetin səhifələrində oxuculara təqdim olundu. Bu ildən isə “525-ci qəzet”in hər şənbə nömrəsində “Səhər-səhər” esselər layihəmi aparıram. Bütün bu faktları sadalamaqda niyyətim öz yazdıqlarımı reklam etmək yox, qəzetə olan inamımı, etibarımı, sədaqətimi bildirməkdi.

Onu da xüsusi vurğulamaq istəyirəm ki, elə ilk nömrələrindən “525-ci qəzet” gənclərə geniş meydan verdi. Bu, həm də yaradıcı heyətin  uzaqgörənliyindən, millətin gələcəyi üçün bacarığını əsirgəməməsindən xəbər verən məqamdı. Məhz buna görə Yazıçılar Birliyinin gənclər üzrə katibi  məsələsini düşünəndə ağlımıza gələn ilk   namizəd Rəşad Məcid oldu. Doğrudan da  Azərbaycan Yazıçılar Birliyi ətrafında birləşən,  Gənc Ədiblər Məktəbində toplaşan istedadlı  gənclərin  tanıdılmasında, meydana çıxmasında   “525-ci qəzet”in xüsusi rolu var.   

25 həm böyük rəqəmdir, həm də kiçik... Kiçikdir ona görə ki, “525-ci qəzet”in qarşıda hələ çox-çox  illəri, uzun ömrü var... Böyükdür ona görə ki, belə çətin dünyada, dəyərlərin dəyişildiyi, internetin kitabı, kağızı sıxışdırdığı zamanda özünü, sözünü qorumaq, məramına  sadiq qalmaq  mətbu orqan üçün asan deyil. Amma bir tərəfdən də Həsən bəy Zərdabinin, Mirzə Cəlil Məmmədquluzadənin,  neçə-neçə dəyərli ziyalılarımızın hansı əzablar bahasına, hansı müqavimətlərə sinə gərərək qəzet, jurnal buraxmalarını düşünəndə bütün bugünkü çətinliklər önəmli görünmür.  Böyük sələflərimizin hər növ əziyyətə, məşəqqətə dözmələrinin əsas səbəbi  gələcəyin insanlarına  -  yəni bizlərə vacib bir ismarış ötürməkdi.

Və 25 yaşını qeyd etməyə hazırlaşdığımız “525-ci qəzet”in də amalı bu ismarışı  çağdaşlara və gələcəyin  oxucularına çatdırmaqdır.

Başda  Rəşad Məcid olmaqla, “525-ci qəzet”in kollektivini  təbrik edirəm. Onlara da, qəzetin müəllif və oxuculararına da    yeni-yeni uğurlar diləyirəm. Arzu edirəm ki, Qarabağımızın, Şuşamızın,  bütün  torpaqlarımızın azad edilməsi  xəbərini  xalqımıza  ilk   çatdıran mətbuat orqanlarımızdan biri də 26 yaşlı “525-ci qəzet” olsun.

 

 





21.08.2017    çap et  çap et