525.Az

Virtual oyunların fəsadları


 

ELNUR RÜSTƏMOV: “VİRTUAL OYUNLARDAN ASILILIQ UŞAQLARDA ÜNSİYYƏT PROBLEMİ YARADIR”

Virtual oyunların fəsadları<b style="color:red"></b>

Uşaqların tərbiyəsində, onların dünyagörüşünün formalaşmasında oyunların böyük rolu var. Müasir uşaqları oyunlar və oyuncaqlar o qədər də maraqlandırmır. Onları daha çox mobil telefonlar, kompüter oyunları və internet cəlb edir. Ancaq uşaqların bu cür yüklənməsi, gerçəkdə təsadüf olunmayan, kompüter arxasında qəddarlığı, sərtliyi təbliğ edən oyunlara meyilli olması gələcəkdə bir çox fəsadlara yol aça bilər. Çünki ilk baxışdan adi əlyəncə kimi görünən virtual oyunlar əslində uşaqlarda möhkəmlik, dözümlülük deyil, əksinə qorxaqlıq, çarəsizlik yaradır. Yeniyetmə hər hansı bir vəziyyətlə üzləşdiyi zaman çıxış yolu tapa bilmir. Heç axtarmağa da cəhd etmir. Çünki heç vaxt qarşılaşmadığı hadisə onda kəskin psixi pozuntular yaradır.

İndiki zəmanədə azyaşlı artıq böyüdüyünü düşünür, özünü uşaq saymır, bəlkə də uşaq necə olur, nə ilə başını qatır, necə əylənir, bunu dərk eləmir. İnformasiya komminakasiya mühiti uşaqla yetkin insan arasında məsafəni olduqca kiçik həddə gətirib. Əvvəllər uşaqları evdə tapmaq müşkül məsələ olurdu. Həyətda yığışaraq “Gizlənqaç”, “Ortadaqaldı”, “Yeddi şüşə” kimi kollektiv oyunlar balacaların ömrünə rəng qatar, yeni dostlar qazandırardı. Hazırda isə uşaqlar az qala ətraf aləmlə ünsiyyəti yalnız internetlə qururlar.

Uşaqların canlı mühitlə əlaqəsinin düzgün təmin olunmasında valideynlər üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayan psixoloq Elnur Rüstəmov qeyd edib ki, çox vaxt valideynlər uşaqlarını cəmiyyətə daha yaxşı təqdim etmək niyyətilə azyaşlının geyimindən tutmuş daşıdığı aksessuarlarına kimi xüsusi diqqət yetirirlər: “Valideynlər öz ətraflarından fərqlənmək üçün bu cür yeniliklərə həm özlərini, həm də övladlarını öyrəşdirirlər. Əslində isə bu çox yanlış düşüncədir. Belə olan halda uşağın davranışı və hərəkətləri arxa planda qalır. Uşaq bəlli bir yaşa kimi ailənin himayəsindədir. Valideyn nə deyəcəksə, uşaq da onu qəbul edəcək. Birinci növbədə ailələr özləri diqqətli olmalıdırlar ki, uşaqlar bahalı mobil telefonlardan, kompüterdən müəyyən qədər məsafədə olsunlar. Bu şüalanmadan tutmuş uşağın əqli düşüncəsinə, psixikasına qədər mənfi təsir edir. Bütün günü qapalı yerdə böyüyən uşaq nədən necə istifadə etməyi bilmir və nəticədə onda stress yaranır ki, bu da müəyyən komplekslərə yol açır. Fikir versək, bu gün doğulan uşaqların əksəriyyətində nevroloji problemlərlər olur. Normal prosedurlardan keçmədiklərindən körpələrdə daha sonra ağır fəsadlar yaranır”.

Psixoloq E.Rüstəmov hesab edir ki, valideynlər uşaqları kompüterdən aralı saxlamağı bacarmalıdırlar. O bildirib ki, bir çox aparıcı ölkələrdə internet provayderləri ilə əlaqə yaradaraq xüsusi paketlər əldə olunur və bununla da uşaqlar yalnız əlverişli saytlardan istifadə edə bilirlər: “Daha yaxşı olardı ki, valideynlər kiçik yaşlarından uşaqları mobil telefonlara, kompüterlərə öyrəşdirməsinlər. Valideyn elə hesab edir ki, bununla onun uşağı daha tez inkişaf edir. Ancaq bu belə deyil. Birmənalı şəkildə virtual oyunlardan asılılıq uşaqlarda ünsiyyət problemlərinə yol açır. Bütün günü evində oturub oyun oynayan uşaq sözsüz ki, ünsiyyət çatışmazlığının gətirəcəyi fəsadlardan əziyyət çəkəcək. Eyni zamanda səbəbsiz aqressiyalara da tutulacaq. Uşaqlar canlı oyunlar oynayarkən bir-birləri ilə canlı ünsiyyətdə olurlar. Kompüter oyunlarında isə emosiya yox səviyyəsində olur. Bütün hallarda uşaq oyun oynadığını dərk edir. Ancaq azyaşlı ölümün özünə belə xüsusi hal kimi baxmır. Canlı ünsiyyətdə isə o hisslər var. Eyni zamanda kompüterdə müharibə, döyüş yarışları kimi qəddarlığı təbliq edən oyunlar oynamaqla vaxtlarını keçirən uşaqlar təbiətən qorxaq olurlar. Belə uşaqlar dəhşət filmlərinə də olduqca meyillidirlər. Bununla azyaşlılar qorxularına qalib gələcəklərini düşünürlər. Nəticədə başqa problemlər-fobiyalar yaranmağa başlayır. Bu cür problemlərlə müraciət edənlər çoxluq təşkil edir. Əksəriyyətində də uşaqlıqda qorxulu filmlərin təsirindən yaranan fobiyaların əlaməti olur. Ona görə də çox diqqətli olmaq lazımdır”.

Şəxsiyyətin daha çox hərtərəfli, ahəngdar kamilləşməsinə kömək edən intellektual inkişafa ehtiyacı olduğunu bildirən sosioloq Əhməd Qəşəmoğlu hesab edir ki, birtərəfli inkişaf əslində nə fərdin özü, nə də cəmiyyət, zaman üçün müsbət hal sayılmır: “Müəllifi olduğum və düyadan uğurla yayılmaqda olan “Ahəngyol” elminə görə, insana yalnız elə bir intellektual inkişaf lazımdır ki, bu həm onun özünün, həm də cəmiyyətin fiziki sağlamlığına gətirərək mənəvi zənginliyinə, əməyə yaradıcı münasibət bəslənilməsinə kömək edə bilsin. Əgər şəxsdə yaranan intellektual inkişaf  bu üç amildən birinə zərər yetirirsə, o zaman belə intellektuallıq fəsadlı inkişafdır. Çünki körpələrin kompüterə, mobil telefona aludə olması birmənalı olaraq onun fiziki sağlamlığına ziyan vurur. Digər tərəfdən, bu aludəçilik körpəni həyatdan, təbii inkişafdan təcrid edir, uşağı psixoloji olaraq özünütəcridə meyilləndirir və nəticədə sosiallaşmasına mane olaraq ünsiyyət vərdişlərini korlayır.  Eyni zamanda yeniyetmə kompüterdən istifadə edərək əxlaqa uyğun olmayan şəbəkələrə daxil olur ki, bu da mənəviyyata ciddi zərbə endirir.

Bu aludəçilik körpədə əmək vərdişlərinin yaranmasına da ciddi əngəl törədir. Artıq fərd əməkdən zövq almaq kimi möhtəşəm bir xüsusiyyətə qarşı keyləşir.

Ə.Qəşəmoğlu hesab edir ki, bu gün internetdən, mobil telefonlardan ağıllı şəkildə istifadə etməyə ciddi ehtiyac var. O, bu avadanlıqların intellekti inkişaf etdirmə xüsusiyyətlərindən bir vasitə kimi istifadə edərək ondan fərdin ahəngdar istifadə etməsi üçün yollar axtarmağın vacibliyini qeyd edib: “Təəssüf ki, uyğun qurumlar bu həqiqəti hiss edə bilmək durumunda deyillər. Sözügedən sahədə diqqətə çatdırdığım tələbləri nəzərə alaraq ciddi mexanizmlər yaradılmalıdır. Bu müvafiq təşkilatların müasir dövrdə ciddi vəzifəsidir. Rəhbərlik etdiyim “Sağlam Həyat Mədəniyyəti”  İctimai Birliyi bu işdə fəal iştirak etməyə başlayıb. Ancaq bu bir qeyri-hökumət təşkilatının öhtəsindən gələ biləcək iş deyil. Ə. Qəşəmoğlu bu məsələyə ciddi yer ayırdıqlarını diqqətə çatdıraraq “Sağlam həyat mədəniyyəti” adlı hərəkata başladıqlarını vurğulayıb: “Bu hərəkatın əsas istiqamətlərindən biri kompüterdən istifadə mədəniyyətidir. Artıq mənim tələbələrim, aspirantlarım və əməkdaşlarımız bu sahədə informasiya toplayaraq onları təhlil etməkdədir. Üç nazirliklə bu sahədə danışıqlar aparırıq. Yaxın zamanda daha ciddi addımlarımız haqqında ictimaiyyətin xəbəri olacaq”.

Ceyhun ABASOV

 





22.05.2013    çap et  çap et