525.Az

İncəsənət Muzeyindən bölgələrdəki muzeylərə işgüzar səfər


 

İncəsənət Muzeyindən bölgələrdəki muzeylərə işgüzar səfər<b style="color:red"></b>

Azərbaycan Milli İncəsənət Muzeyi öz 80 illik fəaliyyət dövrü ərzində xalqımızın davamlı ziyarət ocağı, yaradıcı şəxslərin sənət məbədi, təhsil müəssisələrinin elmi-təcrübə bazası, muzeylər üçün isə örnək olmuşdur. Burada aparılan mühüm işlər ona dünya səviyyəli muzeylərin təcrübələri ilə müqayisə edilmək imkanı yaradır.

Muzeylərdə qorunan eksponatların tarixi, texnikası, ekspozisiyanın tərtibatı, eksponatların elmi baxımdan xronoloji ardıcıllıqla təqdim edilməsi, yazılan annotasiya və etiketajların standartlara cavab verməsi, mühazirə və ekskursiyaların dinlənilməsi, muzeyin təbliğatı və ən nəhayət, mədəniyyət fəaliyyətimizə dəstək ola biləcək sponsorların tapılması, donorlarla davamlı şəkildə işin aparılma  üsulları və s. muzeydə illər boyu sınaqdan çıxmış təcrübəyə əsaslanır. Qazanılan bilik və təcrübələrlə paylaşmaq, mənəvi baxımdan dəstək olmaq, həmkarlarımıza metodiki yardım etmək missiyasından irəli gələrək, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyevin təşəbbüsü və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə muzey bu ildən regionlardakı bölgə muzeyləri ilə əhəmiyyətli layihənin həyata keçirilməsinə start verib. Niyyətimiz ilk olaraq, İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Elnur Hüseynov ilə əldə edilmiş razılaşmaya əsasən, İsmayıllı, Qəbələ, Ağsu, Şamaxı Tarix-Diyarşünaslıq Muzeylərinin və M.Ə.Sabirin Ev Muzeyi (Şamaxı) və İsmayıl bəy Qutqaşınlının Xatirə Muzeyi əməkdaşları ilə görüşüb, onlarda maraq doğuran sualları cavablandırmaq, yuxarıda göstərilənlər ətrafında treninq keçirib muzeylərin ekspozisiyaları ilə tanış olmaq idi.

 İsmayıllı rayon Mədəniyyət Evində Azərbaycan Milli İncəsənət Muzeyinin elmi işlər üzrə direktor müavini X.V.Əsədova, Sərgi və tərtibat şöbəsinin müdiri A.T.Osmanov İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi Azər Abbasov və məsləhətçi Kənan Rəhimovun iştirakı ilə Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Lahıc Tarix-Diyarşünaslıq və M.Ə.Sabirin Ev Muzeyi və Qutqaşınlının Xatirə Muzeyi əməkdaşları və direktorları ilə treninq keçirmişdir. Treninqdə bölgədə olan muzeylərin direktor və əməkdaşlarına muzeyşünaslıq sahəsindəki mövcud yeniliklərdən bəhs edilib, yuxarıda qeyd edilən mövzularda tövsiyələr verilmişdir. Verilən çoxlu sayda suallar cavablandırılmış, turistlərin cəlb edilməsi üçün hansı əməli işlərin daha faydalı olduğu, muzeylərimizdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi  ilə bağlı mövzularda söhbətlər aparılmışdır.

Növbəti iki gün ərzində İsmayıllı, Qəbələ, Ağsu, Şamaxı Tarix-Diyarşünaslıq Muzeylərinin ekspozisiyaları ilə tanışlıq zamanı bələdçilərin dinlənilməsi, faktiki olaraq nümayiş edilən eksponatlar haqqında onlarda olan bilik səviyyəsi, nümayiş edilən əşyaların bölgədəki muzeylərin elmi konsepsiyasını nə dərəcədə əhatə etdiyi, əşyaların estetik baxımdan daha peşəkar nümayiş edilmə formaları, etiketlərin hazırlanması qaydaları və s. haqqında məsləhətlər verilmiş və gələcəkdə ümummilli mədəniyyətimizin təbliği və nüfuzunun daha da yüksəldilməsi naminə köməklik göstərilməsi təklif edilmişdir. Qeyd edilmişdir ki, təbliğat işində ən əsas misilsiz sərvətimiz olan maddi və mənəvi dəyərlərdəki milli özünəməxsusluğa, onun bədii mahiyyətinə diqqəti yönəltməkdir. Bu növ məsləhətlər, İsmayıllı, Qəbələ, Şamaxı, Ağsu  Tarix-Diyarşünaslıq Muzeylərinin rəhbərlərində  böyük maraq doğurmuş, gələcəkdə nəzərdə tutulan aspektlərdə həyata keçiriləcək iş birliyimiz rəğbətlə qarşılanmışdır.

İsmayıllı, Qəbələ, Şamaxı, Ağsu Tarix-Diyarşünaslıq Muzeylərində rast gəldiyimiz zəngin eksponatlar millətimizin tarixini, mədəniyyətini, incəsənətini özündə əks etdirir. Vahid ərazidə yaşayan, eyni soy-kökə, dilə, iqtisadi həyat birliyinə malik xalqın milli mənəviyyatının, milli özünəməxsusluğunun saxlanılması və gələcək nəsillərə ötürülməsi üçün Tarix-Diyarşünaslıq Muzeylərinin əhəmiyyəti böyükdür. Məhz bu səbəbdən də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən bu muzeylər təmirli və müasir avadanlıqlarla təchiz edilmiş binalarda yerləşir və qiymətli eksponatları mühafizə edirlər.

Azərbaycan Milli İncəsənət Muzeyi də öz növbəsində irəli sürdüyü bu əhəmiyyətli işdə aparıcı muzey olaraq, həmkarlarına öz kömək və yardımını əsirgəməyərək yaxından iştirak etməyə hər zaman hazırdır.

 

 





25.08.2017    çap et  çap et