525.Az

Beynəlxalq akkreditasiya qazanan UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbi


 

Beynəlxalq akkreditasiya qazanan UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbi<b style="color:red"></b>

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbi nüfuzlu beynəlxalq akkreditasiya qazanıb.
 
Məktəbin Mühasibat Uçotu ixtisası ACCA (The Association of Chartered Certified Accountants - İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiyasiyası) tərəfindən tam akkreditasiya alıb. Fakültənin  Mühasibat Uçotu ixtisası fənləri, imtahan prosedurları və imtahan sualları ən yüksək beynəlxalq tələblərə uyğun olması təsdiqlənərək tələbələrə ACCA imtahanlarından azadolmalar təqdim edilib. Belə ki, tələbələr fakültədə fənləri oxuyub, müvafiq sənədləri təqdim edərək ACCA kvalifikasiyalarını da əldə edəcəklər.

Qeyd edək ki, ACCA (The Association of Chartered Certified Accountants - İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiyasiyası) - dünyada ən geniş yayılmış beynəlxalq professional assosiyasiyadır. Assosiyasiyada 170 ölkədən 404 000 tələbə və 140 000 üzv qeydiyyatdadır. 

İNTERAKTİV METODLARLA TƏŞKİL OLUNAN TƏDRİS SİSTEMİ

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbi (ISE) 2015-ci ildə yaradılıb. Məktəbdə beş ixtisas - Dünya İqtisadiyyatı, Maliyyə, Mühasibat Uçotu, İqtisadiyyat və Biznes İnzibatçılığı üzrə bakalavr pilləsində, iki ixtisas - Dünya İqtisadiyyatı və Maliyyə üzrə magistr pilləsində tədris aparılır.

Beynəlxalq İqtisadiyyat Məktəbi UNEC-in intensiv beynəlmiləşmə və eyni zamanda, tədrisin keyfiyyətinin artırılması məqsədilə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov tərəfindən yaradılıb. Məktəbdə interaktiv metodlarla təşkil olunan tədris bütövlükdə ingilis dilindədir. Yalnız Azərbaycan dili, Mülki Müdafiə və nitq mədəniyyəti fənləri Azərbaycan dilində tədris olunur. İSE-də ingilis dili tədrisinin unikal metodikası yaradılıb və bu da tələbələrə hazırlıq ili oxumadan 4 ilə universiteti bitirmək imkanı yaradır. Məktəbə qəbul Dövlət İmtahan Mərkəzin tərəfindən aparılır. Ümumilikdə, 510 tələbənin təhsil aldığı məktəbdə ABŞ, İngiltərə, Almaniya, Fransa, İsveç və başqa ölkələrin aparıcı universitetlərinin məzunları olmuş və eyni zamanda, geniş praktiki biliklərə malik müəllimlər dərs deyirlər. 

MƏKTƏBİN BÜTÜN FƏNN PROQRAMLARI QƏRB UNİVERSİTETLƏRİNİN PROQRAMINA UYĞUNLAŞDIRILIB

2016-17-ci tədris ilinin nəticələrinə əsasən, İSE-də orta keçid balı maksimum həddə çataraq, 635 olub. Bu göstərici 2014-cü ildə 560, 2015-ci ildə isə 539 bal idi. Qəbul imtahanlarında 600-dən yuxarı nəticə göstərənlər Beynəlxalq İqtisadiyyat Məktəbini seçir.

Məktəbdə dərslər fərqli formada keçirilir. Mühazirələr diskusiyaya açıq olur. Məktəb ingilis dilinin tədrisində yeni interaktiv metodun tətbiqinə başlayıb. Tələbələr tədris edilən mövzuların həyatla əlaqəsini təcrübədən keçirərək, xarici dilin mənimsənilməsinin əsas çətinliklərindən olan “dil baryeri” problemini qısa müddət ərzində həll edə bilirlər. İSE-nin müəllimləri çalışır ki, tələbələr ingilis dilini peşəkar səviyyədə bilsinlər. Məktəbdə bütün fənn proqramları qərb universitetlərinin proqramlarına uyğunlaşdırılıb. Məktəbdə dərs deyən müəllimlər qərb universitetlərinin məzunlarıdır və onlar fənn proqramlarının hazırlanmasında yaxından iştirak ediblər. Müəllimlərin tədris etdikləri fənlər məzun olduğu universitetdə oxuduğu və ən yüksək bal göstərdiyi fənlərdir. Beynəlxalq İqtisadiyyat Məktəbinin əsas məqsədi yüksək ixtisaslı kadr hazırlamaqdır. 

TEST ÜSULUNDAN İMTİNA 

Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələri semestr imtahanlarını yalnız yazılı şəkildə verirlər. Məktəbdə test üsulundan imtina edilib. Məktəbin müəllimləri hesab edir ki, test tələbənin öz fikrini geniş şəkildə izah etməsinə mane olur. Tədris inglis dilində olduğu üçün imtahanlar da bu dildə keçirilir. İmtahandan öncə müəllimlər tərəfindən suallar hazırlanır və bu suallar əsasında da biletlər tərtib olunur. İmtahan zamanı tələbələrə biliklərini nümayiş etdirmək üçün bütün şərait yaradılır. İmtahan sualları öncədən tələbələrə təqdim edilir. Ancaq gələcəkdə suallar öncədən tələbələrə təqdim edilməyəcək. İSE müəllimlərinin fikrincə, dərslərdə iştirak edən, mühazirələri dinləyən, bir sözlə, il ərzində oxuyan tələbəyə sualları öncədən təqdim etməyə ehtiyac yoxdur. 

DÜNYANIN NÜFUZLU UNİVERSİTETLƏRİNDƏ TƏHSİL ALMIŞ YÜKSƏK İXTİSASLI MÜƏLLİMLƏR 

Məktəbdə dərs deyən müəllimlərin böyük əksəriyyəti dünyanın nüfuzlu universitetlərində təhsil almış yüksək ixtisaslı kadrlardır. Onların hər biri dövlət idarələri və şirkətlərində, özəl sektorda bir çox hallarda yüksək vəzifə tutan peşəkarlardır. Onların arasında Mərkəzi Bank, BP, Ernst&Young, Deloitte və sair kimi nüfuzlu şirkət və qurumların əməkdaşları var. Tələbələr müəllimlərin vasitəsi ilə əmək bazarına çıxış əldə edirlər. Eyni zamanda, tələbələrin istehsalat təcrübəsini daha səmərəli təşkil etmək üçün sözügedən müəllimlər tərəfindən tanınmış şirkətlərlə danışıqlar aparırır və müsbət nəticə əldə edilir.

UNEC AZƏRBAYCANIN DÜNYADA TANIDILMASI İSTİQAMƏTİNDƏ XEYLİ İŞLƏR GÖRÜR

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat Məktəbi nüfuzlu beynəlxalq akkreditasiya qazanmasını müsbət hal kimi dəyərləndirib. Onun dediyinə görə, Məktəbin Mühasibat Uçotu ixtisasının-İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiyasiyası tərəfindən akkreditasiya alınması bu ixtisas  fənninin, imtahan prosedurları və imtahan suallarının ən yüksək beynəlxalq tələblərə uyğun olmasını təsdiqləməsidir.

Ş.Əsgərov vurğulayıb ki, UNEC təhsil keyfiyyətinin artırılması, tədrisin düzgün idarə olunması istiqamətində ciddi addımlar atılır: “Professor Ədalət Muradovun sayəsində Azərbaycan Dövlət İqtisad Universiteti sürətli inkişaf yolunda addımlayır. Universitet yalnız yerli deyil, xarici təşkilatlarla da əlaqələrini genişləndirir. Bir müddət öncə Nobel mükafatı laureatı Aziz Sancarın UNEC-ə gəlməsi mühüm hadisələrdən biri idi. İqtisad Universiteti ölkədə savadlı kadrların yetişməsində müstəsna rol oynayır. Onun məzunları yalnız Azərbaycanda deyil, eyni zamanda, ölkə xaricində nailiyyətlərə imza atır, Azərbaycanın adını yüksəldir. Bu universitet Azərbaycanın dünyaya tanıdılması istiqamətində xeyli işlər görür. Və bu istiqamətdə işlər davam etdirilir. Ə.Muradov UNEC-i dünya səviyyəli bir universitet etməyi qarşısına məqsəd qoyub”.

Ş.Əsgərov bildirib ki, Azərbaycan Dövlət İqtisad Universitetində tələbələrin yüksək səviyyədə bilik mənimsəməsi üçün yeni vasitə və metodlardan istifadə edilir, dünyanın tanınmış universitetləri ilə tələbə mübadiləsi aparılır. Bütün bunlar ölkənin daim inkişafına səbəb olan addımlardır. Universitetin məzunu olan tələbələr Azərbaycan iqtisadiyyatının inkişaf etməsində öz töhfələrini verir.

Professorun sözlərinə əsasən, UNEC-də fəaliyyət göstərən Elmi Tədqiqat İnstitutu, Elmi İnnovasiya Mərkəzi, Texnologiya Transfer Mərkəzində yüksəkixtisaslı iqtisadçı kadrlar müasir innovativ metodlar tətbiq etməklə milli iqtisadiyyatın real sektorunda tələb olunan tədqiqatlar aparırlar. Bu təqdiqatlar UNEC-də təhsilin təkmilləşdirilməsinə də təkan verir.

S.QARAYEVA

 





26.08.2017    çap et  çap et