525.Az

Zamanların mozaikası: hadisələr və şəxsiyyətlər


 

Zamanların mozaikası: <b style="color:red">hadisələr və şəxsiyyətlər</b>

(Əvvəli ötən şənbə sayımızda)

Ən böyük müharibələr

Müharibə qan axıtdığına, insan həyatı qurbanlarına səbəb olduğuna,  xalqların həyatında oynadığı mənfi rola, şər mənbəyi olmasına görə heç də “kiçik” sözü onların dəyərləndirilməsinə, hətta təsnifləşdirilməsinə də uyğun gəlmir.
 
Müharibə dərd, bəla mənbəyi kimi həmişə böyük ölçülüdür, bir insanın məhvi faciədirsə, çox sayda insanın qətlə yetirilməsi, həlak olması dövrü, zamanı bütünlüklə faciə rənginə bürüyür. Assuriyalıların apardıqları işğal müharibələri elə qan tökdürən olmuşdu ki, onların dəhşətləri ilə müqayisədə həcmləri və ya keçirildiyi müddətin qısalılığı kölgədə qalır. Lakin sonralar müharibələr daha uzun müddət davam etməsi ilə yadda qalmışdır.

Bunlardan birincisi 1337-1453-cü illərdə fasilələrlə gedən yüzillik müharibədir. Bu müharibənin başlanmasına səbəb Fransa taxt-tacı uğrundakı mübarizədə iki ölkənin yüksək rütbəli nümayəndələrinin üz-üzə gəlməsi olmuşdur. Kral IV Karlın 1328-ci ildəki ölümü ilə Fransada Kapetinqlər sülaləsinin hakimiyyəti sona çatmışdı. IV Karlın varisi onun əmisi oğlu VI Filipp Valua idi. Eyni zamanda, fransız taxt-tacını tutmaq hüququna ingilis kralı II Eduard da iddia etdi, çünki o da əvvəlki fransız kralı Qəşəng IV Filippin nəvəsi idi. Bu tarixdəki ən uzun müddətli müharibənin başlanması üçün bəhanə oldu və bu müharibə Yüzillik müharibə adını aldı. Müharibə 1337-ci ildə başlandı, ingilis kralı III Eduardı Avinyon papalığı ilə mübarizə üçün özünə müttəfiq axtaran IV Lui Bavariyalı da dəstəklədi. İlk böyük döyüşdə - 1340-cı ildəki Sleys dəniz döyüşündə Fransa ağır məğlubiyyətə düçar oldu. Altı il sonra ingilis kralının qoşunu VI Filippin 30 minlik fransız ordusunu məğlub etdi. Bu döyüşdə ilk dəfə ingilislər odlu silahı tətbiq etdilər. 16 yaşlı Uels prinsi Eduardın başçılığı altında yekunlaşan hücum fransızları qaçmağa məcbur etdi.

Bu dövrdə həm də Avropada baş verən taun epidemiyası qitə əhalisinin 30 faizinin qurban getməsinə səbəb oldu. “Qara ölüm” adlanan bu dəhşətli bəla 1350-ci ildə başlanmışdı. Sirayətlənmənin yayıcısı Asiyadan gətirilmiş gəmi siçovulları idi. Orta əsrlər təbabəti xəstəliklə bacarmaqda gücsüz idi, müdafiə vasitəsi isə yalnız yaşayış evlərinin iyli qətranla tüstüyə verilməsi idi. Taun xüsusən şəhərlərdə cövlan edirdi, axı burada kanalizasiya yox idi, tullantılar kənara daşınırdı, həm də şəxsi gigiena da çox zəif inkişaf etmişdi.

Epidemiya nəticəsində Avropada dini fanatizm güclənmişdi. Yarımçılpaq adamların  bir-birini çubuqla döyməsi kimi tövbə prossesiyası keçirilirdi. Bu, döyənlər hərəkatı adlanırdı, həm də xəstəliyi guya arzulamaqda ittiham edilən yəhudilərin təqibinə başlandı.

Yüzillik müharibənin ən məşhur simaların

dan biri fransız qızı Janna  d`Ark idi. Bu qız 14 yaşında fransız dofini VII Karla ingilislərə qarşı mübarizədə kömək etmək barədə özünə təlqin etdiyi bir təyinatını dərk etmişdi. Janna d`Arkın komandanlığı altında fransız qoşunu Orleandan ingilis mühasirəsini 1429-cu ildə götürmüşdü. Orleandakı qələbədən sonra VII Karla Reymsdə tac qoyulmuşdu. Janna d`Ark artıq “lazımsız” olmuşdu və 1430-cu ildə fransızların satqınlığı ucbatından burqundiyalılara əsir düşmüşdü. Burqundiyalılar isə onu öz müttəfiqləri olan ingilislərə vermişdilər. Jannanı fransız din xadimləri mühakimə etdilər və 1431-ci ildə o, Ruanda tonqalda yandırıldı. 25 il sonra Janna d`Arkın üzərindən ittihamlar götürüldü və o vaxtdan etibarən fransızlar onu milli qəhrəman qız kimi sayırlar. İngilislərə qarşı mübarizə simvoluna çevrilən bu “Orlean qızı” 19 yaşında həyatla vidalaşmalı olmuşdu. Lakin onun dalğalandırdığı vətənpərvərlik bayrağı fransızları xeyli ruhlandırmış və onlar ingilisləri öz torpaqlarından qovmağa nail ola bilmişdilər.

1453-cü ildə Avropa tarixindəki ən uzun sürən müharibə başa çatdı. Müharibə dövründə ingilis və fransız milli dövlətləri formalaşaraq, özünün siyasi, iqtisadi və mədəni xüsusiyyətlərinə yiyələndilər.

Əsas ölkələrlə yanaşı, müharibədə müxtəlif vaxtlarda Portuqaliya, Kastiliya, Araqon, Şotlandiya, Papalıq, Müqəddəs Roma imperiyasının ayrı-ayrı əraziləri də iştirak etdilər. Yüzillik müharibə ingilislərin tez-tez baş verən hərbi uğurlarına baxmayaraq, Fransanın qələbəsi ilə başa çatdı, ingilislər əvvəlki böyük ərazi işğallarına baxmayaraq, sonda qitədə yalnız Kale şəhər-limanını saxladılar. Sonralar bu dayaq nöqtəsi də ingilislərin əlindən çıxdı və XX əsrdə imperiyasını da itirən Böyük Britaniya adalar ölkəsi kimi qaldı.

İlk mərhələdə kiçik, lakin yaxşı intizamlı və öyrədilmiş ingilis qoşunu öz düşmənini ağır məğlubiyyətlərə düçar edirdi. Sleysdə fransız donanması məhv edilmişdi. 1356-cı ildə Frank mayordomu Karl Martellin 732-ci ildə ərəblər üzərində qələbəsinin şahidi olan Puatyedəki döyüş fransız kralı II İoann Xeyirxahın əsir düşməsi ilə nəticələndi. 1422-ci ildə Trua sülh müqaviləsi Fransanı milli müstəqilliyini itirmək təhlükəsi altında qoydu. Ancaq müharibənin son mərhələsində VII Karl fransız taxt-tacına öz iddiasını təsdiq edə bilməklə, 1429-cu ildə Reymsdə taclandı və tədricən ingilisləri Fransadan qovdu. Fransızların qəti qələbəsinə VII Karlın orduda və idarəetmədəki islahatları şərait yaratdı. Həm də beynəlxalq sahədə də onun üçün əlverişli şərait mövcud idi, Burqundiyanın 1435-ci ildə Fransanın tərəfinə keçməsi xüsusilə böyük rol oynamışdı.

1648-ci ildə Vestfaliya sülhü ilə başa çatan Otuz illik müharibə ilk dəfə dini ayrı-seçkiliyə və münaqişəyə son qoydu. Bu sülh Avropanın siyasi xəritəsində nəzərə çarpan dəyişikliklər əmələ gətirdi. Bu müharibə 1618-ci ildə başlamaqla, Habsburq bloku ilə birlikdə Almaniyanın katolik knyazları və antihabsburq koalisiyası (alman protestant knyazları) arasında gedirdi. Habsburq bloku katolitsizm bayrağı altında, antihabsburq koalisiyası ilə (xüsusən əvvəllərdə) protestantizm bayrağı altında çıxış edirdi. Müharibə dəyişən uğurlarla gedirdi. Fransa 1635-ci ildə müharibəyə qoşulmaqla, onun tərəfində olduğu antihabsburq koalisiyası açıq üstünlüyə malik oldu. Katolik Fransa, protestant İsveçin tərəfində müharibəyə daxil olmuşdu, bundan isə Fransa üçün başlıca fayda Habsburqları bütövlükdə, xüsusən İspaniyada zəiflətmək idi. Nəticədə Habsburqların “dünya imperiyasını” yaratmaq və mili dövlətləri tabe etdirmək planları alt-üst oldu və siyasi hegemonluq Fransaya keçdi. Müharibə yalnız 1648-cı ildə başa çatdı.

Bu sülh müqaviləsinin nəticələri onun iştirakçılarının taleyində müxtəlif cür təsir göstərdi. İsveç yeni ərazilər qazandı, bu, ona imkan verdi ki, Baltikada hegemon vəziyyətə sahib olsun. Baltikyanı ölkələrin çoxu artıq ona məxsus idi. Müqəddəs Roma imperiyasında imperatorun ziyanına knyazların mövqeləri gücləndi. Habsburqların hakimiyyəti onların irsi torpaqları ilə məhdudlaşdırıldı. İmperiyanın faktiki olaraq parçalanması və müstəqil dövlətlərin konqlomeratı hesabına imperiyanın hərbi və siyasi funksiyaları zəiflədi. Sülh müqaviləsinin bağlanmasından Fransa daha böyük fayda götürdü, o, öz sərhədlərini genişləndirdi və Reyn üzərində Habsburqlar hakimiyyətini gücdən saldı. Müqəddəs Roma imperiyasındakı knyazlar öz təbəələrinin dinini müəyyən etmələrini davam etdirdilər. Bütövlüklə bu protestantların qələbəsi demək idi. Vestfaliya sülh müqaviləsi tərəfindən müəyyən edilmiş iki dinin yayılması sərhədləri XX əsrdə də praktiki olaraq dəyişilməmiş qalmışdı.

Vestfaliya sülhü Avropanın siyasi xəritəsini qəti olaraq müəyyən edə bilmədi, çünki hələ 1659-cu ilə kimi Fransa ilə İspaniya arasında hərbi əməliyyatlar davam edirdi. Həm də siyasi qüdrətin yenidən bölüşdürülməsi yeni münasibətləri meydana gətirə bilərdi. Ancaq bu sülh Avropa tarazlıqlarının formalaşmasında mühüm bir mərhələ oldu. Bütövlükdə digər hadisələrlə yanaşı, Vestfaliya sülhü yeni dövrün Avropa tarixinə güclü təsir göstərdi.

1756-cı ildə isə Avropada Yeddiillik müharibə başlandı. Buna startı Prussiya kralı II Fridrixin qoşunlarının Saksoniya ərazilərinə müdaxiləsi verdi. Onun məqsədi Avstriyanın yaratdığı antiprussiya koalisiyasını əzmək idi.

Bu müharibə birinci növbədə müstəqilliklər üstündəki mübarizədə ingilis-fransız rəqabətinin güclənməsi, həm də Avropa qitəsində Avstriyanın və Prussiyanın mənafelərinin toqquşması idi. Bu, Avropa dövlətləri arasında birinci müharibə idi ki, bu müharibədə hərbi əməliyyatlar təkcə Avropa qitəsində deyil, həm də onun hüdudlarından kənarda - Hindistanda və Amerikada gedirdi. Müharibə üçün səbəb rolunu Amerikadakı  Oqayo çayı vadisində fransız və ingilis kolonistləri arasındakı toqquşma oynadı. İlk əvvəllərdə məskunların özləri öz maraqları uğrunda vuruşurdular. Lakin 1756-cı ilin yazında müharibənin rəsmi qaydada elan olunmasından sonra münaqişəyə hər iki metropoliyanın qüvvələri cəlb olundu. Fransa da, Böyük Britaniya da özlərinə müttəfiqlər axtarırdılar. Fransa Avstriya ilə müttəfiqlik müqaviləsi bağladı. Avropada tam yeni siyasi qruplaşma meydana gəldi. Prussiya kralı Fransanın tələbini yerinə yetirməkdən imtina edib, Böyük Britaniya ilə şəxsi uniyada olan Hannoverə qarşı çıxış etmədikdə, Berlinlə Paris arasında o vaxta qədər dostcasına olan münasibətlər xeyli dərəcələ pisləşdi. Prussiya ilə Britaniya kralı III Corc arasındakı razılığa görə Hannover neytral tərəf kimi tanındı. Prussiya kralı II Fridrix Böyük Britaniya ilə münasibətlərin dəyişilməsindən Avstriyanın izolyasiya edilməsinə və Rusiyanın Böyük Britaniyaya hüsn-rəğbətini qazanmağa bel bağlayırdı. Ancaq Fransa Avstriya ilə müttəfiqlik müqaviləsi bağladığına görə, axırıncıya Rusiya da yaxınlaşmışdı, II Fridrixin manevri əslində əks təsirə malik oldu. Bu, Prussiyaya qarşı yönələn fransız-rus-Avstriya koalisiyasının yaranmasını sürətləndirdi.

Müharibənin gedişində ingilis generalı Robert Klayv 1757-ci ildəki Plessi yaxınlığındakı döyüşdə Böyük Moğolun Benqaliya valisi üzərində qələbə çaldı. İngilislər bu vaxtadək Benqaliyaya və digər torpaqlara sahib olmuşdular.

İngilislər öz Ost-İndia kompaniyalarının əldə etdikləri ərazilərdə bütün fransız ticarət nümayəndələrinin idarə olunmasını öz əllərinə keçirdiyinə görə, fransızları Hindistandan sıxışdırıb çıxarmağı bacardılar. Hindistanı öz müstəmləkəsinə çevirmək barədə Fransanın planları alt-üst oldu. İngilislərin Plessi yaxınlığındakı qələbəsinə hind döyüşçüləri də öz töhfələrini vermişdilər. Vali Sirac-ud-Daul əsir götürüldü və ingilislər tərəfinə keçmiş hindlilərin komandanına təhvil verildi, o da öz növbəsində onu edam etməyi əmr etdi. Komandan Mir Məhəmməd Cəfər vali olduqdan sonra, Kəlküttədən cənuba olan torpaqları Ost-İndia kompaniyasına verdi.

Yeddiillik müharibə 1763-cü ildə Paris sülh müqaviləsi ilə başa çatdı. Sülhün bağlanması Böyük Britaniyanın və Prussiyanın qələbəsi və Fransanın müstəmləkə ağalığının sonu demək idi. Böyük Britaniya Fransadan Kanadanı, Şərqi Luiziananın və Hindistandakı torpaqlarının çox hissəsini aldı. İspaniyadan isə Floridanı özünə götürdü. Prussiya Sileziya ərazisinin ona məxsus olmasını möhkəmləndirdi. Mərkəzi Avropada 1756-cı ilə qədər olan vəziyyət bərpa olundu.

Bir sıra ağır məğlubiyyətlərdən sonra Prussiya kralı II Fridrix müharibənin beşinci ilində rus-Avstriya qüvvələrinin üstünlüyünə baxmayaraq, strateji təşəbbüsü ələ keçirdi. 1761-1762-ci illərin qışında müttəfiqlik münasibətlərində dəyişikliklər baş verdi. Böyük Britaniyada kral II Corcun vəfatından sonra antifransız siyasətinin aparıcı fiquru olan Böyük Uilyam Pitt 1761-ci ildə xarici işlər naziri vəzifəsindən istefa verdi. Britaniya hökuməti Mərkəzi Avropada sülh bağlamaq yollarını aramağa məcbur oldu. Rusiya imperatriçəsi Yelizaveta Petrovnanın ölümü Prussiyanın vəziyyətini yüngülləşdirdi, çünki yeni imperator, almanofil və Böyük Fridrixin pərəstişkarı olan III Pyotr Avstriya ilə müttəfiqlik münasibətlərini pozdu, Prussiyaya qarşı hərbi əməliyyatları dayandırdı və Prussiya kralı ilə sülh bağladı. III Pyotr devrildikdən sonra Rusiya öz neytrallığını elan etdi. Fransa Kanadadakı və Hindistandakı, demək olar ki, bütün müstəmləkə torpaqlarını itirdikdən sonra 1762-ci ildə Fontenbloda Böyük Britaniya ilə qabaqlayıcı sülh bağladı. Prussiya isə özünün Avropa dövləti vəziyyətini möhkəmləndirdi.

(Ardı var)

 

 





28.08.2017    çap et  çap et