525.Az

Dövlətin əzablı doğuluşu - Azərbaycan Cümhuriyyəti - 100


 

Dövlətin əzablı doğuluşu -<b style="color:red"> Azərbaycan Cümhuriyyəti - 100</b>

Qorxulu 1918-ci ildə əvvəlcə mart qırğını zamanı Stepan Şaumyanın daşnakları, sonra isə ermənipərəst Sentrokaspi diktaturası tərəfindən iki dəfə həbsə atılan, aylar boyu həyatı hər an tükdən asılı olan Əlimərdan bəy Topçubaşov yalnız həmin il avqustun əvvəllərində, müstəqillik elanının üçüncü ayında böyük təhlükələri adladaraq Azərbaycan Cümhuriyyətinin müvəqqəti paytaxtı Gəncəyə gələ bilmişdi.

Əqidə dostları onun taleyindən tam xəbərsiz qaldıqlarından (hətta sağ olub-olmadığı da bilinmirdi) 1918-ci il iyunun 17-də formalaşdırılan ikinci hökumət kabinəsində Əlimərdan bəyə sadəcə portfelsiz nazir vəzifəsi ayırmışdılar. Lakin mənəvi nüfuzu, biliyi, təcrübəsi, milli ideyaya tükənməz sədaqəti ilə daha yüksəkdə dayanması heç kimə sirr deyildi. Ona görə də baş nazir Fətəli xan Xoyski 1918-ci ildə bir neçə günlüyə Gəncəni tərk  edib cəbhə xəttinə gedəndə baş nazir və xarici işlər nazirinin səlahiyyətlərini həyata keçirmək bir başqasına deyil, məhz Əlimərdan bəy Topçubaşova həvalə edilmişdi.

Avqustun 23-də isə Nazirlər Şurasının qərarı ilə Azərbaycan Cümhuriyyətinin Fövqəladə və Səlahiyyətli naziri kimi “bütün məsələlər üzrə danışıqlar aparmaq” üçün İstanbula göndərilmişdi. Ona verilən səlahiyyətli nazir statusu və mandatı bir sıra Mərkəzi və Qərbi Avropa dövlətlərində, Osmanlı imperatorluğunda, Gürcüstanda və Ermənistanda Azərbaycan Resublikasını təmsil etməyə tam hüquqi əsas yaradırdı.

Puşkin Lomonosov haqqında yazırdı ki, o, təkcə ilk rus universitetini qurmayıb, özü də rus xalqı üçün bütöv bir universitet olub. Əlimərdan bəy də yeni milli dövlətin xarici işlər naziri vəzifəsini cəmisi bir neçə günlüyünə tutsa da, özünün sonrakı fəliyyəti ilə ən müxtəlif istiqamətlərdə bütöv xarici işlər nazirliyinin funksiyalarını bacarıqla yerinə yetirib. 1918-1920-ci illərdə Azərbaycan Cümhuriyyətinin xarici siyasəti ilə bağlı bütün məsələlərdə açar-sima kimi çıxış edib, Versal sülh konfransında Azərbaycan nümayəndə heyətinin başçısı kimi gənc dövlətin de-fakto tanınmasına nail olub. Həyatının sonuna - 1934-cü ilə qədər bütün məhrumiyyətlərə, xəstmühacirət daxili çəkişmələrə baxmayaraq, millətinin sözçüsü  rolunda çıxış edib.

Aşağıda təqdim etdiyim sənədlər, təbii ki, Cümhuriyyət dövrünün tədqiqatçılarına yaxşı tanışdır. Azərbaycan diplomatiyasının, xarici siyasətinin tarixinə dair əsərlərdə, Ə.Topçubaşova dair tədqiqatlarda onlara dəfələrlə istinad edilib. Amma ana dilimizə ilk dəfədir ki, tərcümə olunurlar.

1918-ci ilin dekabrında baş nazir Fətəli xan Xoyski Azərbaycan Cümhuriyyəti Parlamentinin təntənəli açılış iclasında acı-acı şikayətlənirdi ki, Allah rus dövlətinin evini yıxsın, tifaqını dağıtsın, bizi ana dilimizdə təhsil almağa, ana dilində danışmağa qoymadı. Əlimərdan bəy də gimnaziya və universitet təhsilini rus dilində almışdı, fikirlərini rusca daha səlis və dolğun ifadə edirdi. Ona görə də istər İstanbuldan, istərsə də Parisdən hökumətlə bütün məktub və sənədləri bu dildə göndərmişdi.

Fikrimcə, müxtəlif kağız parçalarında, tələsik yazılmış  bu qeydlər təkcə görülən işlər haqqında hesabat, görülməli olanlar barədə xatırlatma deyil, həm də dövlətin və dövlətçiliyin əzablı doğuluş tarixinin bir parçasıdır. Təkcə bayrağı yox, dövlətlə bağlı bütün atributları yoxdan yaratmaq lazım gəlirdi. Heç bir təmənna güdmədən o günlərdə yəqin ki, çoxlarına Sizif əməyi kimi görünən son dərəcə ağır və məsuliyyətli yükün altına girən adamların millət sevgisi, vətən məhəbbəti qarşısında baş əymək lazımdır.

Əlimərdan bəy Topçubaşovun baş nazir Fətəli xan Xoyskiyə göndərdiyi məktubları - XX əsr Azərbaycan diplomatiyasının ilk, amma mükəmməl sənədlərin rus dilindən tərcümədə oxuculara təqdim edirəm.

Budapeşt, iyul-avqust, 2017 

Azərbaycan Cümhuriyyətinin Fövqəladə və Səlahiyyətli naziri Əlimərdan bəy Topçubaşovun baş nazir Fətəli xan Xoyskiyə məktubları 

Ə.Topçubaşovun Fətəli xan Xoyskiyə məktubu

22 oktyabr 1918-ci il
İstanbul 

Çox hörmətli Fətəli xan!

Yalnız dünən məlum oldu ki, bizim mürəxxəslər (səlahiyyətli şəxslər -V.Q.) və missiya üzvləri üçün gəmi kirayə olunub.  Bu gün saat 3-də yola düşür. Doğrudur, belə bir şey gözlənilirdi, lakin gəminin nə zaman yola düşəcəyinin bilinməməsi, ümumən buradakı bütün işlərin və vəziyyətin qeyri-müəyyənliyi səfər vaxtını birdən-birə ortaya çıxardı. Bir sıra  məsələlərlə bağlı geniş sənəd üzərində işləsəm də, qısa məlumatla kifayətlənməli oldum. Dediyim sənədi bir həftədən sonra, bizim Xəlil bəy qayıdanda göndərməyə çalışaram. Aydın məsələdir ki,  növbəti gəminin yola düşməsi ilə bağlı ənənəvi süründürməçilik olmasa!  

İndiki məktubla birlikdə sentyabrın 30-da, bura gələndən iki gün sonra yazdığım kiçik bir kağızı da göndərirəm. Məktub onda yazılmışdı, çünki tezliklə azərbaycanlılardan bəzilərinin vətənə qayıdacaqları gözlənilirdi. O vaxtdan bəri gəmi olmayıb, məktub da göndərməli  olduğu digər sənədlərlə birlikdə Rəsulzadənin qovluğunda qalıb. Təəssüratların ardıcıllığı üçün açıb təzədən hansısa düzəlişlər etmək istəmirəm. Yadımdadır ki, orada bizim nümayəndə heyəti ilə bağlı məsələyə toxunmuşdum. Bu barədə sizə indi də ətraflı yazmaq  istəyirdim, amma fikrimi dəyişdim: özü  haqda qoy, heyət özü danışsın. İstərdim ki, hərbi və maliyyə heyətlərimiz də eyni cür hərəkət eləsinlər. Onların, xüsusən də Xəlil bəyin deyəcəklərinə əlavə kimi sonra özüm də fikirlərimi Sizinlə bölüşərəm. Hələlik isə işlərinin nəticələrinə toxunmadan  deyə bilərəm ki, bu adamların az qala  hamısı  özlərinə Azərbaycanın bütün səlahiyyətlərə malik nümayəndələri kimi baxır və buna uyğun şəkildə siyasi təmsilçilik də daxil,  bütün rollarda çıxış etməyə çalışırdılar. Bu isə bir tərəfdən yerli hakimiyyəti çətin vəziyyətdə qoyurdu, digər tərəfdən (və ən pisi!) isə Azərbaycan nümayəndəliyinin yöndəmsiz, başı-ayağı bilinməyən tərzdə təqdiminə imkan yaradırdı.

Bir çox şəxslərin eyni vaxtda söz sahibliyinə iddia etməsi, söylənilən fikirlərin, aşılanan mövqelərin  əksəriyyətinin bir-biri ilə üst-üstə düşməməsi nəticəsində nümayəndə heyətimiz kaleydekopik, sistemsiz, nə istədiyini özü də  bilməyən, tamamilə qeyri-müəyyən yığnağa çevrilmişdi. Vahid mərkəzin və rəhbərin olmaması  konkret fəaliyyətdə qarmaqarışıqlığa gətirib çıxarırdı. Bu isə təbii ki, nümayəndə heyətinin müəyyən nüfuz qazanmasına və qoruyub saxlamasına heç vəchlə kömək etmirdi.Təkcə onu demək kifayətdir ki, mənim səhnədə görünməyim istər-istəməz yerli hakimiyyət sahiblərini və ictimai xadimləri çətin vəziyyətdə qoymuşdu. Onların sifətindən açıq-aşkar oxunurdu: “Daha bir Azərbaycan nümayəndəsi... Nə qədər olar?” Doğrudan da, bizim nə qədər nümayəndəmiz var? Və təbii ki, fövqəladə səlahiyyətlərlə bu ölkəyə göndərilmiş şəxs kimi məndən təmsilçiliyimizi hər kəsin nəzərində normal görünən məcraya qaytarmaq  üçün çox iş görmək tələb olunur və tələb olunacaq. Bacaracağammı-deyə bilmərəm. Ona görə belə cavab verirəm ki, İstanbula gəlişim işin tərsliyindən ümumən siyasi həyatda və xüsusən də Türkiyə siyasətində ciddi dönüşlə eyni vaxta təsadüf etdi. Sizə açıq deməliyəm: indi artıq tam başqa situasiya, önümüzdəki isə tam fərqli Türkiyədir. Düzünü desəm, elə əvvəlki Türkiyədir, amma qorxunc təhlükə qarşısında başını itirib, nə edəcəyini bilmir.

Gələndən 3-4 gün sonra indi artıq keçmiş sayılan nazirlərlə - sədrəzəm Tələt paşa, xarici işlər naziri Əhməd Nəsimi bəy, Ənvər paşa (hərbi nazir), Xəlil bəylə görüşmüşəm. Hamısı ilə  danışıqlarım ətraflı şəkildə yazıya alınıb. Vəziyyətin xoşagəlməz şəkildə dəyişməyə başladığı hələ o vaxt aydın görünürdü. Tələt və Ənvər paşa hökumətlərinin süqutu bunu əyani surətdə göstərdi.  Sonra isə iki həftədən çox sürən hökumət böhranı və köhnə diplomat Tofiq paşanın yeni kabinə qurmaqdan boyun qaçırması vəziyyətin necə təhlükəli olduğunu ortaya qoydu. Dünən yanında olduğum yeni sədrəzəm İzzət paşa da bunu təsdiq etdi. Bir-biri ilə əlaqəli götürüldükdə, təbii ki, baş verən hadisələrdən yaxşı heç bir şey gözləmək mümkün deyil, ona görə hətta geri qayıtmaq söhbəti ortaya çıxdı. İşlərin fənalığı haqda Ənvər paşaya istinadən Əhməd bəy Ağayev də danışdı. Yeri gəlmişkən, indi Fərrux bəy Vəzirovla birlikdə yenə Azərbaycana qayıdır. Lakin Ənvər paşa ilə ikinci  görüşdən sonra geri dönmək məsələsini gündəmdən çıxardım.
 
Təxminən eyni vaxtda başqa bir məsələ - neytral dövlətə göndərmək üçün nümayəndə heyəti formalaşdırmaq işi ilə məşğul olmağa başladım. Bu, çox uzun məsələdir və təfərrüatlar barəsində indi Sizə yazmaq imkanında deyiləm.Yalnız onu deyə bilərəm ki, ən müxtəlif kombinasiyalar qurulurdu. Çünki heyət üzvlərinin hamısı başqa ölkəyə getmək təklifindən boyun qaçırdılar, işi mənim təkbaşına görməyimi istədilər. Əvvəlcə getməyə qərar verdim, lakin buradakı kabinet dəyişikliyi və müxtəlif xarakterli siyasi problemlər məni özümün getməyimlə bağlı fikirdən daşındırdı. Həm də etiraf etməliyəm ki, belə təbliğati işlər üçün o qədər də uyğun deyiləm. Bu, səhhətim, ən əsası isə xarici dillərdə mükəmməl biliyimin olmaması ilə bağlıdır. Həm də indiki vaxtda İstanbulu tamamilə təmsilçiliksiz qoymağı düzgün saymırdım və indi də saymıram. Lakin yenə də birbaşa vəzifə borcumun icrası ilə bağlı imkan yaranacağı təqdirdə getməyə qərar vermişəm. Hələlik isə Əli bəy Hüseynzadə ilə Səlim bəy Behbudov (başqa adam tapa bilmədiyimizdən) gedirlər. Eyni zamanda, siyasi iqtisad və beynəlxalq hüquq professoru Zeyti bəy də dəvət olunub. Ənvər paşanın hərbi nazirlik yanında yaratdığı Şərq şöbəsi təbliğat işləri üçün həyata keçirilən bu səfərə böyük əhəmiyyət verir. Hətta adıçəkilən şəxslərə dövlət xəzinəsindən lazımi məsrəflər üçün pul da ayrılıb. Lakin həmin pullar məndə olan 25 min lirədən türk tərəfinə qaytarılacaq.

Nəzərdə tutulan səfərlə bağlı Sizə ətraflı yazaram. Amma mənə elə gəlir ki, qüvvələri səciyyə və xarakterinə görə daha çox fayda gətirə biləcək yerə sərf etmək məqsədəuyğundur. Bu baxımdan təbliğat işi üçün, ümumiyyətlə xarici təmsilçiliklərimiz üçün (həm də səyyar deyil, daimi) yeni adamlar tapmaq lazımdır. Mən burada, Berlin və Vyanada üzərimə düşən vəzifələri yerinə yetirəcəyəm. Lakin indi qarşımızda sülh konqresinə hazırlıqla bağlı mühüm işlər dayanır. Ora göndərmək üçün adamlar, çoxlu, həm də əhatəli materiallar lazımdır. Əlimin altında heç nə yoxdur. Əgər bolşeviklər kitabxanamı, sandıq dolusu materiallarımı məhv etməsəydilər, onların içində işimizə yarayan çox şey tapmaq olardı. Lazımi sənəd və materialları əldə etmək üçün az vaxta da olsa, Bakıya getməyimə ehtiyac var. Əlbəttə, buradakı işlərin imkan verdiyi təqdirdə! Təəssüf ki, vaxt yoxdur, yoxsa bəzi mülahizələrimi sizinlə bölüşərdim.

Erməni nümayəndə heyəti sədrinin məktubunun surətini göndərirəm. Hələlik ona rəsmi cavab verməmişəm, bildirmişəm ki, ümumiyyətlə qoşunların göndərilməsi və bunun hansı məqsədlə edilməsi haqda hökumətimizin mövqeyindən xəbərsizəm. Amma qoşun göndərilibsə, Azərbaycan hökumətinin buna haqqı var. Çünki Qarabağ... (burada bir söz oxunmur -Tərc.) keçmiş Yelizavetpol quberniyasının Şuşa, Cavad, Cəbrayıl, Zəngilan qəzaları Azərbaycanın tərkibinə daxildilər. İndi onlara xəbər verəcəyəm ki, məktubları Sizə göndərilib və cavab gözləyirəm. Camalyanın teleqramının məzmunu ilə bağlı mənə məlumat verin.

Heydər Bammatovun notası haqda Rəsulzadə danışacaq. Şəxsən özüm ona konfrans məsələsinə burada mənim tərəfimdən yerində baxılacağını deyəcəyəm.

Mənə qədər qərar çıxarılmışdı ki, sizə göndərilən 250 min lirədən 25 minini pulların çapı üçün saxlayım. Həmin məbləği S.Behbudovla Əsəd bəy Rüstəmbəyov mənə çatdırdılar. Üstündən Rüstəmbəyov 150 lirə, general Usubov 200 lirə, kapitan Kuquşev 150 lirə götürdülər. Alınmış qəbzlər surətləri ilə birlikdə əlavə olunur. Əgər həmin pulların verilməsini düzgün saymırsınızsa, o zaman aldıqları məbləği hökumətə qaytarmağa borcludurlar.

Mənimlə göndərilən 50 min rubl və 3 min lirəni Rəsulzadəyə çatdırdım. Onlar türk hökumətinə olan borclarını verə bilmirdilər. Məndə olan 25 min lirədən ödəyəcəyəm.

Ətraflı maliyyə hesabatı göndərəcəyəm.

Səfərin gözlənilməzliyi bütün işləri sahmana salmağa imkan vermədi. Bir saatdan sonra gəmi yola düşür. Xahiş edirəm, Xəlil bəyin gəlişini gözləyəsiniz və bütün məsələləri onunla müzakirə edəsiniz.

Hamıya, hamıya salam! Salamat qalın.

Sizin Ə.Topçubaşov

(Ardı gələn şənbə sayımızda)

 





28.08.2017    çap et  çap et