525.Az

Yarımkeçiricilər üçün uğursuz il


 

Yarımkeçiricilər üçün uğursuz il<b style="color:red"></b> IDC analitik şirkəti 2012-ci ildə yarımkeçiricilər bazarının inkişafının yekunlarına dair zəif nəticələrin yer aldığı hesabatı açıqlayıb.
 
525.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ötən ilin yekunlarına görə yarımkeçirici məhsul istehsalçılarının ümumi mədaxili 295 milyard dollar təşkil edib ki, bu da 2011-ci ildən 2,2 faiz azdır.
 
Hesabatda o da qeyd olunub ki, 2012-ci ilin birinci yarısında qənaətbəxş artım tempi nümayiş olunsa da, ilin ikinci yarısında fərdi kompüter və noutbuklara tələbatın kəskin azalması müşahidə edilib. Vəziyyətin pisləşməsinə səbəb tələbatın azalmasının özünü açıq-aydın büruzə verdiyi Avropada baş verən iqtisadi böhran olub. Bundan başqa, “Windows 8” əməliyyat sisteminin buraxılması və Çində elektron qurğulara istehlak tələbatının artmasının davam etməsi vəziyyətin yaxşılığa doğru dəyişməsinə təsir göstərməyib. Hazırda IDC nümayəndələri 2013-cü ildə yarımkeçiricilərin satış həcminin 2012-ci ilin yekunları ilə müqayisədə 3,5 faiz artacağını proqnozlaşdırırlar.
 
IDC sahə üzrə 120 nəhəng şirkət üzrə monitorinq aparır və onların 80 faizi 2012-ci il ərzində satışlarda müəyyən çətinliklərlə üzləşdiklərini bildiriblər. Açıq-aydın hiss olunur ki, “Samsung”, “Qualcomm”, “Nvidia”, “Apple” kimi mobil həll istehsalçıları itkilərlə daha az dərəcədə üzləşiblər. Lakin “Intel” və ya AMD kimi klassik çip istehsalçıları böhranı daha çox hiss ediblər. Bununla belə, IDC nümayəndələri qeyd edirlər ki, 2012-ci ilin nəticələrini tam mənfi adlandırmaq düzgün olmazdı. Bəzi şirkətlər, xüsusilə “Qualcomm” məhsul tədarükünü təxminən 34 faiz artıraraq 13,2 milyard dollara çatdırıb.
 





23.05.2013    çap et  çap et