525.Az

Dörd güllə ilə bitən sevgi


 

Dörd güllə ilə bitən sevgi<b style="color:red"></b>

Uşaq vaxtı ətrafımdakı dostlarımın vaxtından əvvəl böyümək istəklərinə baxıb təəccüb edərdim. Heç zaman böyüməyi, uşaqlığımdan qopmağı arzulamamışam. Cah-cəlallı, qayğısız illər olduğunu deyə bilmərəm, amma yenə də sevirdim onu.

Zaman isə biz deyəni demir, dayanıb bizi gözləmir, başını aşağı salıb eyni sürətlə yoluna davam edir. İstəyirsən öl, istəyirsən ağrı, acıdan qışqır, bağır, yerindəcə çabala, öz səsinə özün kar ol, o, yenə də kefini pozmadan yoluna davam edəcək. Və beləcə biz də böyüdük! Ancaq həyat bizi böyütməklə, qocaltmaqla kifayətlənmir, hər dəfə bir bəhanə ilə bizi uşaqlığımızın, ya da uşaqlığımızı bizim əlimizdən alır. Məsələn, ilk dəfə uşaqlıq illərimlə aramdakı o çat sevimli aktyorum, balacaların gülən üzü "Ələkbər əmi”nin, yəni, Ələkbər Hüseynovun ölümü ilə oldu. Sonralar uşaqlıq illərimin ən gözəl günlərinin, bayram sevinclərimin yaşandığı evimizin yanındakı Adil İsgəndərov adına Mədəniyyət Sarayının sökülməsi ilə bir az daha ayrıldım keçmişimdən. Universitetin son kursunda oxuyan böyük qız idim onda. Amma yenə də o sarayın yerlə bir olmuş halını görəndə elə bilmişdim daş-kəsəyin altında altı yaşlı mən qalmışam, boğuluram. İllər keçdikcə itkilər artdı, itkilər artdıqca bir az daha uzaqlaşdım, qopdum o illərdən. Halbuki heç istəməmişdim, arzulamamışdım...

Srağagün gecə isə əvvəlcə sosial şəbəkədə, sonra bütün internet portallarında oxuduğum bir xəbər məni həm sarsıtdı, həm də düşünməyimə səbəb oldu.

Uşaqlığımızın aktyoru və aparıcısı Vatan Şaşmaz dünən keçmiş "sevgilisi" Filiz Aker tərəfindən Beşiktaşdakı beşulduzlu "Conrad otel"də qətlə yetirilib. Qatil sonradan özünü də öldürüb.

Sevgili sözünü dırnaqda yazdım, niyəmi? Axı, bu, sevgi deyil, eşq isə heç deyil!

Nədir Sevgi?!

Təkcə "Sevirəm" kəlməsidirmi sevgi? Yox!!! Sevgi, yanaşı addımlarkən yanında Onun nəfəsini hiss etməkdir. Üzünə baxmadan nə istədiyini, ürəyində nələrin gizləndiyini görməkdir... Sevgi hər kəsdən qaçıb Onun sinəsinə sığınmaqdır. Bəzən "özünə yaxşı bax", bəzən "yeməyini vaxtında ye", bəzən "gecə çox oyaq qalma", bəzən "əynini qalın geyin" sözlərində gizlənər "sevirəm" kəlməsi. Kim də duymasa, sən duyarsan, sən hiss edərsən. Sevgi yalnız sevdiyini deyil, onun sevdiyi hər kəsi önəmsəməkdir. Sevgi özünün ən çətin anlarında belə sənin üzünü güldürmək üçün çabalayan O İnsandır!

Biz sevdiyimiz üzülməsin deyə içimiz qan ağlarkən gözümüzün yaşını ürəyimizə axıdıb Ona gülümsədiyimiz halda necə bir başqası "sevirəm" dediyi adamın canına qıyıb, adını da "eşq, sevgi", daha da nə bilim nə qoyar ki? Axı necə də, necə? Heç kim məni bunun sevgi olduğuna inandıra bilməz! Eşq "O, nəfəs alsın da, harda, kimlə yaşayır yaşasın" - deməyi bacarmaqdır! Eşq dünyanı onunla bərabərkən deyil, onun olduğu dünyanı sevə bilməkdir!

Yetər ki O üzülməsin deyərsən, bütün üzüntüləri içinə atıb Ona gülümsəyərsən..."Yox" - deməyi ağlına belə gətirməzsən, dilin daima "Hə"yə hazır olar... Bir anlıq gözlərinə baxmaqla bütün istəklərini anlayarsan... Ona baxmadan, Onu görmədən üzündəki ifadəni oxuyarsan...Yanındaykən belə darıxarsan, yoxluğunda nəfəsin kəsilər sanki... Səni sevib-sevməməsi umrunda belə olmaz, sənin sevgin Onundur çünki... Özünü unudarsan, duaların ancaq Ona aid olar... Qısqanarsan, yanarsan, alışarsan, ancaq bir tək gülüşü bütün hər şeyi unutdurar sənə...

Artıq iki gündür həm Türkiyə, həm də Azərbaycan mediasında bu cinayətin pərdə arxası, Vatanla Filizin keçmiş münasibətindəki qaranlıq məqamlar araşdırılır, ortaya cürbəcür iddialar atılır. Kimisi özündən 12 yaş böyük qadınla eşq macərası yaşayan Vatanı, kimisi isə qarşılıqsız sevgisini xəstəlik dərəcəsinə gətirib çıxaran Filizi qınayır. Başqa bir qrup isə keçmiş sevgili tərəfindən öldürülməyin romantik tərəflərini axtarıb, az qala bu ölümə həsəd də aparır.

Aktyor, aparıcı və yazar Vatan Şaşmaz Filiz Akerlə illər öncə eyni binada qonşu yaşayıb. Yeddi il öncə təsadüfən tanış olan cütlüyün arasında isti münasibət yaransa da, aşiq olan tərəf keçmiş maniken Filiz olur. Vatan isə aradakı yaş fərqinə görə həmişə bu əlaqəyə qarşı çıxır. Axı, Vatan Şaşmazın 43, Filiz Akerin isə 55 yaşı vardı.

2015-ci ilin 13 sentyabrında memar Yasemin Adalı ilə ailə quran məşhur aktyor, Filiz Akerlə bütün münasibətlərinə son qoysa da, görünür, qarşı tərəf bununla heç zaman razılaşmayıb. Hadisə zamanı Filizlə birgə oteldə olan bacısı qızı Dora Altınbaşak da mediaya açıqlamasında xalasının bu münasibəti özünə dərd etdiyini, heç cür bu sevgidən dönmədiyini, hətta "platonik aşk" yaşadığını da qeyd edib. Bu münasibətdə Vatanın heç bir günahı olmadığını qeyd edən Dora xalasından daha da çox ona üzüldüyünü açıqlayıb. Həm də mərhum aktyor beş ay sonra ilk övladını qucağına alacaqmış. Qismət olmadı... Maraqlıdır ki, bir müddət öncə məşhur iş adamına ərə gedən Filiz Aker yenə də Vatandan əl çəkmək istəməyib. Adına sevgimi deməliyik bunun, yoxsa xəstəlikmi? Hələ də aydınlaşdıra bilməmişəm.

Sonrakı araşdırmalardan o da məlum olub ki, ərə getdikdən sonra Dubayda, sonra isə Amerikada məskunlaşan Filiz Aker uzun müddət psixoloji gərginlik, depressiya yaşayıb, hətta iki dəfə intihara cəhd də edib. Bir ay öncə isə yenidən Türkiyəyə qayıdıb.

Bu faciə həm Türkiyə, həm Azərbaycan, həm də bütün dünyaya yönəlmiş SOS siqnalıdır. Təəssüflər olsun ki, insanımız nə sevməyi, nə dost olmağı, nə də mədəni şəkildə ayrılmağı bacarır. Günümüzdə boşandığı əri, ayrıldığı sevgilisi tərəfindən öldürülən qadınlarımız azdırmı? "Ya mənimsən, ya da qara torpağın" kimi vəhşi, dar düşüncə hələ də çox insanın beyninin mərkəzində "yaşayır", "bəslənir". Səni sevməyən insan üçün özünü, ailəni, səni sevənləri üzməyə, incitməyə dəyərmi?!

Məşhur filmdə də deyildiyi kimi, sevgi həm də fədakarlıq deyilmidir?! Elə sevginin, sevdiyinin xətrinə zamanı gələndə onun özündən də vaz keçməyi bacarmaq ən böyük eşqdir, fikrimcə. Təəssüf, min dəfə, milyon dəfə təəssüf ki, hələ də bunu anlamayan, ya da anlamamaqda israr edən toplumla qarşı-qarşıyayıq.

Bu nə cür eşqdir ki, sevdiyinə dörd güllə çaxıb, özünü də öldürməyə qədər gətirib çıxarır? Eşq deyil! Eşq bu qədər vəhşi ola bilməz! Adına eqo deyin, hirs deyin, hikkə deyin, qısqanclıq deyin, xəstəlik deyin, dəlilik deyin, şizofreniya deyin, nə istəsəniz deyin, amma sevginin, eşqin, məhəbbətin o təmiz adını bu və bu kimi cinayətlərlə yanaşı işlədib ləkələməyin!

Əgər sevməyi bacarmırsınızsa, bir zəhmət sevməyin, mənasız və ürək bulandıran eqolarınız üzündən həm özünüzün, həm də başqalarının həyatını zəhər etməyin!

Beləcə, uşaqlığımızın səmasından bir ulduz da söndü... Bir addım daha uzaqlaşdıq saflığımızdan. Bir böyük parçamızı da qoparıb atdılar bilinməzliyə.

Vatan Şaşmaz həmişə gülər üzü, şən, zarafatcıl xarakteri ilə tək mənim deyil, hər kəsin diqqətində olub. Hətta internetdə onun haqqında məlumat axtararkən gülmədiyi bircə şəklini tapa bilmədim. Hamısında o qədər xoşbəxtcə və ürəkdən gülür ki, insan bu gülüşə "ölüm", "cinayət", "güllə" sözlərini də yaraşdıra bilmir.

Qəribədir, Vatan Şaşmaz öldürüldüyü saatda televizorda rol aldığı və ona məşhurluq gətirən "Çocuklar duymasın" serialının yeni seriyası nümayiş olunurdu...

P.S. Nur içində yat, GÜLƏN ADAM! Səni heç unutmayacağıq!

 





29.08.2017    çap et  çap et