525.Az

Yerində və məqamında olan Aydın


 

Yerində və məqamında olan Aydın<b style="color:red"></b>

Bir az üzüaşağı,
bir az üzüyuxarı...
Yolları ayaqladım,
ömür oldu çıxarım...

Bizim Şabranda neçə il bundan qabaq bir kitab təqdimatı öncəsiydi. Üç nəfər, beş nəfər qrup halında - hər kəs bir qırağa çəkilib söhbətləşirdi. Yaradıcı insanların maraqlı görüşmələri olur. Həvəskarlar da onlara diqqətlə qulaq asmağı bacaranda, həqiqətən də, söz adamları bir başqa cür ürəklə və doğmalıqla fikir yürüdə bilirlər.

Aydın müəllim isə hamıdan kənarda durub qoltuğuna vurduğu qovluqda nə isə axtarırdı. Bir əlində də ki, məlum məsələ, siqareti tüstüləyirdi. Adama elə gəlirdi ki, Aydın müəllim o əlindəki siqareti görmür və yaxud hiss etmir, çünki sanardın ki, siqaretin közünün külü qovluqdakı yazıların üstünə səpiləcək, o ağ vərəqlərə az qala od düşəcəkdi. Hər bir yazarın daşıdığı əsərləri özü üçün nə qədər dəyərlidirsə, qovluqdakı yazılar da Aydın müəllim üçün o qədər əziz idi, amma son anda Aydın müəllim siqaretinin külünü kənara silkələyib təzədən sümürəndə anlayırdın ki, yox, Aydın müəllim nə lazımsa zamanında və vaxtında etməyi bacarır... Kənardan başqaları tərəfindən seyr ediləndə, bəzi insanlar var ki, bunu sezib duyuq düşərək özlərini sevilənlər sırasında hiss etdikləri üçün məmnun qalıb daha çox sevinirlər. Amma mənim yazımın qəhrəmanını kənardan nə qədər seyr etsən də, nə qədər "sevib-əzizləsən” də, yazdığı hekayələrinə baş vurub onu axtarsan da, bəzən tapmayıb darıxıb digər hekayəsinə keçsən də, tapandasa uşaq kimi sevinib qoluna girərək hardasa bir samovar çayına dəvət etsən də, eyni sadəlikdə və eyni səmimiyyətdə oxucusuna, onu kənardan "oxumağı" bacaran hər bir insana ürəkdolusu minnətdardır.

Onu deyirdim axı, bir kitab təqdimatı öncəsiydi, o zaman ədəbi mühitə təzə qaynayıb-qarışdığım vaxtlar idi, çoxunu bir elə yaxından tanımırdım, amma adlarını eşitdiklərim və əsərlərini oxuduqlarım vardı ki, onlardan da biri Aydın Tağıyev idi. İndi bu kitab təqdimatı öncəsi zamanımız vardı ki, dəvətlilərin içindən adını eşidib üzünü görmədiklərimizi görək və gördüyümüz gün də əsl yaddaqalan bir bayram təəssüratıyla yaddaşımıza həkk edək. Bəli, məkana çatanda üç nəfər, beş nəfər qruplaşmalardan ayrı duran bir Aydın müəllim idi, bir də mən idim. Qovluğundan, deyəsən, istədiyini tapıb rahat olan Aydın müəllim, yəqin ki, məni də tək durduğum üçün özünə oxşatdığından diqqətini çəkə bilmişdim. Qovluğunu şəstlə qoltuğuna vurub doğmasını görürmüş kimi adımı səsləndirdi. Nə gizlədim, şəkillərini kitablarından, ayrı-ayrı dərgilərdən gördüyüm yazıçımızın bu balaca qızcığazı tanıması, hətta adımı bu boyda şirinliklə çağırması məni qürurlandırdı. İrəli yeridim, əlimi sıxdı. Sıxdı və əlində saxladı... Barmaqları arıq olsa da, dəmir kəlbətin kimi güclü idi. Tez əlimi ovcundan çəkdim. Bunu hiss etmədi. Amma çox-çox sonra biləcəkdim ki, Aydın müəllim hər əli belə doğmalıqla və istiliklə sıxmır və ələlxüsus da o, bir əli tutdusa, onu heç zaman buraxmır!..

Boyca ondan hündür olduğum və hündürdaban ayaqqabı geyindiyim üçün Aydın müəllimin siması gözümün qabağında aydınca açılırdı. Baxışlarındakı qalaq-qalaq yarıyuxulu sətirlər, gözlərinin qarasında yığılıb qalan açılmayan gecələrin qaranlığı, çiyinlərini əzməyə və əyməyə çalışan, amma əzib əyə bilməyən qarımış dərdin ağır və "buzlaşmış heykəli", gözlərinin ağında isə üzüağlığı və alınaçıqlığıyla bərabər, ağ günlərə aparacaq ümidlərlə dolu günlərin müjdəcisi vardı... Gözlərinin ağına və qarasına toxunmadan, eləcə baxışlarında yığılıb qalmış yarıyuxulu sətirləri oyatmaq keçdi könlümdən. Bir saz havası, bir şeir ahəngi üstündə oyatmaq, oyatmaq, oyatmaq...

İnsanın içinə sinən bir sevdası olması çox gözəldir... Ömür boyu o sevdanı tutub addımlayırsan... Bu, bir yazar üçün böyük xoşbəxtlikdir!..

Çöhrəsi nə qədər kədərli olsa belə, hər bir əsərində bu xoşbəxtliyi görmək olurdu Aydın Tağıyevin. Hətta müharibədən qayıtmayan oğlunun yolunu səbirsizliklə gözləyən, hər dəfə obaya-elə bir əsgər gələndə onun da oğlu gələcək deyə "Ümid"lənən, amma hər dəfə də ümidi boşa çıxan Süsən nənəni qəhər boğanda da, "Alma oğurlayan divlər" sayağı hər səhər bağa gəlib adəti üzrə ağacdan almanın ən irisini, qırmızısını dərib arxa atan Bağbanın qapısına əli cibindəki pulunun üstündə olan, satılıq yaxşı alma axtaran oğlanı gördükdə xəyalları suya düşən bağban qızının için-için hönkürtüsündə də, "Albomdakı köhnə şəkil"lərə baxanda öz toy şəklində həyat yoldaşı özünü görmədikdə və yerində hansısa uzaq bir kitab təqdimatında avtoqraf verdiyi bir qızın şəkli olanda da, ağlamadığını dəqiq bilmək üçün əlini qupquru gözünə aparanda da ümidliydi müəllif...

Ümidliydi və çox güclüydü...

"O adam nə vaxt gələcək?" - deyib düşünən yolçunun yanında duran da sanki müəllifin özüdür, bu dünyaya gəlməmişdən axtardığını, nəhayət ki, tanımadığı bir adamın yanında durarkən əcəlində tapan həmin insana yoldaşlıq etməyə çalışan, əslində isə onu bu "darıxmaqdan" xilas etməyə çalışması da müəllifin gücüdür... Uşaqlarına son azuqə üçün, rəhmətlik anasından yadigar qalmış çini kasaları bazara çıxarmaq istəyən arvadına verdiyi "dərs"də də, o kasaları özünə pay kimi götürmək istəyən müdirinə  qarşı çıxardığı sifətdə də Rəhim müəllim kimi güclüdür, anlayışlıdır... Çox-çox əvvəllər "Cəngi" səsi dağı-dərəni başına götürəndə hər kənd toyunda meydan sulayıb nəmərini alan pəhləvan Cəlal kimi və eynən, cəbhədən qoltuq ağacına söykənib yavaş-yavaş kəndə tərəf gələn tək qıçlı əsgər pəhləvan Cəlal kimi güclüdür müəllif...

"Çiçəkli çölün sarı gülləri" hekayəsində oğlunun bir dişdəm aldığı almanı heç yeyib qurtarmamış ilan çalan cəsədini ağacın dibində görən Kazım kişi onun qəbrinin üstündə bir alma ağacı əkir. Hekayə belə başlayır. "Çiçəkli çölün sarı gülləri solmuşdu..." Bu bir sətri oxuyan kimi hər tərəf insanın gözündə artıq saralmağa başlayır. Və eyni təsir altında hekayə davam edir... Sarılıq insanın canına hopur, hopur... ta o vaxta qədər ki, Kazım kişi həmin ilandan oğlunun qisasını alır. Nəinki oğlunun, həmin bağa alma yeməyə gələn başqa uşaqların da...

Beləcə, yeri gələndə ötkəm və əsəbidir, yeri gələndə cəsarətli və uzaqgörəndir, həm də yeri gələndə də ürəyiyuxa və həlimdir bizim Aydın Tağıyev... Sözdən qənaətlə istifadə etmək bir yazıçı kimi onun bütün əsərlərində, eləcə də çıxışlarında da bunu görmək mümkündür... Bütün əsərləri insan taleyi ilə, yaşadığımız və gördüyümüz canlı həyat tabloları ilə doludur. Aydın müəllim üçün əsas amil insan obrazıdır. Onun qəhrəmanı həmişə haqlı və qalibdir. Onun qəhrəmanı amansız deyil, insaflı və başadüşəndir. Sevgi obrazı Aydın Tağıyevin hekayə və povestlərində açılmamış bir buta kimi sehrli və diqqətçəkəndir. Hətta, toxunulmazdır, deyərdim!.. Müəllif bir çox əsərlərində açmadığı hissləri bəzən bir sətirlə çılpaqlığıyla oxucuya çatdıra bilir. Bax, budur, əsl yazıçılıq!..  Bir insan hamının sevimlisi ola bilməz... Amma əsl yazıçı hamının sevimlisinə çevrilməyi bacarandır. Qələmlə aldıqları ilə damla-damla "böyüyən" və pillə-pillə ucalan bir Aydın var bizim Şabranımızda!.. Hamımızın sevinc və iftixar yeri, əli qələm tutandan Şabranı və onun ziyalılarını şabranlılara və bütün onu tanıyan və tanımayanlara təqdim edən əsl el təəssübkeşi, ədəbiyyat cəfakeşi...

Bəli, Aydın Tağıyev təkcə yazıçı deyildir, o, həm də çox dəyərli bir publisistdir ki, illərdir öz ömrünü yaşadığı torpağa həsr etməyi bacarmışdır. Bütün ağrı-acısıyla, problemləriylə bizə sadiq bir yaradıcı dostdur mənim Qəhrəmanım!.. Böyük şəhərlərə tez-tez yolçuluq edər və bu yolçuluqda da öz balaca şəhərini yazılarında "qucağında" daşımağı bilər... Necə deyərlər, böyüklə böyük, kiçiklə kiçik olmağı bacarar... Qəfəsə salınmış qartal necə azadlığa can atırsa, Aydın Tağıyev də öz əsərlərini işıq üzünə elə ciddi-cəhdlə çıxarar və buna can atar.

"Qartal dağ başında qartaldır!" Bir yazıçı da əsərləri ona uğur gətirdikcə yazıçıdır.

Rayonda Xaqani Poeziya ocağının araya-ərsəyə gəlməsiylə canlanan ədəbi cameə gələcəkdə neçə-neçə gözəl qələm sahibləri yetişdirəcəkdir. İllərdi özünə toplanmaq üçün bir yer tapa bilməyən Şabranda ədəbi mühit adamlarının əsl məbədgahına çevrilən bu ocaq neçə-neçə görkəmli söz adamlarını qarşılayıb yola salmışdır. Deyərdim ki, Aydın müəllim haqqında yazılmış ən dəyərli əsərlərdən biri və yəqin ki, elə birincisi yazıçı dostumuz Novruz Nəcəfoğlunun qələmə aldığı "Nağıl adam" avtobioqrafik romanıdır ki, həmin əsəri oxuduqca bu dünyanın ən saf və məsum adamını, ömrünün hər günü sətir-sətir nağıllaşan  AYDINı sevməmək mümkün deyil... İndi yaşının 65-ci ilində, 30-dan çox kitabın müəllifi olan Aydın müəllim yaradıcılığının ona bəxş etdiyi uğurları yaşamaqdadır...

Rayonumuzdakı ədəbi mühiti öz balası kimi sevən, qoruyan Aydın müəllim indi AYB-nin Şabran bölməsinin sədridir. Neçə illərdən sonra, nəhayət ki, layiq olduğu məqamındadır...

"Dünyanın düz olmayan bir vaxtında" düz qalmaq, dost qalmaq çox çətindir... Bu ağır yolda uğurların bol olsun, Aydın Tağıyev!

 





29.08.2017    çap et  çap et