525.Az

Azərbaycan mədəniyyətinin inkişafı davamlı dövlət dəstəyinin nəticəsidir


 

Azərbaycan mədəniyyətinin inkişafı davamlı dövlət dəstəyinin nəticəsidir<b style="color:red"></b>

Öz mədəniyyətini qoruyan dövlətlər həm hörmətə layiqdir, eyni zamanda, daha böyük uğurlar qazanır. Bax, biz o dövlətlərdənik. Bizim mədəniyyətimiz qürur mənbəyimizdir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar bütün sahələrdə olduğu kimi, mədəni həyatımızın  zənginləşməsinə də geniş imkanlar yaratmışdır.

 Ulu öndər Heydər Əliyevin uğurla həyata keçirdiyi mədəniyyət siyasəti bu gün mədəniyyətimizin hamisi Prezident İlham Əlyev tərəfindən davamlı olaraq həyata keçirilməkdədir. Ölkə rəhbəri hakimiyyətə gəldiyi ilk vaxtlardan milli mədəniyyətimizin inkişafı, təbliği və dünyaya inteqrasiyasına dövlət dəstəyi gücləndirilmiş, mədəniyyət  və incəsənətin əsas sahələrinin inkişafı ilə bağlı  dövlət proqramları böyük uğurla həyata keçirilmiş və bu gün də mədəni həyatımız zənginləşməkdə davam edir.

Mədəniyyət  sahəsində  fəaliyyət  göstərdiyimə  görə  Prezidentimizin diqqət  və  qayğısının   bu sahədə   fəaliyyət göstərən insanlar  tərəfindən  necə məmnunluqla  qarşılandığının  şahidiyəm.  Mədəniyyətin inkişafı, bu  sahədə  çalışanların sosial müdafiəsinin gücləndirilməsi, onların əməkhaqqlarının artırılması,  fəxri adların verilməsi ilə bağlı  cənab  Prezident  600-dən  çox  sərəncam imzalamışdır.  Mədəniyyət işçiləri Prezident  təqaüdü alır, mükafatlara layiq   görülür, mənzillə təmin olunurlar.

"Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası"nın qəbul edilməsi mədəniyyət sahəsində uğurlu inkişafa və nailiyyətlərə zəmin yaratmışdır. Son illər həyata keçirilmiş böyük investisiya proqramları çərçivəsində paytaxtda və regionlarda bir sıra mədəniyyət mərkəzləri, kitabxanalar, tarix-diyarşünaslıq muzeyləri, musiqi və incəsənət məktəbləri, teatr binaları, konsert-tamaşa salonları, rəsm qalereyaları tikilib istifadəyə verilmiş və onlar müasir tipli avadanlıqlarla təchiz olunmuşdur. Mədəniyyət müəssisələri yenidən qurulmuş,  milli-mədəni irsimizin  qorunması, tarixi abidələrimizin  bərpası, incəsənətin müxtəlif növlərinin  dünyaya inteqrasiyası sahəsində  əsaslı nailiyyətlər qazanılmışdır.  Prezident İlham Əliyevin sərəncamları ilə mədəniyyətin   bütün sahələri üzrə  qəbul olunmuş  dövlət proqramları   uğurla icra olunaraq bu sahənin inkişafına  güclü stimul yaratmışdır.

Cənab Prezidentin imzaladığı "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında" sərəncamı bütövlükdə mədəniyyət sahəsinin idarəolunması mexanizminin təkmilləşdirilməsi və mədəniyyət ocaqlarının idarə olunmasında və şəbəkələrin təkmilləşdirilməsi sahəsində əsaslı islahatların aparılmasına, mövcud imkanlardan və potensialdan daha səmərəli istifadəyə gözəl şərait yaranmışdır.

Elə bu yaxınlarda Preidentin "Azərbaycan Respublikasında mədəniyyət sahəsinin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamı mədəniyyətə dövlət qayğısının yeni nümunəsidir. Sərəncamda deyilir: "Son illər ərzində mədəniyyət sahəsində böyük investisiya proqramları həyata keçirilmiş, paytaxtda və regionlarda bir sıra mədəniyyət mərkəzləri, teatr binaları, konsert-tamaşa salonları, rəsm qalereyaları tikilib istifadəyə verilmiş, habelə mövcud obyektlərin müasir standartlara uyğun təmiri, maddi-texniki bazasının gücləndirilməsi, muzey fondlarının komplektləşdirilməsi və ekspozisiyaların zənginləşdirilməsi istiqamətində bir sıra işlər görülmüşdür".

Sərəncamda  qeyd olunduğu kimi , bu sahəyə dövlətin xüsusi qayğısının nəticəsidir ki, milli-mənəvi dəyərlərimizdən olan Novruz bayramı, muğam və aşıq sənətləri, eləcə də xalça sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Reprezentativ Siyahısına daxil edilmiş, ölkəmiz Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəyə üzv seçilmişdir. Bundan başqa, Azərbaycanın möhtəşəm abidələri  Qobustan Milli Tarixi-Bədii Qoruğu və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmişdir.

Mədəniyyətimizə  dövlət dəstəyinin güclənməsi  milli-mənəvi  dəyərlərimizin etibarlı mühafizəsinə və beynəlxalq miqyasda  təbliğinə  də əhəmiyyətli şərait yaratmışdır. Xarici ölkələrdə keçirilən mədəniyyət  tədbirlərində tez-tez iştirak edirəm. Qürurverici haldır ki,  bu ölkələrdə Azərbaycan mədəniyyətinə, mənəvi dəyərlərimizə maraq  sürətlə  artmaqdadır. Bu da  onun əlamətidir ki, bizim mədəniyyətimiz bəşəri ideyalardan  qaynaqlanır.

Həqiqətən, Azərbaycanın mədəni həyatında  bu gün  güclü canlanma var. Milli mədəniyyətimiz,  sözün  həqiqi mənasında,  beynəlxalq aləmdə tanınır və sevilir. Bu inkişafda Azərbaycanın Birinc vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti  Mehriban xanım Əliyevanın müstəsna xidmətlərini xüsusi vurğulamalıyıq. Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə əsası qoyulan "Muğam aləmi" Beynəlxalq Muğam Festivalı (2009), Qəbələ Beynəlxalq Musiqi Festivalı (2009), Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı (2010) artıq ənənəyə çevrilərək müasir mədəniyyət tariximizə yeni səhifələr yazmışdır. Həmçinin, Bakı Caz Festivalı, Beynəlxalq Rostropoviç Musiqi Festivalı, "İpək Yolu" Beynəlxalq Musiqi Festivalı, Qara Qarayev Müasir Musiqi Festivalı, Vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsi müxtəlif ölkələrdən tanınmış ifaçıları, kollektivləri bir araya gətirən, dünya musiqi xəritəsində Azərbaycanın adını tanıdan layihələrə çevrilmişdir. Mən tez-tez xarici ölkələrdə beynəlxalq kitab sərgi-yarmarkalarında oluram və burada Heydər Əliyev Fondunun nəşr etdiyi kitablara sərgi iştirakçılarının marağının və heyrətinin şahidi oluram. Bu kitablar  həm  qeyri-adi  bədii tərtibata malik olduğundən və  həm də Azərbaycan mədəniyyətinin zənginliyini və inkişaf səviyyəsini nümayiş etdirdiyindən sərgi iştirakçıları  böyük maraq və heyrətlə qarşılanırlar. Bu nəşrlərin hər birində Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın 1-ci vitse-prezidenti Mehriban  xanım Əliyevanın dəsti-xətti, mədəni dəyərlərimizə və mənəvi sərvətlərimizə qayğısı və böyük sevgisi, onların beynəlxalq aləmdə təbliğinə böyük diqqəti hər kəs tərəfindən aydın hiss olunur və dərk edilir.  

Son illər çalışdığım kitabxana işi  sahəsinə  də  dövlətimiz  tərəfindən  xüsusi qayğı və diqqət göstərilir. Bu sahədə  Prezident İlham Əliyev tərəfindən  2008-ci il   oktyabrın  6-da  imzalanan "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı" böyük tarixi əhəmiyyət kəsb edən bir sənəddir.  Bu, Azərbaycan kitabxana tarixində öz məzmunu, əhatə dairəsi, konkretliyi, kitabxana işinin məqsəd və vəzifələrini dürüst əks etdirən  mükəmməl bir proqram idi. Burada  kitabxanaların  ümumaçıq olmasını, inkişaf istiqaməti, maddi-texniki bazanın möhkəmlənməsi, kitabxana xidmətinin planauyğun elmi əsaslar üzərində qurulması, dövlət tərəfindən maliyyələşdirilməsi  məsələləri öz əksini tapmışdı.  Bu proqramın həyata  keçirilməsi ilə  ölkənin kitabxana-informasiya şəbəkəsi əsaslı  şəkildə yenilənmiş, kitabxanaların  informasiya  texnologiyalarından   istifadə etməsinə  geniş imkanlar yaradılmış, elektron kataloqlar, elektron kitabxanalar  yaradılmışdır. Azərbaycan Milli Kitabxanasının maddi-texniki bazası xeyli möhkəmləndirilmiş,  kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılmış, oxucuların kitabxanaya yazılışı, kitabların sifarişi və oxuculara verilişi də daxil olmaqla bütün xidmət prosesləri tam avtomatlaşdırılmış, virtual kitab sifarişi, virtual biblioqrafik xidmət, virtual metodik xidmət, lokal intranet şəbəkəsi və ondan istifadə zalları yaradılmışdır.

2013-cü ildə cənab Prezidentimizin imzaladığı "Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyinin keçirilməsi barədə" sərəncamına uyğun olaraq Azərbaycan Milli Kitabxanası dünyanın ən müasir tələblər səviyyəsində oxuculara  kitabxana-informasiya xidmətini həyata keçirən kitabxanaları səviyyəsinə qaldırılmışdır. 2013-cü ildə Milli Kitabxananın 90 illik yubileyi mərasimində iştirak etmək üçün Bakıya gələn dünyanın 60-a yaxın ölkəsinin milli kitabxanalarının direktorlarının cənab Prezident tərəfindən qəbul olunması, Milli Kitabxananın yubileyinin keçirilməsi barədə xüsusi sərəncamın imzalanması, kitabxanamızın 17 nəfər əməkdaşının orden və medallarla, fəxri adlarla təltif olunması barədə sərəncamlar verməsi milli sərvətlərimizin etibarlı saxlanc yeri, mənəviyyat və elm məbədi olan milli kitabxanamıza böyük qayğının və diqqətin bariz nümunəsidir. Bu gün kitabxanamız  dünyanın ən iri və zəngin milli kitabxanaları ilə  səmərəli əməkdaşlıq edir, Beynəlxalq  kitab mübadiləsi sahəsində  ölkəmizin  zəngin təcrübəsi vardır.

Mədəniyyət və Turizm Nazirliyi   mədəniyyət siyasətinin  həyata keçirilməsində əhəmiyyətli layihələr  reallaşdırır.  Cənab nazir  Əbülfəs Qarayevin  rəhbərliyi ilə  həyata keçirilən bu layihələr  milli mənəvi sərvətlərimizin mühafizəsinə, mədəniyyət sahəsinin idarəetmə strukturunun təkmilləşdirilməsinə, mədəniyyət müəssisələrinin  maddi-texniki  bazasının  möhkəmlənməsinə,  mədəniyyət  xidmətlərinin  müasir  dövrün tələblərinə uyğunlaşdırılmasına  ünvanlanmışdır. Bu gün tam əminliklə deyə bilərik ki, cənab  Prezidentin   mədəniyyətin inkişafı ilə  bağlı  son  sərəncamı   bu sahənin inkişafına  güclü stimul yaradacaq,  onun maddi-texniki bazası  daha da möhkəmlənəcək, Azərbaycanımız  sivil ölkələr srasında özünə  layiqli yer tutacaq.

 

 





31.08.2017    çap et  çap et