525.Az

Qazaxda 35-ci Vaqif poeziya günü


 

Qazaxda 35-ci Vaqif poeziya günü <b style="color:red"></b>

Azərbaycanın görkəmli şairi Molla Pənah Vaqifin poeziya günlərinin keçirilməsi artıq ənənə halını alıb. Hər il olduğu kimi, bu il də Qazax Rayon İcra Hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının birgə təşkilatçılığı ilə M.P.Vaqifin 35-ci poeziya günü keçirilib. Şairin adını daşıyan xatirə muzeyində təşkil olunan tədbirdə idarə, müəssisə, təşkilat rəhbərləri, təhsil və mədəniyyət işçiləri, rayon ağsaqqalları, şair və yazıçılar iştirak edib.

AZƏRTAC xəbər verir ki, muzeyin direktoru Məhruzə Hüseynova, bələdçisi Şamama Qocayeva tədbir iştirakçılarına M.P.Vaqifin həyat və yaradıcılığı haqqında danışdıqdan sonra muzeydəki eksponatlar barədə ətraflı məlumat veriblər.

AYB-in Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal bildirib ki, bu poeziya günü ulu öndər Heydər Əliyevin müvafiq sərəncamına əsasən hər il qeyd olunur.

Bildirilib ki, Prezident İlham Əliyev “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 12 yanvar 2017-ci il tarixli Sərəncam imzalayıb. M.P.Vaqifin adı, həmçinin UNESCO-nun “2016-2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilib, cari il TÜRKSOY təşkilatına üzv dövlətlərdə “Molla Pənah Vaqif ili” elan olunub. Bu münasibətlə il ərzində çoxsaylı tədbirlər keçirilib.

Diqqətə çatdırılıb ki, M.P.Vaqifin 300 illik yubileyi rayonda böyük təntənə ilə qeyd olunub, şairin doğulduğu Yuxarı Salahlı kəndindəki abidəsi əsaslı şəkildə bərpa edilib.

Sonra şairlərdən Səhlədar Hidayətoğlu, Zaməddin Ziyadoğlu, Ağstafada fəaliyyət göstərən Hüseyn Arif ədəbi məclisinin sədri Saqif Qaratorpaq, Tamella Poladlı, Bilal Qoca, Məzahir Yaqub, gənc şairlərdən Elnur Süleymanlı öz yeni şeirlərini oxuyublar.

Şairin şeirləri aşıqların ifasında səsləndirilib.

 





01.09.2017    çap et  çap et