525.Az

“Azərbaycanda milli siyasət burada yaşayan xalqların tam hüquq bərabərliyinə əsaslanır” (davamı)


 

“Azərbaycanda milli siyasət burada yaşayan xalqların tam hüquq bərabərliyinə əsaslanır”<b style="color:red"> (davamı)</b>

Müsahibimiz Mədəniyyət və İncəsənət Universitetinin sosial- siyasi elmlər kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor Əlikram Tağıyevdir. Söhbətimizin mövzusunu millətlərin yaranması, təşəkkül tapması və inkişafında müxtəlif ideologiyaların, dinin, diaspor və lobbinin rolu, milli birlik məsələləri, milli mentalitet və buna əsasən millətlərin təsnifatlaşdırılması, qloballaşma fonunda milliliyin, milli dəyərlərin qorunması, etnik münaqişələrin yaranma səbəbləri və problemdən çıxış yolları kimi məsələlər təşkil edir.

– Sizcə, milli mentalitetin inkişaf səviyyəsi özünü nədə büruzə verir?

–Milli mentalitetin inkişaf səviyyəsi özünü millətin ideya və baxışlarında, nəhayət onun milli ideologiyasında göstərir. Demokratik cəmiyyətlərdə fikir plüralizmi hakim olduğu üçün milli ideologiyaya ehtiyac olmur. Totalitar və avtoritar rejimlərdə, keçid dövrü şəraitində, başqa bir sıra hallarda dövlət tərəfindən dəstəklənən müəyyən bir ideoloji görüş (məsələn, doktrina şəklində və sair) ümummilli ideologiya kimi qəbul oluna bilər. Mentalitet öz tipologiyasına və quruluşuna görə orijinal təfəkkür qabiliyyətlərini ifadə edərək milli, sinfi, yüksək, aşağı, varlı, kasıb və digər qruplara bölünür. Bundan başqa mentalitet siyasi-ideoloji xarakter alıb liberal, demokratik, totalitar, proletar, inqilabi, əksinqilabi və sair formalar ala bilər. Mentalitet bu mənada siyasi şüur və siyasi mədəniyyətlə qırılmaz surətdə bağlı olur. Mentalitet, xüsusən milli mentalitet haqqında müxtəlif nöqteyi-nəzərlər mövcuddur. Əksər alimlərin fikrincə, milli mentalitet xarakterə nisbətən daha geniş anlayış olub onu da özündə ehtiva edir. Bəzilərinə görə isə (məsələn, Qumilyov) ümumiyyətlə, milli xarakter mifdən başqa bir şey deyil. Digərlərinə görə, milli xarakter dəyişkən xarakter daşıyır və cəmiyyətin dəyişilə biləcəyi səviyyədə dəyişilir. Milli xarakteri sosial hadisə hesab edirlər. Məsələn, Smirnov yazır ki, milli xarakter təbii və sosial başlanğıcların məhsuludur. Bütün hallarda milli xarakter milli mentalitetlə bağlı bir fenomen kimi meydana çıxır.

– Milli xarakterin, milli şüurun müəyyənləşmə prosesini necə izah etmək olar?

– Milli xarakterin xüsusiyyətləri içərisində aşağıdakılar xüsusilə seçilir: Milli xarakter milli özünüdərkin əsasında durur; Milli xarakter irsən, tərbiyə prosesində yaranır; Milli xarakter özünü kollektiv fəaliyyətdə, xüsusən milli-etnik proseslərdə göstərir. Milli (etnik) şüur problemi bir sıra rus və Avropa alimlərinin əsərlərində müxtəlif səviyyələrdə və müxtəlif motivlərdən öyrənilib. Rus mütəfəkkirlərindən Çaadayev, Bulqakov, Frank, Berdyayev, Potebnya, Afanasyev, Buslayev, Müller və başqaları rus milli xarakterindən, mentalitetindən bəhs edən xeyli əsərlər yazıblar. Milli xarakterin sosioloji əsaslarına Qərb alimləri Boduen de Kurtene, Levi-Laryül, Vund və başqaları böyük diqqət yetiriblər. “Sosioloji tədqiqatlar” jurnalı bu istiqamətdə mütəmadi məqalələr çap edir və diskussiyalar təşkil edir. Milli şüurun sosial başlanğıca malik olması haqda olan fikirlər də maraqlıdır. Bu fikirlər milli (etnik) şüurun sosial təbiətini açmaqla onu milli siyasi şüura lap yaxınlaşdırır.

– Dediklərinizdən belə anlaşılır ki, milli mentalitet – milli siyasi şüurun ilkin mərhələsi olmaqla milli xarakter, milli mənlik şüuru, milli psixologiya, milli qürur hissi, milli maraqlar, milli təhlükəsizlik problemləri və digər amillərlə bağlıdır?

– Bəli, məhz bu sadalanan amillərlə bağlıdır. Siyasət və milli mentalitet daim qarşılıqlı əlaqədə olan iki müstəqil fenomendir. Milli problemlər və münasibətlər, millətdaxili proseslər millətin özünə və başqalarına olan münasibəti və sair məsələlər istər-istəməz siyasi xarakter kəsb edir. Müasir müstəqillik hərəkatı və onun həyata keçirilməsi yolları millətin mentalitetindən çox asılıdır. Əgər millətin siyasi mədəniyyəti, siyasi şüur səviyyəsi, siyasi proseslərə reaksiya vermək qabiliyyəti yüksəkdirsə, o, azadlıq mübarizəsində minimum qüvvə sərf etməklə böyük uğurlar qazana bilər. Əksinə olan halda isə millət öz milli müstəqilliyinə nail olmaq üçün böyük bir əzablı yol və iztirablı anlar keçirməli olur. 1990-cı ilin qanlı yanvar hadisələri, erməni təcavüzü, hakimiyyət uğrunda mübarizə, klançılıq, qaçqınlıq, köçkünlük, işsizlik, sosial ehtiyaclar, siyasi həyatda təkrarlanan xaos və qanunsuzluq halları XX əsrin son rübündə Azərbaycan xalqının mentalitetinə ciddi zərbələr vurub. Bu problemlər siyasət və milli mentalitetin qarşılıqlı əlaqələrini öyrənməyi zəruri edir. Siyasət mentalitetə ikili təsir edə bilir: həm pozitiv, həm də neqativ. Bu siyasəti aparan qüvvələrin mentallıq səviyyəsindən asılıdır.

– Millətlərin mentalitetində ümumi cəhətlərlə yanaşı, fərqli cəhətlər də özünü göstərir yəqin?

– Bəli, dediklərim də sübut edir ki, dünya xalqlarında mentalitet nə qədər yaxın olsa da, onları fərqləndirən cəhətlər də var. İbtidai xalqların mentalitetini tədqiq edən fransız alimi Levi Laryül onu “primitiv mentalitet” adlandırır və sübut edir ki, ilk insanların düşüncə tərzilə müasir insanların düşüncə tərzləri prinsip etibarilə fərqlidir. O yazırdı: “Onlar başqa cür düşünməzlər. Məsələ təfəkkürün zəif inkişaf etməsində deyildi, prinsipdə idi”. Bu problemin tədqiqatçıları antik dövr, orta əsrlər və müasir dövr xalqlarının mentalitetindəki fərqləri ortaya çıxarmış, onların oxşar və fərqli cəhətlərini araşdırıblar. Məsələn, Yunq Amerika hindularını tədqiq edərək öz-özündən soruşurdu: “Qara adamda biz ağlar nə kimi hisslər doğururuq?” Özü də cavab verərək yazırdı: “Amerika hindu qəbilələrindən olan pueblo qəbiləsinin başçısı mənim dostumdur. Ağ adamlar haqqında söhbət gedərkən o mənə dedi: “Biz onları başa düşə bilmirik. Onların qeyri-adi sivri burunları, nazik dodaqları, üzlərinin qəribə cizgiləri var. Biz belə düşünürük ki, onların hamısı dəlidirlər”.

Antropoloq Frank Bole sübut edib ki, primitiv təfəkkür tərzilə müasir təfəkkür tərzi ayrı-ayrı şeylərdir. Pol Raden isə əksinə, belə hesab edir ki, onlar arasında elə bir əsaslı fərq yoxdur. Məhz ona görə Amerika hindularının dillərini tədqiq edərkən məlum olur ki, onlar abstrakt düşünməyə qadirdirlər.

Beylise görə, Afrika xalqlarının mentalitetinə xas olan əsas cəhət kooperasiyadır. Afrika xalqlarının dillərində olan simvollar bunu sübut edir. Şübhə yoxdur ki, xalqların malik olduqları müəyyən mentalitet onların yaşayış tərzlərinin, sosial-iqtisadi həyat şəraitinin, keçmiş olduqları tarixi inkişaf yolunun, daxili və xarici amillərin, təbii şəraiti və sair kimi bir qrup obyektiv və subyektiv amillərin təsiri altında formalaşıb.

– Qonşularımızdan rusların milli mentalitetində hansı cəhətlər özünü daha qabarıq göstərir?

– Rusların milli mentalitetindən danışan Losskin qeyd edirdi ki, rus milli xarakterinin əsasını dinə və çara bağlılıq təşkil edir. Rus xarakterinə həmçinin ehtiras, iradə, azadlıqsevərlik, anarxizmə meyl, xeyirxahlıq, əliaçıqlıq, messianizm, nihilizm, maksimalizm və sair kimi keyfiyyətlər də xasdır. Rus xarakterinin messianizm cəhətindən bəhs edən Rivkin qeyd edir ki, ruslar həmişə yeni-yeni ideyalar irəli sürürlər. Ancaq onun ziyanını həmişə qonşu xalqlar çəkməli olurlar. Akademik Lixaçev rus milli mentalitetində çatışmayan cəhətlər kimi onun irəli sürdüyü ideyaları ən qısa müddətdə gerçəkləşdirməyə tələsməsində görür. Onun fikrincə, məhz bu da tez-tez Rusiyanı təhlükəli vəziyyətə salır. Belə dəyişmələr, “yenidənqurmalar” Rusiyanı onun bütün tarixi boyu izləyib. Axırıncı min ildə belə yenidənqurmaların sayı artıq beşə çatıb: 1) Özünü Asiyalılıqdan çıxarıb Avropaya sığınmaq və xristianlığı qəbul etmək; 2) Feodal pərakəndəlikdən əl çəkib Moskva çarlığı ətrafında birləşməklə yenidən Asiya despotizminə üz çevirmək; 3) Pyotr islahatları ilə silahlanıb yenə də Asiyadan Avropaya  üz tutmaq; 4) Oktyabr inqilabını həyata keçirməklə təzədən Avropadan Asiyaya dönmək; 5) Yeni islahatlarla bir daha Qərb inkişaf modelini əsas götürmək.

Bu kimi dəyişikliklər hər dəfə köhnə quruluşun, mənəvi sərvətlərin, illərlə yığılıb toplanınış və qərarlaşmış qayda-qanunların, tarixi abidələrin sökülüb-dağıdılması və yerində yenilərinin yaradılması ilə nəticələnib.Bu da insanların alışdıqları köhnə həyat tərzinin yenisilə əvəz olunmasına səbəb olub. Lakin onlar nə qədər dəyişikliyə uğrasalar da, yeni adlar altında inkişaf etsələr də, rus mentaliteti əslində yaşayıb, yeni qaydalara uyğunlaşıb. Məhz bu xüsusiyyətlərinə görə Danilevski “Rusiya və Avropa” kitabında Rusiyanın həm Avropadan, həm də Asiyadan fərqli bir sivilizasiya yaratdığını, Avropa ilə Asiya arasında onların hər ikisinin xarakter xüsusiyyətlərini özündə cəmləşdirən yeni bir mədəniyyət nümunəsi meydana gətirdiyini iddia edib. Çaadayev isə rus milli mentalitetinin xüsusiyyətlərini belə ifadə edirdi: “Əvvəlcə vəhşi barbarlıq, sonra kobud nadanlıq, daha sonra amansız və təhqiramiz yadelli əsarəti – bütün bunlardır- sonralar milli hakimiyyətimizin ruhuna çevrilən gəncliyimizin kədərli tarixi... Biz o millətlər deyil və guya ona görə mövcuduq ki, həmişə dünyaya nə isə ibrət nümunəsi göstərsin. Bəs biz nə vaxt özümüzü bəşəriyyət içində görəcəyik? Və bunu əldə etmək üçün nə qədər əzablardan keçəcəyik”.

(Ardı var)

Sevinc MÜRVƏTQIZI

 





24.05.2013    çap et  çap et