525.Az

Zamanların mozaikası: hadisələr və şəxsiyyətlər


 

Zamanların mozaikası: <b style="color:red">hadisələr və şəxsiyyətlər</b>

(Əvvəli ötən şənbə sayımızda)

Birinci Dünya müharibəsi 4 il, İkinci Dünya müharibəsi isə 6 il sürmüşdür. Birinci Dünya müharibəsi 1914-cü ilin 1 avqustunda başlanmış, 1918-ci ilin 11 noyabrında (11.11.1918) başa çatmışdır.

1914-cü ilin 1 avqustunda Almaniya Rusiyaya müharibə elan etdi. Buna bir bəhanə kimi Avstriya-Macarıstan taxt-tacının varisi ers-hersoq Frants Ferdinandın Sarayevoda 28 iyunda serb mənşəli tələbə Qavrilo Printsip tərəfindən öldürülməsi istifadə edildi. Rusiya Serbiyanı, Almaniya isə Avstriya-Macarıstan imperiyasını müdafiə etdiyinə görə öz aralarında müharibəyə birinci başladılar. Sarayevodakı sui-qəsd Avropadakı siyasi tarazlığı partlatdı, iyun böhranı Birinci Dünya müharibəsinin başlanmasına gətirib çıxardı. O vaxtlar dünyanın böyük dövlətləri siyahısına Böyük Britaniya, Fransa, Almaniya imperiyası, Rusiya, həmçinin ABŞ və Yaponiya daxil idi. Bu dövlətlərin ümumdünya siyasi şəraitində ənənəvi siyasəti 1914-cü ilə ardıcıl olaraq iqtisadi və hərbi münaqişələrə aparan imperializmə çevrildi. Buna həm də bütün ölkələrin iştirak etdiyi və dövlət xəzinəsini boş qoyan sürətlə silahlanma əlavə olundu. Almanlarla britaniyalıların dəniz rəqabəti də əhəmiyyətli rol oynadı. Hərbi xərclər əksər böyük ölkələrdə xeyli artdı, Almaniyada bu artım 1,6 dəfəyə bərabər idi. Fransa isə 1870-1871-ci illərdəki müharibədəki məğlubiyyətinin qisasını almağı arzu edirdi. Rusiyanın arzusu isə Qara dəniz boğazları olan Bosfora və Dardanelə nəzarətə sahib olmaqla, Aralıq dənizinə çıxış əldə etmək idi. Avropanın hər yerində, xüsusən Almaniyada millətçilik təbliğatları xalq kütlələrinə böyük təsir göstərirdi. Mərkəzi Avropanın şərqində millətçi hərəkatlar özündə siyasi partlayış təhlükəsini gizlədirdi. Slavyan xalqlarının müstəqilliyə nail olmaq cəhdləri antislavyan siyasəti aparan Habsburqlar imperiyasının dağılması təhlükəsini törədirdi.

Sarayevo qətli barədə xəbər Avropadakı gərgin vəziyyəti mürəkkəbləşdirdi. Almaniya Fransa və Böyük Britaniyanın müttəfiqi olan Rusiyanın ona hücum etməsindən qorxurdu. Fransanın məqsədi isə Elzas və Lotaringiyanı geri almaqla yanaşı, ümumiyyətlə, Alman imperiyasını zəiflətmək idi. Rusiya da Avstriya-Macarıstan kimi Balkanlara nüfuz etmək niyyətini güdürdü və ers-hersoqun qətlindən sonra Serbiyanı əmin etmişdi ki, əgər Vyana hakimiyyətləri hansısa bir güc tədbirinə əl atsa, o, öz növbəsində sadə seyrçi kimi qalmayacaqdır. Böyük Britaniya ilkin mərhələdə ikimənalı mövqe tutdu, hadisələrin mümkün inkişafına həqiqi münasibətini dilə gətirmirdi. Avropa dövlətlərinin iki hərbi-siyasi ittifaqının maraqlarının köklü sürətdə fərqliliyi iyul böhranına gətirib çıxardı, bu isə Avropadan kənara çıxan Birinci Dünya müharibəsinin başlanması ilə nəticələndi.

Avstriya-Macarıstanla Serbiya arasındakı iyul böhranı ümumavropa böhranına çevrildi. Böhranın siyasi metodlarla nizamlanacağı ümidi öz yerini müharibənin labüdlüyü düşüncəsinə verdi. Almaniya və Avstriya-Macarıstan, Rusiya və Fransa, həmçinin münaqişəyə cəlb olunmuş digər Avropa dövlətləri militarizm coşqunluğunun təsiri altında idi. Berlində “vətənpərvər” nümayişçilər kütləsi müharibənin başlanması xəbərini nəğmələrlə qarşıladı. Peterburqda “vətənpərvərlər” alman səfirliyinə soxulub, onu dağıtdılar. Hər yeri hərbi psixoz bürümüşdü.

1914-cü ilin avqustunun sonunda Yaponiya Böyük Britaniyanın müttəfiqi kimi Almaniyaya müharibə elan etdi. Son onilliklərdə Yaponiya Şərqi Asiyada qüdrətli dövlətə çevrilmişdi. Xarici siyasətdə o, imperialist məqsədlər güdürdü, bunun üçün güclü ordu hesabına varlı olmaq istəyirdi və Qərb dövlətlərinin ekspansionizmindən dərs alırdı. Müharibəyə girməklə Yaponiya Çini öz vassalına çevirmək istəyirdi. İlk növbədə yaponların Çindəki Tsindao alman bazasını tutması ilə Yaponiyanın Sakit okean hövzəsində strateji mövqeləri xeyli gücləndi. Müharibənin gedişində Yaponiya öz xarici ticarət bazalarını genişləndirməyə müvəffəq oldu.

Böyük Britaniya, Fransa və Rusiyanı müttəfiq kimi birləşdirən Antanta qoşunları Afrikadakı alman müstəmləkə torpaqlarına uğurlu hücum etdilər. İngilis-fransız qoşunları alman müstəmləkəsi Toqonu blokadaya aldılar. Cənubi-qərbi Afrika Cənubi Afrika ittifaqının qoşunları tərəfindən işğal edildi. Lakin Şərqi Afrikada alman müstəmləkə qoşunları müharibənin sonuna qədər britaniyalılara və onların müttəfiqlərinə müqavimət göstərməkdə davam edirdilər.

Tsindaonu tutandan sonra Yaponiya Almaniyanın Sakit okean adalarındakı müstəmləkə torpaqlarını tutdu. Yeni Zelandiya və Avstraliya isə Samoa adasını və Yeni Qvineyanın almanlara məxsus olan hissələrini tutdular. Antanta ölkələrinin çoxsaylı müraciətlərinə baxmayaraq, Yaponiya Avropadakı hərbi əməliyyatlarda iştirakdan imtina etdi.

Almaniya öz hərbi donanmasını gücləndirmək üçün böyük xərc çəkmişdi. Lakin müharibənin birinci ilində açıq dənizdə Britaniya gəmiləri qələbə çalırdı. Almaniya isə ticarət gəmilərinə kreyserlərlə və sualtı qayıqlarla hücum etməkdə uğur qazanırdı. Lakin Şimal dənizindəki bir döyüşdə alman tərəfi üç kreyserini və torpedo esminetsini itirdikdən sonra həmin hövzədə hərbi əməliyyatlar xeyli az intensiv oldu. Alman komandanlığı isə minaların və sualtı qayıqların köməyilə Britaniya donanmasını darmadağın etmək istəyirdi. Bu strategiya öz faydasını verirdi. Bir sualtı qayıq Şimal dənizində üç Britaniya zirehli kreyserini batırmışdı.

Osmanlı imperiyası da Antantaya qarşı Qara dənizdə və Yaxın Şərqdə hərbi əməliyyatlara vüsət verdi. Türk hərbi gəmilərinin Qara dənizin rus limanlarını atəşə tutması Antanta üzvləri olan dövlətlərin İstanbuldakı hökumətə müharibə elan etməsi ilə nəticələndi. Osmanlı imperiyası müharibəyə Almaniyanın və Üçlük İttifaqının digər dövlətlərinin tərəfində olmaqla girişdi və türk hakimiyyətləri Rusiyanın əleyhinə öz köhnə qüdrətlərini bərpa edəcəklərinə ümid edirdilər. Alman gəmiləri Dardanelə çatıb, Osmanlı imperiyasının yeni müdafiə naziri Ənvər paşanın komandanlığı altına keçdilər.

Osmanlı imperiyasının Üçlük İttifaqı tərəfində müharibəyə girməsi Antanta ölkələri üçün, xüsusilə Böyük Britaniya üçün ciddi problemlər yaradırdı. Çünki türk qoşunlarının Misir və Süveyş  kanalı istiqamətində irəliləməsi Hindistandakı Britaniya müstəmləkə torpaqlarının təchizatını həyata keçirmək yollarına təhlükə törədirdi. Dardanelin bağlanması isə Qara dəniz yolları ilə Rusiyanı dəstəkləmək imkanını qeyri-mümkün etmişdi.  Rus donanması Qara dənizdə blokadaya alınmışdı, belə ki, Dardanel boğazı düşmənin əlində idi. Ancaq Rusiya da öz növbəsində Bosfor boğazını blokadaya alıb, alman gəmilərinə Qara dənizə girməyə imkan vermirdi.

İngilislər türklərə qarşı öz kəşfiyyatçılarından da uğurlu istifadə  edirdilər. Bu sahədə ingilis kəşfiyyatçısı Tomas Eduard Lourens xüsusilə fərqlənmiş, Yaxın Şərqdə Osmanlı imperiyası üçün həlli mümkün olmayan problemlər əmələ gətirmişdi. Lourens (o, Lourens Ərəbistanlı da adlanırdı) Məkkə hökmdarının və onun oğlunun etibarını qazanaraq,  Hicaz ərəb tayfasını 1916-cı ildə Türkiyəyə qarşı üsyana qaldırdı. Ərəblər 1917-ci ildə Akabanı tutdular. Hüseyn ibn Əli 2 noyabrda ərəb ərazilərinin kralı elan edilərək, paytaxtı Məkkə olmaqla müstəqil Hicaz krallığının yaradıldığını elan etdi.

Ərəb üsyanının bu təşkili Qahirədəki Britaniya Ərəb bürosunun işi idi. Büro isə kəşfiyyat idarəsi olan İntellicens servisin bir şöbəsi idi. Buradakı arxeoloq Lourens 1916-cı ildən isə artıq agent kimi xidmət edirdi. Yaxın Şərqdəki macəralarla dolu olan həyatını Lourens sonralar özünün “Müdrikliyin yeddi dayağı” kitabında təsvir etmişdi.

Birinci Dünya müharibəsində tarixdə ilk dəfə döyüşlərdə 1916-cı ildə tanklardan istifadə olundu. Britaniya tankları alman əsgərlərində qorxu və panika yaratdı. Sommedəki döyüş canlı qüvvənin istifadəsindən texnikanın tətbiqinə keçməklə əlamətdar oldu. Bu da Verden yaxınlığındakı döyüşdə hər iki tərəfdən böyük sayda insan qurbanı verilməsinə səbəb oldu. Tankların texniki çatışmazlıqlarına baxmayaraq, nəhəng psixoloji effekt yaradırdı. Böyük sürətlə hərəkət edən bu döyüş maşınları özünün təkcə xarici görünüşü ilə düşmən dəstələri arasında dəhşət toxumu səpirdi.

Müharibənin əvvəllərində vuruşan dövlətlər öz sərəncamlarında kifayət qədər hərbi əməliyyatlarda iştirak edə biləcək təyyarələrə malik deyildilər. Almaniya “Tseppelin” dirijabllarının istifadəsinə bel bağlayırdı. 1915-ci ildə onlar ilk dəfə Londona hava hücumu etdilər. Yalnız müharibənin üçüncü ilində ilk hərbi təyyarələr meydana gəldi.

1916-cı ilin sonunda ABŞ prezidenti Vudro Vilson vuruşan dövlətlərə sülh təşəbbüsü ilə müraciət etdi. Müraciətdə özünün hərbi məqsədlərini dəqiq qələmə almışdı. Üçlük İttifaqını dəstəkləyən ölkələr özlərinin cavabında həmin təklifi rədd etdilər. İlin sonuna bir gün qalmış Antanta ölkələri də Üçlük İttifaqına qoşulmuş dövlətlərin sülh təklifini qəti olaraq rədd etdilər.

1917-ci ilin aprelində Birləşmiş Ştatlar Almaniyaya, ilin sonunda isə Avstriya-Macarıstana müharibə elan etdi. Amerikanın müharibəyə qoşulması ilə üç il əvvəl Avropada başlanmış dünya hərbi münaqişəsinin miqyası genişləndi, Antantanın strateji mövqeləri yaxşılaşmışdı. Müharibənin lap başlanğıcından ABŞ rəsmi qaydada öz neytrallığını elan etmişdi, lakin Antanta ölkələrini, birinci növbədə Böyük Britaniya və Fransanı hərbi kreditlərlə və maliyyə köməkliyi ilə dəstəkləmişdi. Neytrallıq siyasətindən imtina edilməsi çoxlu faktorlarla bağlı idi. Ən mühüm səbəb Almaniyanın apardığı sualtı qayıqlar müharibəsi idi. ABŞ bu məsələyə görə dəfələrlə etirazlarla çıxış etmişdi, çünki sualtı qayıqların hücumu ABŞ vətəndaşları üçün də təhlükə törədirdi. 1915-ci ildə çox bahalı “Luzitaniya” paraxodu batırıldıqda, 650 nəfər sərnişin həlak olmuşdu. Sualtı müharibəni başlamaqla Almaniya öz sahillərindəki Britaniya dəniz blokadasını götürməyə cəhd edirdi. 1917-ci ilin əvvəlində Almaniya bir qədər fasilədən sonra yenidən sualtı müharibəsi elan etdikdə, ABŞ onunla diplomatik əlaqələri kəsdi, sonra isə ona müharibə elan etdi.

Xalq kütləsi əsasən müharibənin davam etməsindən narazı idi, çoxları güman edirdi ki, başlanan müharibə qısa müddət davam edəcəkdir. Lakin üç il sonra da müharibə davam edirdi. Buna görə də Fransada və Böyük Britaniyada hökumət dəyişiklikləri baş verdi. Böyük Britaniyada və Fransada siyasi hakimiyyət artıq mülki hökumətlərə məxsus idi. Almaniyada isə əksinə, hərbi dairələr - Baş komandanlığın nümayəndələri daha böyük nüfuz əldə etdilər.

Uzanan müharibə insanların həyatının bütün tərəflərinə təsir göstərirdi. Təchizatla şərait fəlakətli dərəcədə idi. Çörək və kartof çatışmırdı. Müharibə başlandıqdan iki il sonra ərzaq kartoçkalarını tətbiq etmək zərurəti yaranmışdı. “Əvvəlcə cəbhə, sonra isə - arxa” şüarının həyata keçirilməsinin nəticəsi kimi qida maddələrinin çatışmaması qiymətlərin qeyri-adi dərəcədə yüksəlməsinə səbəb olmuşdu. Bölgü sistemi təkcə ərzağa, kömürə deyil, hətta paltara da aid idi. Əhalinin böyük hissəsi ehtiyac və məhrumiyyətlər içərisində idi, qadınlar və yeniyetmələr istehsalatda kişiləri əvəz etməyə məcbur idilər. Həm Antanta ölkələrində, həm də alman-Avstriya bloku dövlətlərində məqsədyönlü hökumət təbliğatı hərbi uğurların yoxluğunu bütün çətinliklərə dözmək şüarları ilə tarazlaşdırmaq istəyirdi.

1918-ci ilin əvvəlindən Almaniyada və Avstriya-Macarıstanda baş verən çoxminli tətillərin iştirakçıları müharibəyə qarşı kəskin etirazlarını bildirdilər. Tətillər ərzaqla olan vəziyyətin daim pisləşməsindən, müharibə dövründə ərzağın artan yoxluğundan və Rusiya ilə sülh danışıqlarının uzadılmasından əmələ gəlmişdi. Almaniyada əsasən ağır sənaye müəssisələrində bir milyona qədər adam tətil edirdi. Hərbi hakimiyyət orqanları tətilçiləri hərbi məhkəmələrlə hədələdiklərindən,  tətil dayandırıldı.

(Ardı var)

 





02.09.2017    çap et  çap et