525.Az

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında


 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında<b style="color:red"></b>

Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da, şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş, bizlərə nəyi vəsiyyət etmişlər - oxuyaq, düşünək, bu günümüz üçün fəxr edək!

AZƏRBAYCAN HƏYAT VƏ MƏTBUATINDAN

Azərbaycan Sovet müəssisələrinin iflas və inhilalı. Sağ cərəyanə mənsub Azərbaycan kommunistlərinin fəaliyyəti. Çobanzadənin bir məktubu.

Azərbaycan Komunist firqəsinin iflası üzərinə iş başına keçən yeni heyət, firqə sıralarını təmizlədikdən sonra, şimdi də Azərbaycan qəza və şəhərlərində mövcud müəssisə və komisarlıqlarda təhqiq və təmizligə başlamışdır.
 
Müxtəlif komisarlıqlarda icra edilən təhqiq və təmizlik nəticələri bunların da tıpqı Şimaldan gələn şiddətli ruzigara dayanmıyaraq batan Azərbaycan Komunist firqəsi gəmisi kibi iflas və inhilal etmiş bir vəziyyətdə olduğunu göstərməkdədir. Bir çox mühüm komisarlıqları, o cümlədən, maliyyə komisarlığını tədqiq edən heyət sənələrdən bəri komisarlıq daxilində cərəyan edən üsulsuzluq və yolsuzluqlara şahid olmuşdur. Heyətin verdigi rapora görə maliyyə komisarlığının hər sənə toplana-toplana birikmiş 2.500.000 rublə açığı varmış. Vergi şöbəsi müdiri başda olmaq üzrə bütün məmurlar xüsusi dükan və ev sahiblərilə uyuşaraq onları vergidən azad etmiş və buna müqabil aldıqları parayı aralarında təqsim etmişlərdir. Bundan başqa, digər şöbə müdir və məmurları arasında bir çox saxtakarlıq, ixtilas, sərxoşluq, məmur qadınları zorlamaq və xüsusi tüccarları himayə etmək kibi hərəkətlər görülmüşdür. Heyətin raporunu tədqiq edən Azərbaycan Komunist firqəsinin mərkəzi kontrol komisyonu başda maliyyə komisarı Teymur Əliyev olmaq üzrə 5 kişidən ibarət olan bütün şöbə müdüri və bir çox məmurların firqədən və vəzifədən çıxarılmasını və bunlardan bir qaçının məhkəməyə verilməsini qərarə almışdır. Teymur Əliyev başlıca olaraq Sovet hökumətinin vergi siyasətinə müdhiş bir zərbə vurmaqla ittiham ediliyor. Sovet qəzetələrinə görə (“Zarya Vostoka”, № 200, 1/IX.29) Maliyyə Komisarlığının bu fəci aqibətində əsil ittiham ediləcək Azərbaycan Komunist firqəsinin sabiq heyətidir. Çünki məzkur heyət Maliyyə Komisarlığında cərəyan edən hadisələrə vaqif olduğu halda müxtəlif vasitələrlə o hər məsələdə olduğu kibi burada da məsələyi qapatmış və heç bir tədbir ittixaz etməmişdir.

Bundan başqa əmələ-köylü müfəttişligi və Səhiyyə Komisarlığı kibi digər müəssisələrdə yapılan təhqiqat yenə buna bənzər əlim nəticələr verməkdə və bir çox məsul məmurların təmizlik süzgəcindən keçirildiklərini göstərməkdədir.

lll

Sənələrdən bəri Komunist firqəsi daxilində mücadilə edən və əsasən ufaq burjua və mülkiyyət tərəfdarı olan “Sağ” cərəyan son zamanlarda Azərbaycanda buğda və sair hübubat toplanmasilə əlaqədar olaraq fəaliyyətlərini genişlətmişlərdir. Yalnız şəhər degil, bilxassə qəza və köylərdə mövcud Sovyet müəssisələrində hakim bir vəziyyətdə bulunan “Sağ”ların fəaliyyəti Komunist firqəsini fəna halda şaşırtmışdır. Köyün qolçomaq (halı yerində) zümrəsinə istinad edən “Sağ” cərəyan ümumi firqə ictimalarında kəndi prinsiplərini və qolçomaqları ələnən müdafiədən çəkinmiyor və mümkün mərtəbə köy iqtisadiyyatını kollektivize məqsədilə vücudə gətirilmiş kolxozları pozmaq və dağıtmağa qeyrət ediyorlar. Sovet qəzetələrindən ögrəndigimizə görə Azərbaycan qəza və köylərində bulunan köylü istiqraz şirkətlərinin həmən kaffəsi “Sağ”ların əlində bulunuyor. Bu istiqraz şirkətləri köylülərə borc verirkən yoxsul və ortabab köylüləri tamamilə ihmal edərək istiqrazın böyük bir qismini “qolçomaqlara”, tüccar köylülərə verməkdə və hər vasitə ilə onları himayə etməkdədirlər. Bu surətlə xüsusi mülkiyyət və ticarəti himayə etmiş oluyorlar ki, bu da kollektivize edilmək istənən köy iqtisadiyyatı və kolxozlara qarşı yapılan qüvvətli bir əksüləməldir. “Sağ”lar bununla iqtifa etməmiş, köylülər arasında şiddətli propağanda yaparaq köylüləri hökumətə (taxıl) ərzaq verməməyə təşviq etmişlərdir. Bu üzdən hökumətin ərzaq planının 40% belə təmin edilməmiş və hökumətin təşəbbüsü əqim qalmışdır. Fəaliyyətini yalnız bu sahəyə münhəsir qılmayan “Sağ”lar ərazi təqsimatında dəxi “qolçomaqları” himay etməkdə və ən iyi əraziyi onlara təxsis etməkdədirlər. Ərzaq planının əlim nəticələri haqqında səhifələr dolusu yazılar nəşr edən Bakı və Tiflis qəzetələri (“Komunist”, № 218, 18/X.29, “Zarya Vostoka”, № 207, 6/X.29) bu ədəmi müvəffəqiyyətin “Sağ”ların fəaliyyəti nəticəsində hüsula gəldigini qeyd etməkdə və “Sağ”lara qarşı müdhiş mücadilədə bulunmaq lüzumunu iləri sürməkdədirlər. Bu qəzetələrə görə məmləkət daxilində ufaq istehsalat “qolçomaq” tüccar və nepman mövcud olduqca “Sağ”ların təhlükəsindən qurtulmaq imkanı yoxdur.

lll

Professor Çobanzadə müdhiş bir qəzayə uğramış, Ruj adında birisi “Qızıl Krım” qəzetəsində yazdığı bir məqalədə kəndisini “milliyyətçiliklə” ittiham eyləmişdir.

Bu təhlükəli ittiham qarşısında professor adam əqilli qorxmuş və kəndisini nasıl müdafiə edəcəgini şaşırmışdır. Bakıda çıxan “Komunist” qəsetəsinə bu xüsusda göndərdigi məktub bu şaşqınlığın bir dəlilidir. Nə “burjua, nə milliyyətçi!” qızıl professor adı üstündə “Çoban oğlu” sadə “Çoban oğlu degil, vaxtilə kəndisi belə çoban olmuşdur”.

Çobanlığı şu surətlə istismar edən “qızıl” professorun nə olsa da içi rahat edəməmiş, şimdi komunizm mühibbi əla, fəqət vaxtilə milliyyətçi olmuş, milli şeirlər yazmış, bunu nə yapsın?!

Çobanzadənin bu xüsusdakı izahı şaşqınlığın həqiqətən də bir şah əsəridir. Milliyyətçiliginə səbəb rusca bilmədigi imiş. 1927-də ruscayı adam axıllı ögrənmiş və o gündən etibarən də milliyyətçiligə vida etmişdir. Demək ki, rusca bilmək komunist olmağa müsavidir!..

Bu şaşqınca izahın nə kibi bər zəf və məntiqsizlik əsəri olduğunun fərqinə varmayan professor bir də qalxaraq başqalarına dəxi ağıl xocalığı edərək Azəri münəvvərlərini “Sovet hökuməti tərəfinə iltizama dəvət ediyor”.

Fəqət biz bu çekist təhdidi qarşısında olsun “Rusçayı” ögrənməklə “Türkcəyi” unutduğunu söyləmək növindən dalkavuqluğa qədər düşən bir adamın, professor olsa da, sözünü dinləyəcək ağlı başında bir Azəri gənci mövcud olmadığını biliyoruz. Azəri gəncligi bu kibi dəvətlərə icabət edəcək qədər alçalmamışdır. O hər zaman milliyyətçi, istiqlalçı olmuş və daima öylə də qalacaqdır.

Y.Əli
“Odlu-Yurd”, ikinci təşrin (noyabr) 1929, № 9

İnhilal - bir-birindən ayrılma
İxtilas - bənimsəmə, oğurluq
Əlim - dərd verən
Ələnən - açıq-aşkar
Ehmal - əhəmiyyət verməmə
Əqim - nəticəsiz, səmərəsiz
Mühibb - sadiq, sevən
Zəf - zəiflik

QAFQAZ BİRLİGİ ŞÜARI ALTINDA

I

Yeddi aydan bəridir ki, məmləkət fövqəladə hadisələrlə çalxalanıyor. Azərbaycanda, kəndisilə həmcivar Ermənistan və Gürcüstan vilayətlərində və Şimali Qafqasiyada mövcud bütün dağlar üsyan alovlarilə tütüyor! Vətənin ən qeyrətli övladı Moskva tiranları tərəfindən şeytanca tətbiq olunan təcrübələrə boyun əgərək, bir kölə kibi şərəfsiz ölməkdən isə, kəndi namus və şərəflərilə mücadilədə məhv olmağı tərcih eyləmişlərdir.

Azərbaycan və ümumiyyətlə Qafqasiya şəraiti daxilində bolşeviklərcə “Qolçomaq” təbir edilir sinifi məhv etmənin bütün bir millətin ən mühüm qismini təmamilə imha etməkdən başqa bir şey olmadığı məlumdur. Azərbaycandakı köylü sinifinin 100-də 60-ı işdə imhasına qərar verilmiş bu “Qolçomaq” qisminə daxildir. Burada yalnız ziraətin degil, heyvan bəsləmə işinin də kollektivizə edildigini unutmayalım!

Qafqaz heç bir zaman müştərək ziraət üsulunu görməmişdir. Bu “rus həyatına məxsus bir müəssisədir. Bundan maəda, kollektivizasyon təcrübəsi 70%-i azərbaycanlı olmayan Sovet məmurları tərəfindən tətbiq olunuyor. “İnqilabı” təyid edən qüvvətində işğal qüvvəti qızıl rus saldatı olduğunu göz önünə gətirəlim.

Bu vəziyyət daxilində köylünün “müştərək ziraət” müəssisəsinə qarşı olan hərəkatı sadə Sovet əleyhinə degil, eyni zamanda işğal qüvvəti, başqa təbirlə rus əleyhinə çevrilmiş bir hərəkatdır. Burada ictimai motiflə milli motif tamamilə birləşmişdir. Asilərin sadə kollektivizasyonun qaldırılmasını degil, milli hökumətin də yenidən qurulmasını istədikləri öyrənilmişdir. Yerli əhalidən olan qızıl ordu əskərlərinin Sovet hökumətinə qarşı sədaqətsizlikləri, hətta yerli komunistlərin belə partizanlara qoşulduqları bu davamızın doğru olduğunu isbat etməzmi?! Qafqasiyada firqə konqrelərində söz söyləyən Sovet natiqləri bu “əsəfli” hadisədən dəfələrlə bəhs etmişlərdir. Bunlardan Çaplin namində birisi komunist firqəsinin “Köylü kadrolarından” bəhs edərkən bunların sonki hadisələr əsnasında aldıqları vəziyyəti “şayani-hiddət” bulmuşdur. “Şəkidə hadisələr dolayısı ilə meydana gələn ağır günlərdə komunistlərlə komsomolların bizə xəyanətlə, açıqdan-açığa düşmən tərəfinə keçməsi, bizi köydəki firqə kadrosunun sınanmış və mətanətli adamlardan təşkili lüzumunu bir daha ciddiyyətlə qeyd etmək zərurətində bulunduruyor” demişdir. Sovet natiqləri tərəfindən qeyd olunan “xəyanət” bizim müxabirlərin komsomollar haqqında verdikləri xəbərləri təyid edər mahiyyətdədir. “On komsomolun” dağa çıxaraq, kəndilərini təqib edən çekistlərlə qəhrəmanca vuruşduqları və son qurşunları ilə də təslim olmamaq məqsədilə - kəndilərini vurduqları şu səhifələrdə xəbər verilmişdir.

Şu qızıl əskərləri, milisləri, fağır köylüləri, orta hallıları, komunistləri, hətta komsomolları “qolçomaq”la birlik olub “sinif düşməni” ilə birləşdirən və onları partizanlara, Sovet qəzetələrinin dililə “şakilərə” qovuşduran amil, əcəba nədir? “Yoldaş” Çikalonun Tiflisdə söylədigi nitqə baxılarsa, bu amilin “Müsavat” firqəsi olduğuna hökm etmək lazım. “Müsavatçılıq”dır ki, bu üsyan hərəkatlarını canlandırıyor.

Azərbaycan milliyyətçiliginin bir mütəradifi olmaq üzrə şübhəsiz “müsavatçılığın” bu hərəkata pək mühüm bir rolu vardır. Fəqət məsələ kəndiligindən dəxi aşikardır. Ümumi və milli bir fəlakət iştə əsil amil! Ümumi və milli bir protesto - iştə bu amilin doğurduğu nəticə!

Məlum olduğu vəchilə partizanlar Milli Azərbaycan bayrağı qaldırmışlardır!

II

Üsyan edənlər yalnız azərbaycanlılar degildir. Mücadilə sadə Azərbaycan naminə icra olunmuyor. Sovet istibdadının qızıl kabusu hər şeyi əzən ağır siqlətilə bütün Qafqasiya millətlərini çeyniyor. Tarixin ağır müqəddəratı kəndilərini birləşdiriyor. Həyatın şiddətli məktəbi onları təsanüdə uğratıyor. Milli və həyati şüur kəndilərinə siyasi mənfəətlərinin müştərək olduğunu təlqin ediyor. Nəticədə qarşımızda Qafqaz millətlərinin qardaşlaştıqlarını seyr ediyoruz. Naxçıvanda, vaxtilə kəndi hürriyyətlərini Ermənistan Cümhuriyyətinə qarşı, əlində silah müdafiə edən Vedi-Basarda şimdi Türk partizanları erməni müdafiləri ilə bərabər hərb ediyorlar. Gərək müxbirlərimizdən bilavasitə aldığımız məlumat və gərək Sovet mətbuatının, dolayısilə vüqu bulan nəşriyyatından ögrəndigimizə görə Qafqasiyada hərəkat halında olan bütün partizanlar arasında təbiyyəvi bir rabitə vardır. Zaqatala dağlarında Qafqaz millətlərinə mənsub bütün partizan gürupları deleğələrindən ibarət bir konqranın toplandığı şayiasi əsildən ari degildir. Bu konqreyə Azərbaycan, Şimali Qafqasiya, Gürcüstan və Ermənistan deleğələri iştirak etmişlərdir. Azərbaycandan aldığımız mövsuk məlumat Qafqaz millətləri arasındakı təsanüdü göstərən bir çox parlaq vaqiələri qeyd etməkdədir.

Şayani-diqqətdir ki, erməni qaçqınları türklərdə, türk qaçqınları da ermənilərdə saxlanıyorlar. Öylə zamanlar olmuş ki, (Vedi Basarda vaqe Aynaroz köyü kibi) komunist-daşnaqsaqan daxili hərblərindən qalan etimadsızlığa görə, bəzi erməni köyləri erməni partizanlarındansa, türk partizanlarilə münasibətə gəlməyi kəndi hesablarına da uyğun bilmişlərdir.

“Qafqasiya millətlərinə ariz olan ümumi fəlakət, ümumi düşmənə qarşı müştərək surətdə icra etdikləri ağır mücadilənin Qafqasiya millətlərinin tarixi müqəddəratları müştərək olduğu şüurunu bütün ağıllara yerləşdirməkdə olduğunu təşxis edən Qafqasiya İstiqlal Komitəsinin qərarı həqiqətə mütabiqdir. Son zəfəri təmin edən “müştərək Qafqasiya ixtilal ruhu”nun təəzzüv etməkdə olduğu doğrudur.

Qafqasiya birligi! - İştə halı-hazırda bütün Qafqasiya millətlərini ruhlandıran bir şüar! Xalq kütlələrinin sadə müdafiəyi nəfis hissilə anlayıb da felən büruzə verdigi bu həqiqəti Qafqasiyayı idarə edən təşəkküllər nəzəri surətdə təsbit ediyorlar. “Müstəqil Qafqas Konfederasyonu şüarını bilxassə qüvvətləndirərək, məmləkətdə təəzzüv və propağanda fəaliyyətini artırmaq” - iştə Qafqas Komitəsinin sonki hadisələr münasibətilə aldığı qərara görə təsbit olunan istiqamət!

Milli Azərbaycan Mərkəzilə “Müsavat” firqəsi mərkəz heyəti tərəfindən Azərbaycandakı hadisələr münasibətilə alınan qərar - təşkilata mənsub zəvatə və bütün vətəndaşlara “Azərbaycan istiqlalından Müstəqil Qafqasya Konfederasyonu ilə bərabər bəhs etməyi” əskidən tövsiyə etməkdədir. Çünki “Azərbaycanın halası ancaq bütün Qafqasiyanın halasilə birlikdə təsəvvür oluna bilir!”

Milli Azərbaycan hərəkatının bu iki məsul müəssisəsi tərəfindən xalqa xitabən nəşr olunan bəyannamələrdə dəxi bu fikir olduqca qüvvətli təbir və cümlələrlə qeyd olunmuşdur.

Qafqasiya İstiqlal Komitəsinin bəyannaməsi dəxi bu ruhda tənzim edilmişdir.

III

Qafqasiyada üsyanlar olduğunu bir çox zaman sükutla keçirən bolşeviklər, ən son, açıqdan-açığa “üsyan hərəkatlarının” mövcud olduğunu etiraf etdilər. “Açıqdan-açığa” diyoruz. Çünki son günlərə qədər Sovet ricalı kəndi bəyanatlarında mahallarda vüqu bulan hadisələrdən bəhs edərkən, sadə “Sovet əleyhdarı”, “kolxoz əleyhdarı” və “firqə əleyhdarı” kibi sifətlərlə iktifa edərək, tamam bir diqqətlə “üsyan” kəlməsini dilə gətirmiyorlardı. Bu yasaq söz artıq söylənmişdir. Mavərayi Qafqas Sovet Federasyonu hökuməti rəisi Eliava komunist firqəsi Mavərayi Qafqas vilayət konqrası hüzurunda Mavərayi Qafqas siyasi vəziyyəti haqqında müfəssəl bir rapor vermişdir. Bu rapora görə “Vəziyyət heyəti ümumiyyətilə fövqəladə gərgin, fövqəladə bəd bir haldadır; öylə bir halda ki bunun bir eşi Sovetlər İttihadının digər heç bir bucağında yoxdur.

Vəziyyətin fəcaəti ən çox köylədrə görülüyor. Sovet rəcülu köylərdəki vəziyyət haqqında məlumat verirkən Qafqasiya Cümhuriyyətlərini müəyyən bir təsnifə tabe tutuyor. Bu təsnifdən anlaşılıyor ki, “Gürcüstanda ümumiyyətlə intizar vəziyyəti var. Tiflis vilayətinin türklər oturan qismində isə vəziyyət ağırcadır. Ermənistandakı vəziyyət daha qarışıqdır, bilxassə Zəngəzur, Qarayazı və qismən də Dilican və Loru-Bambaq qəzalarının halı fənadır. Ən fəna vəziyyət isə Azərbaycandadır. Naxçıvan, Zaqatala və Şəki mahalları üsyan hərəkatilə çalxalanmaqdadır. Köylülər üzə durmuşlardır. “Bütün bu hərəkatlar” Azərbaycandakı qüvvətli qolçomaq sinfilə xaricdən gələn bir təsir tərəfindən idarə olunmaqda imiş”. Halı-hazırda belə “Zaqatala-Şəki-Naxçıvan, Qarabağ və Gəncə tərəflərində son dərəcədə gərgin bir vəziyyət varmış”.

Sovet işğal hökumətinə qarşı davam edən üsyanda əhalinin bütün təbəqələrilə Qafqasiyanın bütün millətləri birləşmişdir. Eliava bu hadisədən pək hiddət və təlaşlı bir lisanla bəhs ediyor.

“Orta hallı köylüləri kəndi nüfuz və təsiri altına almadıqca, qolçomaq denən zümrə kəndiligindən pək də təhlükəli degildir. Fəqət köylülərin fağır və orta hallı kütlələrini bu qolçomaq zümrəsinə qarşı qoymaq üçün biz məəttəəssüf çox az çalışmışızdır”.

Daha sonra əlavə ediyor ki, “Köylərdə halı-hazırda papas, molla, menşevik, daşnak, müsavatçı, ittihadçı və sairə kibi bütün Sovet əleyhdarı zümrələr arasında şayani-heyrət bir ittihad vardır”.

Bütün bunlara o, bir də “Sovetlər əleyhində hüdud xaricində olan ciddi bir mücadiləyi” əlavə ediyor. Bu “xaricdən gələn təhlükənin” başında da Eliavaya görə “Son günlərdə yeni fəaliyyətə keçən” Qafqasiya İstiqlal Komitəsi durmaqda imiş, həm də “İngilislərdən yardım alaraq”. Məlum a! hadisələri təhlil edərkən, bolşevik siyasiləri sovetlər əleyhinə çevrilmiş hər hansı bir hərəkəttə “ingilis əli” kəşf etmədən duramazlar. Anlaşılan bolşevik adamlarının “müvəffəqiyyətdən sərsəmləşən başları” belə Britaniya adalarında çevrilən desisə təsirilə dönməkdədir.

Şu Qafqz komitəsinə mənsub “İngilis ajansları”nın dedikləri əcaba nəymiş? Eliavanın təsdiqincə onlar diyormuşlar ki: “Quran ilə İncil arasında fərq olmadığı kibi, ortodoks kilisəsilə qriqoryan arasında da fərq yoxdur”. Və nəticədə görüyoruz ki, “Naxçıvanda türk sakinlərinin (oxu partizanlarının) başında erməni papası duruyor və Daralegözdə də erməni şakinləri türk komandasında hərb ediyorlar”.

Qızıl imperyalizm müməssilinin bu mənzərə qarşısında keyfi qaçıyor. Çünki, milliyyət və din fərqinə baxmadan, qafqasiyalıları eyni surətlə əzən bu mənfur qüvvətə qarşı bütün mücadilə, qüvvətlərinin birləşdirilməsi lüzumunu qafqaslı millətlər artıq anlamışlardır.

IV

Komunistləri məşğul edən şey bittəbi nə tökülən insan qanları, nə də vücudu çeynənən məmləkətdir. İştə onların əndişəsi.

“Azərbaycan - unutmayalım ki, bütün Mavərayi Qafqasiya və bütün Sovetlər İttihadının pamuk üsul hərəkəsidir. Azərbaycan petrolunun, Azərbaycan heyvan bəslənməginin əhəmiyyəti və rolu böyükdür. Buradakı Sovet cəbhəsi yarılırsa, bunun başqa cəbhələrə də təsiri mühəqqəqdir”. (Eliavanın eyni nitqindən)

Bu müvəffəqiyyətsizligin əcəba baisi kimlər? Şübhəsiz bundan nə Mavərayi Qafqas Vilayət Komitəsi, nə də Moskva məsul degildir. Kremlin diktatorları layuhtidirlər. Qızıl müstəmləkə rejiminin dəxi buraya dəxli yoxdur. Bütün qəbahət bir tərəfdən “xaricdən gələn təsirdə”, digər tərəfdən də “yerli Azərbaycan komunistlərinin” boynunda! Bu “Azərbaycan firqə təşkilatıdır ki, məsələyi çabuq qavramıyorlar”. Mərkəz Komitəsinin köylərə çabuq adamlar çıxarmalıdır, deyə göndərdigi təlimata rəğmən, Azərbaycan Komunist firqəsi Mərkəz heyəti bu təlimatı icra etmişdir! İştə bir ittihamnamə ki, onu Eliava konqra ictimaində ələnən Azərbaycan komunistlərinin üzlərinə vurmuşdur.

Əks edilən bu şümarın təsirilə Azərbaycan deleğələri 2 qismə ayrılmışlardır. Qəbahət Azərbaycan firqə təşkilatına həddindən fəzlə istiqlal əsiri göstərmələrində degil, “fəzlə mərkəziyyətdə”dir - deyə Y.Qasımov etiraz etmişdir.

Onunc daha iyi olurdu ki, ümumi mərkəz komitəsi sadə tövsiyələrlə iktifa edərək, digər xüsusda yerlilərin kəndi bacarıqlarına və mülahizələrinə buraxaydı.

Münaqişə qızğınlığı ilə Dadaş Bünyadzadəyə “Müsavat uşağı” deməkdən çəkinməyən Qarayev kibi ruspərəstlikdən zövq alan bəzi deleğələrin uşaqca dalqavuqlarına rəğmən Azərbaycandakı geniş sovyete təbəqələri daxilində “Qasımov ruhunun” hökmfərma olduğu görülməkdədir. Bakı qəzetələri Zülfəliyev namında bir əmələnin pək cəsuranə bir hərəkətindən bəhs ediyorlar. Əmələ məhəlləsində toplanan bir mitinqdə Zülfəliyev köylünün şimdiki vəziyyətilə əski zaman Moskov çarlığında qul kibi çalışdırılan əsir köylülər arasında bir müqayisə yapmış və bunların halını biri-birindən fərqsiz görmüşdür. Bu nitqidən dolayı onu kürsüdən almış götürmüşlərdir. Nərəyə, bunu sezmək zor olmasa gərəkdir. Mərkəzin Qafqasiya işlərinə fəzlə müdaxiləsini tənqiddən Bakı Darülfünunu tələbəsindən bir qurup dəxi kəndini alamamışdır. Cəsur tələbələr darülfünundan tərd edilmişdir. Digər tələbə isə professorlarda bu kibi irticai nitqləri “müqavimət göstərmədən” dinlədikləri üçün muaxizəyə məruz məsul qalmışlardır.

Görüyorsunuz ki, “üsyan ruhu” başda bir taqım “arkadaşlar” olmaq üzrə hətta “hakim sinfi” də istila etmişdir. Eyni nitqində Eliava buna zimnən işarət etməkdədir. “Son zamanlarda - Eliava diyor - bilxassə Azərbaycanla Ermənistanda firqə daxilində bəzi quruplanmalar görülüyor”. O, bu kibi ixtilafları bərtərəf etməgə dəvət ediyor: “Təşkilatlarımızı öylə hazırlamalıyız ki, o Mavərayi Qafqasiyanın hər tərəfində - istər Gürcüstan, istər Azərbaycan, istər Ermənistan olsun - eyni ciddiyyət və eyni məsuliyyətlə, bir adam kibi çalışa bilsin!”

V

“Katibi ümuminin qazandığı parlak müzəffəriyyətə” rəğmən, komunist rejiminin böhranı şəfa bulmaz müzmin bir xəstəlik halında davam etməkdədir. Sovet rejimi mövcudiyyətini içindən gəmirən təzadlar gündən günə qüvvətlənməkdədir, Bu təzadlar sistemində əskisi kibi yekdigərinə müxalif bir istiqamətdə inkişaf edən iki mühüm amil kəndi təsirini göstərməkdədir. Bunlardan biri gündən günə daha məhdud bir şəkil alan Sovet diqtatorluğunun mövcudiyyətilə ayaqda duran sentralizm, digəri də milli hərəkatların qüvvətlənməsilə məşrut cümhuriyyətlərdənki istiqlalçılıqdan ibarətdir.

Sovet mövcudiyyətinin bu iki mütəqabil təmayülü artıq təsadüm halına gəlməkdədir. Təhlil etdigimiz üsyan hadisələri bu təsadümün interesan mərhələlərindən biridir. Bu təsadümün qurbanları saysızdır. Bu mücadilədə vətənin ən dəgərli övladı məhv oluyor. Millət olmazın fəlakətlərə məruz qalıyor, təsəvvürü qabil olmayan məhrumiyyətlərə qatlanıyor. Quduzca hücum edən vəhşi işğal qüvvətlərinin hücumlarını, mədəniyyət dünyasından təcrid edilmiş bir halda, heç bir tərəfdən yardım görməyən partizanlar, sadə kəndi qüvvətlərilə qəhrəmanca dəf ediliyorlar. Kəndilərinə bəlkə daha ağır günlər də mükəddərdir. Kəndi imkanlarına tərk edilən bunlar, bəlkə də məğlub olurlar. Fəqət bu məğlubiyyət sadə maddi və müvəqqət bir məğlubiyyət olur. Mənən isə onlar şimdi belə qalibdirlər. Gələcək və tam bir qələbə dəxi onlarındır. Çünkü onlar yenilməyən hürriyyət, haqq və milli istiqlal ümidlərini müdafiə ediyorlar!

Bəşəri mədəniyyətin ən yüksək feyzlərini təşkil edən bu ümdələri Qafqasiya millətlərinə təmin etmək qüvvəti bütün Qafqasiyanın siyasi müştərək bir mənfəətə malik olduğu şüurdan ibarətdir ki, sanki həvadis dolayısilə bu şüurun böyük ölçüdə tərəqqi etdigi zikr etdigimiz vaqeələrlə sabitdir!

Əvət, omuz-omuza hərb edən partizanların şəxsində Qafqasiya millətləri tarixi doğru bir yola girmişlərdir. Qafqasiya istiqlal hərəkatını idarə edən milli demokrat təşəkkülər tərəfindən südür edən vəsiqələrin mütaliəsi bizə göstəriyor ki, bu doğru yolu yürüməkdə Qafqaz hərəkatının fikriyyatı ilə əməliyyatı arasında tam bir ahəng vardır. Bu istiqamət üzərində Qafqasiyaya tam bir müvəffəqiyyət təmənni edəlim və biləlim ki, mücadilə qəti bir səfhəyə girməkdədir və iləridə iqtiham ediləcək bir çox müşkülat vardır. Bu müşkülatı yenmək və son zəfəri əldə etmək üçün gərək Şimali-Cənubi və gərək Şərqi-Qərbi bütün Qafqasiyanın birləşməsi və bir adam kibi hərəkət etməsi əlzəmdir.

Bütün Qafqasiyanın birləşməsi və Müstəqbəl Qafqasiya Konfederasyonu fikrinin tətbiqi zərurətini kamilən fərq və qəbul etmək iştə nəhayi zəfərin ən doğru zamanı!

Şu halda qafqasiyalı millətlər, birləşiniz, səflərinizi doğrultunuz, milli bayraqlarınızla bərabər Qafqas birliginin bayrağını da yüksəltiniz! Bir daha təkrar ediyorum, xilasınız bundadır!

2/8/30  M.E. Rəsulzadə

“Odlu-Yurd”, eylül 1930, № 20

Həmcivar - qonşu
İmha - məhv etmə, yox etmə
Mütəradif - sinonim
Səqət - yaramaz, pis
Şaki - şikayətçi
Şümar - hesab, yara
Muaxizə - sıxışdırma, təqib
Təsadüm - bir-birilə toqquşma
Südur - zahir olma, hasil olma
İqtiham - şiddətli hücum
Müstəqbəl - gələcək 

QAZİ HƏZRƏTLƏRİNİN GƏNÇLİGƏ XİTABI 

Gözəl vətəninin yabancı istila altında qaldığını görməklə dağidar Azərbaycan gənçliginə məşum 27 nisan hadisəsinin qara ildönümünü təşkil edən bu gündə, Qazi Paşa Həzrətlərinin, doğrudan-doğruya Türkiyə gənçliginə olsa da dolayısilə hürriyyət və istiqlalı üçün mücadilə etmək məcburiyyətində bulunan hər hankı bir millət gənçliginə dəxi xitab edən tarixi nitqilərini aşağıda dərclə gənçligimizin bu ilhamkar sözlərdən mütəəssir olacaqlarını ümid edəriz.

Ey Türk gənçligi! Birinci vəzifən Türk istiqlalını, Türk Cümhuriyyətini ilələbət müafizə və müdafiə etməkdir. Mövcudiyyətinin və istiqlalının yeganə təməli budur. Bu təməl, sənin ən qiymətli xəzinəndir. İstikbalda dəxi səni bu xəzinədən məhrum etmək istəyəcək daxili və xarici bədxahların olacaqdır. Bu gün istiqlal və Cümhuriyyəti müdafiə məcburiyyətinə düşərsən, vəzifəyə atılmaq üçün içində bulunacağın vəziyyətin imkan və şəraitini düşünməyəcəksən. Bu imkan və şərait çox namünasib bir mahiyyətdə təzahür edə bilir. İstiqlal və Cümhuriyyətinə qəsd edəcək düşmənlər bütün dünyada əmsalı görülməmiş bir qalibiyyətin müməssili ola bilirlər. Cəbrən və hilə ilə əziz vətənin bütün qalaları zəbt edilmiş, bütün tərsanələrinə girilmiş, bütün orduları dağıdılmış və məmləkətin hər guşəsi bilfeil işğal edilmiş ola bilir. Bütün bu şəraitdən daha Əlim və daha Vəhim olmaq üzrə məmləkətin daxilində iqtidara sahib olanlar qəflət, zəlalət və hətta xəyanət içində buluna bilirlər. Hətta bu iqtidar sahibləri şəxsi mənfəətlərini müstəvlilərin siyasi əməllərilə tövhid edə bilərlər. Millət fakir və zərurət içində xarab və bitəb düşmüş ola bilir.

Ey Türk istiqbalının övladı! İştə bu əhval və şərait içində dəxi vəzifən Türk İstiqlal və Cümhuriyyətini qurtarmaqdır. Möhtac olduğun qüdrət damarlarındakı əsil qanda mövcuddur!

“Odlu-Yurd”, nisan 1929, № 3

Məşum - bədbəxt
Fakir - fəqir

BİR XATİRƏ 

Onunla ilk görüşümüzdü... Həbsxanədə bulunduğum zaman onunla bir arkadaşımın təvəssütü ilə tanışmışdım. Çoxdan bəri kəndisilə danışmaq istədigim bu arkadaşı bəndən başqa görmək istəyənlər az degildi.

Əzim və mətanətilə təməyyüz etmiş bu istiqlal mücahidi, bu cəsur və dəgərli arkadaş hənuz 25-ini doldurmayan Ağa Kərim idi.

İstiqlal yolunun sadiq və fədakar yolcusu olan bu arkadaş tam 3 sənə Sibiryada ağır cəzaya məhkum edilmiş və oraya sürülmüşdü. Məhkumiyyət müddətini bitirincə vətənə övdət etmiş, fəqət təkrar həbs edilərək “Çeka” bodrumuna tıqılmışdı.

İlk həbsə alınırkən “Çeka”da rus çekistləri tərəfindən qeyri-insani bir işgəncəyə məruz qaldığından və vəhşicəsinə döyüldügündən bəhs edərkən şu fəqərəyi anlatıyordu:

“Bəni “Çeka” rəisi Bağırovun yanına götürdülər. Nəsrüllah və bir qaç arkadaş da orada bulunuyordu. Hər nasılsa Bağırov bəni təhqir etdi, bən də dayanmayaraq onu söydüm və əlimdə bulunan üzüm salxımını qafasına fırlattım. Bunu yapar-yapmaz ətrafımı bir qaç rus əsgəri sardı və bəni aradan aldılar. Başqa bir yerə götürərək əlbisəmi çıxardılar və çıplak vücuduma tüfəng namlusunun ağır dərbələrini endirərək bayılıncaya qədər döydülər”. Təsadüfən kəndisinə hamamda rasladığım zaman daha 3 sənə əvvəlki dəmir zərbələrinin izləri görülüyordu.

Bu fəlakətli anlarda belə nəşəsini qeyb etməyən Ağa Kərim kəndisindən bəhs edərkən:

“Bən görüyorsun ki, daha gəncəm, yaşım daha 25-i bulmadı, bu səfərdə Salovkaya 10 sənə müddətlə sürülmüş olsam belə, yenə övdətdən sonra istiqlal mücadiləsində bulunacaq və bu yolda yürüyən arkadaşlarımdan bir an geri qalmıyacağam” dedi.

Fəqət nə yazıq ki, təsəvvür etdigi kibi, onu Salovkaya degil, daha bir qaç arkadaşıyla bərabər keçən sənə, istiqlal şəhidlərinin yanına göndərdilər. O da digərləri kibi uzun bir mücadilədə həyatından sonra çekistlərin murdar kurşununa hədəf oldu...

Lakin şunu unutmamalı ki, bundan əvvəlki kibi, bundan sonra yapılacaq qətllər böyük və sarsılmaz bir inamla bu mücadilə həyatına atılmış azəri xalqının “İstiqlal istərəm” deyən ağzını susduramaz. İstiqlal uğrunda ölməgi bilən hər azəri üçün əzmindən dönmək və maneələrdən çəkinmək yoxdur!...

H.H.
“Odlu-Yurd”, 28 Mayıs 1929, № 4

(Ardı var)

 





04.09.2017    çap et  çap et