525.Az

Kərkükün mənəvi elçisi - Qəzənfər Paşayevin yubileyiylə bağlı düşüncələr


 

Xalq yazıçısı Anar "Səhər-səhər" rubrikasını davam etdirir

Kərkükün mənəvi elçisi - <b style="color:red">Qəzənfər Paşayevin yubileyiylə bağlı düşüncələr</b>

Məzuniyyətdə olduğumçün görkəmli alimimiz Qəzənfər Paşayevin yubileyindən gec xəbər tutdum.
 
Dərin hörmət bəslədiyim Qəzənfər müəllim haqqında bir neçə kəlmə təbrik sözü yazmaq istədim, amma qeyri ixtiyarı  sırf yubiley yazısından fərqli bir mətn alındı. Adətən yubiley yazılarında yubilyara onun gördüyü işləri xatırladır, xidmətlərini sadalayırlar. Guya özü bunlardan xəbərsizdir. Qəzənfər müəllimin ədəbiyatşünaslığımız, folklorşünaslığımız  sahəsində səmərəli fəaliyyəti, klassiklərimiz və çağdaşlarımız barəsində qiymətli məqalələrini mən də bilirəm, ədəbi ictimaiyyətimiz də bilir, o, özü də bilir. Bu günlərin, həftələrin mətbuatına nəzər atdıqca neçə-neçə səmimi yazılarda bu örnəklər sadalanır.

Yazılanları təkrar etmək istəmirəm, yalnız bir məsələnin üzərində durub  önəmli bir mövzudan yazmaq niyyətindəyəm: Qəzənfər Paşayevin İraqda yaşayan soydaşlarımızın - bu gün özlərini “türkman” adlandıranların - ölkəmizdə tanıdılmasında, tədqiqatında və təbliğində misilsiz rolundan söz açmaq istəyirəm. Stalin bizim adımızı dəyişdirib “siz türk  deyil, azərbaycanlısınız” dediyi kimi, hakim ərəb şovinistləri də əzəldən İraqda yaşayan türkləri türkiyəlilərdən ayırmaq üçün “türkman” adlandırmışlar. Xəzərin o tayında yaşayan qarldaşlarımız türkmənlər də oğuz boyundandırlar, qan qohumlarımızdandırlar, amma İraqdakı türkmanlar dilləri etibarıyla o türkmənlərə yox, bizə daha yaxındırlar. Hətta dil etibariylə Türkiyə türklərindən daha artıq bizə,  Azəri türklərinə doğmadırlar.
 
Yadıma gəlir, hələ sovet dönəmində İraqdan  gələn bir alim (yanılmıramsa Məhfuz)  addaşlarıyla tanış olmaqçün Türkmənistana getmişdi, sonra Bakıya qayıdanda  onlardan çox bizimlə yaxın olduqlarını deyirdi. İraqda yaşayan soydaşlarımızın yazılı mətnləri Türkiyə türkcəsinə uyğun olduqları halda - şifahi ədəbiyyatları - yəni sadə xalqın danışdığı dildə yaranmış örnəklər - bizim bayatıların əkiz qardaşları xoyratlardır. Xoyratlar isə  qeydsiz - şərtsiz bizimlə eyni dildədir. Qəzənfər Paşayevin dönə-dönə nəşr etdirdiyi İraq türkman folkloru nümunələri bunu mübahisəsiz təsdiq edir. Mənimçün qəribə bir kəşf oldu ki, uzun illər Türkiyədə yaşayan, burda universitet açan, həkim kimi də, iş adamı kimi də, maarifçi kimi də şöhrətlənən İhsan Doğramaçı  İraq türklərinin dilinin özəlliyini  xüsusi vurğuladı. Füzulinin yubileyiylə bağlı Qəzənfər Paşayevin də iştirak etdiyi İraq səfərimizdən sonra yenə də Füzuli tədbirləriylə bağlı Türkiyəyə getmişdim. Tədbir İhsan Doğramaçının yaratdığı Bilkənd universitetində keçirilirdi. Yubiley gecəsi  ərəfəsində İhsan bəylə görüşdüm, onun vətəninə - İraqa, Kərkükə getdiyimizi söylədim. O vaxt İraq blokadada  idi. Uçaqla getmək mümkün deyildi. İhsan bəy: Bəs İraqa necə getdiniz- deyə xəbər aldı.- Arabayla dedim. İhsan bəyin gözlərində şıltaq bir təbəssüm gördüm. - Arabaya nə qoşmuşdular at, ya öküz-dedi. Başa düşdüm ki, İhsan bəy Türkiyə türkcəsində olduğu kimi avtomobilə araba deyilməsini qəbul etmir.

Kərkükdə isə Qəzənfər müəllim İraq türklərinin başqa bir dəyərli ziyalısıyla əta Tərzibaşıyla görüşdürdü bizi. Qəzənfər müəllimlə  və nümayəndə heyətimizin bir sıra başqa üzvləriylə birlikdə bu nurani ağsaqqalı evində ziyarət etdik. Mənimçün bu görüşün özəl əhəmiyəti vardı. Axı hələ çox  illər bundan qabaq Rəsul Rza İraq səfərindən böyük bir mənəvi sərvətlə qayıtmışdı, Əta Tərzibaşının tərtib etdiyi üç cildlik Xoyratlar kitabını gətirmişdi və bu səfəri haqqında “Uzaq ellərin yaxın töhfələri” adlı məqalə yazmışdı. O vaxt  gənc araşdırmaçı olan Qəzənfər Paşayevlə birlikdə  Xoyratları ayrıca kitab şəklində də nəşr etdirmişdilər. Haşiyə olaraq onu da qeyd edim ki, türk dünyası yazarları toplantısında Əta Tərzibaşıya ödül verilməsini təklif etdim və təklifim qəbul olundu. Eşitdiyimə görə, bu ödül rəhmətlik Əta bəyi  ömrünün son illərində çox sevindirmişdi.

Sonralar  Qəzənfər Paşayev  davamlı araşdırmalar nəticəsində Xoyratlar  kitabının  yeni, daha  genişləndirilmiş və əlavələr edilmiş nəşrini hazırladı. Atam da artıq dünyasını dəyişmişdi. Qəzənfər müəllim yanıma gəldi, belə bir kitabı atamın   məqaləsini ön söz verməklə çapa hazırladığını bildirdi, buna görə məndən bir növ icazə, ya xeyir-dua almaq istədiyini söylədi. Doğrusu, təəccüb qaldım. Bizim zamanda nadir  alicənablıq   örnəyi idi bu. Təbii ki,  Qəzənfər müəllimə   təşəkkür etdim və böyük  uğurlar dilədim. Bundan sonra da Qəzənfər müəllim İraq türkmanlarına marağın oyanmasında xidməti olan, onların folkloru  haqqında ilk soraq verənlərdən Rəsul Rzanın adını daima sayğıyla anır. Bu günlərdə “Ədəbiyyat  qəzeti”ndə dərc olunmuş söhbətində də Rəsul Rzanı bu sahədə etdiklərini unudan, ya unutdurmağa çalışanlara atamın xidmətini bir daha xatırladır. Heç kəs heç kəsin yerini dar etmir. Heç kəsin görduyü işlər başqasınınkına kölgə salmır. Dünyadan gedənlərin əməllərini yaddan çıxarmamaq - ədəbi nəcabətin göstəricisidir. Qəzənfər müəllimin bu rəftarı da həqiqi ziyalıya, alimə, xas olan qədirşünaslıq örnəyidir.

Bu gün  qan qardaşlarımız  İraq türkləri çətin sınaqlar qarşısındadırlar, bu ölkədə də, Suriyada da fəlakət fəlakəti izləyir, silahlı toqquşmalar, partlayışlar, dinc əhalini qıran bombardmanlar hamımızı sarsıdır. Bu ölüm-dirim savaşında  İraq türkləri  də milli  varlıqlarını, mənliklərini, dillərini qorumaq mücadiləsi verirlər. Bizim də ən azı mənəvi borcumuz bu doğmalarımızı, onların problemlərini, dərd-sərlərini bilmək və bildirmək, ədəbiyyatlarında, o sıradan şifahi yaradıcılıqlarında  ifadə olunmuş duyğularını, ağrı-acılarını xalqımıza çatdırmaqdır. Bu müqəddəs vəzifəni böyük alimimiz, Kərkükün Azərbaycanda mənəvi elçisi  Qəzənfər Paşayev ləyaqətlə yerinə yetirir. Yazarlar Birliyində İraq Türkman ədəbiyyatı üzrə müşavir vəzifəsinin Qəzənfər Paşayevə həvalə olunması da təsadüfi deyil. Bu yubiley günlərində Qəzənfər müəllimə  möhkəm can sağlığı, uzun ömür,  gələcək çox-çox illərdə  son dərəcə önəmli fəaliyyətini davam etdirməyi  diləyirəm. Səksən yaşınız mübarək, əziz Qəzənfər müəllim!  

 

 





04.09.2017    çap et  çap et