525.Az

Rəşadətin yaşıdı - Poemadan parçalar


 

Rəşadətin yaşıdı - <b style="color:red">Poemadan parçalar</b>

Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Şirin Mirzəyevin doğum günü münasibətilə müqəddəs ruhuna bağışlayıram.

Dünya savaşı sovuşanda
Böyük Vətən Qələbəyə qovuşanda
faşizmin buynuzu ovulanda,
qorxu-hürkü pərən-pərən qovulanda
heç anadan olmamışdın...

Dillər əzbəriydi Gəray Əsədov,
İsrafil Məmmədov, Həzi Aslanov...
Mehdi Hüseynzadə, Qafur, Baloğlan...
İgidlər ölmüşdü, adlar qalmışdı,
çapmağa meydangir atlar qalmışdı.
Rəşadət bir içim su deyildi ki,
çəkəsən başına - sərinlənəsən.
Sərkərdə doğulmaq da
bir alın yazısıydı,
bir tale töhfəsiydi,
qismət payıydı.

Gərək Vətən üçün əzizlənəsən,
bacarasan dönmək torpağa, daşa.
Bir iş tutasan ki, təmizlənəsən,
el səni qaldıra yuxarı başa.

Dünya savaşından
iki il sonra doğuldun:
1947-də, yanvarın 5-də.
Atan şükür dedi oğul payına,
anan "şəkərim" dedi,
balamın nazını çəkərəm, - dedi.
Onda Böyük dava bitmişdi,
itkilərin yarası qaysaq bağlamışdı.
Tən yarısı getmişdi
Gülən gülüb, ağlayan ağlamışdı.
O ki, var bu dərdin altını çəkib,
toxdayıb unutmaq asan deyildi.
Qanlıydı tarixin hər səhifəsi,
Ağızda ölümün soğan acısı.
Adına layiqdi qəhrəmanlığın
Sözün urvatlısı, sözün ucası.

Yaşıd

Sən anadangəlmə qəhrəman idin,
rəşadətin yaşıdıydın.
Ərənlik yağırdı sir-sifətindən,
cəsarətin yaşıdıydın.

Qabağa getmişdin yaşından xeyli,
O vaxt fərqlənirdin bütün dərslərdən.
Əzbər öyrənirdin yaxşı şeiri,
nəzarətin yaşıdıydın.

Genindən gəlirdi dərin bilik də,
mərdlik gəzdirirdin qanda, ilikdə.
Bəs kimə çəkmişdin bu ciddilikdə? -
fərasətin yaşıdıydın.

Şirin

Azərbaycan övladıdı,
Səməndər quşudu, Şirin.
Könüllülər toplamağa
Qapı-qapı düşdü, Şirin.

Atlı gəldi, süvar gəldi,
Cahan əyninə dar gəldi.
Köməyə laydivar gəldi,
Göy üzündə uçdu, Şirin.

Vətənin canı canında,
Oddu damarda-qanında.
Həmişə hərb meydanında,
Kişitək vuruşdu Şirin.

Fərrux, Bəşirli, Qazançı,
Pircamal, Dəhraz qazancı...
Düşmənin qarnında sancı,
Ərənlərtək coşdu Şirin.

Başa düşdü hər tələni,
Yanına gedib-gələni.
Neçə müşkül məsələni -
Heçdən düzdü-qoşdu Şirin.

Bir Qələbəyə təşnədi,
Lakin son döyüş düşmədi.
Sırxavənddə göy kişnədi,
Mirzələr üşüdü, Şirin.

Etiraf və etiraz

Boşaldıb yükünü tüstülü baca,
Hörümçək torunu düşmən toxuyur.
Durub ocağımın bir başındaca,
O biri başına meydan oxuyur.

Hardan mayalanır yetişən vədə,
Nifrət baş qaldırır küncdən-bucaqdan.
Ocaq qayğısını çəkməyən gədə,
"Ocaq" kitabını yazıb ocaqdan.

Dağda Xarı bülbül sındırar qəfəs,
Yamacda, gədikdə çiçək açacaq.
Sözümü oğrayıb əsər yapan kəs,
Torpağımdan kəsib oğurlayacaq.

Dərin köks ötürür Qızılhacılı,
Qamarlanan Dərbənd - səndən küsmüşəm.
Erməninindirsə Şuşa, Xocalı,
Mən yəqin zəmbilnən göydən düşmüşəm.

Coğrafi toponim - bitkin nişanə,
Tarix ilk mənbəyi əsas fakt sayıb.
Xankəndi doğrudan onunkudursa,
Niyə öz adını ora qoymayıb?

Torpaq - əzəməti sayılır gücün,
Budaq qollarımı bir az gen açım.
Yarpağı saplaqdan üzməmək üçün
Əyilib altından keçdim ağacın.

Orda Kərkicahan, burda Ağcakənd,
Ağbulaq alışıb erkən təkliyə.
Tüstüdən boğulur qədim Xocavənd,
Nəzərlər zillənib Malıbəyliyə.

Tamaşa qılırdı - durbin gözündə,
İşğaldan qurtulan Ballıqayaya.
İsa bulağında, Cıdır düzündə,
Yaman yaraşırdı "Yallı", qayaya.

Yerin dağı şeir, düzü bayatı,
Hər beyt muğamatdır burda dəhanda.
Uydurma Qarabağ cəfəngiyatı,
Düyünü açılmaz sirdi, cahanda.

Çağırış

"Dedim, Şirin, iki uşağı qoyub hara gedirsən?"

Həyat yoldaşı Flora Qasımovanın səmimi ana vidası

Çağırışa gedirəm,
Vətən çağırır, quzum!
Vətən çağırır, oğlum!
Vətən çağırır, qızım!

Bu elə çağırışdı,
Getməmək xəyanətdi.
Vətənin sədasına
Yetməmək xəyanətdi.

Muğayat ol, hamıdan,
Canım-gözüm, Flora.
Torpağın ağrısına
Necə dözüm, Flora?

Bu elə çağırışdı
Könlüm atlanıb-düşür.
Xəyal - gedər-gəlməz yol,
Qənşərimdə büzüşür.

Axı, kimdən artığam,
Ölüm hamı üçündü.
Bu qəfil çağırışdı;
Tüklərim biz-biz oldu,
Şax bədənim uçundu.

Bu elə çağırışdı,
Dirçəliş - nəfəsində.
Ruhum canıma sığmır:
Ölüm ilə Qalımın
Ara məsafəsində...
"Quran"a and içirəm,
Qayıdaram, Flora!
Borcumu ailəmə
Qaytararam, Flora!

ALAY KOMANDİRİ

"İnsanın davranışı - onun simasını
əks etdirən güzgüdür"
       Höte, alman şairi və filosofu

Neçə əl uzanmışdı -
ordan-burdan cəbhəyə.
Satqın əli,
xain əli
dost əli...
İndi gəl ayırd elə
Namərd əli hansıdır,
bəs qardaş əli hansı?
Quduzlaşan düşmənin,
çağrılmamış qonağın
hər gün artırdı şansı -
zəbt etsin, qarət etsin
doğma torpağımızı.
Hanı nizami ordu,
partizan hərəkatı?
Əsgər əmr gözləmir,
zabit sərəncam bilmir.
Çavuş postunu atır,
gizir təlimi pozur.
Qayda-qanun gözləmir,
tabeçilik göstərmir.
Köhnə rejim dağılıb,
hamı pərən-pərəndir.
İnam, etibar itib,
qeyrət, namus, ar itib.
Hər yetən qəhrəmandır,
hər zəvzəyən pələngdir.

Alay komandiriydi,
havalandı bir müddət.
Gördü dərəbəylikdi -
fərarilik baş alır,
boğdu Şirini hiddət.
İrəvanda keçmişdi
beş illik hərbi xidmət.
İndi ta gözləməyə
nə vaxt vardı, nə vədə.
Ordan qırx, əlli muzdlu -
quldur, vəhşi, terrorçu.
Burdan beş-on min gədə
kəndləri viran qoyur,
talan eləyirdilər.
Güllə-baran bir yandan,
taran başqa tərəfdən...
Söhbət edə bilməzdi
kişilikdən, şərəfdən.

Şirin Vəli oğlu başa düşürdü,
alçaqların niyyəti -
əməlləridi.
Rəzillik, nanəciblik,
təməllərindən gəlir.
Erməni xislətindən
Veliçko düz yazmışdı.
Puşkin də, Lermontov da,
Mayakovski belə
yaraşan söz yazmışdı -
uydurma deyildi ha...

Öncə Şirin yaratdı -
özünümüdafiə.
Bir-bir hamı öyrəndi
sərkərdədən səviyyə.
Ağdamda qərargahı -
silah-sursat anbarı.
Daim ön xətdə idi
ev üzü heç görmürdü.
Bir kabus, bir kölgəydi.
O vaxt ölüm və təqib.
Dərhal öyrənirdi o
burda kim sapsağlamdı,
orda kim xəstələnib.

O zaman Qarabağda
hamı "Şirin" deyirdi.
Doğma el, doğma oba,
şirin-şirin deyirdi.

Bu, qəlb məhəbbətiydi,
xalqın qürur səsiydi.
Fəxarətin ən həzin
bir qürub nəfəsiydi.

"Quran" və yadigar şəkil

Məğrur idi -
ən balaca yaşından.
"Məğlub" sözü,
"təslim" kəlməsi
dəftərində yox idi.

Sevdiyi ciyərparanı
elə orta məktəbdən,
parta arxasından
gözaltı eləmişdi.
Mətanət nümunəsi,
sədaqət vurğunuydu.
Yalnız qəlbini bircə dəfə
məhəbbətə təslim eləmiş,
qurban vermişdi.
Sonuncu dəfə evdən çıxarkən
ömür-gün sirdaşına
"Quran" vermişdi.
Hədiyyə eləmişdi.

Dostluq rəmziydi Şirin...
Qənşərinə getdiyi,
məsləhətini eşitdiyi,
sonacan qulaq asdığı
ikicə dostu vardı,
ikicə qəlb sirdaşı.
Biri Ramil Usubov,
o biri Rafael Teymurov...
Ağır günün dostları
şəkil çəkdirdilər
bir gün üçlükdə.
Məqam düşdü zəngləşir,
həmişə məktublaşır,
xəbər tuturdular biri-birindən.
Onlar eyni yurdun övladlarıydı,
Qarabağ uğrunda - fədailərdi.

Şirin barışmırdı
Kəlbəcər gedib,
Qubadlı yox olub,
Zəngilan gedib.
Laçının itkisini
eyninə gətirmirdi.
Deyirdi, nə qədər Azərbaycan var,
bunlar müvəqqətidi -
beyninə gətirmirdi.

Sərkərdə nikbinliyi
sirayət eləmişdi alaya.
Qərargahı oxşayırdı
bir alınmaz qalaya.

Şirin əmr verirdi,
ən müdhiş məqamda da
inam itməsin gərək.
Ürəkdə daşan coşqu,
ilham itməsin gərək

Axı, əsgər ürəyi
sərçə ürəyi deyil -
titrəsin səksəkədən.
Vicdan qorunsun gərək
ən natəmiz ləkədən.

Şəhidlər Xiyabanında Sükut

Burda hər gün Şirinə
Azərbaycan baş çəkir.
Mərmər sinə daşında,
qalıb cavan yaşında.

Polkovnik-leytenantı
axtarıb-arayan var.
Minaya düşməsəydi,
çoxdan general idi -
söyləyib, ağlayan var.

Sərkərdə sakit-sakit
sükut zirehin geyib
daş dövrünə baş çəkib.
Təbiət rəssam kimi,
gözlərində yaş çəkib.

Bura - Şəhidlər Xiyabanı.
Dünyanın bütün ünvanları,
sükut və süqut yolları,
hərlənib bura çıxır.
Burda uyuyanlar heç yana getmir.
Əmrə müntəzirdi onların ruhu,
komandir Allahdır hökm çıxaran,
ciddi qadağandır qanunu pozmaq.

Şirin doğum gününü,
yetmiş yaşının şirinliyini 
bu daşın üstündə elə qeyd edir.
Şəhidsevər Tanrı yumşaq davranır,
bütün günahları yuyur, qeyb edir.

5-30 yanvar, 2017-ci il

 





06.09.2017    çap et  çap et