525.Az

“525-ci qəzet” barədə bir neçə söz - “525”-25


 

“525-ci qəzet” barədə bir neçə söz - <b style="color:red">“525”-25 </b>

“525-ci qəzet”in qarşıdan gələn 25 illik yubileyi ilə bağlı Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədlinin rəhbərliyilə xüsusi nəşr layihəsi həyata keçirilir.

Bununla əlaqədar hazırlanan kitabda Azərbaycanın dəyərli qələm adamlarının fikirləri, yazıları yer alacaq.
 
Həmin yazılar ardıcıl şəkildə qəzetimizdə də dərc olunacaq.

“525-ci qəzet” qarmaqarışıqlıq dövründə çıxan ilk nömrəsindən başlayaraq Azərbaycan ədəbiyyatına, ümumiyyətlə, mədəniyyətimizə, ictimai fikrimizə göstərdiyi xidmətlərə görə, onun 25 illik yubileyi, elə bilirəm ki, mənəvi dünyamızın bütün bu sahələri  üçün də əlamətdar bir hadisədir.

Mətbuatımız sovet ideoloji çərçivələrindən azad olduqdan sonra Azərbaycan mətbuat tarixindən, milli jurnalistika ənənələrimizdən, hətta sadəcə olaraq mətbuatın və jurnalistikanın mahiyyətindən xəbəri olmayan adamlar belə, qəzet nəşr etməyə başladılar və çap etdikləri şayiələrlə, çayxana söhbətləriylə, bəzən açıq-aşkar böhtanlarla, “şok xəbərlərlə” sarı mətbuat ajiotajı yaratdılar.

Belə bir vaxtda “525-ci qəzet” müstəqil Azərbaycan quruculuğunun ciddi və aktual problemlərini işıqlandırmaqla, 70 illik fasilədən sonra, dediyim həmin mətbuat ənənələrinin unudulmadığını göstərdi, bu ənənələri davam etdirdi.

“525-ci qəzet” ictimai-siyasi qəzetdir, ancaq ədəbiyyat mövzusu (və ədəbiyyatın maraqları!) onun ən prioritet mövzularından biridir və o vaxt ki, bir çox mətbuat orqanlarında dərc olunan naşı və avam müəlliflərin “bədii”, eləcə də “tənqidi” yazıları bədii-estetik zövqü korşaldırdı, “525-ci qəzet” özünün professional müəlliflər aktivini yaratmağa nail oldu, istedadlı gəncləri özünə cəlb etdi, bədii ədəbiyyatla, onun problemləri ilə bağlı vacib bir tribunaya çevrildi, bununla da son 25 ildə ədəbiyyatımızın inkişafında əhəmiyyətli rol oynadı.

Mənim yazı-pozu işlərimdə də “525-ci qəzet”in xüsusi yeri var.

Bu 25 ildə mənim yazdığım hekayə və povestlərin demək olar ki, hamısı (!) Azərbaycan dilində ilk dəfə “525-ci qəzet”də dərc olunub, eləcə də məqalələrimin, prinsipial hesab etdiyim müsahibələrimin bir çoxu “525-ci qəzet”də çap edilib.

O vaxt ki, o qəzetcikdə-bu qəzetcikdə mənim haqqımda bəsit, səviyyəsiz qeybət və dedi-qodular, bəzən isə nadan yazılar, ağ yalanlar yazılırdı (inersiya ilə hələ də adda-budda davam edir), “525-ci qəzet” onlara ən yaxşı cavabı mənim hekayələrimi, məqalələrimi dərc etməklə verirdi. Mən həmişə bunu demişəm ki, əgər mənim yaradıcılığım avam dedi-qodusuna davam gətirməyəcəksə, onda yaxşı edirlər bu işlə məşğul olurlar. Onlara ən tutarlı cavab - əsərdir.

Bu 25 ildə bizim Mirzə Fətəli, yaxud Sabir, yaxud da Mirzə Cəlil kimi klassiklərimiz səriştəsiz və primitiv tənqidə məruz qalanda “525-ci qəzet”in obyektiv mövqeyi bu qələm sahiblərinin effektli müdafiəsinə qalxıb.

“525-ci qəzet” sovet dövrü ədəbiyyatımıza, bu ədəbiyyatın (və yazıçıların!) keçdiyi keşməkeşli sənət yoluna, məruz qaldıqları böyük faciələrə və eyni zamanda, elə həmin dövrdə qazanılmış böyük də uğurlara həmişə obyektiv yanaşıb və obyektiv qiymət verib.

Bütün bu dediklərimin ilkin səbəbi, əlbəttə, bu qəzeti yaradan amal, zövq və səriştədir.

O zaman ki, az-çox bacarığı və imkanı olan adamların çoxu restoran açmağa, şadlıq evi tikməyə, biznesin başqa sahələrinə əl atmağa çalışırdı, Rəşad Məcid “525-ci qəzet”i yaratdı və bu “yaratdı” ifadəsini mən təsadüfi yazmıram, çünki məhz həmin amal, zövq və səriştə qısa vaxt ərzində bu qəzeti çox az saylı əsas (və nüfuzlu!) mətbuat orqanlarından biri etdi.

O amal, zövq və səriştə “525-ci qəzet”in ən ağır sınaqlardan çıxmasında ona dayaq oldu.

Və mən buna şübhə etmirəm ki, “525-ci qəzet” qarşıda hələ çox yubileyləri bu cür açıq alın və sanballa qarşılayacaq.

 





09.09.2017    çap et  çap et