525.Az

Atama etiraf


 

Atama etiraf<b style="color:red"></b>

Əziz atam, həyat yoluna həsr olunmuş “Fotodastan”nın başlanğıcına qəlbimdən keçən bir neçə xoş kəlmə  yazmaq üçün sakitliyə çəkilmişəm. Amma həmişə olduğu kimi,  səninlə bağlı duyğularımı hətta bu sakitlikdə, özümlə bölüşməyə belə çətinlik çəkirəm. Çünki sənə olan sonsuz istəyimi ifadə eləməyə qüdrəti çatan söz tapa bilmirəm.

Ata, sən böyük filoloq alimsən, fikrimi anlayarsan, bəlkə də övladın ataya olan məhəbbətini ifadə edən söz dünya dillərinin lüğət tərkibində yoxdur. Hər halda, illər uzunu ürəyimdə qalan və hər dəfə yadıma düşdükcə məni həyəcanlandıran  duyğuları gücüm çatan dərəcədə dilə gətirmək istəyirəm.

Bəlkə də etiraf üçün bir qədər gecikmişəm, amma yenə də sənin səksən illik böyük ad günündə danışmağı özümə borc bilirəm.

Nədir bu etiraflar? Əvvələn, deyim ki, zamanında səni dərindən anlaya bilməmişdim. Hələ bu azmış kimi, səni hamıdan çox istədiyimdən hamıya qısqanmışam... İcazənlə, fikirlərimə bir qədər aydınlıq gətirim.

2017-ci ilin  yayında mənim 36 yaşım oldu, sən isə 80-nə çatdın. Hesablayıram, aramızda nə az, nə çox, düz 44 yaş fərq var. Kitablarından birində yazırsan ki, insanın ən ağıllı övladı müdrik çağda doğulanıdır. Demək istəmirəm ki, övladlarının içərisində ən ağıllısı və ən çox sənə bənzəyəni mənəm. Hərçənd ki, belə söyləyənlər də var. İllər sonra sənin əsərlərini oxuduqca keşməkeşli uşaqlığın, yeniyetməliyin, gəncliyinlə bağlı xatirələrlə tanış olduqca,  bir həqiqəti dərk elədim ki, mənim atam bu qocaman dünyaya ilkin başlanğıcdan müdrik olaraq gəlib. Bu nə yaşla, nə də başqa bir səbəblə bağlıdır.

Bilirsənmi, lap balaca olanda daha çox nəyə həsəd aparmışam? Başqa ataların uşaqlarını qucaqlayıb öpməsinə,  atalarla balaların hay-küylü, deyib-gülən  sevinclərinə. Mən də başqa ataların uşaqları kimi öz atamın boynuna sarılmaq istəmişəm.  Yəqin yadındadı, dərslərimizdən razı qalanda sadəcə başımızı sığallayıb alnımızdan öpərdin,  indi də elədi. Hərdən mənə elə gəlirdi ki, bizi başqa atalar öz uşaqlarını istədiyi qədər istəmirsən. Ona görə də imkansız qohum-əqrəbanın uşaqlarına qayğı göstərəndə, onların ailəsinə maddi-mənəvi kömək eləyəndə, sözün düzü, acığım tuturdu. Elə bilirdim, sən onları bizdən çox istəyirsən. Bilirsən, bunları nə ilə bağlayırdım, düşünürdüm ki, biz dörd bacıyıq, qardaşımız yoxdu, bəlkə ona görə atam bizimlə belə məsafəli, ciddi davranır.  O zaman mən Allaha yalvardım ki, bizə bir qardaş versin, atamın muradı gözündə qalmasın. Deyirlər ki, Allah uşaqların dualarını tez eşidir. Sənin oğlun oldu, bizim qardaşımız. Adını mən qoydum, Murad! Sən  azca gülümsədin, başımı sığalladın, alnımdan öpüb, sən deyən olsun, qızım, söylədin. Və sən oğlandı deyə Muradı  bizdən üstün tutmadın, aramızda zərrə qədər fərq qoymadın.

Anam sanki duyğularımı gözümdən oxuyurmuş. Artıq ağlım kəsən yaşda idim. Bir gün ana-bala dərdləşirdik. O dedi ki, bilirsənmi, Təriş, sən doğulanda atan iki erkək toğlu kəsdirib kasıb-kusuba payladı.  Sözünün davamında anam sənin körpəlik illərindən, anasız böyüməyindən danışdı.

Sən gözümdə böyüdükcə böyüdün!  Ana oldum, anamı anladım, iş adamı oldum, sənin  bizə şəxsi nümunəndə göstərdiyin işgüzarlığın, böyük məsuliyyətin, ən başlıcası geniş ürəkli və xeyirxah, başqalarının, daha doğrusu, xalqın maraqlarını öz maraqlarından üstün tutmağın nə demək olduğunu anladım.

 Bilirəm ki, sözümü qəribçiliyə salmayacaq, qəbahətim olsa, bağışlayacaqsan, çünki sənin ciddiliyinin arxasıda mərhəmət dolu kövrək ürəyin var. Bunu hamı bilir!

Mən səni kitablara, yazı masana, balaca yazı otağına çox qısqanmışam. Bəzən o kitablara paxıllığım tutub, bəzən onları görən gözüm olmayıb. Çünki sən işdən evə gələn kimi yeməyini yeyib kabinetinə keçirdin. Biz isə səninlə danışmaq, deyib-gülmək istəyirdik. Budur, aradan illər keçib, yenə də zahirən atamın davranışlarında hər şey dəyişmədən qalır. Amma indi mən əvvəlki illərdən fərqli  düşünürəm və deyirəm, nə yaxşı  ki, bu, belədir. Dəyişən sadəcə mənəm, mənim duyğularım, düşüncələrimdi. Əsl həqiqəti görə bilməyimdədir.

Yadımdadı, beşinci, ya da altıncı sinifdə oxuyurdum. Ad günüm idi. Anam dedi ki, sənə bir sürprizim var. Əlində sənin  tərcümə etdiyin “Necə yaşayasan yüzü haqlayasan” kitabı vardı. Dedi ki, bu kitab atanın sənə hədiyyəsidi. İncidim. Ürəyimdə bu nə hədiyyədi, dedim, evin hər yanı kitabdı, neynirəm mən bunu?  Anam, ay qızım, kitabın arasını bir aç bax, dedi. Ümidləndim, bəlkə sürpriz kitabın arasındadır? Açdım. Atamın imzası ilə bu sözlər yazılmışdı: Sevimli qızım Təranəyə. Bir zaman kitabın dəyərini biləcəyinə əminliklə. Tarixə baxdım. 13 iyul 1982-ci il. Atam bu avtoqrafı kitaba mənim bir yaşım olanda yazıbmış.

Ata, 35 il əvvəl, ayağımın yer, dilimin söz tutmadığı, ağlımın kəsmədiyi zamanda öz əlinlə avtoqraf yazıb mənə doğum günü hədiyyəsi etdiyin kitab indi evimin şah əsəridir, ən zəngin xəzinəmdir!

Biz balaca olanda sənin günün Tovuzun yollarında keçirdi. Biz bunu istəmirdik. Sənə elə hey acığım tuturdu. Nə var axı bu kişi qalıb yollarda, filankəsin oğlunun toyudu, bir adamdan nəmər göndərsin, hüzürü düşən var, kömək eləsin, bu qədər iş-gücün arasında gedir-gəlir, yorulur. Bizə zaman ayırmağa vaxt tapmır, amma Düzqırıxlını su  yolu eləyib, deyə düşünürdüm. Bağışla, ata, sənin ürəyinin genişliyinə, mərhəmətinin, xeyirxahlığının tükənməzliyinə heyranam indi. Sən kitab adamısan, ata, sən torpaq adamısan, sən insan sərrafısan və bütün varlığın el-obaya, insanlara sevgidən yoğrulub, ata!

Doğru deyirsənmiş, insanın xasiyyəti onun qan yaddaşıdı. Uşaq vaxtı ayağımı sürüyə-sürüyə getdiyim o kənd - baba yurdu bu gün məni maqnit kimi özünə çəkir. Vaxt tapan kimi gedirəm. Mütləq məzarlığa baş çəkirəm. Kənd adamları  səliqəli məzarları bircə-bircə göstərib deyəndə ki, bunlar kimi-kimsəsi olmayan rəhmətliklərindi, bu məzarların üstünü Qəzənfər müəllim öz xərci ilə götüzdürüb, ürəyim köksümə sığmır, ata. Xeyirxah əməllərinin şahidi olduqca, səni dönə-dönə bağrıma basıb öpmək və uşaq düşüncələrimə görə məni bağışlamanı diləmək istəyirəm. Nə qədər kimsəsizə əl tutmusan, nə qədər imkansızı oxutmusan. İndi anlayıram, sən bizə ayrılan vaxtı almamısan, əksinə  bəzən biz şıltaqlıq eləyib sənin hər anı yaxşılıq hissi ilə dolu zamanından oğurlamışıq.

İndi mən təməlini qoyduğum və inkişaf etdirdiyim “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəriyəm. Paytaxtda və onun rayonlarında, eləcə də Gəncə, Lənkəran, Xaçmaz və s. şəhərlərdə şirkətin filiallarında artıq yüksək ixtisaslı psixoloqlar, psixopedaqoqlar, loqopedlər çalışır. Xalqın sağlam həyat tərzi naminə zəhmət çəkən iş adamıyam, işimlə, insanlara az-çox xidmətimlə tanınıram. Amma hara getsəm, hansı böyük mərtəbədə olsam, mənim yeganə statusum var: Qəzənfər Paşayevin qızı Təranə Məmmədova! Bu statusu daşımaq böyük məsuliyyətdir, bunu yaxşı bilirəm. Bu status təkcə mənim yox, bütün ailəmizin, nəslimizin, gələcəyimizin tanınma nişanıdır. Sənin insanlığınla, yaradıcı əməyinlə, xalqa xidmətinlə qürur duyuram!

Hədiyyə verməyi sevirsən, amma kimdənsə hədiyyə almağı xoşlamırsan, bunu bilirəm. Səni azacıq da olsa sevindirmək istədim. Və səni nəyin daha çox sevindirə bilcəyinə əmin olduğum üçün bu “Fotodastan”ın yaradılması ideyasını səksən yaşına hədiyyə olaraq dəstəklədim. Dünyaya gəlişin mübarək, Qəzənfər müəllim! Hər bir azərbaycanlı kimi biz də səninlə fəxr edirik!

Qızın Təranə MƏMMƏDOVA
Bakı, avqust, 2017-ci il

 





11.09.2017    çap et  çap et