525.Az

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında


 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında<b style="color:red"></b>

Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da, şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş, bizlərə nəyi vəsiyyət etmişlər - oxuyaq, düşünək, bu günümüz üçün fəxr edək!

MİLLİ MOTİV SAİQİLƏ BEYNƏLMİLƏLİYYƏT

I

Hər hanki beynəlmiləl bir məsələ meydana atılırsa atılsın, gərək bu məsələnin qoyulmasında və gərək o məsələ haqqında müxtəlif zümrələrin bəyan etdikləri mütaliələrdə milli saiqi görməmək mümkün degildir.

Bəşəriyyət nə qədər irəlilərsə irəliləsin, ictimaiyyat, iqtisadiyyat və fənn nə qədər bütün cahanı yeknəsək bir şəklə qoymaq təmayülünü göstərirsə göstərsin, beynəlmiləl məsələ və mənfəətlərin istər-istəməz bəzən şüurlu, bəzən şüursuz, bəzən çox açıq, çox kərrə də qapalı həmən milli ehtiyac və mənfəət təsiri altında qalmaqda və həlli şəklini ancaq bu müxtəlif mənfəətlərin rəyə təmasları və mütəqabil təsirləri nəticəsində olmaqdadır.

Misal mı? İştə, son günlərdə hərc aləm bir mövzu halında bulunan “Avropa Birligi”!

Avstriyalı qraf Kudenhave-Kalergiyi bu fikrin hərarətli surətdə müdafiəsinə sövq edən səbəb hərbdən sonrakı Avstriyanın bulunduğu biçarə vəziyyət olduğu kibi, bu fikrin digər Avropa məmləkətlərində gördügü rəğbət dəxi cahan hərbi nəticəsində Avropanın heyəti ümumiyyəsilə, “biçarə bir vəziyyətə” düşdügü və bu vəziyyətdən çıxmaq üçün “əlbirligilə” bir yol bulmaq qeyrətidir.

Fransa xariciyyə naziri Biriyan bu məsələyi nəzəriyyat sahəsindən feliyyat sahəsinə çıxardı. Onun dövlətlərə göndərdigi nota və aldığı cavablar, məsələyi təqib edənlərcə, bəllidir. Bu cavablar müxtəlifdir. Heyəti-ümumiyyəsilə təklif əsasən qəbul olunuyorsa da tətbiqatına aid mülahizələr fəqlidir. Bu fərq ümumiyyətlə 2 qismə ayrılmışdır. Diqqətə dəyər bir ayrılış: Başda Fransa kəndisi olmaq üzrə Versal müahidənaməsi ehkamının əbədiləşdirilməsində mənfəəti olan millətlər bir, bu dəgiştirilən, şu və ya bu şəkildə əlaqədar olan millətlər də digər bir zümrə təşkil etmişlərdir.

Fransanın məqsədi hazırki, vəziyyəti saxlamaq üzrə Avropa Birligi ikən, Almaniyaya görə, Avropa Birligini təsis edə bilmək üçün Versal sülhü yeni başdan baxılmalıdır. İştə milli dərd saiqilə beynəlmilliyyət!

Bunun bir misalı da Rusiyada milliyyət məsələsinin müzakirəsində görülməkdədir. Bu “müzakirə” son zamanlarda Sovetlər İttihadına daxil məmləkətlərə mənsub sosialist partiləri və onların daxil bulunduğu 2-ci Sosialist İnternasyonalı məhavilində cərəyan etməkdədir.

Keçən mayıs ayında Berlində bir ictima əqd edən II İnternasyonal konqresi, Rusiya Sosyal-Demokrat firqəsinin raporunu dinlədikdən sonra, bolşevik diqtatorluğu altında inləyən əmələyi bu rejimə qarşı mücadiləyə dəvət eyləmişsə də, şimdiki rejimin bərtərəf edilməsini tədrici təəzzüv və demokrasi qüvvətlərini təşkil şəklində təsəvvür və tövsiyə etmişdir. Rejimi cəbr və ixtilal surətilə devrilməsi Rusiyada Bonapartizmi mucib olub inqilabın bütün müktəsəbatını əldən çıxarmaya vəsilə olur və nəticədə beynəlmiləl macəra və müharibə ünsürlərini təkviyə edilmiş olurmuş! Rusiya əmələsini “hürriyyət kəsbinə” dəvət edərkən, ona böylə “beynəlmiləl hərbi istilzam etdirməyən “müslihanə bir tədric üsulu” İnternasyonal, eyni zamanda, Sovetlər İttihadında mövcud milliyyət məsələsini də “həll etmişdir”. Bu surəti hala görə Sovetlər İttihadına daxil millətlər siyasi müqəddəratlarının həllində bizzat kəndiləri səlahiyyət sahibi olub, tam müstəqil olmaq və ya federasyonda qalmaq cəhətini ancaq kəndiləri qərarlaşdırırlar. Şübhəsiz bu formul həddi-zatında mühümdür. Və “bir tərəfli” ayrılma haqqını daima inkar edən rus sosyalistlərini cərh edən bir qəziyyədir. Fəqət o qədər. Çünkü əmələyə verilən tövsiyə kibi, burada da rusdan olmayan milli sosyalist partilərinə “milli istiqlalın təhsili məqsədilə ümumi demokrasi hərəkatını işğal ilə daxili hərbi müstəlzim üsullardan və bilxassə müqabil ixtilal qüvvətlərilə ittifaqdan həzər etmək, əskidən təklif ediyor, çünkü bu “beynəlmiləl hərbi” mucib olurmuş.

“Beynəlmiləl hərb!” İştə, Avropa sosyalist partilərilə, Avropa əmələsi ruhiyyatı üzərində ən ziyadə təsir yapan bir cümlə! Bu cümlədə səqli bulunan haləti ruhiyyəyi, rus sosyalistləri əzəmi surətdə istifadə etmiş, internasyonalı böylə “qeydü-quyudla” bir rezalusyon almaya sövq etmişlərdir.

Sovetlərin inqirazı Avstriyanın mənfəətindən degildir. Bura sosyalistlərinin lideri Otto-Bauer ötəndən bəri bolşeviklərə simpatisilə mərufdur. Almaniyanın dəxi şu sırada Sovetlər İttihadının siyasi hesab xaricində qalması işinə gəlmiyor, bir, və erkən çıxacaq hərbdən istifadə edəmiyəcəgini dəxi hesaba alıyor - iki; İngilis şöbəsi Sovetlərin daxili işinə müdaxilə olur - deyə əsasən bu məsələnin müzakirəsində iştirak belə etməmişdir. Belçika Şərqi Avropada çıxacaq hər hankı hərbin nəticədə ümumi bir hərbi intaç edə biləcəgi və bundan da təkrar Belçikanın “bulduyu yiyəcəgi” ehtimalı qarşısında hirasan! Digərləri də bu minval...

İştə bir sürü “milli Avropa dövlətləri” Rusiya sosyalist partilərinin “böyük və vahid Rusiyanın” parçalanması ehtimalından gələn “milli dövlətlərilə” birləşərək “xüsusi milli mənfəəti ümumi beynəlmiləl əmələ, sülh və demokrasi mənfəətlərinə tabe qılan” böylə bir qərar çıxarmaya sövq eyləmişdir.

Əvət, hər türlü milli və məhəlli hisslərdən mücərrəd sırf insani qayələr naminə saf bir idealizmlə hərəkət edən sosyalizm çoxdan qeyb olmuşdur. Onun son baqiyəsi dəxi hərbi ümumi nairəsində yanmış bitmişdir. Hərb əsnasında və ondan sonra, mövcud sosyalist partiləri təmsil etdikləri geniş xalq kütlələrinin həyati mübrəm ehtiyaclarına cavab vermək və günün “murdar” məsələlərini həll etmək məcburiyyətində bulunan firqələrdir. Qismən hökumətə gəlmiş, qismən də gəlməyə namizəd firqələr “qeyri məsul müxalifət halında ikən Hindistana istiqlal vəd edən İngiltərə Leybor partisi, bu gün iqtidar mövqeində ikən, Hindistanda qan tökmək “məcburiyyətindədir”. Çünkü Hindistanın ayrıldığı günü İngiltərə əmələsi, kəndisinin ac qaldığı gün kibi görüyor, milli realite onu beynəlmiləl romantizmi qəbul edən sarfi-nəzər etdiriyor. Və bu “realite” onu eyni zamanda “Rusiya məsələsinə iştirakdan” belə mən ediyor. Düşünüyor ki, “bən məsələyə bu surətlə iştirak edərsəm, o zaman Moskva Hindistan işlərinə daha pərdəsiz olaraq müdaxilə edər.

Sosialist internasyonalının əski məruf idealizminin müharibədən sonra bolşeviklərə və III İnternasyonala keçdigi təsəvvür olunmuşdu. Bu təsəvvürün nə qanlı yalanlarla boşa çıxdığı bu səyfələrdə çox yazılmışdır.

Əvət gərək hərbi-ümumi, gərək “böyük ixtilal” və gərək şimdiki sülh məsələləri görəbi enlərə tarixin seyri üzərində hakim olan bir qüvvəti göstərilmişdir ki, o da realitelərin daima xəyallar üzərinə faiq olmasından ibarətdir. Ən böyük realite isə milliyyət və onun interesidir.

II

Bu məsələnin ümumi cəhəti ondan əlbəttə lazım gələn nəticəyi alır, hissəmənd oluruz. Fəqət burada nəzəriyyatdan ziyadə bizi əlaqədar edən bəzi əməli cəhətlər vardır. Bu internasyonala, məlum olduğu üzrə, Gürcü menşevikləri daxildirlər. Bu qərardan sonra onların vəziyyəti nə olacaqdır. Məlum olduğu üzrə qafqasiyalılar birlikdə Müstəqil Qafqasiya konfederasyonu davasındadırlar və bu davayı müştərəkən icra ediyorlar.

Rus sosyalistlərinin və II İnternasyonalın “müsaidə etdigi” metodla milli Qafqasiya namına icra olunan mücadilə metodları arasındakı təzad barizdir. Orada milliyyət məsələsi ümumi demokrasi məsələsinə tabedir. Bolşeviklərdə “əmələ məsələsinə” tabe olduğu kibi. Burada isə, demokrasinin ayrılmaz məlzəməsini təşkil edən aktual məsələ milli istiqlal məsələsinin kəndisidir.

Baxalım, bu məsələdə milli Gürcüstan dərdi nə kibi “beynəlmiləl” bir formulla ifadə olunmuşdur və ələlümum ifadə olunmuşmudur?

Parisdə gürcü Sosyal-Demokrat firqəsinin nəşri-əfkarı olaraq gürcücə intişar edən “Mücadilə Sədası” nam qəzetənin 7 nömrəli nüsxəsindəki baş məqalənin tərcüməsi əlimdədir. Burada internasyonalın məhud qərarı tənqid ediliyor. Bu tənqiddə məsələnin əsası cəhətində internasyonalca bir addım iləri atıldığı qeyd olunuyorsa da, əməli cəhətdən bu addımın tamamilə əhəmiyyəti qeyb etdirildigi meydanə çıxarılıyor. İləri atılmış addım nə imiş? Bu vaxta qədər internasyonal Rusiya tabeiyətindəki millətlərdən ancaq Gürcüstanla Ermənistan üçün istiqlal tanıyor, digər məsələləri sükut və mübhəmiyyətə keçiriyordu. Şimdi isə bütün millətlər üçün istiqlal haqqını tanımış, həm də bu haqqı Rusiyanın rizasilə məşrut tutmamışdır.

Geri atılan addım hankısı? Bu, əsasən qəbul edilən haqqın ixtisabi yolunda vəz olunan süni və mübhəm qeydlərdən ibarətdir. Məqalə şübhəsiz, milli istiqlal məsələsinin beynəlmiləl hərb təvəllüd etmədən, irticanın qələbəsinə fürsət vermədən həll edilməsinin ideal bir şey olduğunu qəbul etməklə bərabər, hadisələrin arzulara görə degil, kəndi məntiqlərinə görə cərəyan etdiginə işarət edərək firqənin zühur edəcək fövqəladə hadisələri bizzərur istifadə məcburiyyətində olduğunu qeyd ediyor. Və diyor ki, “iqtisadi anarşi, daxili infilak və beynəlmiləl ixtilaf kibi fürsətlərdən” istifadə etməyib də bütün ümidi ancaq “demokrasinin zəfərinə” bağlamayı tövsiyə ediyorlar, mütləqa bu əsası yanlış anlıyorlar! “Demokrasi milliyyət məsələsinin həllini təsri etsə də, onu həddi-zatında həll edəməz, nitəkim İngiltərədə demokrasi hakimiyyətinin vücudu İrlanda ilə Hindistan məsələsini həllə mədar olmamışdır”.

II İnternasyonal rezalyusyonun “Sovet İttihadı”nı xaricə qarşı müdafiəsindən bəhs sonuncu maddəsinə gəlincə, məqalə diyor ki:

“Rezalyusyonun 4-cü maddəsi bizim degildir. Biz onu qəbul etmiyoruz və bu xüsusda Marsel konqresində olduğu kibi, şimdi də komisyon ictimaində alınan bəyanatda bulunmuşuzdur.

Sovetlər İttihadını hər hankı bir təcəvüzə qarşı gürcü sosyal-demokratlarınca müdafiəsi qəbulu qabil olmayan bir təklifdir”.

Əlavə olaraq, qəzetə Otto-Bauerin “qədrə uğramış Gürcüstandan böylə “tarixi bir obyeqtivizmi tələblə etmək olmaz” dediginə kinayə ilə “tarixi obyetivizm əsil məğdurların xislətidir. Kadrere edənlərlə uzaqdan seyr edənlər böylə xisləti qətiyyən ibraz edəməzlər, toxlar acları anlamazlar!” diyor.

Əvət, gürcü sosyal-demokratlarının II İnternasyonala mənsub sosyalist firqəsinin “ac” bulunduqları “idealist” zamanlara aid xatirələri vardır. O zaman ki, “həmdərdligin” kəndisində bəzi intibaları yaşıyor. Bu xatirələr şimdi belə onu bu “tox”lar rasında qalmağa icbar ediyor.

Milli istiqlal mücadiləsi üzərində müasir və aktual məsələ olaraq, istilaya uğramış vətəninin davası ilə məşğul “məğdur” Gürcüstan sosyalistləri üçün “qədr edən və uzaqdan seyirçi bulunanlardan” mütəşəkkil bir cəmiyyətdəki mövqei şübhəsiz, ağırdır. Öylə isə nə oturuyor? - deyə bilirsiniz.

Ən məsul gürcü sosyalistlərindən biri “böylə gedərsə, nə qədər acı da olsa internasyonalı tərk etmək məcburiyyətində bulunacağız” diyordu.

III

Ələlümum beynəlmiləl mahiyyətdə olub, bir çox mücadilə sənələrilə bağlı bulunan gürcü menşeviklərinə, pisixolojikman, bu təşəkküldən rəbb deyə ayrılmanın müşkül olduğunu bilməz degiliz. Sadə internasyonaldan degil, Rusiya menşeviklərindən belə daha tamamilə qəti-əlaqə etmək istəməyən münfərid də olsa, Seretelli kibi, bəzi gürcü sosyal-demokratları vardır.

Seretelli Rusiya miqyasında rol oynamış bir menşevik lideri olur. Rusiya Menşevik firqəsinin 1924 sənəsində nəşr etdigi bir proğramda “işğal qüvvətinin Gürcüstandan qaldırılması tələbi” qeydindən mülhəm olaraq, onun madam ki, Gürcüstan istiqlalını Rusiya Sosyalist Demokratları tanıyırlar, o halda bununla iktifa edərək başqa milli təşəkküllərlə nədən “bağrı-badaş” olalım, nədən beynəlmiləl irticai mubare və əcnəbi müdaxiləsincə arzu ehtiyac edəlim, deyə kəndi mənsub olduğu firqə daxilində bir davası vardı. Bu xüsusata gürcü Menşevik firqəsinin tanınmış piri Jordaniya ilə aralarında daxili bir mücadilə davam ediyordu. Bu mücadilə keçən sənə Seretellinin bütün məsul mövqelərindən, əzcümlə internasyonalda firqəyi təmsil sifətindən nəza qədər vardı.

Bu pozisyonundan dolayı bütün sosyalist rus firqəsi hətta sosyalist olmayan Milyukov belə,sırası gəldikcə, kəndisini təmcid və təşviqdən geri qalmıyorlardı. Fəqət şimdi, bütün ümidlərinə rəğmən, Seretelli son dərəcədə müşkül və gülünc olacaq qədər məhcub bir vəziyyətə düşmüşdür.

Keçənlərdə, Parisdə rus menşeviklərinin lideri Danın Rusiya siyasi vəziyyəti haqqında verilmiş olduğu bir raporun münaqişəsi əsnasında, Dan “sadə Gürcüstanın istiqlalını müdafiə etmək belə Rusiyanın inhilalını istəmək deməkdir” demiş və bittəbii bu inhilalı istəmənin irticai bir arzu olduğunu ifham eyləmişdir.

Bundan mütəəssir olan Seretelli rus menşeviklərinin nəşri-əfkarı “S.Vestnik” qəzetəsinə müfəssil bir məktub yazmış və bu məktubunda Danın, firqə platformuna rəğmən, Gürcüstan istiqlalı tələbini, digər millətlərin istiqlalını tələb növündən Rusiyanın inhilalını istəmək kibi tələqqi etdigini protesto etmiş və rus menşeviklərinin kəndi liderlərinin bu şəxsi mütaləəsilə razı olmiyacaqları ümidini dəxi izhar eyləmişdir. Nə olsa iyidir? Rus menşevik firqəsinin əcnəbi bürosu təklifi müzakirə ilə məktubun dərc ediləcəgini və liderləri Danın nəşriyatında, firqə mükərrirətilə hərəkət etdigini Seretelliyə rəsmi bir məktubla təbliğ eyləmişdir. Heç bəslənmiyən bu hadisədən duyduğu təəssürlə Seretelli bu məktubunu Prağda çıxan “Volya Rosii” məcmuəsində nəşr etdirmişdir.

Seretelli min menşevik sufizmini bir araya gətirib də isbat etmək istiyor ki, “Gürcüstanın Rusiyadan ayrılması Rusiyanın parçalanması demək degildir”. Bittəbii “nədən Gürcüstanın ayrılması Rusiyanın parçalanması degil də, fərzən Ukraynanın ayrılması parçalanmasıdır” qəziyyəsini salim bir məntiqə uyduramıyor. Konfuz böyükdür, Seretelli son dərəcədə mütəəssir, adəta ağlıyor. “Danın söylədiklərinin Gürcüstan mühitində icra edəcəgi təsiri bir düşünün” deyə “dostlarına” xitab ediyor və “qana qəltan olmuş bir məmləkətdə, bolşevik qüvvətləri tərəfindən cəbrən istila edilmiş bir yerdə, bir məmləkətdə ki, rus demokrasilə yol yoldaşı olmanın caiz olub olmadığı məsələsi belə bu qədər mübahisə və münaqişələrə mucib oluyor. Dan tərəfindən sərf olunan bu sözlərin, bu yoldaşlığın imkanını isbat etmək istəyənlər yəni Seretelli əleyhində nə kəskin bir silah olaraq qullnacağı nəzərə alınmıyormu?” - deyə dərd töküyor. Və yanılmıyor.

“Mücadilə Sədası”nın 6 nömrəli nüsxəsində Jordaniyanın qələmindən çıxdığına şübhə olmayan bir baş məqalə həqiqətən də bu münaqişəyə həsr edilmişdir. Məqalədə bütün rus sosyalistlərinin milliyyət məsələsində qeyri səmimi və imperyalistik bir zehniyyət daşıdıqları qeyd olunmaqda və həpsinin “parçalanmaz vahid Rusiya” şüarına mərbut imperyalistlər olduğu dərin təhlillərlə təsbit olunmaqdadır. Məqalə, zehniyyətinin əsasına görə, Seretelliyi də bu “həqiqi sosyalizm və qüsursuz demokratizm yolundan sapmış”lar sırasında saymaqdadır.

Rus menşeviklərinin milliyyət məsələsini Rusiyada demokrasi interesinə tabe etmək istədiklərini təhlil edərək, məqalə, bu tabeyənin ancaq Rusiya birligini qorumaq üçün düşünülmüş bir “manevrə” olduğuna işarət edərək, diyor ki:

“... Dan və tərəfdarları da belə siyasət sahəsində mücadilə ediyorlarsa da, xarici siyasət sahəsində onunla kafiyən mücadilə etmək niyətində degildirlər. Biləks Rusiyanın birligi şüarını digər bütün rus firqələri kibi, onlar da müdafiə ediyorlar. Xarici siyasət cəbhəsi daxili siyasət cəbhəsinə faiq gəldigindən, aşikardır ki, bir kəlimə oyunlarından başqa, Danın, Kerenski, Patresov, Milyukov və sairə ilə fərqi çox azdır. Onların bir-birinin kəndinə məxsus motivləri və təsəvvürləri vardır. Fəqət mühüm olan əməli nəticədir ki, bu xüsusda aralarında heç bir fərq yoxdur. Şayani-diqqətdir ki, bunlar İngilis burjuaları qədər olsun yüksələmiyor, məhkum millətlər üçün, qismən olsun, dominyon haqqı belə tanıyamıyorlar!”

Millətlər Rusiyadan gedərsə, bu hadisə, arada irticaın və itibdadın övdətinə mucib olurmuş!.. Gürcü qəzetəsi bu məntiqində morallığını, o degilsə belə Rus xalqına etimadsızlığı ifadədən gəldigini qeydlə, pək haqlı olaraq, əlavə ediyor ki, “millətlərin kəndilərindən ayrılması nə Avstriyada, nə də Türkiyədə irticaya mucib olmadı!”

Bu münaqişədə dəxi beynəlmiləliyyət formulları altında milliyyət motivinin saqlı olduğu bütün çıplaqlığilə meydandadır. Bunu görməyənlərin və ya görməməzligə gələnlərin nəsibi Seretelli kibi, heç olmazsa məhcubiyyətdir!...

18 Ağustos 1930
Azəri (M.Ə.Rəsulzadə)
“Odlu-Yurd”, eylül 1930, №20

B.T. Məqaləyi imza etmiş heyəti-təhriziyyəyə göndərmişdim ki, rus sosyal demokratlarının nəşri-əfkarı “S.Vestnik” qəzetəsinin 16-cı nüsxəsi gəldi. Bu nüsxədə Seretellinin “Volya Rossii” məcmuəsində çıxan məktubuna cavab verilməkdədir. Seretellinin rus sosyal demokrat partisi bürosu əsasında kəndisilə bərabər Jordaniya və Dan əleyhinə çıxmağı xüsusundakı təklifini” mükəməl bir analitik sifətilə təvsib etdikdən sonra məqalə mühərriri Danın Seretelli pozisyonunun fantazidən və realiteylə işi olmayan təzadlarla dolu süni bir fikir kombinezonundan ibarət olduğunu dava və isbat ediyor.

“S.Vestnik”cə, “Rusiyayı parçalamadan Gürcüstana istiqlal Seretellinin milliyyət məsələsinə baxışı uydurma və yapmadır. Bu pozisyon qeyri-müəyyən, bu siyasət qeyri-vazehdir. Onun Gürcüstan istiqlalını günün aktual məsələsi olmaqla bərabər, eyni zamanda, Şərqi Avropada olan böyük məsələnin həllində əskəri metodları rədd edişi yekdigərini çürütür bir mahiyyətdədir, xəyalidir”.

Məcmuəyə Seretellinin digər milli məsələləri iğmaz edərək sadə Gürcüstanın halisini mümkün görməsi haqqındakı israrı, pək haqlı olaraq, tuhaf gözüküyor. Yalnız bir Gürcüstanın ayrılması ilə hadisələrin təvəqqüf edəmiyəcəgini, rus sosialistləri pək əla dərk ediyorlar. Onlar “biz rəsmi Gürcü sosyal-demokrat görüşünü anlarız” diyorlar. Bu görüş üçün Rusiyada demokrasimi, irticamı bütün bu məsələlər mühüm olsa da, Gürcüstan istiqlalı məsələsinə nisbətlə ikinci dərəcədə qalır. Digər bütün məsələlər onunca milli iftizaq əsasına tabe tutuluyor. Dərhal və bilatəxir ayrılmaq şüarını vəz edərkən o nə yapdığını kamilən anlayır və nəyə getdigini biliyor. O, əskəri ixtilaflar və müharibə dəxi daxil olduğu halda, hər şeyi qəbul ediyor”.

Məcmuəyə görə, Seretelli sadə ənai və utopist degil, eyni zamanda internasyonalizmin fariq sifətlərindən olan sinif ideolojisini şaşırmışdır. “7-8 sənə əvvəl milli istiqlal hətta prinsib belə degil, sadə şaxmat gedişi və taktik bir addım ikən, şimdi Seretelliyə görə xalqın qayəsi hökmünü almışdır. Həm də öylə bir hökm ki, icrası heç bir vəchilə təxir etdiriləməz”!

Gürcü sosyal-demokratlarınca “naiv” Seretelli “rusca” internasyonalizmin nə olduğunu şimdi anlıyor, rus sosyal-demokratlarınca da bu “naiv” adam adəta milliyyətçiliklə ittiham olunuyor.

Farsların “Əz onca randə, vəz inca mandə” dedikləri iştə budur!

A.(Azəri) (M.E. Rəsulzadə) 

Saiqə - sövq edən, sövqedici, səbəb, keyfiyyət
Hərc - nizamsızlıq, qarışıqlıq
Müktəsəb - qazanılan, əldə edilən
İstilzam - lüzumluluğunu göstərən
Səkli - ağır
Quyud - bağlar, bəndlər
İnqiraz - məhv olma
Hərasan (hirasan) - qorxaq, ürkək
Nairə - alov
Mübrəm - mütləq icra edilməli
Hissəmənd - hissə yiyəsi
Məhud - öhdəyə götürülmüş
İxtisab - rəngləmə, boyama
Təvəllüd - meydana çıxma
Bizzərur - zərurətlə
İnfilak - dağılma, pozulma
Təsri - sürətləndirmə
Mədar - özül, təməl
Qədr - vəfasızlıq, xəyanət
Rəbb - Allah
Nəza - çəkib qoparma
Məhcub - utanan
İnhilal - ayrılma
İfham - anlama, dərketmə
Mükərrir - təkrarlayan
Məhcubiyyət - utanma, ar etmə
Vazeh - aşkar, aydın
İğmaz - özünü görməməzliyə qoyma
Təvəqqüf - dayanıb qalma
Əna - əziyyət, zəhmət 

ONUNCU İLDƏ!..

(Azərbaycan “Çeka”sının il dönümü münasibətilə) 

1929, mayısın 20-də Azərbaycan “Çeka”sının təşəkkülündən 9 il keçdiyi üçün “Çekanın” şimdiki rəisi Novruz Rzayev, bu münasibətlə Bakıda türkcə nəşr olunan “Komunist” qəzetəsində (№ 114) “Doqquz illik fəaliyyət” haqqında uzun bir məqalə yazmışdır. Rzayev məqaləsində “Çeka”nın tarixi təşəkkülündən bu vaxta qədər Azərbaycan daxilində “Müsavat” firqəsinin gizli surətdə çalışan təşkilatilə vaqe olan mücadiləsindən, “Müsavat” firqəsinin 1922 sənəsindən 1929 sənəsinə qədər, “əskiyi iadə və komunist diktatorluğunu yıxmaq” üçün göstərdigi inaddan bəhslə bilxassə 1928 sənəsi üzərində duruyor, diyor ki:

“1928 sənəsində Azərbaycan fövqəladə komisyonu - (Çeka) “Müsavat” firqəsinin yeni mərkəzini (?), qəza və Bakı şöbələrini, əskəri və terror qrup və təşkilatlarını kəşf və təsviyə etdi (?)”.

“Kəşf və təsviyə olunan (yəni Sibiryaya sürülən, qətl olunan v.s.) “Müsavat” v.s. kontrorevolisiyon təşkilatları hüdud xaricində olan əks-inqilab idarə və təşkilatları ilə münasibətdə bulunmuş, onlardan yardım və direktiv almışlardı”.

Fəqət bolşeviklərin “Çeka” mütəxəssislərinə məxsus raporlarda, bir lisan vardır. Daima “Müsavat” aradan qaldırıldı, “gömüldü” - deyən və böylə deməyə alışqan olan “Müsavat”ın əbədi olaraq məhv edildigini iddia edən çekistlər bu dəfə yalnız “təsviyə” təbirilə iktifa ediyor, eyni zamanda böyük bir qorxu içərisində bulunduğuna bir əlamət olaraq diyor ki:

“Məmməd Emin Rəsulzadələr, Sovetlər İttifaqını içərisindən dağıtmaq istiyorlar. Şübhə yoxdur ki, bu təşəbbüslər nəticəsiz qalacaqdır, çünki proletar diktatorluğunun lazımi orqanları (Çeka, Qızıl ordu) Sovet hökumətini sarsıtmaq istəyən hər təşkilatın kökünü vaxtı-vaxtında yandırmaqdadır...”

“Azərbaycan çekistləri, Azərbaycan “Çeka”sı 10 ilinə daxil olurkən kəndi sıralarını bir qat daha möhkəmlədəcək və fəaliyyətini artıracaqdır...”

İstilanın 10-cu ilində və “Çeka” fəaliyyətinin 10 ildən bəri 10 minlərlə milliyyətçini imha (məhv) və dəfələrlə “Müsavat”ı kəşf, “təsviyə” və “ilğa” eylədikdən sonra, yenə “sıralarını möhkəmlətmək” ehtiyacını hiss eyləməsi “Müsavat” və müsavatçı adı qarşısında Azərbaycan komunistlərinin nə böyük bir qorxu duyduqlarını göstərməkdədir. Bu əndişə - müsavatizmin və bu təbirin ifadə etdigi Azərbaycan İstiqlalçılığının nə dərin bir kökə malik olduğuna dəlil ola bilir.

9 ildən bəri qətiyyən sönmədigini, getdikcə alovlandığını və Sovet hökumətindən ötrü, harsi, ədəbi, iqtisadi, ictimai-siyasi və əskəri cəbhələrdə böyük bir təhlükə təşkil eyləməgə başladığını, gəncligin bilxassə məktəbli və darülfünluların, hətta komsomolların belə, bu dərin milli hərəkatda iştirak etdiklərini, həbslərin, sürgünlərin, qətllərin Milli hərəkatı sövq və idarə edən “Müsavat”ın kəndi fəaliyyətini durdurmadığını rəsmi “Çeka” raportlarından öyrəniyoruz. Öyrəniyoruz ki, Rzayevin təbirilə “ümumi Rusiya “Çeka”sının direktiv və rəhbərliyi ilə, Rusiyanın istila və imperyalizm ilə mücadilə edən və Azərbaycanın istiqlal və qurtuluşu üçün “Çeka”nın qanlı bodrumlarında canlarını sevə-sevə verən Azərbaycanın həqiqi övladını imhayə məmur bulunan Azərbaycan “Çekası”, qanlı və vəhşi fəaliyyətinin 10-cu ilində, bu qüvvətli və şanlı Milli Hərəkata qarşı daha hızlı bir surətdə mücadilə yürütmək məcburiyyətini hiss ediyor.

“Çeka”nın bu “daha qüvvətlənmək” ehtiyacı, bizim daha ziyadə qüvvətli olduğumuzdan iləri gəliyor. Bu da sovet rejimi və bolşevik hakimiyyətinin zəifini, Milli İstiqlal Hərəkatının canlılığını və təbii bir Xalq hərəkatı olduğunu göstərməkdədir.

Bu, istiqlal hərəkatının və rus istilasilə olan mücadilənin davam eyləməkdə olduğuna şəhadət edər; göstərir ki, verdiginiz minlərcə qurbanlar üzərinə yeni qurbanlar əlavə etmək qarşısındayız.

“Çeka”nın bu 9 sənəlik vəhşətini xatırlarkən vermiş olduğumuz böyük istiqlal qurbanlarının müqəddəs xatirələri önündə diz çökəlim! Onlara o Pirilərə, Məmməd Bağırlara, Dadaşlara, Ağa Kərim və Ağa Səlimlərə minlərcə rəhmətlər göndərəlim! Verdigimiz qurbanların və verəcəgimiz yeni şəhidlərin izlərilə o böyük istiqbal qayəsinə doğru yürüməkdə davam edəlim! Sıralarımızdan Rəhimlərin, Əli Yusiflərin, Nəsrullah və Əbülfəzlərin Məmməd Həsən və Vahabların buzlu cəhənnəmlərə döndərilməsi, Piri, Dadaş və Qasımların qanlı bodrumlarda şəhadəti əzmimizi sarsıtmasın, biz yeni qurbanlar verəcəgimizdən qətiyyən qorxmiyalım. Yalnız verəcəgimiz və verdigimiz qurbanlardır ki, bizi hürriyyət və istiqlala qovuşduracaqdır!

Böyük ölülərimizin, “Çeka”larda uğrunda can verdikləri müqəddəs Azərbaycan istiqlalına, yenə böyük ölülərimizin mübarək vücudlarına baxaraq irəliləməliyiz!

Zalım və vəhşi “Çeka”nın varlığına olan nifrət və lənətimizi yalnız bu surətdə izhar edəlim! İstiqlal mücadiləsindəki inadlarımızla!..

M.B.Məhmədzadə
“Odlu-Yurd”, temmuz (iyul) 1929, № 5

Qeyd: Məsləhət görürəm ki, “Çeka”çıları mədh edən, onları istiqlalçı kimi indiki nəslə sırımaq istəyənlər bu tarixi və müqəddəs sətirləri oxusunlar!  Ş.H.

(Ardı gələn şənbə sayımızda)

 





11.09.2017    çap et  çap et