525.Az

"Payız melodiyası" XXI əsr gənclərinin romanıdır"


 

"Payız melodiyası" XXI əsr gənclərinin romanıdır"<b style="color:red"></b>

Bu yaxınlarda Ukraynada yaşayan azərbaycanlı gənc yazar Nail İsmayılovun "Payız melodiyası" adlı romanı işıq üzü görüb. 

Bakıda qonaq olan yazarla görüşüb yaradıcılığı, Ukrayna ədəbi mühiti və sözügedən kitab haqqında söhbət etdik.  

- Nail bəy, oxucularımızın da sizi daha yaxından tanıması üçün əvvəlcə bir az özünüz haqqında məlumat verərdiniz...

- Mən Nail İsmayılov 1989-cu ildə Ukraynada Dnepr şəhərində anadan olub, uzun müddət orada yaşamışam. Orta məktəbi bitirdikdən sonra Bakıya gəlib, burada Azərbaycan Dövlət  İqtisad Universitetinə daxil olmuşam. 2010-cu ildə universiteti bitirdikdən sonra Xocavəndin Qarabağlar kəndində kəşfiyyatçı -snayper kimi hərbi xidmət keçmişəm. Ədəbiyyatdan başqa uzun müddətdir idmanla da məşğul oluram. Dörd il karate, 12 il kinq-boksla məşğul olmuş, kikboks üzrə "idman ustası" adını almışam. Ondan başqa taekvando üzrə qara kəmər sahibiyəm. Ukraynada bankda işləyə-işləyə həm də idman müəllimi kimi də fəaliyyət göstərmişəm. Bir müddət musiqi ilə də məşğul olmuşam, vokal məktəbini bitirmişəm. Bacardığım qədər müxtəlif sahələrlə maraqlanır, özümü hərtərəfli inkişaf etdirməyə çalışıram.

- Nə zamandan yazırsınız?

- 12 yaşımdan yazmağa başlamışam. Əvvəllər şeirlər yazırdım. Son bir ildə isə prozaya keçid etdim. İstədim ki, insanlara hisslərimi kiçik şeirlərlə deyil, böyük roman vasitəsilə çatdırım. Çünki nəsr, xüsusən roman mənə daha böyük imkanlar yaradırdı.

- Şeirdən nəsrə keçid necə oldu?

- Şeir yazanlar çoxdur. Bəlkə də çoxları bunu asan hesab edib şeirə qaçırlar. Mən də uzun müddət şeir yazdım. Ancaq sonra gördüm ki, fikirlərimi daha yaxşı, geniş çatdırmaq üçün şeir kifayət etmir, nəsr daha əlverişlidir. Əgər mən nəsrə keçməsəydim, məcbur idim səhifə-səhifə şeir yazım. Onu da kim oxuyacaqdı ki? Ta qədimdən bizdə qısa şeirlərə üstünlük verilib. Elə Ömər Xəyyamın rübailərini misal çəkək. Bu isə bir müddətdən sonra mənə kifayət etmədi. Ancaq bu o demək deyil ki, şeirdən tam ayrı düşmüşəm.

- Bəs, gələcəkdə hansında qərarlaşmaq fikriniz var?

- Həm roman, həm də şeir. Hazırda həm şeirlərimi kitab kimi hazırlayıram, həm də ikinci roman üzərində işləyirəm.

- İlk kitabınız "Payız melodiyası" necə yarandı?

- Ukraynanın ən tanınmış banklarından birində işləyirdim, hər şey yolunda idi, yaxşı gedirdi. Ancaq hiss etdim ki, nəsə çatmır, mən özümü daha fərqli sahədə göstərməliyəm, bu, mənim içimdəki ehtiyac idi. Buna görə də başladım hisslərimi kitaba köçürməyə. Bu, mənim üçün heç də çətin deyildi. Çünki mən ta uşaqlığımdan ədəbi dərnəklərə gedir, seminarlara qatılırdım. Ədəbiyyatın bütün sahələrinə dərindən bələdəm, çox kitab oxuyuram. Əvvəlcə  sınaq üçün kiçik başlıqlar yazdım və onları redaksiyaya göndərdim. Redaksiyada bunları oxuyandan sonra məni tələsdirdilər ki, bunları tez bir zamanda əsər kimi yazın, biz çap edəcəyik. Bu maraqdan sonra daha həvəsləndim və romanı yazdım. Əsərin son fəsillərini keçən il Azərbaycana gəlib burada yazmışdım. Azərbaycan mənimçün o qədər uğurludur ki, mən burada fikirlərimi daha yaxşı ifadə edə, daha yaxşı yaza bilirəm.

- Kitabın çapı necə oldu?

- Kitab mart ayında Ukraynada çap olundu.  Tam kitab hazır olduqdan sonra çapa verməyə tələsmədim. Çünki həm mən, həm də ətrafımda kitabımı oxuyan hər kəs bu kitabın gələcəyinə inanırdı. Ona görə də nəşriyyatla müqavilə imzalamadım. Çünki əgər müqavilə imzalansaydı, bu, o demək idi ki, kitabı ancaq Ukrayna görə biləcəkdi və bütün haqlar məndən çıxıb nəşriyyata keçəcəkdi. Mən isə kitabımı həm Rusiya, həm Azərbaycan, həm də bacardıqca bütün dünyaya çıxarmaq istəyirəm. Ona görə də mən dünyanın ən böyük elektron kitab evi olan "Streel books" kitab evi ilə danışdım. Hansı ki, oraya yüz sayt daxildir ki, kitab hər birində satışa çıxarılacaqdı. Ondan əvvəl isə müəllif hüquqlarını qorumaq üçün özüm şəxsi vəsaitim hesabıma min ədəd kitabı çap etdirib Ukraynanın kitab evlərinə payladıq, satışa verdik. Ondan sonra isə həmin şirkətlə müqavilə imzaladıq və kitab bugünlərdə artıq yüz saytda onlayn satışa çıxarıldı.

- Özünüz haqqında məlumat verəndə dörd müxtəlif sənətin adını çəkdiniz ki, hamısı ilə demək olar ki, eyni vaxtda məşğul olmusunuz. Bir-birinə yad olan bu sənətlərin sizdə birləşməsinə səbəb nədir?

- Bu yad sənətlərin mənim üçün ortaq məxrəci sevgidir. İnsan hansı işlə məşğul olmağından asılı olmayaraq, ona sevgi, məhəbbətlə yanaşırsa, onun öhdəsindən asanlıqla gələcək və hansısa uğurlar əldə edəcək. Mən idmanla məşğul olaraq, öz sağlamlığımı qoruyuram. Sağlam bədənlə ağlımı daha yaxşı işlədə bilərəm, o zaman mən maliyyəçi oluram. Bədənimdən əlavə ruhumun da sağlamlığı lazımdır. Bunun üçün musiqi və ədəbiyyat ən yaxşı vasitədir.

- Yaradıcılığınızın əsas mövzusu nədir?

- Əsas mövzu XX-XXI əsrdə itirilmiş bir mövzudur - sevgi. Doğrudur, tarix boyu çoxları bunu yazıb, pozub, nələrsə deməyə çalışıb, bəziləri deyib. Bəzilər deyə bilməyib. Ancaq mən düşünürəm ki, müasir dövrümüzdə sevgini çox az adam dərk edir, əsl mahiyyətinə vara bilir. İndi bir-birinə görə fədakarlıq edə bilən insanlar çox azdır. İndi insanlar öz gələcəyi üçün daha çox narahatdırlar. Bu, sevəndə, ailə quranda daha çox özünü göstərir. Sanki bir güvənsizlik var. Mən də bunları yazıram ki, əgər ki, ürəkdə döyüntü varsa, sevgi varsa, demək ki, gələcək üçün heç bir qorxu da ola bilməz.

- Özünüz də dediyiniz kimi, sevgi mövzusu istər dünya, istərsə də Azərbaycan ədəbiyyatında əsrlərdir ki, yazılır. Sizcə, dünya bu mövzudan doymayıbmı?

- Xeyr, məncə, sevgi elə bir mövzudur ki, ondan doymaq heç bir halda mümkün deyil. Heç zaman sevməyən insan o hisslə qarşılaşanda nə baş verdiyini anlamır. Bu zaman ona kitablar, şeirlər, əsərlər köməkçi olur. Həqiqi sevgini dadan insan özünü məhz həmin əsərlərdə tapır. Nə qədər ki, insan var, insanlıq var sevgi mövzusu da olacaq və hər şeydən də üstün tutulacaq. Hər bir müharibəni, münaqişəni aradan qaldıra biləcək tək qüvvə sevgidir.

- "Payız melodiyası"nı gənclərin romanı adlandırmaq olarmı?

- Bəli, olar. Bu roman XXI əsrin gənclərinin romanıdır. Hazırkı dövrümüzdə virtual həyat, sosial şəbəkələr gənclərimizin yaşam tərzinə bilavasitə təsir edir. Romanda da müharibədən qayıdan, özünə, hisslərinə yaxın kimsəni tapa bilməyən oğlan təsadüfən həmin adamı sosial şəbəkədə, yəni, virtual aləmdə tapır. Hansı ki, əvvəllər özü belə tanışlığa çox pis baxardı, boş və mənasız bir şey hesab edərdi. Ancaq özü başqa ölkədə yaşayan bir qızla məhz virtualda tanış olur, eşq yaşayır.

- Azərbaycanlısınız, Ukraynada doğulmusunuz, ancaq qəhrəmanlarınızı İspaniya və Portuqaliyaya aparıb çıxarmısınız. Səbəb nədir?

- Bu, ilk roman olduğu üçün istədim ki, yenilik olsun. Qəhrəmanlarım başqa ölkədən olsalar da, qanlarında, canlarında azərbaycanlı ruhunu daşıyırlar. Məsələn, mən Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasından bir hissəni də romana daxil etmişəm. Yəni ki, dünyanın hər yerində bizim ədəbiyyatla maraqlanırlar, oxuyurlar. Portuqaliya ilə İspaniyanın arası çox yaxındır, gediş-gəlişləri rahatdır. Bu da mənə romanda lazım idi. Azərbaycanla başqa ölkəni seçsəydim, onların görüşməsi, qovuşması üçün daha böyük zaman lazım olacaqdı, inandırıcı olmayacaqdı. Ondan başqa, mən bu romanı yazan zaman 2011-ci ildə Portuqaliyada işçilərin mitinqləri oldu. Bu hadisənin özü də mənə lazım idi. Həm də Portuqaliya və İspaniya da bizim kimi uzun müddət ərəblərin işğalında olublar. Onlar da öz azadlıqları uğrunda vuruşublar.  Bu baxımdan bizə çox yaxınlıqları var.

- Əsərlərinizi rus dilində yazmağınızı gələcək karyeranız üçün üstünlük hesab edə bilərikmi?

- Doğrudur, rusdilli ölkələr daha çoxdur. Rusiyanın özündə 150 milyondan çox insan yaşayır. Buna görə də romanımın tanınması və daha çox oxucu auditoriyası qazanması üçün üstünlük olacaq. Həm də müasir dövrdə tərcümə işi çox asanlaşıb. Əsas məsələ işinin peşəkarı olmaqdır.

- Azərbaycan dilində yazmısınızmı heç?

- Orta məktəbdə oxuyarkən Azərbaycan dilində yazırdım ara-sıra, ancaq çox üstünlük verməmişəm. Hətta mən Azərbaycan dilini çox da yaxşı bilmirdim, danışmaqda belə çətinlik çəkirdim. Ancaq bura gələndən sonra tez bir zamanda öyrəndim. Çünki bu, mənim ana dilimdir, nə qədər uzaq olsam da, mən buraya aidəm.  Gələcəkdə Azərbaycan dilində əsərlər yazmaq fikrim də var. Hətta bu yaxınlarda bir kinostudiya ilə danışıqlarımız oldu. Böyük ehtimal ki, gələcəkdə bura üçün ssenarilər yazacağam.

- Ukraynada ədəbiyyata, yazara münasibət necədir?

- Olduqca gözəl münasibət və diqqət var. Kitabım çıxandan iki gün sonra artıq televiziyalardan, qəzet və jurnallardan mənimlə müsahibə üçün təkliflər gəldi. Bu, məni çox təəccübləndirdi. Çünki belə tez bir zamanda hardan məlumat aldıqlarını belə bilmədim. Ondan başqa, dövlət tərəfindən mənə kitabımın təqdimatının keçirilməsi təklifi gəldi. Ümumiyyətlə, Ukraynada ali təhsilli, yaradıcı insanlara çox böyük hörmət və diqqət var. Mənim kitabımın təqdimatına universitetlərdən filoloqlar, professorlar belə qatılmışdılar. Orada ədəbiyyata maraq çoxdur, yazan çoxdur. Ancaq roman janrı orada da inkişaf etməyib. Onlar daha çox fantaziyaya meyillidirlər, real hisslərin tərənnümünə çox da önəm vermirlər.

- Ukrayna Yazıçılar Birliyinin fəaliyyəti necədir?

- Özüm də Yazıçılar Birliyinin üzvü olduğum üçün deyə bilərəm ki, dövlət birliyə heç bir kömək göstərmir. Oraya üzv olmaq çətin deyil, insana xüsusi bir avantaj da vermir. Dövlət özü ədəbiyyata elə də maraqlı deyil. Ancaq universitetlərin dəstəyi böyükdür. Universitetlər yazarları dəvət edirlər, onlara vaxt ayırırlar ki, onlar müəyyən müddət tələbələrə özləri, yaradıcılıqları, kitabları haqqında mühazirələr desinlər. Bu yaxınlarda mən də İncəsənət Universitetinə dəvət aldım, tələbələr qarşısında öz kitabım, müasir ədəbiyyatın problemləri haqqında mühazirə oxudum.

- Azərbaycanlı oxucu "Payız melodiyası"nı niyə oxusun?

- Maraqlı sualdır (gülür). Özünü, içində qapalı saxladığı hissləri görmək və göstərmək üçün məncə, bu roman hər bir oxucuya köməkçi olacaqdır. Mən əminəm ki, hər bir azərbaycanlı mənim qəhrəmanlarımda özündən bir parça tapacaqdır.  Kitabdakı müharibə epizodlarında ad olaraq İraqdan söhbət getsə də, mahiyyətdə Qarabağ dayanır. Mən burada əsgərlikdə olarkən başıma gələn, şahidi olduğum bir çox hadisələri burada əks etdirmişəm. Romandakı Dieqo doxsan faiz mən özüməm. Dieqonun döyüş dostlarının prototipləri mənim azərbaycanlı əsgər yoldaşlarımdır. Mənim kitabım oxucuya yaşadığı dünyaya, ətrafına daha diqqətli olmağı aşılayır.

Şahanə MÜŞFİQ

 





12.09.2017    çap et  çap et