525.Az

İlk anadilli qəzəlimiz


 

İlk anadilli qəzəlimiz<b style="color:red"></b>

XIII-XIV əsrlərdə yaşayıb yaratmış Azərbaycan şairi İzzəddin Həsənoğlunun "Apardı könlümü..." qəzəli hələlik əlimizdə olan ilk anadilli qəzəl nümunəsi kimi zəngin formal-poetik xüsusiyyətlərə malik olsa da, onun özündə hansı poetik əlamətləri, vəzn xüsusiyyətlərini ehtiva etdiyi kifayət qədər izah edilməyib.
 
Əvvəla qeyd etməliyik ki, qəzəlin kamil və mürəkkəb vəzn qurluşu, ədəbi dil materialının səlisliyi belə bir fikir yürütməyə əsas verir ki, bu əsər mükəmməl ədəbi ənənəyə əsaslanmış, türkdilli şeirdə dərin iz qoyub. Hər şeydən qabaq qeyd etməliyik ki, bu poetik forma (daxili mükalimə) klassik şərq şeirində daha qədim dövrlərdə işlənmiş "Rəddül-əcəz" formasıdır. Əsl adı "Rəddül-əciləsul-sədr"dir. Yəni əvvəlin inkarı və ya onun izahıdır. Qəzəl əruzun bütov həzc bəhrində, məfAİlün təfiləsinin 4 dəfə təkrarlanması ilə başa çatdırılıb. Bu poetik nümunənin qiyməti ondadır ki, o, hələlik (kursiv bizimdir M.Ə) Azərbaycan yazılı ədəbi dilinin ilk nümunəsi olub, klassik şeir-qəzəl üslubları içərisində orijinal bir poetik formadır (Akad.Ə.Dəmirçizadə). Odur ki, Azərbaycan ədəbiyyatı tarixində ilk ana dilli nümunə kimi türkdilli Azərbaycan ədəbiyyatı tarixini İ.Həsənoğlundan başlamaq bizim üçün bir adət halını alıb (Əkrəm Cəfər).

Adıçəkilən qəzələ cağatay şairi Seyf Sərayi, osmanlı saray şairi Əhmədi Dai, Saleh və başqaları maraqlı nəzirələr yazmışlar. İlk dəfə bu barədə söhbət açan Araz Dadaşzadə həmin şairlərin şeirlərini "XVIII əsr Azərbaycan poeziyası" (B, 1980, s.175 ) adlı monoqrafik tədqiqatına daxil edib.

Qeyd etdik ki, bu qəzəli məşhurlaşdıran, ona şöhrət gətirən amillərdən biri də onun əruz vəzninin ən melodik, musiqili, təranəli bəhri olan həzəcin birinci növündə yazılmasındadır ki, bu da məfA'İlün təfiləsində melodiklik, bədii ahəng yaradan iki uzun saitin (A və İ-nin) olması və bu təfilənin həzəcin birinci növündə dörd dəfə təkrarlanması nəticəsində dörd dəfə bədii ahəngin artması ilə bağlıdır. Bu növün axıcılığının, xoş ahəngliyinin yazıldığı ölçülü misrada reallaşması və məşhur qəzəlin bədii oxunuşunda onun təmin edilməsi də əsərə xüsusi dəyər qazandırır.

Mübahisə doğuran cəhətlərin biri də "Apardı könlümü" - qəzəlində hər beytin ikinci misrasında sualişarəsinin (?) tətbiq edilib və ya edilməməsidir.

Bu məsələdə alimləri iki yerə ayırmaq olar:

I. a) Görkəmli dilçi alim Ə.Dəmirçizadə "Azərbaycan ədəbi dilinin tarixi" (1 hissə, 1979) kitabında qəzəlin tam şəkildə təqdimində beytlərin (7 beytlik) ikinci misrasında sual işarəsini tətbiq etmir.

Apardı könlümü bir xoş qəməryüz canfəza dilbər;
Nə dilbər, dilbəri-şahid, nə şahid, nə şahidi-sərvər.

Hətta kitabında Əhməd Daidən də gətirdiyi beytdə də sual işarəsini görmürük.

b) Araz Dadaşzadə yuxarıda adı çəkilən kitabında "... hər beytin ikinci misrasının bir növ sual-cavab şəklində qurulması" (səh.176) fikrində olsa da, istər Həsənoğludan, istərsə də Nəbi və Salehdən gətirdiyi nümunələrdə sual işarəsini tətbiq etmir.

c) Nizami Cəfərov, Nəcəf Nəcəfov və digər müəlliflərin tərtib etdikləri 10-cu sinif üçün "Ədəbiyyat müntəxabatı" (2013) dərsliyində həmin qəzəlin beytlərinin ikinci misrasında sual işarəsi işlətməmişlər.

II. İkincilər isə birincilərdən fərqli olaraq sual işarəsini qəzəlin ikinci misrasına tətbiq etmişlər.

a) C.V.Qəhrəmanov, K.H.Allahyarov. "Azərbaycan klassik ədəbiyyatı kitabxanası", III cild, Bakı, 1984, səh.24)

Apardı könlümü bir xoş qəməryüz canfəza dilbər
Nə dilbər? Dilbəri şahid. Nə şahid? Şahidi-sərvər.

b) bu qəzəl sual-cavab şəklində yazılmışdır. Qəzəldəki ikinci misraların hamısında iki dəfə sual verilir və hər dəfə iki sözdən ibarət cavab alınır. Suallar və cavablar eyni şəkildə qurulur.

Professorlar X.Yusifli və Ə.Səfərli bu qəzəlin yazılışında sual işarəsi işlətmişlər.

Göründüyü kimi, iki eyni beytdə bu müxtəlifliyi törədən nə? sual əvəzliyidir.

"Apardı könlümü" qəzəlində işlənən nə əvəzliyi beytin ikinci misralarında (onların sayı 7-dir) suallıqdan çıxır, misraya heyranlıq, məftunluq məzmunu gətirir. Lirik qəhrəman "canfəza dilbər"in, "qəməryüz"ün gözəlliyi qarşısında dərin hisslər, duyğular içərisindədir. O, bu gözəllik, füsunkarlıq, bənzərsizlik qarşısında vəcdə gəlmişdir. M.Füzuli demişkən: "Heyrət, ey büt, surətin gördükdə lal eylər məni".

Həsənoğlunun lirik qəhrəmanı bu gözəlliyin qarşısında lal vəziyyətdə necə soruşa bilər? Bəlkə, bu, daxili bir düşüncədir, daxili bir monoloqdur?

Beytlərin ikinci misralarında nə? əvəzliyi sintaktik funksiyasını yerinə yetirərkən artıq tam suallıqdan çıxaraq, müəyyən emosional və daha çox bədii təsir gücünə çevrilərək estetik duyum anlayışına keçir. Nə dilbər? Dilbəri-şahid sual-cavabını ödəyə bilmir. Əslində, buna qəzəlin yazıldığı ölçü də imkan vermir.

MəfA'İlün məfA'İlün məfA'İlün məfA'İlün
Apardıkön lümübirxoş qəməryüzcan fəzadilbər
Nədilbər?dil, bərişahid, nəşahid?şa  hidisərvər.

Nə dilbər? Dilbəri-şahid. Nə şahid? Şahidi-sərvər.- misrasını imla normaları şəklində yox, vəznin tələblərinə görə yazmalı olsaq, yuxarıdakı vəziyyət alınar. Sual işarəsi vəzn vahidləri içərisində sanki sıxılaraq çox az suallıq intonasiyasını saxlayır. Belə vəziyyətdə açıq-aydın görünür ki, ikinci misrada və yerdə qalan ikinci misralarda sual-cavablıq itir.
Bu növün axıcılığının, xoştəranəliyinin yazıldığı misrada reallaşması və məşhur qəzəlin bədii oxunuşunda onun təmin edilməsi də əsərə xüsusi dəyər qazandırır. Məhz bu cəhəti nəzərə alan görkəmli əruzşünas alim Əkrəm Cəfər belə bir tələbi əruzvəznli şeirin oxusu üçün mütləq norma hesab edir. "Bölümləri müstəqil vahidlər kimi ayırsaq, aralarına tələffüzdə durğu işarələri qoyan kimi oxusaq, şeri gözəlliyindən, təbiiliyindən çıxara bilərik.

Çünki şerin vəzn vahidi bölümlər deyil, misradır. Buna görə də şeir söylənərkən bölümlər arasındakı ayrılıqlar, duraqcıqlar duyulmamalıdır. Duyulsa da, onlar eyni sırada dalbadal axan dalğalar kimi bir-birinə bağlı, bitişik olmalıdır. (Əkrəm Cəfər. "Sabir şerinin vəzni". ("Sabir" (məqalələr məcmuəsi) kitabı, Bakı, 1962, səh.128-129)
Əruz qəliblərinin (onları təşkil edən təfilələrin də) lüğəvi mənası olmasa da, qəlibin intonasiyası nəqli ahəngdədir, intonasiyadadır. Nisbətə və ya müqayisəyə gəldikdə sual cümləli əruzvəznli şeirlər olduqca azdır. Belə halda (son bölümün son hecasından başqa:"Qızılgül, bağü-bostanım nə dersən?) suallıq əruz ölçülərinin özünəməxsus ritminə mənfı təsir edir.

Əgər nə dilbər? Nə qülqül? Nə badə? nə məni? Nə kasid? Nə ənbər? Nə sadiq? - sualında dayansaq, suallıq intonasiyasını tam yerinə yetirsək, onda Nə dilbər? fə'Ulün təfiləsinə keçər və qəzəlin vəzni tamamilə pozular.

Bu səbəbdən görkəmli dilçi alim Ə.Dəmirçizadə qəzələ sual işarəsini daxil etməmişdir.

Belə heyranlıq, məftunluq doğuran misra və beytlər ədəbi nümunələrimizdə kifayət qədərdir.

Füzulidə:

Vəh nə qamət, nə qiyamət, bu nə şahi-gülü tərdir
Nə bəladır nəzər əhlinə, nə xoş maddi nəzərdir.

Qövsidə:

Nə sərkeş şölədir bu vəh, bu nə qəddü, nə qamətdir
Qiyamətlər qiyamindən qiyam etmiş qiyamətdir.

Qövsidən gətirilmiş bu beytə Həsənoğlunun qəzəlində olduğu kimi sual işarəsini tətbiq etsək, sual-cavab şəklini almış olarıq.

Sual: Nə sərkeş şölədir bu vəh? Bu nə qəddü? nə qamətdir?
Cavab: Qiyamətlər qiyamindən qiyam etmiş qiyamətdir.

Beləliklə, qəzəlin müvafiq düzgün durğu işarələri ilə təmin edilməsi çox vacibdir və qəzəli ikili vəziyyətdən xilas etmək ədəbi dəyərini sabitləşdirmək deməkdir. Bu işdə dilçi və ədəbiyyatçı alimlərin rəylərinə ehtiyac var; ya qəzəlin ikinci misralarına vergül, ya da sual işarəsini tətbiq etmək lazımdır. XIII əsrdə durğu işarələri mövcud olsaydı, Həsənoğlu (vergül) və ya (sual) işarəsindən hansmı tətbiq edərdi?

İ.Həsənoğlunun haqqında danışdığımız qəzəli lirik-aşiqanə mövzuda yazılmışdır. Lakin son dövrlərdə yazılmış bir sıra əsərlərdə o, nədənsə sufi şeiri kimi qiymətləndirilir, halbuki, bu şeirdə sufi ideyalarının tərənnümü və təbliğinə həsr edilmiş bir misraya da rast gəlmək mümkün deyildir. Məsələn, "XII-XVI əsrlər Azərbaycan şeirində təsəvvüf" adlı monoqrafik tədqiqatında X.Hümmətova yazır: "Apardı könlümü" adlı qəzəli məna semantikası (ifadə səhvdir-M.Ə., Ə.H.) baxımından şairin sufiyanə görüşlərini əks etdirən bir qəzəldir". Bu qəzəllə bağlı A.Rüstəmova yazır: "Şairin "Apardı könlümü" qəzəli onun istedadlı bir şəxs olub, azəri türkcəsində kamil əsərlər yaratdığına dəlalət edir. İlahi eşqin simvollarla əyaniləşdirilməsi kimi, dildən uzun əsrlər ərzində formalaşa biləcək ifadə imkanı tələb edən mürəkkəb bir formada mükəmməl qəzəl nümunəsi olan Həsənoğlunun bu şeiri qəzəl janrının tələbləri baxımından kamildir". Lakin həmin sitatdan aydın görünür ki, A.Rüstəmova qəzəli sufi şeiri saymır. O yalnız insanın real sevgisinin şair tərəfindən ilahi səviyyəyə qaldırılmasından danışır. Bu allah sevgisi, allaha qovuşmaq sevgisi deyil, real insan məhəbbətidir ki, o şairin ustalığı sayəsində yüksək səviyyəyə qaldırılmışdır. Qəzəldə işlənən "dilbər", "Dilbəri şahid", "şahidi sərvər", "büt", sürahi, "badə" və s. söz-simvollardan istifadə edilməsi klakssik şeirimizə xas olan xüsusiyyətlərdir. Həmçinin, "sevgili", "sultan", "məhbub", "şərab", "ağız", (dəhan) "qönçeyi-xəndan" və s. kimi söz və ifadələr də adi bədii təsvir vasitələridir".
 
"Şərab" isə təkcə sufi anlamında deyil, daha bir neçə anlamda işlənmişdir. Professor M.Quluzadə dünyada tanınmış Qərb şərqşünaslarına istinad edərək yazırdı ki, "şərab" klassik şeirdə ən azı 4 mənada işlənmişdir. Bu real və rəmzi mənaların əsasında real (natural) məna kəsb edən şərab dayanır. Professor Ə.Səfərli də qəzəlin III beytindən sonra sufi mahiyyət kəsb etdiyini yazır: "Bundan sonra gələn beytlərdə qəzəldəki məhəbbətin "vəhdəti-vücud" fəlsəfəsi ilə bağlılığı daha qabardılır. Tanınmış alim fikrini doğrultmaq üçün aşiqin şərabı sağətlə içdiyinə işarə edir. Aşiqin şərabı daha böyük qabda içməsi isə nə üçünsə sufi anlamı ilə izah edilir.

Halbuki, "sağər" ifadəsinə biz digər şairlərimizin də yaradıcılığında rast gəlirik. Məsələn Vaqif yazır:

Səndən ki, cüda nuş edərəm sağəri-gülnar
Tünd olma, dönüm gözlərinə, özgə səbəb var.

Burada da "sağəri-gülnar" ifadəsi işlədilmişdir, lakin bu o demək deyil ki, Vaqif sifi ideyalarını təbliğ etmişdir. Araşdırıcıların III beytdən sonra nümunə göstərdikləri beytlərə bir daha nəzər salaq:

Şaha şirin sözün qılır Misirdə bir zaman kasid
Nə kasid, kasidi qiymət, nə qiymət, qiyməti şəkkər.

Tutuşmayınca dər atəş, bəlürməz xisləti ənbər,
Nə ənbər, ənbəri-suziş, Nə suziş, suzişi məcmər.

Əzəldən canım içində yazıldı surəti-məni
Nə məni, məniyi-surət, nə surət, surəti dəftər.

Həsənoğlu gərçi duaçıdır sənə vədi sadiq,
Nə sadiq, sadiqi-bəndə, nə bəndə, bəndeyi çakər.

Qəzəlin birinsi beytində göstərilir ki, şəkər satan müştərini cəlb etmək üçün şəkərdən də şirin sözlər işlədərək şəkəri kölgədə qoyur. Buradakı şəkər sözündə heç bir rəmzi məna və eyham nəzərdə tutulmamışdır. Bu ifadə klassik poeziyasızda çox vaxt bədii təyin kimi işlədilmişdir. Yenə Vaqifə müraciət edək:

Sözləri qənd, ağızları piyalə
Şəkər əzmiş dilə, dodağa qızlar.

Sonrakı beytdə göstərilir ki, ənbərin (təzə doğulmuş tibet ceyranının qurumuş göbəyi) keyfiyyətini, ətirli dub-olmamasını əttarlar yoxlamaq üçün kiçik bir hissəsini kömür manqalında yandırırmışlar. Şair də eşq odunda yanın aşiqin sevgisinə nə qədər sadiq olacağını bu müqayisədə verir. Lakin bunun ilahi eşqə heç bir dəxli yoxdur.

Daha sonrakı beytdə - "Əzəldən canım içrə yazıldı surəti-məni"- dedikdə isə müəllif islam əxlaqına və təliminə müraciət edir. İnsanın doğulmazdan qəzavü-qədərinin əvvəlcədən yazıldığına işarə edir. Şair "surəti-dəftər" dedikdə müqəddəs Quranı nəzərdə tutur. Burada "vəhdəti-vücud" fəlsəfəsi deyil, islam əxlaqi əsas götürülmüşdür.

Sonuncu beytdə də Həsənoğlu sevgilisinin sadiq bəndəsi, nökəri (çakər) olduğunu deyir. Aydın görünür ki, burada da sufizmin "vəhdəti-vücud" təlimindən əsər-əlamət yoxdur. Ara-sıra rast gəlinən sufi terminləri kimi qiymətləndirilən söz və ifadələr isə bədii təsvir vasitələri kimi işlənmiş, onlar isə özlüyündə islam əxlaqına söykənmişdir. Odur ki, şairin bu qəzəli də "Necəsən ey üzü ağım mənim" misrası ilə başlayan qəzəli kimi sırf aşiqanə-lirik mövzuda yazılmış, hər cür sufi təsirindən, təlimlərindən uzaq olan sənət nümunəsidir.

Məmməd ƏLİYEV
filologiya elmləri doktoru, professor
Əjdər HÜSEYNLİ, əruzşünas alim

 





13.09.2017    çap et  çap et