525.Az

Səlim Müslümov Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələriylə görüşdü


 

Səlim Müslümov Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələriylə görüşdü<b style="color:red"></b>

Dünən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyəti qəbul olunub.

Nazirlikdən verilən məlumata görə, prezident İlham Əliyevin 2016-cı ilin aprelin 7-də imzaladığı sərəncama əsasən icra olunan özünüməşğulluq proqramı ölkəmizdə işsiz və işaxtaran vətəndaşların fərdi təsərrüfatlarının qurulmasına, nəticədə onların və ailə üzvlərinin özünüməşğulluğuna, ailə biznesinə çıxış imkanlarına malik olmalarına şərait yaradıb. Dövlət başçısının tapşırığına uyğun olaraq, bu proqramın daha da genişləndirilməsində, habelə həmin proqrama cəlb olunan insanların fərdi təsərrüfatlarının gələcək inkişafı üçün görüləcək tədbirlərdə beynəlxalq maliyyə qurumları, o cümlədən, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığın həyata keçirilməsi də diqqətdə saxlanılır.

Görüşdə nazir vurğulayıb ki, prezident İlham Əliyevin məqsədyönlü islahatlar kursu nəticəsində ötən dövrdə ölkəmizdə yaradılmış güclü iqtisadi potensial, xüsusən uğurlu iqtisadi şaxələndirmə dünya maliyyə böhranının dərinləşdiyi son illərdə də respublikamızda dayanıqlı inkişafın təmin olunmasına imkan verib: "Bu pozitiv proseslər, eyni zamanda yeni iş yerlərinin yaradılmasının daimi xarakter alması və əmək resurslarının səmərəli məşğulluğunun təminatı imkanlarının daim artması ilə müşahidə olunur. Son illərdə qlobal iqtisadi böhranın təsirlərinə rəğmən, Azərbaycanın əmək bazarında hər hansı gərginlik halının baş verməsinin qarşısı da alınmaqla, həyata keçirilən çevik tədbirlər ölkənin əmək bazarında inkişaf dinamikasının uğurla davam etdirilməsinə şərait yaradıb. İlk dəfə olaraq Azərbaycanda dövlət səviyyəsində icra olunan özünüməşğuluq proqramı əhalinin məşğulluq imkanlarının artırılmasında mühüm dəstək olmaqla, əmək bazarının inkişafı baxımından əmək qabiliyyətli şəxslərin müstəqil surətdə özünü işlə təmin etmələrinə, ümumən respublikada ailə biznesinin inkişafına xidmət edən ən vacib tədbirlərdən biridir. Bu proqram nəticəsində tədricən ünvanlı yardım sistemindən özünüməşğulluq sisteminə keçid əməkqabiliyyətli aztəminatlı vətəndaşlar arasında ələbaxımlılığın qarşısını alacaq, onlarda sahibkarlıq fəaliyyətini stimullaşdıracaq, digər tərəfdən, mühüm amillərdən biri kimi, biznesə və qeyri-formallıqdan formal iqtisadi münasibətlərə maraqlarını artıracaq".

S.Müslümov bildirib ki, özünüməşğulluq proqramı çərçivəsində cari ilin fevralından, yəni, aktivlərin verilməsinə başlanandan bəri proqram iştirakçılarından (1400 nəfər) artıq 920 nəfər işsiz və işaxtaran şəxsin biznes-planlarını reallaşdırmaları üçün aktivlərlə təminatı həyata keçirilib: "Hazırda da bu proses davam etdirilir. Vətəndaşlar onlara verilmiş mal və materiallardan səmərəli şəkildə istifadə edərək biznes-planlarına uyğun şəkildə ailə əməyinə əsaslanan fərdi təsərrüfatlarını uğurla qurublar ki, bu da özünüməşğulluq proqramının icrasında artıq müsbət təcrübənin formalaşdığını qeyd etməyə əsas verir. Prezident İlham Əliyevin tapşırığına əsasən növbəti illərdə indikindən dəfələrlə çox insanın özünüməşğulluq proqramına cəlb olunması təmin ediləcək".

Nazir qeyd edib ki, ölkəmizdə yeni "İşsizlikdən sığorta haqqında" qanunun qəbul olunması bazar münasibətləri şəraitində işsizlikdən müdafiə sisteminin qurulmasına, sosial-iqtisadi məsələlərin həllinə, əmək hüquqlarının qorunmasına, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşdırılmasına, sosial ədalətin, ictimai birliyin və sabitliyin təmin edilməsinə yönələn mühüm addımdır: "Bu qanunun tətbiqi nəticəsində gələn ilin əvvəlindən ölkəmizdə işsizlikdən sığorta sisteminin tətbiqi özünüməşğulluq proqramına cəlb olunanların sayının dəfələrlə artmasına da əsaslı təminat yaradacaq. Eyni zamanda, prezidentin tapşırığı ilə bu sahədə beynəlxalq maliyyə qurumları ilə də əməkdaşlıq imkanları nəzərdən keçirilir. Belə qurumlardan biri də Avropa Yenidənqurma və İnkişaf Bankıdır. Ötən dövrdə ölkəmizdə enerji, nəqliyyat, su, bankçılıq, mülkiyyət, aqrobiznes və s. sahələrdə önəmli layihələrin həyata keçirilməsində Avropa Yenidənqurma və İnkişaf Bankıyla uğurlu əməkdaşlıq təcrübəsi formalaşıb. Bu əməkdaşlıq qarşıdakı dövrdə aktiv əmək bazarı proqramlarının, o cümlədən, özünüməşğulluq proqramının genişləndirilməsi, eləcə də proqramın iştirakçısı olan və fərdi təsərrüfatlarını uğurla quran insanların öz təsərrüfatlarını inkişaf etdirmələri üçün görüləcək tədbirlərdə də səmərəli olardı".

Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı Daimi Nümayəndəliyinin başçısı xanım İvana Duarte təmsil etdiyi təşkilatla Azərbaycan arasında əməkdaşlığın daim genişlənməsindən məmnunluqlarını ifadə edib. Nümayəndə heyətinin üzvləri ölkəmizdə icra olunan aktiv əmək bazarı proqramlarının, habelə işsiz və işaxtaran vətəndaşların fərdi təsərrüfatlarının qurulmasına, nəticədə onların və ailə üzvlərinin məşğulluğunun təmin olunmasına yönələn özünüməşğulluq proqramının icrası sahəsində də əməkdaşlığın həyata keçirilməsinin məqsədəuyğun olduğunu qeyd ediblər. Görüşdə aktiv əmək bazarı proqramlarının, o cümlədən, özünüməşğulluq proqramının Avropa Yenidənqurma və İnkişaf Bankı kreditləri vasitəsilə genişləndirilməsi, bu zaman dövlətin vəsaitləri ilə bank vəsaitlərinin kombinələşdirilmiş şəkildə maliyyələşdirmə üçün istifadə olunması sahəsində gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

Ceyhun ABASOV

 





13.09.2017    çap et  çap et