525.Az

Qədrşünas tədqiqatçının qiymətli əsəri


 

Qədrşünas tədqiqatçının qiymətli əsəri<b style="color:red"></b>

Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, şair-publisist Elxan Yurdoğlu-Məmmədovun "Eynəli bəy Sultanov və folklor" monoqrafiyası Naxçıvanda "Əcəmi" Nəşriyyat Poliqrafiya Birliyində nəfis tərtibatla nəşr olunub.

Monoqrafiyanın elmi redaktoru və ön söz müəllifi AMEA-nın vitse-prezidenti, AMEA Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir.

AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı ilə çapa tövsiyə olunan kitaba AMEA Folklor İnstitunun direktoru, akademik Muxtar İmanov, AMEA Folklor İnstitunun "Folklor və yazılı ədəbiyyat" şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Kamran Əliyev, filologiya üzrə elmlər doktorları, professorlar Məhərrəm Qasımlı və Yusif Səfərov rəy veriblər.

Akademik İsa Həbibbəylinin kitaba yazdığı ön sözü təqdim edirik.

XIX əsrin sonları və XX əsrin əvvəllərində yaşayıb-yaratmış görkəmli yazıçı və publisist Eynəli bəy Çölü oğlu Sultanovun (1866-1935) həyatı və yaradıcılığı ümumi şəkildə öyrənilsə də, onun mühüm əhəmiyyətə malik olan folkorşünaslıq fəaliyyəti tədqiq olunmamışdır. Halbuki Eynəli bəy Sultanovun Azərbaycan folklorunun toplanması, tədqiqi və təbliği sahəsindəki çoxcəhətli fəaliyyəti bütövlükdə ölkə miqyasında həyata keçirilmiş həmin prosesin tam və əhatəli şəkildə öyrənilib ümumiləşdirilməsi baxımından çox əhəmiyyətlidir. Bu baxımdan Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun doktorantı olmuş, AMEA Naxçıvan Bölməsi, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folkorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Qadir oğlu Məmmədovun "Eynəli bəy Sultanovun folklorşünaslıq irsi" mövzusundakı filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyası kimi meydana çıxmış "Eynəli bəy Sultanov və folklor" əsəri həmin boşluğu doldurmağa xidmət edən yeni və əhəmiyyətli elmi tədqiqat işidir. Tədqim olunan kitab Elxan Yurdoğlunun filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyası əsasında hazırlanmış monoqrafik əsər kimi ciddi maraq doğurur.

Monoqrafiyada Eynəli bəy Sultanovun tərcümeyi-halı, təhsil illəri, folkorşünaslıq fəaliyyəti, habelə bədii və publisistik əsərlərində folklordan istifadə, həmçinin Eynəli bəy Sultanovun folklorşünaslıq fəaliyyətini tədqiq edən alimlərin araşdırmaları ciddi, səriştəli və dolğun şəkildə təhlil olunmuşdur.

"Eynəli bəy Sultanov və onun folklorşünaslıq görüşləri" adlanan birinci fəsildə ilk dəfə olaraq Eynəli bəy Sultanovun elmi tərcümeyi-halı dəqiq mənbələr əsasında sistemli şəkildə öyrənilmişdir. Tədqiqatçı burada Eynəli bəy Sultanovun anadan olma tarixini, ömür yolunu, təhsil illərini, Naxçıvan, İrəvan, Qars və Tiflis şəhərlərindəki fəaliyyətini ətraflı tədqiq etmişdir. Bu da ədibin zəngin və keşməkeşli həyat yolu barədə dolğun elmi təsəvvür yaradır. Filologiya üzrə fəlsəfə doktoru Elxan Yurdoğlu Eynəli bəy Sultanovun folklorşünaslıq fəaliyyətini müasir elmi metodlar səviyyəsində geniş planda təqdim etmişdir.

Monoqrafiyanın "Azərbaycan folklorunun toplanması, tədqiqi və nəşrində Eynəli bəy Sultanovun rolu"na həsr edilmiş ikinci fəslində görkəmli ziyalının folklorçu kimi fəaliyyəti işıqlandırılır. Burada Eynəli bəy Sultanovun şifahi xalq ədəbiyyatımızın toplayıcısı, tədqiqatçısı, tərcüməçisi və naşiri kimi çoxcəhətli fəaliyyətinə dair məsələlər ətraflı tədqiqata cəlb olunmuşdur. Tədqiqatçının üzə çıxardığı arxiv sənədləri və dövri mətbuat materialları və apardığı təhlillər Eynəli bəy Sultanovun folklorşünaslıq fəaliyyəti barədə dolğun fikir formalaşdırır. Aparılan tədqiqatlar belə bir qənaətə gəlməyə əsas verir ki, Eynəli bəy Sultanov Azərbaycan folklorunun əsas toplayıcılarından biridir. Onun adını Salman Mümtazla, Vəli Xuluflu ilə yanaşı çəkmək olar. Bu, Elxan Yurdoğlu-Məmmədovun elmi cəhətdən əsaslandırdığı qənaətdir.

Elxan Yurdoğlu-Məmmədovun Eynəli bəy Sultanovun dövrün mətbu orqanlarında çap olunmuş məqalələrini toplayıb tədqiqata cəlb etməsi, bu məqalələrdə öz əksini tapmış fikirlər və məlumatlar barədə ətraflı təhlillər aparması ciddi elmi yenilikləri ilə seçilir.

Eynəli bəy Sultanovun bədii əsərlərində, hekayələri və pyeslərində, həmçinin mətbuat orqanlarında dərc etdirdiyi məqalələrində Azərbaycan şifahi xalq ədəbiyyatına geniş yer verməsi, folklorun itib-batmaması üçün bu üsulu seçməsi də geniş tədqiqat mövzusuna çevrilmişdir. Bu baxımdan monoqrafiyanın "Eynəli bəy Sultanovun əsərlərində folklordan istifadə" adlı üçüncü fəslində aparılmış araşdırmalar nəzəri təhlillə dövri mətbuat materiallarının üzvi əlaqədə tədqiq olunması cəhətdən əhəmiyyətlidir. Müəllif inandırıcı dəlillərlə Eynəli bəy Sultanovun folklordan yaradıcı istifadəsinin həm ədəbiyyatın, həm də folklorun xeyrinə olduğunu elmi cəhətdən əsaslandırmışdır.

Oxuculara təqdim olunan monoqrafiya Eynəli bəy Sultanovun folklorşünaslıq irsinə, Eynəli bəy Sultanov və folklor mövzusuna həsr edilmiş ilk tədqiqat əsəridir. Elxan Yurdoğlu-Məmmədov uzun illər müxtəlif arxivlərdə, kitabxanalarda, dövri mətbuat orqanlarında nəşr olunan məqalələrlə yaxından tanış olmuş, Eynəli bəy Sultanovun zəngin irsini, xüsusən folklorşünaslıq fəaliyyətini diqqətlə araşdırmış, təqdirəlayiq monoqrafik əsər yazmışdır.

"Eynəli bəy Sultanovun folklorşünaslıq irsi" monoqrafiyasının elmi-ədəbi dəyəri XIX əsrin sonu və XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatında folklora xüsusi marağın və böyük diqqətin artmasını bir ədəbi şəxsiyyətin timsalında yeni aspektdə işıqlandırılması ilə müəyyən olunur. Bu əsər Elxan Yurdoğlu-Məmmədovun həm folklor materiallarının toplayıcısı, həm də tədqiqatçısı kimi səriştəsini meydana qoyur. Təqdim olunan monoqrafiya Elxan Yurdoğlunun Azərbaycan folklorşünaslığının yeni nəslini layiqincə təmsil etdiyini aydın surətdə nəzərə çarpdırır. Filologiya üzrə fəlsəfə doktoru Elxan Yurdoğlu-Məmmədov özünəməxsus tədqiqatçılıq səriştəsi, folklorşünaslıq bacarığı, orijinal yazı üslubu, təhlil və müqayisə imkanları ilə diqqəti cəlb edir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun "Eynəli bəy Sultanovun 150 illik yubileyinin keçirilməsi haqqında" 15 fevral 2016-cı il tarixli Sərəncamından irəli gələn vəzifələrin həyata keçirilməsinə görkəmli yazıçıya aid bir neçə kitabla cavab verən Elxan Yurdoğlu-Məmmədovun ədibin folklorşünaslıq irsinə həsr olunmuş monoqrafiyası bu istiqamətdəki tədqiqatların əhatə dairəsini genişləndirir və tamamlayır.

Elxan Yurdoğlu-Məmmədovun "Eynəli bəy Sultanov və folklor" monoqrafiyası müstəqillik dövrü Azərbaycan folklorşünaslıq elminə qiymətli töhfədir. Bu monoqrafiya folklor irsimizin toplanma təcrübəsi və araşdırılması səviyyəsini elmi səviyyədə əks etdirir. Eyni zamanda, əsər Eynəli bəy Sultanovun timsalında folklorçunun vətənpərvərlik və milli mövqeyinin zənginliyinə işıq salmaqla yeni nəsil folklorşünaslar üçün konkret baxış bucağı müəyyən etməyə işıq salır. Elxan Yurdoğlu-Məmmədov məhz həmin ali prinsipləri dərindən mənimsəyən və uğurla həyata keçirən folklorşünas olduğunu isbat edir. Təqdim olunan "Eynəli bəy Sultanov və folklor" monoqrafiyasından başqa, yazıçının 20-yə yaxın hekayəsini üzə çıxarıb mövcud hekayələrlə bir yerdə kitab halında çap etdirməsi onun fəaliyyətini və irsini öyrəndiyi ədəbi şəxsiyyətə dərindən bağlı olmasının göstəricisidir. Bundan başqa, Eynəlibəyşünaslığın elmi bünövrəsini qoymuş sələfi, filologiya üzrə fəlsəfə doktoru İzzət Maqsudovun bu mövzuda yazılmış ilk dissertasiyasını, eyni zamanda ədibin yaradıcılıq yolunu tədqiq etmiş filologiya üzrə fəlsəfə doktoru İradə Əsədovanın rus dilində yazmış olduğu "Eynəli bəy Sultanovun yaradıcılıq yolu" ("Tvorçeskiy put Eynali beka Sultanova") dissertasiyasını da yenidən çapa hazırlayıb monoqrafiya kimi nəşr etdirməsi Elxan Yurdoğlu-Məmmədovun qədrşünas bir tədqiqatçı olduğunu diqqət mərkəzinə çəkir.

Bundan əlavə, 2016-cı ildə Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi tərəfindən Eynəli bəy Sultanov haqqında çəkilmiş "Onun həyat amalı" sənədli filmində Eynəli bəy rolunu ifa etməklə görkəmli ədibin bədii obrazını ekranda ilk dəfə canlandırmaqla da tədqiq etdiyi şəxsiyyətə sonsuz hörmət və ehtiramın bariz nümunəsini ortaya qoydu.

İnanırıq ki, Elxan Yurdoğlu-Məmmədov yaxın gələcəkdə Eynəli bəy Sultanova həsr olunmuş ümumiləşdirici monoqrafiyanın da müəllifi olacaqdır.

 

 





13.09.2017    çap et  çap et