525.Az

Astanada Ermənistanın işğalçılıq siyasəti tənqid olundu


 

"BU GÜN MÜSƏLMAN DÜNYASINDA BİRLİK VƏ HƏMRƏYLİYƏ DAHA ÇOX EHTİYAC VAR"

Astanada Ermənistanın işğalçılıq siyasəti tənqid olundu<b style="color:red"></b>

Prezident İlham Əliyev Qazaxıstanın paytaxtı Astanada İslam Əməkdaşlıq Təşkilatının elm və texnologiya üzrə birinci sammitində İslam həmrəyliyi kontekstində müsəlman dünyasına ciddi mesajlar verib.

Sentyabrın 10-da ölkə başçısı sammitdə çıxışı zamanı keçən il İslam Əməkdaşlıq Təşkilatının Türkiyədə keçirilmiş zirvə görüşündə Ermənistanın Azərbaycana qarsı təcavüzü ilə əlaqədar Təmas Qrupunun yaradıldığını xatırladaraq Azərbaycanın bu qərarı çox yüksək qiymətləndirdiyini bildirib. Ermənistanın işğalçılıq siyasətinin ağır nəticələrindən danışan prezident İlham Əliyev qeyd edib ki, BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul edib: "Bu qətnamələrdə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Ermənistan bu qətnamələri icra etmir və buna görə onlara qarşı sanksiyalar tətbiq olunmur. Bu, ikili standartlardır. Ermənistan 25 ildən çoxdur ki, Azərbaycanın əzəli, tarixi torpağı olan Dağlıq Qarabağı və digər yeddi rayonumuzu işğal edib. Bu təcavüz nəticəsində torpaqlarımızın 20 faizi işğal altına düşüb, bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın və köçkün vəziyyətində yaşayır. Ermənilər xalqımıza qarşı etnik təmizləmə siyasəti aparıblar, Ermənistan hərbi cinayətlər törədib".

1992-ci ildə Ermənistanın Xocalı soyqırımını həyata keçirdiyi bildirən prezident qeyd edib ki, bu hərbi cinayət nəticəsində 613 dinc azərbaycanlı erməni faşistləri tərəfindən vəhşicəsinə qətlə yetirilib: "Onlardan 106-sı qadın və 63-ü uşaqdır. Minlərlə insan itkin düşüb və yaralanıb. Ondan çox ölkə Xocalı soyqırımını rəsmən tanıyıb. Erməni vəhşiliyi bu gün də davam edir. Bu ilin iyul ayında iki yaşlı azərbaycanlı körpə nənəsi ilə birlikdə ermənilər tərəfindən atılan mərmi nəticəsində həyatını itirib. Bu, vəhşilikdir. Bu, erməni faşizminin növbəti qanlı cinayətidir. İşğal edilmiş torpaqlarımızda Ermənistan rəhbərliyinin göstərişi ilə bütün məscidlərimiz dağıdılıb. Şuşa, Ağdam və digər şəhərlərimizin dağıdılmış məscidlərinin fotoşəkilləri erməni vandalizminin sənədli sübutudur".

İlham Əliyev vurğulayıb ki, Ermənistanda islamofobiya pik həddə çatıb: "Ermənistan çox çalışır ki, müxtəlif müsəlman ölkələri ilə əlaqələrini genişləndirsin. Onların riyakar və yalan sözlərinə inanmaq lazım deyil. Azərbaycanda müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz".

Keçən ilin aprel ayında qəhrəman Azərbaycan Ordusunun torpaqlarımızın bir hissəsini erməni işğalçılarından azad etdiyini deyən prezident qeyd edib ki, həmin ərazidə yeni qəsəbə salınıb: "150 evdən ibarət Cocuq Mərcanlı qəsəbəsində məktəb, tibb mərkəzi və məscid tikilib. Ermənilər tərəfindən dağıdılmış Şuşa məscidinin bənzərini biz işğaldan azad edilmiş Cocuq Mərcanlı qəsəbəsində tikdik. Bu, bir daha Azərbaycan xalqının yenilməz ruhunu, öz dini dəyərlərinə bağlılığını göstərir. Ermənilər məscidlərimizi dağıdıblar. Ancaq bu məscidlər bizim qəlbimizdə ucaldılıb, onları heç bir qüvvə dağıda bilməz".

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan İslam həmrəyliyi işinə böyük töhfə verir: "Biz dünyanın müxtəlif bölgələrində baş qaldıran islamofobiyaya qarşı fəal mübarizə aparırıq. Biz müsəlmanlara qarşı törədilən cinayətləri, xüsusilə də son vaxtlar Myanmada Rohingya müsəlmanlarına qarşı həyata keçirilən qətliam və kütləvi zorakılıq hallarını qətiyyətlə pisləyirik. Biz beynəlxalq təşkilatları, dünya ictimaiyyətini, siyasi və dini liderləri Myanmada baş verən hadisələrin qarşısının alınması üçün zəruri addımlar atmağa çağırırıq. Yeri gəlmişkən, bildirmək istəyirəm ki, sentyabrın 8-də Azərbaycan Rohingya qaçqınlarına humanitar yardım - 100 ton ərzaq məhsulu göndərib".

2017-ci il Azərbaycanda "İslam Həmrəyliyi İli" elan olunduğunu deyən prezident qeyd edib ki, eyni zamanda, bu il Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirilib: "Bu möhtəşəm dostluq və qardaşlıq bayramında 50-dən çox müsəlman ölkəsi iştirak edib. Əminəm ki, üç minə yaxın idmançı və minlərlə qonaq Bakıdan ən xoş təəssüratlarla ayrılıb".

Azərbaycanın sürətlə inkişaf edən ölkə olduğunu diqqətə çatdıran İlham Əliyev bildirib ki, son 14 il ərzində ölkəmizin ümumi daxili məhsulu üç dəfədən çox artıb: "Bir milyon 600 min iş yeri yaradılıb. Yoxsulluq beş faiz səviyyəsinə düşüb. Savadlılıq isə 100 faizə yaxındır. Azərbaycanda elm və müasir texnologiyalar uğurla inkişaf edir. Azərbaycan dünyanın kosmik klubunun məhdud sayda olan üzvlərindən biridir".

Çıxşının sonunda ölkə başçısı vurğulayıb ki, Azərbaycan bundan sonra da İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü kimi İslam həmrəyliyinin möhkəmlənməsinə öz töhfəsini verəcək.

Astana sammitində prezident İlham Əliyevin verdiyi mühüm mesajlarla bağlı "525"ə fikirlərini bildirən Milli Məclisin deputatı Elman Nəsirov qeyd edib ki, tədbir öz əhəmiyyətinə görə yüksək qiymətə layiqdir: "Bu gün müsəlman dünyasında birlik və həmrəyliyə daha çox ehtiyac var. Təsadüfi deyil ki, Azərbaycan prezidenti ölkədə keçən ili "Multikulturalizm İli", bu ili isə "İslam Həmrəyliyi İli" elan edib. Eyni zamanda, bu il Azərbaycan İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edib. Qazaxıstan prezidenti Nursultan Nazarbayev isə müsəlman birliyinin təminatı prosesində elm, təhsil və texnologiyaların xüsusi roluna diqqət ayıraraq belə bir sammitin təşəbbüskarı kimi çıxış edib. Ölkə başçısı İlham Əliyev də öz iştirakı ilə bu sammitin işinə mühüm töhfə verib".

E.Nəsirov bildirib ki, prezident İlham Əliyev Astanada İslam dünyasının birliyi üçün önəmli mesajlarla çıxış edib: "Dövlət rəhbərinin çıxışında əsas istiqamətlərdən biri müsəlman dünyasının bir çox hallarda terrorizmlə bərabər tutulması məsələsiylə bağlı idi. Prezidentin qeyd etdiyi kimi, bu, kökündən yanlış düşüncədir. Təəssüflər olsun ki, bu gün dünyada İslamla terrorizm arasında "bərabərlik" işarəsi qoymaq istəyən qüvvələr var. Ölkə başçısı İlham Əliyev buna qəti etirazını bildirib və eyni zamanda qeyd edib ki, müsəlman ölkəsi olan Azərbaycanın işğal olunmuş ərazilərində bütün məscidlər Ermənistan rəhbərliyinin tapşırığı ilə dağıdılıb, tamamilə məhv edilib. Dövlət rəhbəri vurğulayıb ki, heç bir halda Ermənistanın yalanlarına inanmaq lazım deyil. Azərbaycandakı müqəddəs məscidləri dağıdan Ermənistandan müsəlman ölkələrinə dost ola bilməz. Bu mesajın çox böyük əhəmiyyəti var. Bəzi müsəlman ölkələri Ermənistanla əlaqələrin genişləndirilməsi istiqamətində siyasət apardığı halda İslam dünyasında birlik, həmrəylik yaradıla bilməz. Ona görə də, prezident İlham Əliyev bu məsələlərlə bağlı Astanada öz qətiyyətli mövqeyini ifadə edib".

57 ölkənin dövlət və hökumət başçıları, elm və texnologiya məsələləri üzrə məsul nazirlər, müşahidəçi ölkələrdən, eləcə də beynəlxalq təşkilatlardan 80-dək nümayəndə heyətinin iştirak etdiyi sammitdə prezident İlham Əliyevin Xocalı soyqırımı ilə bağlı qeyd etdiyi fikirlərə toxunan deputat bildirib ki, ölkə başçısı belə bir mötəbər tədbirdə erməni vəhşiliyinin ağır nəticələrini xatırladıb: "İşğalçı Ermənistan rəhbərliyinin törətdiyi bəşəri cinayət olan Xocalı soyqırımından danışan prezident ermənilərin dinc azərbaycanlılara qarşı növbəti dəfə vandalizm aktı həyata keçirdiyini bildirib. Eyni zamanda, ölkə başçısı diqqətə çatdırıb ki, Azərbaycanın bu gün 1 milyondan artıq qaçqın və məcburi köçkünü olmasında baxmayaraq, hələ də beynəlxalq təşkilatlar, BMT Ermənistana qarşı heç bir sanksiyalara, təzyiq mexanizmlərinə əl atmır. Təbii ki, bu da işğalçı Ermənistanda arxayınlıq sindromu yaradır və təcavüzkar siyasətin davam etməsinə gətirib çıxarır".

Azərbaycan prezidentinin dünyanı narahat edən məsələlərlə bağlı hər zaman açıq şəkildə fikirlərini ifadə etdiyini deyən deputat bildirib ki, bu dəfə dövlət başçısı İlham Əliyev Myanmada müsəlmanlara qarşı həyata keçirilən soyqırım siyasəti ilə bağlı iradə ortaya qoyub və qeyd edib ki, beynəlxalq təşkilatlar, böyük dövlətlər bu məsələ ilə əlaqədar zəruri tədbirlər həyata keçirməlidir: "Yəni, bu cinayətdə günahı olan şəxslər cəzalandırılmalıdır".

Ceyhun ABASOV

 





13.09.2017    çap et  çap et