525.Az

Yazıçı Pərvin gənc ədiblərlə görüşdü - Fotolar


 

Yazıçı Pərvin gənc ədiblərlə görüşdü - <b style="color:red">Fotolar</b>

Sentyabrın 12-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda III Gənc Ədiblər Məktəbinin (GƏM) növbəti toplantısı keçirilib.

Tədbiri giriş sözü ilə açan Məktəbin rəhbəri, AYB-nin katibi Rəşad Məcid gəncləri salamlayıb, GƏM-in budəfəki qonağı yazıçı Pərvin haqqında ümumi məlumat verib: "Biz daha əvvəldən Pərvinlə gənc ədiblərinin görüşü barədə düşünürdük. İş elə gətirdi ki, bu görüş sentyabr ayında keçirilir. Pərvin bizim I Gənc Ədiblər Məktəbinin müdavimlərindəndir. O, son illərdə Azərbaycanda çoxtərəfli fəaliyyət göstərən yazarlardandır. Çox qısa müddətdə Azərbaycanda, Türkiyədə, Özbəkistanda ondan çox kitabı çap olunub. Pərvin həmçinin, "525-ci qəzet"də jurnalist kimi kino, teatr, müxtəlif ədəbi proseslərə münasibəti, incəsənət xadimləri, yazıçılarla apardığı müsahibələrilə də fəaliyyətini davam etdirir. Azərbaycanda ədəbiyyat sahəsi üzrə ilk və yeganə gənclər üçün Prezident mükafatçısıdır".

Rəşad Məcid eyni zamanda, avqustun 14-18-də Avrasiya Yazarlar Birliyinin təşkilatçılığı ilə  İstanbulda keçirilən "Türk dünyası Gənc Yazarlar Görüşü" haqqında da söz açıb: "Biz uzun illərdən bəri Türkiyədə türkdilli dövlətlərin gənc yazarlarından ibarət bir tədbirin keçirilməsini arzu edirdik. O tədbir Avrasiya Yazarlar Birliyinin təşkilatçılığı ilə avqust ayında İstanbulda baş tutdu. Layihəyə 22 ölkə və topluluqdan 58 gənc yazar qatıldı. Türk dünyasının yaşlı yazarları bir-birini tanıyırlar, əlaqələri var. Vaxtilə Çingiz Aytmatov, Oljas Süleymanov, Anar, Elçin və digər yazarlar vasitəsilə türkdilli ölkələr arasında möhkəm əlaqələr yaradılıb. Gənclər arasında da bu cür əlaqələrin inkişaf etdirilməsi, əsərlərin digər dillərə tərcümə edilməsi baxımından bu cür layihənin təşkili çox vacib məsələ idi. Azərbaycandan bizi orada Pərvin xanım, Şahanə Müşfiq, Ramil Əhməd və Müşfiq Şükürlü təmsil etdilər. Bu layihə və bu görüş haqqında xeyli yazılar da yazıldı. Düşünürəm ki, bu cür ədəbi əlaqələrin yaradılması və türkdilli ədəbiyyatın inkişafı baxımından bu, çox möhtəşəm bir iş idi. İnanıram ki, bu, davamlı olacaq, gələcəkdə bizim digər gənc yazarlarımız da iştirak edəcəklər".

Daha sonra qonaq özü, ədəbi və elmi fəaliyyət haqqında görüş iştirakçılarına geniş məlumat verib. Ədəbi fəaliyyətinin ilk illərində Gənc Ədiblər Məktəbinin üzvü olduğunu qeyd edən Pərvin bu məktəbin onun sonrakı yaradıcılığında rolu və əhəmiyyətindən də söz açıb: "Bizim Gənc Ədiblər Məktəbində görüşümüz Milli Kitabxanada keçirilirdi. Sevdiyimiz, dönə-dönə oxuduğumuz, bəhrələndiyimiz yazarlarla görüşlər təşkil edilirdi, bu görüşlərdə bizi maraqlandıran sualları onlara ünvanlamaq şansı qazanırdıq. Bu görüşlərlə artıq biz ədəbi mühitə öyrəşməyə, açılışmağa, öz yazılarımızı təqdim etməyə başladıq".

Qonaq jurnalistika sahəsindəki fəaliyyətində "525-ci qəzet"in rolu haqqında da söz açıb: "525-ci qəzet" ayrıca bir məktəbdir. Noyabr ayında biz qəzetin 25 yaşını qeyd edəcəyik. Mən bu yubileylə bağlı öz yazımda da qeyd etmişəm ki, bu məktəb Rəşad Məcidin, Yusif Rzayevin, Seyfəddin Hüseynlinin, orada işləyən digər redaktorların, böyük bir kollektivin timsalında yazıçılıq, jurnalistika məktəbidir. Bu qəzetdə ardıcıl layihələr apara-apara mən dəqiq rejimlə işləməyi, necə deyərlər, gündəlik olaraq ədəbiyyatla yaşamağı, yazının, mühitin içərisində olmağı öyrəndim". Yazıçı "525-ci qəzet"də yer alan, sonradan isə kitab şəklində çap edilmiş "Pərvinin həmsöhbəti", "Dahilərin qadınları" və digər layihələri, "Sevdim səni", "Anar dünyası" kitabları haqqında geniş məlumat verib. Gənc ədiblərin qonağı gələcək planları haqqında da söz açıb, oktyabrda nəşrini planlaşdırdığı "Səhnə" adlı kitabı, eyni zamanda, dramaturji fəaliyyəti haqqında da məlumat verib.

Tədbirin sonrakı gedişatı qonaqla GƏM üzvləri arasında sual-cavab, diskussiya şəklində davam edib. Pərvin GƏM-in üzvlərindən Dəniz Pənah, Ulucay Akif, Emin Akif, Arzuman Ağdabanlı, Əfsanə Rəvan, Emin Süleymanov, Gülnarə İsrafil və digərlərinin suallarını cavablandırıb. Yazıçı-oxucu münasibətləri, qadınların ədəbiyyatdakı yeri, şeir vəznləri, ədəbiyyatın müasir dövrdəki təbliğatı kimi məsələlər müzakirənin əsas mövzusunu təşkil edib. 

Sonda müzakirənin yekunu olaraq, qonaq qeyd edib ki, bütün mübarizələr tək-tək insanlar üçündür: "Milyonlarla insanın sevgisini qazanmaq mütləq deyil. Bizi anlayan, dərk edən bircə nəfərə görə belə əziyyət çəkməyə dəyər".

Şahanə MÜŞFİQ
Fotolar: Nofəl ÜMİD

 





13.09.2017    çap et  çap et