525.Az

Müqəddəslər və onların söylədikləri


 

Müqəddəslər və onların söylədikləri<b style="color:red"></b>

“Xəzər” in növbəti sayı üçün hazırladığım bu sirlər dolu mətnin, Xilas Yolunu tapmaqda bizlərə yardımçı olacağına inanıram.



Həzrət Həbib Əcəmi

Həzrət Həbib Əcəmi Quran oxunarkən, acı kədərlə ağlayarmış. Adamlar ondan:

– Sən ki, müqəddəs Kitabın yazıldığı dili bilmirsən, nə səbəbə ağlayırsan?.. – soruşanda o:

– İranlı olsam da, qəlbim ərəb qəlbidi... – deyə cavab verib.

Həzrət Mühəmməd Vasi

Vasidən: “Halın necədi?” soruşana o:

– Ömrü gün-gündən qısalanın, günahlarının sayı gün-gündən artanın halı necədisə, elə. – deyə cavab verir.

Həzrət Daud Təyi

– Yeməyi bütöv tikələrlə ağıza qoymaq lazım deyil. Onları suda isladıb udmaq gərəkdi. – Həzrət Təyi deyirdi.

Ondan bunun səbəbini soruşanda:

– Quran ayələrini oxumağa sərf olunacaq vaxt çeynəməyə getməsin. – deyə cavab verir.

     lll  

Deyilənə görə Təyi uçuq-sökük daxmada yaşayırmış. Adamlar ona:

– Damın çöküb, hər an başına uça bilər. – deyəndə o, cavabında:

– Mənim dama baxmağa vaxtım yoxdu. Bundan da savayı, bu qərara gəlmişəm ki, bir də ev tikdirməyim. – deyib.

Təyinin daxmasının damı, deyilənə görə, o, dünyasını dəyişəndən bir gün sonra uçub.

lll

Adamlar Təyidən, onlara ibrətamiz məsləhətlər verməyi xahiş edəndə, o:

– Bu dünyadan və onun adamlarından qaçın. – deyib. – Və yadınızda saxlayın ki, boş söhbətlərə vaxt sərf etmək öldürücüdür. Əşyalara və mənzərələrə tamaşa etmək isə faydasızdır.

Həzrət Zü-n-Nun Misri

Yaradılmışların sevdiyini Allah sevməz.

lll

Deyilənə görə Zün-n-Nunun cansız bədənini qəbiristanlığa apararkən, göydə süzən quşlar qanad açaraq, onun tabutu üzərinə kölgə salıblar. Tabut məscidin yanından ötəndə isə minarədən azan səsi eşidilməyə başlayıb. Bu zaman insanlar Zün-n-Nunun barmağının göylərə tuşlandığını görüb onun ölmədiyini zənn ediblər. Lakin məlum olanda ki, o, həqiqətən, ölüb, qəbiristanlığa yollanıblar.

Deyilənə görə, Zün-n-Nunun barmağı o, qəbrə qoyulanda və üstü torpaqlananda da göylərə tuşlanmış vəziyyətdə qalıb...

Həzrət Cəfər Sadiq

Bir gün Xəlifə Cəfər Sadiqi hüzuruna dəvət edir. Cəfər Xəlifənin dəvətini qəbul edib saraya yollanır.

Söhbət zamanı Xəlifə ondan çox razı olduğunu bildirir və bu razılığın əlaməti olaraq, Cəfərə qızıl təklif edir. Cəfər qızılı qəbul etməkdən imtina edir. Onda Xəlifə Cəfərdən, ürəyi istədiyini ona deməsini xahiş edir.

Cəfər Xəlifəyə belə cavab verir:

– Əgər həqiqətən, məndən razısansa, səndən bircə diləyim var: məni bir də öz yanına çağırma.      

Həzrət Malik ibn Dinar

Bu dünyanın alçaq (maddi) təbiətini dərk edəndən sonra, mənə və hərəkətlərimə verilən qiymətə laqeydəm.

lll

Malik Dinarın qızı ondan, gecələr yatmamağının səbəbini soruşanda belə cavab verir:

– Allahın Öz Rəhmini mənə nə vaxt göndərəcəyinin dəqiq vaxtını bilmirəm. Qorxuram bu, mən yuxuda ikən baş verər və Onun göndərdiyi böyrümdən ötüb keçər. Üstəlik mənə, Allahın nemətlərini tar-mar edən, İblisə xidmət edən insan olmaq bədbəxtliyi nəsib olub. Odu ki, sənə deyirəm: əgər bir gün bir kimsə məscidin qapısından bu dünyanın ən alçaq və şərəfsiz adamını səsləsə, bil ki, o, mən olacağam. 

Həzrət Həsən Bəsri

Kim ki, insanlardan uzaq qaçar, özünü tənhalıqda qoruyar. Kim qəlbinin (hisslərinin) tabeliyindən çıxar, azadlıq qazanar. 

lll 

Müdrik o kəsdir ki, bu dünyanın özülünü dağıdıb, yerində ayrı (əbədi) dünyanın qalasını ucalda.

lll

Allahı tanıyan bu dünyanı özünə düşmən bilər. Bu dünyanı sevən Allahın düşməninə çevrilər.

Həzrət Füzeyl bir Əyad

...Qiyamət günü bir çox varlılar ağır cəza çəkəcəklər. Güclülər isə möhtəşəm vahimə yaşayacaqlar...

lll

Allah sevdiyinə əzab göndərir, sevmədiklərinə isə bu dünyanın nemətlərini bəxş edir...

lll

Cənnətdə göz yaşı axıtmaq mümkün olmadığı kimi, bu dünyada gülmək heyrət və təəccüb doğurur. O səbəbdən ki, Cənnət  – göz yaşı, bu dünya gülüş məkanı deyil...

lll

Otuz ildi, mənim üzüm gülmür...

lll

Danışırlar ki, bir gün Füzeyl onun görüşünə gəlmək istəyən qohumlarına:

– Özünüzə mənalı bir iş tapmadınız ki, vaxtınızı belə axmaq işlərə sərf etmək istəyirsiz? – deyə cavab verib.

Həzrət Üveys Gerani

Kim ki, Allahı özünə dost bilir, o kəs bir məxluqla dost münasibəti qurmur.

lll

Ölümün qənşərində yat (onu yaxınlığında hiss et), yuxudan ayılarkən isə düşünmə ki, çox yaşayacaqsan...

lll

Günlərin bir günü bir nəfər Geraniyə bir neçə quruş təklif edir. Gerani iki dirhəmi olduğunu bildirib, quruşları qəbul etməkdən imtina edir.

Həmin adam Geraniyə:

– O miskin dirhəmlər sənin neçə gününə bəs edəcək ki?.. – deyəndə, Gerani ona belə cavab verir:

– Verdiyin o quruşlardan sonra mənim nə qədər yaşayacağıma zəmanət verə bilərsən?..  

Həzrət əbu Şəfiq Bəlxi

Allaha xidmətin doqquz payı tənhalıq və qorxu, bir payı sakitlikdi.

lll

Ölüm gələndə, bir daha çəkilib getmir. Odu ki, hər an Ona hazır ol.

Həzrət Həris Mühasibi

Bircə tikə quru çörək kifayətdi ki, dərvişin könlü açılsın.

lll

Çox yemək – qəlbin aynasını bulandırar.

lll

Susmaq, oruc, tənhalıq – Yolun əsasları bunlardır.

lll

Təsəvvüf (sufilik) – bütün bəlalardan keçmək qabiliyyəti və Allaha aid olmayan şeylərdən imtinadır.

lll

Bu dünyanın işləri ilə məşğulluq – həqiqəti anlamağa əngəllər yaradır.

lll

Ağla və həyatının sonu barədə düşün.

lll  

Ucalarıdan Ucanın nəzərində bu dünya ağcaqanaddan dəyərli deyil.

Həzrət Mühəmməd Səməq

Səməqdən evlənməməyinin səbəbini soruşanda o:

– Mənim iki iblislə mübarizə aparmağa gücüm yoxdu. – deyib.

Həzrət İbrahib bin Ədhəm

Dərviş olana qədər İbrahim Bəlxin sultanı idi, var-dat içində yaşayırdı. Günlərin bir günü öz sarayında yatdığı yerdə o, damda gəzən adamların ayaq səsinə oyanıb yuxarıdakılara:

– Kimdi orda, damda gəzir?.. – qışqıranda yuxarıdan dərhal:

– Sən tanıdıqların. – cavabı gəlir. – Biz burda itkin düşmüş dəvəni axtarırıq.

Sultan heyrət içində:

– Ey mənim tanımadığım kəslər, dəvə dama necə çıxa bilər axı? – deyəndə, yuxarıdan:

– Sultan libası geyinib, Allahı axtarmaq ümidi ilə yaşamaq necə olarsa, elə. – cavabı eşidilir.

Bu cavabdan sultanın vücudunu Ucalardan Ucanın qorxusu sarır...           

Bu hadisədən bir qədər keçmiş, İbrahim sarayın qəbul otağında oturarkən, içəri tanımadığı bir adam daxil olur. Bu adamın əzəmətli görkəmi saray əhlini heyrətə gətirirsə də, bir kəs ondan adının nə olduğunu və bura necə gəlib çıxdığını soruşmağa ürək eləmir.

Yad adam ətrafına nəzər sala-sala birbaş sultanın taxtına sarı yeriyir.  

İbrahim ondan, buralarda nə axtardığını soruşanda o:

– Bu karvansarayda münasib yer axtarıram, əyləşim. – deyir.

İbrahim qəzəb içində:

– Amma bura karvansaray deyil, mənim sarayımdı!.. – qışqıranda, yad adam:

– Bu saray əvvəllər kimin olub? – deyə sultandan soruşur.

– Mənim atamın. – İbrahim cavab verir.

– Bəs ona qədər? – yad qonaq sualına davam edir.

– Mənim babamın. – Sultan cavab verir.

– Sahiblərinin qısa müddət ərzində yaşadığı, onlar gedəndən sonra yerlərini başqaları tutduğu bir yeri daha necə adlandırmaq olar?.. – yad adam deyir və yoxa çıxır.

Hamı dağılışandan sonra İbrahim diz çöküb Allaha yalvarır ki, O, bu adamın kim olduğunun sirrini ona açsın. Və məlum olur ki, bu adam – Xıdır İlyas imiş. Bunu biləndə, sultanın vücudunu yenə Allah qorxusu sarır...

Bu hadisədən çox keçməmiş, sultan əyanlarıyla ova çıxır. Ovçuların gözü qəfildən ağacların arasıyla gəzişən iri buynuzlu marala sataşır. Ovçular maralın ardınca götürüləndə, sultanın atı o biri atları ötüb, hadisə yerindən uzaqlaşır və çox keçmir ki, meşənin kimsəsiz dərinliyində peyda olur.

Bu məqam qeybdən Allahın sədası gəlir:

– İbrahim! Nə qədər ki, ölməmisən, ayıl!..

Bu sözlər bir neçə dəfə təkrar olunur. Sultan heyrət içində donub qalır və huşunu itirir. Özünə gələndə, yaxınlıqda dayanan maralı görür. Əlini yayına atıb oxu buraxmaq istəyəndə, maral üzünü ona çevrir və insan səsiylə:

– Mən bu meşəyə səni ovlamaqdan ötrü gəldim, sənin ovun olmaqdan ötrü yox. – deyir. – Sən məni öldürə bilməzsən. İndi cavab ver: nə vaxtsa düşünmüsən ki, Ucalardan Uca səni nədən ötrü yaradıb?.. Məgər ondan ötrü yaradıb ki, həyatını eyş-işrət içində puç edəsən? Özünə layiqli məşğuliyyət tapa bilmədin?..

Maralın dediyi bu sözləri sultanın hadisə yerinə yaxınlaşmaqda olan əyanları da eşidir. 

İbrahimi Ucalardan Ucanın cəza alovunun qorxusu bürüyür və qəlbində, hələ bu vaxta qədər duymadığı anlaşılmaz hisslər baş qaldırır...    O, maralın qarşısında dizi üstə düşür, tövbə edib ağlayır, göz yaşları sultanlıq libasının yaxalığını isladır...

İbrahiminin həqiqi inama oyanışı belə baş verir.

Bu hadisədən sonra o, sarayı və yaxınlarını tərk edib meşəyə çəkilir. Orda sultan libasını – bu dünyanın bahalı, lakin çirkab və günah dolu hökmdar geyimini ilahi saflıqdan biçilmiş maral dərisinə dəyişərək, meşənin dərinliyinə yollanır. Bütün yolu günahlarına görə tövbə etməkdən yorulmadan, dualar oxuyub, göz yaşı tökə-tökə gedir və nəhayət, təklənə biləcəyi mağaraya yetişir.

İbrahimin uzun-uzadı doqquz ili bu tənha mağarada keçir. Ordan o, yalnız cümə günləri, o da meşədən odun yığıb bazarda satmaq üçün çıxır. Əldə edilən pulu özünə lazım olan ən zəruri şeylərə və yaxınlıqda məskunlaşan dərvişlərə xərcləyir.

İbrahimin möminliyi barədə xəbərlər tezliklə bütün məmləkəti bürüyür. O özü isə mağaranı tərk edib Məkkəyə yollanır...

Bu hadisədən bir müddət sonra öz sarayını tərk etmiş şeyx Əbu Səid də, hansı möcüzə iləsə İbrahimin tənha mağarasına gəlib çıxır və deyilənə görə, orda mağaranın havasına hopmuş ecazkar qoxunu – şirin müşk-ənbər ətrini duyur...

lll        

...Məkkəyə aparan səhra yollarında İbrahim qumun üstündə üzərlərinə örtük çəkilmiş yetmiş dərvişə rast gəlir. Onlardan altmış doqquzunun bədəninin al qana  bürünmüş ölü olduğunu, sonuncu dərvişin isə nəfəsinin hələ də gəldiyini hiss edib, ondan nə baş verdiyini soruşur.

Dərviş İbrahimə söyləyir:

– Kamillik yolu hədsiz çətin yoldu. Bu yolda ehtiyatlı olmaq gərəkdi. Mütləq bir kuzə suyun və başının üstə damın olmalıdı. Gerçəkdən nə çox uzaqda olmalısan, nə də həddən ziyadə onun yaxınına getməlisən. Sayıq olmalısan ki, nə Onun hökmünə riayətdə diqqətsizliyə yol vermiş olasan, nə də ifrat cəsarətinlə həddini aşasan. Ey cavan, bil ki, biz sufilər idik... Allaha, bir kəlmə olsun, danışmadan, susacağımıza, Ondan savayı heç kimdən qorxmayacağımıza, hər addımımızı kamilliyə doğru atacağımıza və Ondan savayı bir kəs və bir şey haqqında fikirləşməyəcəyimizə and içmişdik. Lakin Məkkəyə çatanda, bizi müqəddəs Xıdır İlyas qarşıladı. Biz bundan çox xoşbəxt olduq, onu salamlayıb dedik ki, Allaha minnətdarıq ki, əziyyətlərimiz əbəs getmədi, onunla görüşmək səadətini bizə nəsib elədi. Lakin sözümüz ağzımızdan çıxar-çıxmaz, Allahın qəzəbli Səsini eşitdik.

O: “Siz Mənə verdiyiniz andı pozdunuz!” – dedi. – “İndicə Mənim yaratdığımla həmsöhbət olmaqdan ötrü Məni – onu Yaradanı unudan siz olmadınız?.. Buna görə öləcəksiz.”

İndi ey cavan, gördüyün bu adamlar Ona olan sevginin alovundan ölənlərdi. Odu ki, İbrahim, bunu indi həll et: bu Yollamı gedəcəksən, yoxsa, evinə qayıdacaqsan...

İbrahim soruşanda ki, “bəs sənə ölümdən qurtulub, bu dünyada qalmaq necə nəsib oldu?” Dərviş ancaq:

– Gördüyün bu canlarını tapşırmış sufilər Yolun əvvəlində artıq yetişmiş, kamil insanlar idilər. Mən isə hələ çox gənc və təcrübəsiz idim... – deyə bildi və canını tapşırdı...

(ardı gələn şənbə sayında)

 





27.05.2013    çap et  çap et