525.Az

Astarada rəssam Firudin Quliyevin yubileyi qeyd edildi


 

Astarada rəssam Firudin Quliyevin yubileyi qeyd edildi<b style="color:red"></b>

Bugünlərdə Astara rayon Mədəniyyət Mərkəzində Azərbaycan Rəssamlar İttifaqının üzvü, Beynəlxalq müsabiqələr laureatı Firudin Quliyevin anadan olmasının 70 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.
 
1968-ci ildə Bakıdakı məşhur "Əzimzadə məktəbi"ni bitirəndən sonra doğma Astaraya qayıdan rəssamın həyat və yaradıcılığı yurdumuzun bu əsrarəngiz guşəsi ilə bağlı olub.

Tanınmış sənətşünas, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyevin bildirdiyinə görə, zamanında yaradıcılığı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən yüksək dəyərləndirilən Firudin Quliyev rayonun mədəni həyatında və bədii tərtibatında fəal iştirak etməklə yanaşı,  gənc istedadların üzə çıxarılmasında və beynəlxalq miqyasda uğur qazanmasında da xüsusi fəallıq göstərib.

Mərkəzin foyesində rəssamın və şagirdlərinin yaradıcılıq nümunələrindən ibarət təşkil olunmuş sərgidə bunun nəticələrini görmək mümkün idi. Firudin Quliyevin müxtəlif mövzu və janrlarda çəkdiyi rəngkarlıq və qrafika əsərləri, xüsusilə də dini-mənəvi motivlərə çəkdiyi illüstrasiyalar tamaşaçılarda xoş təəssürat oyadıb.

Sərgi ilə tanışlıqdan sonra rayon ictimaiyyətinin iştirakı ilə yubiley iclası keçirilib. Əvvəlcə Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev və Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun yubilyara ünvanlanmış təbriki oxunub. Astara rayon Dövlət Rəsm Qalereyasının direktoru Naibə Mustafayevanın Firudin Quliyevin yaradıcılığı haqqında məruzəsindən sonra çıxışlar dinlənilib. Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Vüsal Nəsirli, Əməkdar rəssam Asif Azərelli, Əməkdar müəllim Heybət Hüseynov, kulturoloq Şadoğlan Bayramov və başqaları çıxışlarında rəssamın şəxsi və yaradıcı keyfiyyətlərindən söz açıblar. Tədbir yerli musiqi kollektivlərinin tərtib etdiyi bədii proqramla yekunlaşıb.

 

 





14.09.2017    çap et  çap et