525.Az

Moskva görüşü: sülh, yoxsa müharibə?


 

"AZƏRBAYCANA QARŞI ƏRAZİ İDDİALARININ ORTAYA ATILMASINDA, QƏTLİAMLAR TÖRƏDİLMƏSİNDƏ ERMƏNİ KİLSƏSİNİN ÇOX BÖYÜK ROLU OLUB"

Moskva görüşü: <b style="color:red">sülh, yoxsa müharibə?</b>

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların heç bir nəticə vermədiyi dövrdə Moskva və bütün Rusiyanın Patriarxı Kirill dini liderlərin görüşünü keçirmək təşəbbüsü ilə çıxış etdi.

Sentyabrın 8-də Kirill Moskvada Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə bütün ermənilərin katolikosu II Qaregini görüşdürdü.

Görüşün atmosferindən razı qalan Kirill Dağlıq Qarabağ münaqişəsində əsir düşənləri azad etməyə çağırış edib: "Fikir ayrılığını yalnız mehriban qonşuluq prinsiplərinə və mənəvi dəyərlərə əsaslanaraq aradan qaldırmaq olar. Azərbaycan və Ermənistan xalqları daim yanaşı yaşamalıdırlar. Buna görə də sülh və əməkdaşlıqdan savayı perspektiv yoxdur".

Şeyxülislam Hacı Allahşükür Paşazadə isə qeyd edib ki, bu görüşün bütün Qafqaz xalqları üçün bəhrəsi olacağına ümid edir: "Dini liderlərin münaqişənin həllinə töhfə vermək imkanları var. Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Müharibə də Azərbaycan ərazisində gedib. Azərbaycan torpaqları işğal olunub".

Qafqaz Müsəlmanları İdarəsinin sədri bildirib ki, milyonlarla insan öz ata-baba yurduna gedə, qəbirlərini ziyarət edə bilmir: "Həmin yerlər işğal altındadır. Faktlar var ki, qəbirlər təhqir edilir. Bu heç də dindarlara yaraşmır. Dağlıq Qarabağ ətrafındakı rayonların yavaş-yavaş qaytarılmasına başlamaq lazımdır".

II Qaregin isə çıxışında Azərbaycan tərəfinin silahlanmaya üstünlük verməsindən narahatlıq ifadə edib. O, Azərbaycan tərəfini sülh danışıqlarından yayınmaqda günahlandırıb. Din xadimi deyil, siyasətçi kimi danışan II Qaregin Azərbaycan tərəfini atəşkəs rejimini tez-tez pozmaqda da ittiham edib.

Ötən ilin aprel müharibəsini xatırladan erməni katolikos Azərbaycanın həmin vaxt geniş miqyaslı müharibə apardığını söyləyib, münaqişənin sülh yolu ilə həllinin vacibliyini qeyd edib. II Qaregin snayperlərin qoşunların təmas xəttindən çəkilməsinin zəruriliyini də diqqətə çatdırıb.

Danışıqların yekununa dair bəyanat imzalanıb. Tərəflər Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlmiş sülhməramlı təşəbbüsləri dəstəkləməyə hazır olduqlarını bəyan ediblər.

Cənubi Qafqazın dini liderlərinin Moskva görüşü ilə bağlı fikirlərini bildirən "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, görüşdə heç bir nəticə əldə olunmayıb: "Doğrudur,  Dağlıq Qarabağ münaqişəsi başlayandan - 1980-ci illərin sonundan dini liderlər görüşürlər. Aydındır ki, dini liderlər münaqişənin siyasi həlli ilə məşğul olmur, görüşdə xüsusi detalları müzakirə etmirlər. Əsasən bu cür görüşlərdə qan tökülməsinin qarşısının alınmasına hesablanan, ümumi xarakterli ifadələrdən istifadə edilir. Lakin bunun üçün münaqişənin siyasi həlli yaxınlaşmalıdır".

Separatçıların əlində iki soydaşımızın girov saxlanıldığını xatırladan politoloq qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri bu məsələni Moskvada qaldırsa da, qarşı tərəf susur: "Hətta görüşü təşkil edən rus provaslav kilsəsinin rəhbəri də bu məsələyə münasibət bildirib problemin həllinə nail ola bilərdi. Bu onun da xeyrinə olardı və vasitəçiliyi müsbət nəticələnərdi. Lakin Kirill bu məsələyə münasibət bildirmədi və görüş ümumilikdə nəticəsiz yekunlaşdı".

Mərkəz sədri hesab edir ki, münaqişə siyasi müstəvidə həll olunmalıdır: "Çünki Dağlıq Qarabağ münaqişəsi dini münaqişə - xristian-müsəlman davası deyil. Bunu hər kəs illərdir qəbul edir. Ona görə də məsələni din faktoru üzərində qabartmağa da ehtiyac yoxdur. Hər halda bu görüşdən müəyyən gözləntilər var idi. Ümid olunurdu ki, heç olmasa girovların azad edilməsi məsələsində hansısa irəliləyiş əldə olunacaq. Ancaq gördük ki, bu istiqamətdə də heç bir irəliləyiş, müsbət nəticə əldə edilmədi".

II Qareginin görüşdə sərgilədiyi mövqeyə toxunan E.Şahinoğlu bildirib ki, torpaqlarımızın 20 faizini işğal edən Ermənistan müxtəlif bəhanələrlə dolu olan fikirlər ortaya qoyurlar: "Qaregin bu siyasətə sadiq qalır. Əslində, Azərbaycana qarşı torpaq iddialarının ortaya atılmasında, qətliamlar törədilməsində erməni kilsəsinin çox böyük rolu olub. Ona görə, biz erməni kilsəsinin rəhbərliyindən birdən-birə geri addım atılmasını gözləmirik. Sovet dövrünün sonlarında ermənilərin dini lideri Vazgen idi. O, erməniləri birbaşa işğala səsləyirdi. II Qaregin də onun siyasətinin davamçısıdır. Sadəcə, mənə sirr olaraq qalan odur ki, əgər heç bir irəliləyişin əldə olunmayacağı əvvəlcədən bəlli idisə, rus provaslav kilsəsinin rəhbərinin Moskva görüşünü təşkil etməsinə nə ehtiyac var idi? Onsuz da Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmayana qədər atəşkəsə də riayət olunmayacaq, itkilər də qeydə alınacaq".

"Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli isə dünyada baş verən gərgin proseslərə diqqət çəkərək qeyd edib ki, qlobal mühitdə böyük güclərin toqquşması müşahidə olunur: "Rusiya-ABŞ, İran-ABŞ, İran-İsrail, Ukrayna-Rusiya gərginliyi, Yaxın Şərqdə baş verən hadisələr, Şimali Koreyanın yaratdığı nüvə təhlükəsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və digər bu qəbildən olan proseslər hazırkı dövrün nə qədər çətin şəraitə malik olduğunu ortaya qoyur. Dünya çox ağır sınaq qarşısındadır: sülh, yoxsa müharibə?"

E.Həsənli hesab edir ki, soyuq müharibə illərində olduğu kimi, bu gün də Rusiya ilə ABŞ arasında güc nümayişi gedir.

Qlobal gərginlik fonunda Azərbaycan prezidenti İlham Əliyev dünyaya multikultural dəyərlərin təşviqi, tolerantlıq meyllərin gücləndirilməsi istiqamətində çağırışlar edir, sivilizasiyalar arasında dialoqun qurulması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirir: "Bunun nəticəsidir ki, Azərbaycan siyasi, iqtisadi, humanitar xarakterli forumlara ev sahibliyi edir, dünyanı narahat edən problemlərdən Bakıda çıxış yolu axtarılması üçün güclü iradə nümayiş etdirir. Biz istəyirik ki, dünyada sülh və əmin-amanlıq olsun".

Ekspertin sözlərinə görə, hazırkı dövrdə beynəlxalq hüquq qeyri-işlək vəziyyətdədir: "İşğalçı Ermənistan qoşunlarının zəbt etdiyi Azərbaycan torpaqlarından çıxarılmasına dair BMT Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamə qəbul olunmasına baxmayaraq, icrasız qalıb. Əfsuslar olsun ki, dünya gücləri ikili standartlar siyasəti həyata keçirərək oxşar məsələlərə fərqli qiymət verirlər. Bunun nəticəsidir ki, böyük dövlətlər lazım gəldikdə müxtəlif məsələlərlə bağlı BMT Təhlükəsizlik Şurasında qətnamə layihəsi təqdim edir, qısa müddət ərzində qəbul olunmasına nail olur və dərhal icra tədbirləri həyata keçirirlər. Lakin Dağlıq Qarabağ münaqişəsiylə bağlı qətnamələr 25 ildən artıqdır ki, kağız üzərində qalıb. Bu cür davam edə bilməz. Bunların qarşısı alınmalı, dünyada haqq-ədalət öz yerini tapmalıdır".

E.Həsənli bildirib ki, münaqişənin həlli çox sadədir: "Ermənistan qoşunları işğal edilmiş torpaqlardan geri çəkilməli, məcburi köçkünlər öz yurdlarına qayıtmalıdır. Prezident İlham Əliyev Azərbaycanın tərkibində Dağlıq  Qarabağa ən yüksək muxtariyyət statusu verməyə hazırdır. Bundan böyük status yoxdur. Ermənilər bir dəfə Azərbaycan torpaqlarında öz müqəddəratlarını həll edib, tarixi Azərbaycan torpaqlarında özlərinə dövlət qurublar. İndi Azərbaycan prezidentinin muxtariyyət təklifi ilə razılaşmaq istəməyən ermənilər Dağlıq Qarabağdan 50 kilometr uzaqlaşaraq Ermənistanda gedib yaşaya bilərlər. Əgər hər millətin nümayəndələri yaşadığı ərazidə özlərinə dövlət qurmaq səlahiyyətinə malikdirlərsə, Fransa, ABŞ, Rusiya və digər dövlətlərdə daha çox erməni məskunlaşıb. Belə çıxır ki, onlara da dövlət verilməlidir? Buna yol vermək olmaz".

Yarandığı dövrdə ATƏT-ə Azərbaycan xalqının ciddi ümidlər bəslədiyini deyən ekspert qeyd edib ki, sözügedən təşkilat bu ümidləri doğrultmayıb: "Ermənistan mütəmadi olaraq cəbhədə atəşkəsi pozur, mülki əhaliyə, o cümlədən, körpə uşaqlara atəş açır, onları qətlə yetirir. Lakin ATƏT-in Minsk qrupu Ermənistanın bu davranışlarını görməzdən gəlir. Bu məsələlərə qeyri-obyektiv, qətiyyətsiz yanaşma sərgiləyən həmsədrlər münaqişəni necə həll edəcəklər? Halbuki, məsələnin uzanması birinci növbədə Ermənistanın, ikinci növbədə isə bu regionda maraqlı olan dövlətlərin ziyanınadır".

Ceyhun ABASOV

 





14.09.2017    çap et  çap et