525.Az

Uzaq və yaxın Bilik günüm


 

YAXUD BİR FOTONUN TARİXÇƏSİ

Uzaq və yaxın Bilik günüm <b style="color:red"></b>

Bu səhər paytaxt Bakımız ağ-qara çiçək açıb. Quşların civiltisinə bənzər həyəcanlı və sevincli səsləri ilə məktəblilər yay tətilini başa vurub, yeni dərs ilinə qədəm qoyurlar.

Hər il Bilik günündə körpələrin bu həyəcanı, valideynlərin sevinci, küçələrdən, məktəb həyətlərindən bütün şəhərə yayılan coşqu dolu səs-küy məni illər öncəyə, öz Bilik günümə aparır. Təəssüf ki, o günün tarixini xatırlayanda "həmin ilin bu günü" ifadəsini işlədə bilmirəm, çünki bizim ilk dərs günümüz 15 deyil, 1 sentyabrda idi. Sentyabrın 1-i bizim üçün yeni ayın ilk günü ilə bərabər, həm də yeni dərs ilinin ilk günü kimi səciyyəvi idi.  Təbii ki, bir neçə il... Sonradan biz də "Bilik günü"müzü 15 sentyabrda qeyd etməyə başladıq.

Valideynlərimin dediyinə görə, ta körpə vaxtımdan oxumağa, öyrənməyə meyilli uşaq olmuşam. Ona görə də əlifbanı, saymağı məktəbə getməmişdən öncə anamdan öyrənmişəm. Bununla belə, məktəbə getmək üçün çox həvəsli idim. 1999-cu ilin yayını gözəl xatırlayıram. Həmin yay həyatımızda, ailəmizdə bəzi dəyişikliklər olsa da, mənim yadımda ən əsası məktəbə hazırlaşmağımla qalıb. Özümdən böyük uşaqlardan eşitdiyim məktəbə artıq mən də gedəcəkdim, başqalarında gördüyüm məktəbli formasını mən də geyinəcəkdim, mənim də çantam, kitab-dəftərim olacaqdı, mən də nələrsə yaza, oxuya biləcəkdim, yeni dostlar qazanacaqdım, kimə və ya kimlərəsə "müəllim" deyə səslənəcəkdim. Xatırlayıram, həyəcanlı günlər idi. Ailəm də ən az mənim qədər sevincli və həyəcanlı idi. Axı, ilk övladları məktəbli olurdu. Ona görə də məktəb üçün lazım olan hər bir əşyamı, məktəbli formamı alıb yığmışdılar.

Və nəhayət, o möhtəşəm gün mənim də həyatıma qədəm qoyur. Sentyabrın 1-i ilk dərs günümdür deyə, gecədən həyəcanımdan, sevincimdən yata bilməmişəm. Bütün gecəni məktəb haqqında düşünüb, onunla bağlı xəyallar qurmuşam. Görəsən, müəllimim kim olacaq, cavan olacaq, yoxsa qoca, qadın olacaq, yoxsa kişi? Əslində, deyəsən, qadın olacaq. Çünki sənədlərimi verməyə gedəndə məktəbdə kişidən çox qadın müəllimlər var idi, elə direktorumuz da yaşlı qadın idi. Yadımdadı, məni yoxlamaq üçün şeir deməyimi istəmişdi. Mən də ta körpə ikən anamın mənə öyrətdiyi şeirlərdən birini - şair Zeynal Vəfanın "Analar" şeirini demişdim. Son bəndini hələ də xatırlayıram:

Anasız olmasın ömrü heç kəsin,
Günəştək nur səpir eşqi cahana.
Everest zirvəsi qoy inciməsin,
Dünyada ən uca zirvədir ana!

Direktor bu şeiri eşidəndə həm təəccüblənmiş, həm də deyəsən, xoşuna gəlmişdi. Hələ, "bunu sənə kim öyrədib?" - sualını da vermişdi. Sonra anama demişdi ki, bura birinci sinif üçün gələn uşaqların çoxu ya şeir bilmir, ya da "Xoruz", "Keçi" şeirlərini deyirlər. Yəni, məktəblə "ulduzumuz elə ilk gündən barışmışdı".  Sonralar öyrənəcəkdim direktorumuzun bütün Azərbaycanda tanınmış pedaqoq, Əməkdar müəllim olduğunu.

Bəs dostlarım? Görəsən, neçə nəfər olacağıq sinifdə? Mən harda oturacağam? Qabaq partada, yoxsa lap arxada? Nə yaxşı olardı müəllim məni qabaqda oturdardı, ona yaxın olardım, danışdıqlarını daha yaxşı eşidərdim, lövhəni yaxşı görərdim (sinif otaqlarını o qədər böyük, geniş təsəvvür edirdim ki, düşünürdüm arxada oturursansa, yaxşı eşidə bilməyəcəksən).

Bu və buna bənzər düşüncələrlə, xəyallarla gecəni başa vurub, səhəri açıram. Bütün gecəni həm də anamın axşamdan hazırlayıb, ütüləyib, qırışmasın deyə pərdədən asdığı məktəbli formamdan gözlərimi çəkməmişəm.

Nəhayət, səhər lap erkəndən oyanıb formamı geyindim, çantamı və üzünü də görmədiyim, kimliyini bilmədiyim ilk müəllimim üçün alınmış gül buketini də götürüb yollandıq məktəbə. Binamızdan həmin il mənimlə birgə ilk dəfə məktəbə başlayan 10-12 nəfər uşaq vardı, hələ üstəlik yuxarı sinif şagirdləri də. Evdən məktəbə qədər uzanan yol boyunca mənim kimi uşaqlar əllərində gül dəstəsi göz oxşayırdı. Qarşımıza çıxan hər kəs valideynlərimizi təbrik edir, bizə də uğurlar arzu edirdilər. Deyəsən, həm də diqqət mərkəzində olmaq xoşumuza gəlmişdi. Axı, bu Bilik günümüz doğum günlərimizdən başqa ilk özəl günümüz idi.

Məktəb həyətinə daxil olanda bir anlıq həyəcan bütün bədənimi bürüdü. Həyətdə uşaqlı-böyüklü o qədər adam var idi ki, baxanda gözlərim qaralırdı. Ancaq yenə də xoşbəxt idim, axı, məktəbə başlayırdım.

İnsanlar toplandıqca  əvvəlcədən təyin olunmuş müəllimlər şagirdləri bir tərəfə, valideynləri başqa tərəfə yığırdılar, nizam-intizam yaradırdılar. Yuxarı sinif şagirdləri bizdən daha təcrübəli idilər. Kimisi sinif rəhbərinin yanına qaçır, kimisi üç aydır görüşmədiyi sinif yoldaşları ilə görüşür, kimisi də dostunu bir kənara çəkib həyəcanlı-həyəcanlı nəsə danışırdı. Mən və mənim kimi birincilər isə nə edəcəyimizi, harda dayanacağımızı, hara gedəcəyimizi bilmədən anamızın dizinin dibindən ayrılmır, acgöz bir maraqla ətrafa baxırdıq.

Axır, təyin olunan vaxtda hündür yerdə qurulmuş səhnədə, əlində mikrofon, tanış sima göründü. Məndən sənədlərimi götürən direktorumuz idi. Bütün şagirdləri salamladı, onların yeni tədris ilini təbrik etdi. Çıxışında o da bizə, yəni ilk dəfə məktəbə qədəm qoyan "Birincilərə" xüsusi diqqət ayırdı, məktəb həyatından, oxumağın, elmin insan ömründəki rolundan, əhəmiyyətindan danışdı, öz tövsiyələrini verdi, bizi və valideynlərimizi təbrik edib, uğurlar arzuladı. Ondan sonra çoxları çıxış etdi, çox sözlər danışıldı, mahnılar oxundu, şeirlər deyildi, o sevinclə hələ qol qaldırıb rəqs də etdik.

Nəhayət, bütün rəsmi hissə bitdi, bizdən böyük şagirdlərin hamısı cərgə-cərgə öz sinif müəllimlərinin arxasıyca dərs otaqlarına getdilər. Məktəb həyəti tədricən boşalmağa başladı, bayaqkı səs-küy çəkildi. Qaldıq biz birincilər, valideynlərimiz və həmin il yeni şagirdlər qəbul edən ibtidai sinif müəllimləri. Növbə çatdı birinci sinif şagirdlərinin adlarını oxuyub sinif rəhbərlərinə yönləndirməyə... Bir-bir uşaqların adları oxunur, sinif rəhbərlərinə təhvil verilirdi. Bu vaxt həyətdə bir ağlaşma, bir çığırtı yarandı ki, gəl görəsən. Ağlayan kim, anasının ətəyindən, atasının əlindən tutub qışqıran kimi, övladını sakitləşdirməyə, müxtəlif vədlərlə ovundurmağa çalışan kimi... Mən də öz valideynlərimin yanında sakitcə dayanıb həyəcanla adımın oxunmasını gözləyirəm. Bir gözüm çığıran uşaqlarda qalıb ki, axı, bunlar niyə ağlayır, məktəbə getdikləri üçün sevinmirlər? O biri gözüm isə yan-yana dayanıb öz sinifinin yığılacağını gözləyən müəllimlərdə qalıb. Görəsən, bu müəllimlərdən hansı mənim müəllimim olacaq?

Həyəcanla adımı gözləyirəm, ancaq adım oxunmur ki, oxunmur. Gözlərim dolur. Cərgələrimiz azaldıqca, həyətdə adam seyrəldikcə uşaq beynimdən cürbəcür fikirlər keçir. "Yəqin məni bəyənmədilər, yəqin mən yaxşı uşaq deyiləm, məndən xoşları gəlmədi deyə məktəbə qəbul etmirlər məni..."

Nəhayət, adlar bitdi, hamı dağılışdı, adı çəkilməyən bircə mən qalmışdım. Ağlamaq tutdu məni. Atamla anam əsəbiləşdilər, vəziyyəti öyrənmək üçün direktora müraciət etdilər. Məktəbdə müdriyyət bir-birinə dəydi, həmin il birinci sinifə başlayan bütün şagirdlərin siyahısı yenidən oxundu və... Bax, elə əsl məsələ də bu "və"dədir. Sən demə, baş verən hansısa qarışıqlıq ucbatından mənim adım əvəzinə siyahıya atamın adı yazılıb. Yəni, Mahmudzadə Şahanə Müşfiq qızı əvəzinə, Mahmudov Müşfiq Muxtar oğlu...

İndi üzünüzdə yaranan təbəssümü bu sətirlərin arasından görə bilirəm. Çünki üstündən uzun illər keçəndən sonra bu hadisə həm mənim, həm də ailəmin gülərək danışdığımız xoş və gülməli xatirəyə çevrilib. Ancaq onda hər şey başqa idi. Siyahıda adımın olmadığını öyrənəndə çox pis olmuşdum, məni məktəbə götürməyəcəklər deyə çox qorxmuşdum və bir saat bundan qabaq ağlayan yoldaşlarıma təəccüblə baxan mən, indi özüm ağlayırdım. Ancaq onlardan fərqli olaraq, mən məktəbə gedə bilməyəcəyim qorxusu ilə kövrəlib ağlayırdım. 

Baş verən "bu boyda səhlənkarlığa görə" əsəbiləşən, anlaşılmazlığı yoluna qoymağa çalışan valideynlərim isə bir tərəfdən də məni sakitləşdirməklə məşğul idilər. Atam mənim ilk dərs günümü əbədiləşdirmək üçün bir neçə gün öncədən fotoaparat almışdı. O ana qədər çox şəkillərimi çəksə də, o günün və həyatımın ən maraqlı və ən qəribə şəklini məhz o anda çəkdi, yəni mən ağlaya-ağlaya. Dediyi sözlərsə, bu oldu: "İndi məktəbdən ötrü bu qədər ağlayırsan, bax, şəklini çəkirəm, hünərin var, məktəbə gedəndən sonra dərslərini yaxşı oxuma, gələcəkdə oxumuş qız olma, hər dəfə bu şəkli göstərəcəm özünə, məktəbdən ötrü tökdüyün bu göz yaşlarını salacam yadına".

Beləcə, həmin gündən on səkkiz il keçdi. Mən məktəbi əla qiymətlərlə başa vurdum, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil oldum, oranın bakalavr pilləsini əlaçı kimi başa vurub, Qafqaz Universitetində magistratura təhsilimi davam etdirdim. Və artıq bir ildir ki, təhsilimi başa vurmuşam. Bu on yeddi il ərzində atam, bir dəfə də olsun, o şəkili göstərib, o günü mənim yadıma salmaq ehtiyacı hiss etmədi. Mən isə nə o günü, nə də atamın o sözlərini bircə an da olsun unutdum və illər sonra bu hadisəni heç zaman unutmadığım xoş xatirəm, həyatımın önəmli hissəsi kimi qələmə alacaq qədər qoruyub saxladım.

Bəlkə də, ondan sonra həyatda, təhsilimdə qazandığım hər kiçik-böyük uğurum da məhz 1999-cu il 1 sentyabr günündə məktəb üçün axıtdığım göz yaşlarıma layiq olmaq üçün qazanılıb. Heç şübhəsiz ki, elə bundan sonra da onun üçün olacaq.

Məktəbə başlayarkən məktəb üçün necə göz yaşı tökmüşdümsə, on birinci sinifi bitirərkən Son Zəng günümdə o qədər sevinmiş, xoşbəxt olmuşdum. Məsələ, məktəbdən canımı qurtarmaqda deyildi, məsələ məktəbdə öyrəndiklərimi artıq bizdən öncəkilərin əsl məktəb adlandırdıqları gerçək həyatda tətbiq etmək şansı qazanmağımda idi.

İndi hər il məktəbə hazırlaşan şagirdlər, xüsusən birincilər görəndə başıma gələn bu hadisəni onlara danışmaq və demək istəyirəm: - Əziz şagirdlər, sevimli birincilər, mən başqaları kimi məktəb illəri həyatınızın ən gözəl, ən önəmli, ən mükəmməl illəri olacaq demirəm, ancaq məktəb illəri sizin gələcəkdə gözəl, mükəmməl həyat qurmağınız, özünüzə layiqli yer tutmanız üçün ən önəmli illəriniz olacaq. Çalışın, bu illərinizi ən yaxşı şəkildə dəyərləndirəsiniz.

Bu gün birinci sinifə başlayan, məktəbə ilk dəfə qədəm qoyan körpə balaları təbrik edir, onlara öncə məktəbdə, sonra isə gələcək həyatlarında bol-bol uğurlar, kitablı günlər arzulayıram. Qədəmləriniz mübarək, Əziz Birincilər!

 

 





15.09.2017    çap et  çap et