525.Az

Bakı uğrunda savaş - General Denstervillin gündəliklərindən


 

Azərbaycan Cümhuriyyəti - 100

Bakı uğrunda savaş - <b style="color:red">General Denstervillin gündəliklərindən </b>

Rusiya imperiyasının süqutundan sonra, xüsusən də 1918-ci ildə Bakı uğrunda mübarizə özünün pik həddinə çatmışdı.

“Qırmızı” və “ağ” ruslar, ingilislər, almanlar Bakıya, daha doğrusu, Bakı neftinə sahiblik uğrunda ölüm-dirim savaşına qalxmışdılar. Öz məkrli maraqlarını güdərək bu qüvvələrin hər birinin işinə yaramağa və sərfəli pay bölgüsündən kənarda qalmamağa can atan ermənilər də hər vasitə ilə Azərbaycanın tarixi baş şəhərində möhkəmlənməyə çalışırdılar. Ermənilərin fəal yandaşlıq etdikləri bütün bu qüvvələrin başlıca məqsədi strateji sərvətlərə yiyələnmək üçün Bakını onun həqiqi sahiblərinin - Azərbaycan türklərinin əlindən birdəfəlik  almaq idi. 1918-ci ilin martında erməni-bolşevik alyansının azərbaycanlılara qarşı həyata keçirdiyi dəhşətli soyqırım və etnik təmizləmə siyasəti də bu məqsədə xidmət edirdi.

Bir sözlə, Birinci Dünya müharibəsinin başa çatdığı ərəfədə nisbətən kiçik miqyaslı, lokal bir “dünya müharibəsi” də  Bakı ətrafında başlamışdı. Bu böyük hərbi-geopolitik avantüranın ən iddialı oyunçularından biri o dövrdə həqiqətən  dünyaya ağalıq edən Böyük Britaniya idi. İngilis müstəmləkəçilərin Bakı ilə bağlı uğursuz savaş tarixçəsi “Densterforce” hərbi qüvvələrinin komandanı, general Lionel Çarlz Denstervillin (1865-1946) hadisələrin isti izi ilə 1920-ci ildə Londonda çap etdirdiyi “Densterforsun macəraları” kitabında və onun ardıcıl şəkildə tutduğu gündəliklərdə öz əksini tapıb.

“İngilis generalı indiyədək Böyük Britaniya gəmilərinin şırım açmadığı yeganə dənizdə - Xəzərdə holland mənşəli Cənubi Afrika prezidentinin adını daşıyan gəminin göyərtəsində serb bayrağı altında fars limanından inqilabi rus şəhərindəki erməniləri türk zülmündən xilas etmək üçün yola çıxıb” - general Denstervillin kitabı belə patetik və ilk baxışdan o qədər də anlaşılmayan təntənəli  cümlə ilə başlayır.

Əvvəlcə zəruri izahat: General Denstervill 1918-ci il avqustun 17-də Bakı limanına “Paul Kryuger” gəmisində yan almışdı. Gəmi 1883-1900-cu illərdə Cənubi Afrika Respublikasının prezidenti olan və ingilis-bur müharibələrinin qəhrəmanlarından biri kimi tanınan holland əsilli Stefanus Yoxannes Paul Kryugerin (1825-1904) adını daşıyırdı. Serb bayrağının da özünəməxsus tarixçəsi var. Denstervill komandan kimi gəmisində qırmızı bolşevik bayrağı deyil, Rusiya imperiyasının üç rəngli bayrağını qaldırmışdı. Lakin yerli inqilabçılar  qəti etirazlarını bildirdikdən sonra kompromis variant kimi imperiya bayrağını tərsinə, baş-ayaq asmaq qərara alınmışdı. Sonradan  rənglərin bu şəkildə düzümünün köhnə rus bayrağını serb bayrağına çevirdiyinin fərqinə varsalar da, dəyişmək istəməmişdilər. Fars limanı - İranın Ənzəli şəhəri, “ingilabi rus şəhəri” - Bakı idi. Erməniləri türk zülmündən qurtarmaq məsələsində isə ingilis generalı, necə deyərlər, gül vurmuşdu. Çünki onun Bakıya gəldiyi vaxt hər şey tam  əksinə idi - mart qırğınından sonra əvvəlcə S.Şaumyanın daşnak-bolşevik rejimi, ardınca isə ermənipərəst Sentrikaspi diktaturası hökuməti yerli əhalini - Azərbaycan türklərini etnik təmizləmə və terror hədəsi altında saxlayırdı. Hadisələrə azacıq obyektiv yanaşan şəxs yalnız onların erməni zülmündən qurtarması haqda danışa bilərdi.

Gündəliklərindən Bakı ilə bağlı qeydləri “525-ci qəzet”in oxucularına təqdim etmək istədiyim general Denstervill peşəkar hərbçi idi. Britaniya imperiya ordusu üçün zabitlər hazırlayan qapalı təhsil müəssisəsini - Yunayted Servises hərbi kollecini bitirmişdi. Yeri gəlmişkən, bu kollecdə onun tələbə dostlarından biri gələcəyin dünya şöhrətli ingilis yazıçısı, Nobel mükafatı laureatı Rediard Kipling olmuşdu. Gənc və diribaş Lionel Denstervill yaradıcılığa yeni başlayan  Kiplinqin “Stalki və dəstəsi” romanındakı qəhrəmanlardan birinin prototipi idi. Digər tərəfdən, “Gündəliklər” onun özünün də müəyyən ədəbi istedaddan məhrum olmadığını göstərməkdədir.

Gənc zabit hərbi xidmətə 1884-cü ildə Britaniya müstəmləkə ordusunun indiki Pakistan ərazisində yerləşən quru qoşunlarında başlamışdı. Birinci Dünya müharibəsi illərində isə Hindistandakı hərbi birliklərdə xidmət etmişdi. 1917-ci il dekabrın 24-də ölkənin şimal-şərq sərhəddindəki piyada briqadasının komandiri polkovnik Denstervill təcili şəkildə Dehliyə - müstəmləkə ordusunun baş qərargahına gəlmək əmri almışdı. Burada, 1918-ci il yanvarın ilk günlərində ona general-mayor rütbəsi vermiş və hələ mövcud olmayan gizli hərbi missiyanın komandanı təyin etmişdilər.

Məsələ buradadır ki, 1917-ci il dekabrın 23-də Parisdə keçmiş Rusiya imperiyasının bir sıra ərazilərini öz aralarında nüfuz dairəsinə bölməklə bağlı məxfi ingilis-fransız müqaviləsi imzalanmışdı. Müqavilənin şərtlərinə görə, Don çayı hövzəsi, Qafqaz və Türküstan Böyük Britaniyanın maraq dairəsinə daxil edilmişdi. Dünyanın nəhəng imperiyalarıdan birinin - çar Rusiyasının süqutu nəticəsində yaranmış yeni siyasi şəraitdə Böyük Britaniya Hərbi nazirliyində Lord Kerzon və Uilyam Robertsonun rəhbərliyi altında gələcək  müstəmləkələrlə bağlı xüsusi “Şərq komitəsi” yaradılmışdı.

Komitənin təklifi ilə çox təcili şəkildə generallar Vilfrid Malleson,Georq Makkartni və Lionel Denstervillin komandanlığı altında üç hərbi missiya formalaşdırılmışdı. Birinci missiya İran-əfqan sərhəddinin şərq hissəsini, Məşhəd şəhərini və Zakaspi dəmir yolunun  mühüm qovşağı sayılan Aşxabadı nəzarətə götürməli idi. İkinci missiyanın fəaliyyət dairəsinə də Türküstan daxil idi.  General Makkartniyə Şərqi Türküstanla digər  keçmiş rus əraziləri arasında ayırıcı güc funksiyasını yerinə yetirmək, habelə Daşkəndə nəzarət həvalə olunmuşdu.  Təzəcə general olmuş Denstervill isə Bakı və Ənzəli limanlarını nəzarətə götürməli, bölgədəki britaniyapərəst güclərin fəaliyyətini koordinasiya etməli, habelə türk-alman qoşunlarının Mərkəzi Asiyaya, Hindistan və Əfqanıstana ehtimali irəliləyişi zamanı önləyici tədbirlər almalı idi.

General Denstervill Tiflisi  hərbi missiyasının ən sərfəli və məqsədəuyğun iqamət yeri sayırdı. Fikrincə, yalnız Tiflisdə yerləşəcəyi təqdirdə Anadolu və  Azərbaycan türklərinə qarşı uğurlu dirəniş mümkün idi. Denstervillə görə, missiya bu şəhərdə yerləşən kimi “rus, erməni və gürcü ordularının dağınıq hissələrini birləşdirərək türklərə qarşı vahid cəbhə” yarada bilərdi. Göründüyü kimi,  ingilis generalı Qafqaza türklərə qarşı vuruşmaq üçün gəlirdi.

Bu məqsədlə o, 1918-ci il yanvarın 18-də ingilislərin Osmanlı imperiyasının əlindən yenicə aldıqları Bağdada gəlib tarixə “Densterforse”  kimi düşən hərbi kontingenti formalaşdırmağa başlamışdı. Təxminən 1000 əsgər və zabitdən ibarət hərbi birləşmənin tərkibində ingilislərlə bir sırada Britaniya İttifaqına daxil olan Kanada, Avstraliya, Yeni Zelandiya kimi ölkələrin  hərbçiləri də vardı. 

General Denstervill kontingentin tam komplektləşdirilməsini gözləmədən 1918-ci il yanvarın 27-də 41 hərbi “Ford” maşınında Bağdaddan İrana yola düşmüşdü. Təxminən fevralın ortalarında Bakıya çatmaq, dərhal Transqafqaz dəmir yolu ilə qərargahının yerləşəcəyi Tiflisə yollanmaq niyyətində idi. Yolsuzluğa və pis hava şəraitinə baxmayaraq, inadlı general demək olar ki,  məqsədinə çatmışdı - fevralın 18-də “Densterforse” artıq İranın liman şəhəri Ənzəlidə idi. Buradan isə Xəzərin qarşı sahilinə üzmək və “dünyanın neft paytaxtına” yetişmək  üçün cəmisi bir neçə saat tələb olunurdu.

Lakin məqsədinə çatana qədər general Denstervill düz 6 ay İranın şəhər və kəndlərini dolaşmalı oldu. Yalnız 1918-ci ilin avqustunda onun gəmisi Bakı sahillərinə yan ala bildi. Səbəb çox sadə idi - Leninin Qafqazdakı komissarı Şaumyan ingilisləri Xəzər sahillərində görmək istəmirdi. Daha doğrusu, nefti onlarla bölüşmək istəmirdilər. Almanlarla separat sülh bağlayan bolşeviklər neftin bir hissəsini yeni dostlara vəd etmişdilər. Denstervillin gücü isə o qədər böyük deyildi ki, Bakını hücumla alsın. O, sadəcə dəvət gözləyirdi.

Belə bir dəvət Şaumyanın süqutundan sonra (31 iyul 1918-ci il) özünü Bakının yeni sahibi elan edən və heç bir hüquqi əsası olmayan şübhəli hakimiyyətini Erməni Milli Şurası ilə bölüşən Sentrokaspi diktaturasından (Xəzər Hərbi Donanmasının Mərkəzi Komitəsi) gəldi. Avqustun ilk günlərində kapitan Bobun komandası ilə ilk ingilis əsgərləri artıq Bakıya gəlmişdilər.

Bu elə bir vaxt idi ki, Azərbaycan Cümhuriyyəti hökuməti ölkənin təbii və tarixi paytaxtı  Bakını işğaldan qurtarmaq üçün ölüm-dirim savaşına başlamışdı.

General Denstervill  həmin savaşda ermənilərin yanında idi. Bütünlükdə milli Azərbaycan dövlətinin varlığını və Azərbaycan türklərinin öz paytaxtları  ilə bağlı tarixi haqlarını yerli-dibli inkar etmək yolunu tutmuşdu.

(Yeri gəlmişkən, Denstervilldən düz üç ay sonra, 1918-ci il noyabrın 17-də artıq Azərbaycan hökumətinin dəvəti ilə Ənzəlidən Bakıya gələn başqa bir ingilis generalı - V.M.Tompson ilk anda Bakı dəniz limanında qaldırılmış dövlət bayrağını aşağı salmaq əmri versə də, sonradan Fətəli xan Xoyski hökuməti ilə normal əməkdaşlıq etməyə başlamışdı...).

Lakin Denstervillin o qədər də möhtəşəm görünməyən ekspedisiya korpusu britaniyalıların simasında güclü hami axtaran Centrokaspi diktaturasını və Erməni Milli Şurasını təmin etməmişdi. General Denstervill də Bakıya ağalıq fikrinə düşən “diktatorların” və onların əsasən ermənilərdə ibarət əsgərlərinin son dərəcə bivec, heç bir işə yaramayan adamlar olduğunu elə birinci gündən anlamış və bu həqiqəti gündəliklərində dəfələrlə vurğulamışdı.

İngilislərin Qafqaz İslam ordusu ilə ilk ciddi qarşılaşması 1918-ci il avqustun 26-da indiki Binəqədi ərazisində baş vermidi. Həmin döyüşdə 3 zabit və 70 əsgər itirməsinə baxmayaraq, “Densterforce” mövqeləri əldə saxlaya bilməmiş və döyüş meydanından qaçmalı olmuşdu. Amma bununla belə, Denstervill səmimi şəkildə inanırdı ki, ingilislər köməyə gəlməsəydi, Bakı hələ avqust ayında süqut edərdi... Və yəqin ki,  gümanında haqsız deyildi.

99 il bundan əvvəl, sentyabrın 15-də sübh saat 4-də tərkibinə yenicə yaradılmış Azərbaycan hərbi birliklərinin də daxil olduğu Qafqaz İslam ordusu Bakı üzərinə həlledici hücuma keçdi. Saat 11-də artıq Qurd qapısı yüksəkliyi ələ keçirilmişdi.  Daha heç bir qüvvə öz torpağına sahiblik haqqı uğrunda ölüm-dirim savaşına qalxan Azərbaycan türkünün qarşısını saxlaya bilməzdi. Elə həmin axşam general Denstervill canlı hərbi qüvvələrini, silah-sursatlarını (və yəqin ki, həm də çapıb-taladıqlarını) gəmilərə yükləyib Ənzəliyə qaçmışdı.

“Densterfors”un Bakıdakı itkiləri 180 nəfərdən çox idi. Həlak olanlar köhnə bakılıların hələ də “İngilis bağı” adlandırdıqları ərazidə - İncəsənət muzeyinə bitişik kiçik parkdan yuxarıda dəfn olunmuşdu. Səhv etmirəmsə, 1998-ci ildə ölkəmizdəki Böyük Britaniya səfirliyi onların xatirəsinin hər hansı şəkildə əbədiləşdirilməsi məsələsini qaldırmışdı. Lakin Denstervillin hərbi  missiyasının həqiqi mahiyyəti açıqlanandan sonra niyyətlərindən çəkilmişdilər. 

General Denstervill tipik ingilis müstəmləkəçisi idi. Və heç bir halda xalqımızın dostu sayıla bilməzdi. Bakıda qaldığı bir ay ərzində ermənilərlə sıx təmas qurduğu, onlara arxalandığı halda yerli xalqın - Azərbaycan türklərinin təmsilçisi ilə bir dəfə də olsun əlaqə yaratmağı, görüşməyi düşünməmişdi. Gündəliyində göstərdiyi kimi, “tatarların vəziyyəti və onlarla bağlı ümidlər haqqında” naməlum gürcü prinsindən məlumat almağı daha üstün tutmuşdu. Lakin buna baxmayaraq, Lionel Denstervillin Bakı gündəlikləri ilə tanış olmağa lüzum var. Ən azı düşmənlərimizin dostunun münasibətini öyrənmək üçün!

Bakının işğaldan azad edilməsi təkcə çevik hərbi-diplomatik gedişlər etməyi bacaran Azərbaycan Cümhuriyyəti hökumətinin deyil, bütövlükdə XX yüzillikdə xalqımızın, Azərbaycan-türk dostluğunun böyük tarixi zəfəri sayılmalıdır. İnsanlarımız belə qələbə sevincini yəqin ki, növbəti dəfə yalnız işğal altındakı Dağlıq Qarabağ torpaqları, Şuşa azad ediləndə yaşaya bilər. Hələ onu demirəm ki, Bakının geri alınması ilə Cümhuriyyət öz qəbirqazanına - Sovet Azərbaycanına, bütün Azərbaycan türklərinə, gələcək nəsillərə də  misilsiz töhfə buraxmışdı. Əks-təqdirdə Bakının da İrəvanın, Zəngəzurun taleyinin yaşamayacağına  kim təminat verə bilərdi?

26 may 1918-ci il

Son günlər aldığım xəbərlər özümü Bakıya tez çatdırmaqdan ötrü məni daha bir cəhd göstərməyə vadar edir. Ona görə də cümə günü buradan (Tehran nəzərdə tutulur - V.Q.) çıxıram. Mayın 31-də Qəzvində Biçeraxov  və onun kazaklarına qoşuluram, Ənzəliyə gedərkən yolüstü cəngəlilərlə  vuruşacağam. Əgər ləngiməsək, vaxtında Bakıya çatarıq. Şəhəri və neft mədənlərini ələ keçirməkdən ötrü Tiflisdən yola çıxan almanların və türklərin cəngindən qurtara bilərik. Yenə həmişəki kimi gecikəcəyikmiə Artıq bu mənim günahım deyil. Onlar (Böyük Britaniya Hərbi nazirliyi - V.Q.) həmişə belə böyük ehtiyac duyduğum hərbi qüvvə və aeroplanlar  ayırmaqdan imtina edirlər.

28 may

Hərbi Nazirliyin teleqramında mənə indiki vaxtda Qafqaza getmək qəti qadağan olunur. Beləliklə, Bakı neftinə, Krasnovodsk pambığına, Həştərxan taxılına və Xəzər dənizinə almanlar yiyələnəcəklər. Çox ağır, üzücü haldır. Mən yalnız fars əyalətlərinə baxmalı olacağam. Fikrimcə, Şimali İranda Persi Syukun aranı qarışdırması onları (Britaniya hakimiyyətini - V.Q.) narahat edib. Sonra Kiçik xan  Rəştdə, türklər Təbrizdə, Bakıda vətəndaş müharibəsi və maliyyə çətinlikləri... Təchizat məsələsini heç cür qaydaya sala bilmirlər. Hər ay minimum 5 milyon funt-sterlinq tələb olunduğu haqda teleqram göndərdim.

28 iyul

Deyəsən, indiyə qədər hələ də Bakını türklərlə almanların cəngindən xilas etmək şansım qalır. Bolşeviklər hakimiyyəti itiriblər. Artıq dənizi üzüb keçmək və Bakını qurtarmaq növbəsi mənimdir. Bolşevik və eser liderlə tez-tez söhbət edirəm. Birincisi nahara gəlmişdi, ikincisi isə daha söhbətcil idi.

31 iyul

Bakıdakı vəziyyət böhran həddinə çatıb. Biz gecikə bilərik. İki bolşevik lideri - Çelyabinlə Lazarev mənimlə nahar edirdi. Çox da maraqlı adam olduqlarını demək mümkün deyil. Lakin onların süfrədəki yeməklə birlikdə prinsiplərini də necə acgözlüklə udmalarını müşahidə etmək əyləndirici idi.

4 avqust

Bakı süqutun astanasındadır. Eyni zamanda,  şəhəri xilas etmək imkanımız hələ də qalır. Artıq Bobu ora göndərmişəm. Özüm isə bu gün Ənzəliyə yola düşürəm. Mənzil adlanan balaca poçt stansiyasına gəldim. Ancaq Bakıdan və Rəştdən olan qaçqınların əlindən burada çox narahatçılıqdır.

5 avqust

Rəştdən keçdim. Sərhəd məntəqəsində nahar etdim. Matvey və Murla danışdım. Tapşırılan işin öhdəsindən çox yaxşı gəliblər. Biz bu günlərdə bütün Gilan şəhərlərinin aeroplanla bombardman etmişik, düşünmürəm ki, yaxın gələcəkdə  onlar (Kiçik xanın dəstələri)  hücuma keçə bilərlər. Rəşt başqa şəhərlərdən çox zərər çəkib. Amma daha sakit təsiri  bağışladı. Mühafizə dəstəmə heç yerdə atəş açmırdılar. Şəhər ətrafı çox gözəldir. Təxminən, 20 mil ərazidə qeyri-adi meşə, aşağıda isə yamyaşıl düyü plantasiyaları. Ənzəliyə  axşam saat 6-da çatdım. Həmişəki köhnə balıqçı evinə düşdüm. Rus inqilabi komitəsinin liderlərini az öncə həbs etmişik  və ümidvaram ki, bundan sonra hər şey yaxşı olacaq. 6 ay əvvəl isə az qalmışdı ki, həmin inqilabi komitə məni həbs etsin. O zaman bir möcüzə sayəsində qaçıb canımı qurtara bildim. İndi onlar dustaq kimi Bağdada göndərilirlər. İnqilab komitələri daha mövcud deyil. Çünki Ənzəli mənim əlimdədir. Bob artıq Bakıdadır. Oradan gələn yeniliklər o qədər də pis deyil. Deyəsən, biz hələ də uğur qazanacağımıza ümid bəsləyə bilərik.

7 avqust

Buradakı limanda sakitlikdir. Doğrudur, bolşevik liderlərini tutub Bağdada göndərmişik. Amma bununla belə, indiyə qədər hələ də limana və gəmilərə tam nəzarəti əlimizdə saxlaya bilmirik. Çünki qoşunlarımızın sayı azdır, hərbi güc nümayiş etdirmək imkanım yoxdur. Faktiki olaraq bolşeviklər və cəngəlilər, yaxud ikisi birlikdə hücum edib məni şəhərdən çıxara bilərlər. Böyük təhlükə var. Amma yenə də əsas gücü Bakıya göndərməli, burada isə yalnız az sayda zəruri qüvvə  saxlamalıyam.

Şəhərə gələn kimi özünü bütünlüklə danışıqlara həsr etməli olursan. Amma bundan tez yorulursan. Dünən gömrüyün rəisi cənab Xuninlə görüşdüm. Xəzər gəmiçiliyinə nəzarət edən Xaçikovla Senizavin, eser Qendre, Erməni Milli Şurasının sədri doktor Araratyans, eser Oqamyants, Biçeraxovun adamı kimi tanıdığım eser Alxari yanıma gəlmişdilər.  Möhtəşəm planlar təklif edirlər. Amma hərə öz əlinə oynayır. Bu gün də bir dəstə adam vardı. Sadəcə, vaxtımı alırlar. Əsasən rus və ingilis qaçqınlarıdır. Hamısı mənim köməyimlə iş (oxu: pul) tapmağa can atır. Bakının taleyi indiyə qədər tükdən asılı qalır. Ümid edirəm ki, Bob ona tapşırılan vəzifənin öhdəsindən gəlir.  Amma sərəncamımdakı qüvvələr  çox azdır. Vaxt  isə sürətlə keçir.

11 avqust

Çox istidir. Hər gün saat 6.30-da dənizdə çimirik. Səhərdən axşama qədər müxtəlif adamlarla danışıq aparıram. Çətinliklər dəhşətli şəkildə çoxalır. Gecikməyin böyük fəsadları çıxa bilər. Yardım dəstələri heç də həmişə vaxtında gəlmir. Bakının taleyi isə tükdən asılıdır. Maşınlar hamısı sıradan çıxıb. Hər şey əleyhimə çevrilib. Farslarla bağlı çoxsaylı problemlərlə yanaşı, indi məndən ötrü Bakı, Krasnovodsk, Lənkəran problemi də yaranıb. Biçeraxov Dərbənddə, rus icması isə Məşhəddə yalvarıb hərbi qüvvə göndərməyimi istəyir. Cəngəlilər hücumla hədələyirlər. Sanki hər şey əleyhimizə çevrilib. Amma Allah bizimlədir. Yaxşı ki, xarakter etibarı ilə sakit adamam. Yoxsa lap dəli olardım. Bağdaddan öz gücümə güvənib avtomobillərlə yola çıxdım. Amma aradan keçən müddət ərzində briqadanı tam formalaşdıra bilməmişəm. Məşğul olduğum iş poker oyunundan daha pis, daha mənasız blefdir.

14 avqust

Özüm də, qərargahım da “Prezident Kryuger” gəmisinə köçdük. Gözləməli olduğumuz müddət orada qalacağam. Kayutlar sərindir. İndi gəmini simsiz teleqrafla təchiz etməyə çalışıram. Ondan sonra Xəzər dənizini eninə-boyuna üzəcəyəm. Dənizçilərimdən biri - kommodor (Britaniyanın və bir sıra ölkələrin donanmalarında birinci dərəcəli kapitandan yuxarı, admiraldan aşağı sayılan hərbi rütbə - V.Q.) Norris bizim donanmanın təşkili ilə məşğuldur. Neçə vaxtdır, bir gəmi də almamışıq. Amma dünən 4 top gəldi, 3-ü də yoldadır. 160 nəfərlik dənizçi heyətimiz var. Zabitlər və ekipaj üzvləri kifayət qədər yaxşı görünürlər. Qırmızı rəngli inqilabi bayrağı endirdik, əvəzində gəminin dor ağacı üzərində köhnə rus bayrağı qaldırdıq.

16 avqust

Xəzər dənizinin qarşı sahilinə keçmək vaxtı çatdı. Limanı tufanlı havada tərk etdik. Yəqin ki, hamı dəniz xəstəliyinə tutulacaq. Poçt gəmisi dünən gecə çıxa bilməmişdi. Ona görə də bu axşam yola düşdü.

17 avqust

Bakıya çatdıq. Çətinliklərin öhdəsindən uğurla gəldik. Hətta səhər yeməyini də qaçırmadıq. Gün sərin keçdi. Güclü, amma xoş dəniz küləyi əsirdi.

19 avqust

Dünən və bu gün uzunluğu 10 milə çatan cəbhə xəttini bütünlüklə gəzmişəm. Cənubda, dəniz sahilindən şimala qədər sağ cinah açıq qalır. Bu da türklərə qüvvələrini yenidən qruplaşdırmağa, yarımadanın şərqindən arxamızda müəyyən narahatlıq yaratmağa imkan verir. Hər iki cinahın ön xəttində dayanan ermənilərin nəzarət etdikləri mövqelərin mənim Şimali Stafforddan olan əsgərlərimlə qüvvətləndirilməsinə baxmayaraq,  son dərəcə boş, fərsiz adamlardır. Aralarında heç bir nizam-intizam və mütəşəkkillik yoxdur. Tədricən erməni batalyonlarına britaniyalı komandirlər göndərməyə başlamışıq. Batareyalarda da bizim zabitlər var. Avtomobillə türk toplarından təxminən 300 yard (91,44 sm.-ə bərabər ingilis uzunluq ölçüsü - V.Q.) məsafədə, kifayət qədər açıq, müdafiəsiz yerdən keçdim. Amma düşmən bir dəfə də olsun, atəş açmadı. Güman edirəm ki, bu ilk növbədə sursat ehtiyatlarının son dərəcə qıt olması ilə bağlıdır. Sağ cinahdakı müdafiə xəttimiz dəhşətli dərəcədə zəifdir. Belə şəraitdə türklərin şəhəri tutmağa cəhd göstərməmələri düşmənin döyüş ruhunun aşağı olmasından xəbər verir. Türk batareyaları şəhərin və limanın təxminən 6000 yardlığında yerləşir. Yəni istəsələr, bizi hər an atəş altda saxlaya bilərlər. Neft mədənləri məndə böyük maraq yaratdı. Bakı əzəmətli, fundamental binaları olan gözəl şəhərdir. Lakin şəhər kənarı darıxdırıcı, hətta deyərdim ki, ürək bulandırıcıdır. Uzun, qara neft buruqları adamda xoşagəlməz təəssürat doğurur.

20 avqust

Dünən rus kilsəsinə dini ayinə baxmağa getmişdim. Dəhşət içində kilsədəkilərin müqəddəs ikonalardan çox mənə tamaşa etdiklərini gördüm. Bu günsə kinemotoqrafa çəkdilər və beləliklə də sifət cizgilərim tarixə düşdü.

Axşam gəmi ilə Dərbəndə yola düşdüm. Burada hərbi baxımdan vəziyyət böhran həddindədir, siyasi cəhətdən isə normaldır. Lakin indi dəyişikliklər çox tez baş verir, mövcud hökumət istənilən dəqiqə devrilə bilər. Biçeraxov üzərinə  düşən vəzifələrin öhdəsindən əla gəlir. Hiss edirəm ki, özüm də müəyyən tərifə layiqəm. Ən azı ona görə ki, bütün mənfi fikirlərə baxmayaraq bu adama inandım. Hərbi nazir teleqrafla xəbər göndərmişdi ki, ona etibar etmək olmaz. Bağdaddakılar və rusların da demək olar ki, hamısı eyni sözü deyirdilər. Əgər həmin fikirlərə qarşı çıxmasaydım, onda həqiqətən də fəlakət baş verə bilərdi. İndiyə qədər Biçeraxov uğur qazanıb. Təbii ki, mənim uğurlarım da onunla bağlıdır. Buradakılara ona anlayışla yanaşmağı məsləhət görürdüm. Qərargah rəisi Avetisov Biçeraxova nifrət edir. Lakin biz qərargah rəisini xəstəliyə görə istefaya göndərərik və vəziyyət qaydaya düşər. Bob isə komandanlıq işinin öhdəsindən uğurla gəlir. Bu, artilleriya zabitinin həm də yaxşı adam olmasının nadir nümunələrindəndir. Dünən telefonoqramı gəminin göyərtəsində qəbul etdim və axşam saat 9-da Dərbəndə yola düşdüm. Alekseyevin Həştərxanı aldığını eşitdik. Təbii ki, yaxşı yenilikdir. Lakin sonradan Alekseyevin  deyil, Baltik donanmasının anarxist dənizçilərinin şəhərə yiyələndiklərini öyrəndik. Bu isə artıq pis yenilikdir. Məni az qala addımbaşı kinemotoqrafa çəkirlər. Bu gün də Krasnovodska gedən gəminin göyərtəsində, bir dəstə qaçqının qabağında nitq söyləyərkən çəkdilər. Bakının müdafiəsi dəhşət dərəcədə zəif təşkil edilib. Çox ümid edirəm ki, mən burada olmayanda şəhəri tutmayacaqlar.

21 avqust

Saat 4.30-da Xəzərdə o qədər də parlaq adlandıra bilməyəcəyim ilk dəniz döyüşü verdik. Hələ Dərbəndə çatmamışdıq. Limana yaxınlaşanda şübhəli bir gəmi (böyük ehtimalla bolşeviklər idi!) onlarla yanaşı üzməyimizi bildirən siqnal işarəsi verdi. Kapitan fikrimi soruşdu. Mən də öz növbəmdə həmin gəminin belə tələblər vermək üçün hansısa ixtiyar, yaxud səlahiyyət sahibi olması ilə maraqlandım.  Kapitan dedi: “Yox, adi gəmidir, adı “Özbək”dir, yaxın vaxtlarda bolşeviklərin əlinə keçib. Bu sözləri eşidən kimi “Tam sürətlə irəli!” komandası verdim. Bolşevik gəmisi bizə o qədər də böyük olmayan, çox güman ki, 3 düyümlük toplardan atəş açmağa başladı. 15 dəqiqə ərzində 4, yaxud 5 dəfə atdılar. Mərmilər hamısı yaxın məsafədə ətrafımıza düşdü. Lakin xoşbəxtlikdən dəqiq nişan ala bilmədilər. Gəmimizin daha sürətli olması nəticəsində tezliklə “Özbək”dən uzaqlaşa bildik. Dərhal kursu dəyişdik. İndi Bakıya qayıdırıq. Bütün gəmilərə dağ toplarının qoyulması məsələsində təkid edəcəyəm. Yoxsa günün birində çox asanlıqla bu dəniz quldurlarının ovuna çevrilə bilərik.

23 avqust

Şiddətli şimal küləyi əsirdi. Lakin qətiyyən dəniz xəstəliyi hiss etmədik. Bakıya gündüz saat 3-də çatdıq. Bob göyərtəyə qalxıb vəziyyətin normal olması ilə bağlı raport verdi. Bu gün hərbi xidmətimin 35 ili tamam olur. Orduda belə çox qalacağımı heç təsəvvürümə gətirməzdim. Amma bunlar 35 xoşbəxt il idi. Son 21 ildə isə mənə ikiqat xoşbəxtlik üz verib. Türklər gecə şəhəri top atəşinə tutmuşdular. Elə ciddi ziyan vura bilmədilər. Biz ticarət gəmilərindən bəzilərini silahlandırmaq istəyirik. Amma inqilabi hökumətin razılığını heç cür ala bilmirik. Sonradan donanmamızdan onlara qarşı istifadə edəcəyimizdən qorxurlar. Hava qəfildən xeyli sərinləşdi. Qorxuram, əsl isti günlər həmişəlik arxada qalsın. Yağ, süd, istənilən formada piy tapa bilmirik. Onlar üçün əsla darıxmamışam. Amma həkimlər istifadənin zəruri olduğunu deyir.

24 avqust

Dünən gecə bombardmanı vaxtı vur-tut iki nəfər öldürülüb. Amma təsadüfi atəşlər adamlar arasında böyük təşviş yaradıb. Dünən axşam saat 8-də Ənzəliyə yola düşdüm. Hava əladır.

25 avqust

Gündüz saat 3-də Ənzəliyə çatdım. Kiçik xanla görüşmək, çay süfrəsi arxasında söhbət etmək istəyirdim. Lakin çərşənbə gününə qədər boş vaxtı olmayacaqdı. Mən bu qədər  gözləyə bilməzdim. Yenə də vacib məsələni həll etmədən geri qayıtmalı oluram. İndiki gəlişimdə Ənzəli mənə çox gözəl və təmiz göründü. Brey möhkəm xəstədir. Hospitala göndərməli oldum. Yerinə rus ordusundan leytenant Qosvaldı götürdüm. Yaxşı oğlandır, amma Breylə müqayisədə bir şey deyil.

(Ardı gələn şənbə sayımızda)

 





16.09.2017    çap et  çap et