525.Az

Doğmalaşan və güvənilən “525-ci qəzet”


 

Doğmalaşan və güvənilən “525-ci qəzet”<b style="color:red"></b>

“525-ci qəzet” ədəbi-elmi həqiqətə özəl konseptual baxışın sərgilənməsinə yeni məcrada rəvac verən mətbuat orqanıdır.

Bunu deyərkən biz insanın bədii estetik dərkinə tamamilə hesablanan başlıca keyfiyyətlərin qlobal təhlilinə zəmin yaradılmasını nəzərdə tuturuq. Məsələn, “Azərbaycan ədəbiyyatında tarixilik və müasirlik problemi ədəbi tənqiddə” kimi önəmli mövzularla bağlı yazıların müstəviyə çıxarılması ümumən ədəbiyyatşünaslıq elminin daim diqqət mərkəzində saxlandığına əyani sübutdur. Heydər Əliyev “Zaman və müasirlik” mövzusunda elmi sessiya materiallarının Azərbaycanın dövlətçilik tarixi, milli adət-ənənələr, elm və mədəniyyətin təbliği kontekstində çözülən yazıların qəzetdə yer alması oxucu auditoriyasının hədsiz dərəcədə genişlənməsinə gətirib çıxarır ki, bu da “525-ci qəzet”in daim gündəmdə olduğundan xəbər verir. Qəzetin şənbə sayını səbirsizliklə gözləyən oxucuların sırasının sıxlaşması bu baxımdan təbiidir.

Ulu Öndər Heydər Əliyevi sənət adamlarının böyük dostu və himayədarı kimi səciyyələndirən məqalələrə qəzetdə geniş yer verilməsi Heydərəliyev-şünaslığın daim diqqət mərkəzində saxlandığını göstərir. Qəzetdə Dağlıq Qarabağ probleminə ayrılan səhifələr həm bir vətəndaş və həm də “525-ci qəzet”in sadiq oxucusu kimi məni məmnun edir.

“525-ci qəzet”in həyatımda yeri düşüncəmdə çeşidli asossiativ  məqamlar doğurur. Həsən bəy Zərdabinin “Əkinçi” qəzetindən üzü bəri boy göstərən Azərbaycan mətbuatının keçdiyi tarixi inkişaf yolu və bu axarda “525-ci qəzet”in önəmli rolu, yaşarlı ənənəsi, başqa sözlə, varisliyi yeni publisistik düşüncə müstəvisində necə böyük uğurla davam və inkişaf etdirdiyi ağlımı heyran edir. Bu uğur təbii və anlaşılandır. Çünki bu qəzetin Rəşad Məcid kimi analitik təfəkkürünün itiliyi ilə fərqlənən və bir yaradıcı şəxsiyyət kimi böyük oxucu auditoriyası tərəfindən sevilən və təqdir edilən baş redaktoru, çevrəsində isə mətbuatla nəfəs alan dəyərli əməkdaşları var.

Bu gün “525-ci qəzet” artıq bir yaradıcılıq məktəbinə çevrilib. Bu məktəb həm bədii, həm də elmi istiqamətləri özündə ehtiva edir. Faydasını bu məktəbi keçənlər bilir. Ən bariz nümunə istər bədii, istərsə də elmi əsərlərini böyük coşğu və qürur hissi ilə oxuduğum Anarşünas alim Pərvin xanım  Nurəliyevadır. Mənim özümün də elmi ictimaiyyətə çıxışımda bu qəzetin rolu danılmazdır. Bunu deyərkən bir sıra məqalələrimin və mənim barəmdə yazıların sözügedən qəzetdə çap olunduğunu nəzərdə tuturam. “525-ci qəzet” mənə bir mənada böyük fars şairi Sədi Şirazinin “Bustan”ını xatırladır. Poemada olduğu kimi, “525-ci qəzet”də bəsirət gözü açıq, idrakı ilkinlikdən qaynaqlanan hər kəs üçün fayda var, təki, dəyərlərin iç mənasına nüfuz edə biləcək düşüncən olsun. “525-ci qəzet” konkret məramı, fəlsəfəsi, konsepsiyası olan və bu konsepsiyanı reallaşdırmaqda daim iradə sərgiləyən mətbuat orqanıdır. Dövlətçiliyi, azərbaycançılığı, milli-mənəvi dəyərləri uca tutan və bu taleyönlü məsələlərin şərhinə yönəlik yazılara qucaq açan “525-ci qəzet” həm də multikulturalizmi, tolerantlığı, islami dəyərləri daim diqqət mərkəzində saxlaması və bunlara məxsusi səhifələr ayırması ilə mühüm maraq kəsb edir. Xalq yazıçıları Anarın, Elçinin çox dəyərli bədii-publisistik və elmi-tənqidi əsərlərinin bu qəzetdə yer alması əlbəttə ki, düşüncə sferamızı genişləndirməklə yanaşı, həm də qəzetin çox nüfuzlu bir mətbuat orqanı olduğundan xəbər verir. Çağdaş ədəbiyyatşünaslıq məktəbinin təməl prinsiplərini dikəldən böyük Azərbaycan alimi, akademik İsa Həbibbəylinin elmi düşüncəmizi hədəflərə doğru yönəldən və bununla da qəzeti rövnəqləndirən qlobal mahiyyəti ilə fərqlənən konseptual məqalələri elmi ictimaiyyətdə sonsuz maraq doğurur. Bu sırada akademik Teymur Kərimlinin, akademik Nizami Cəfərovun sözügedən qəzetdə çap etdirdiyi məqalələr də ədəbiyyatşünaslığımız, filoloji elmimiz və ümumiyyətlə humanitar düşüncəmizi hədəflərə doğru yönəldən və elmi inkişafımız üçün hədsiz fayda gətirən yazılardır. “525-ci qəzet”i rövnəqləndirən, ona oxucu kütləsinin marağını artıran digər şair, yazıçı və alimlərimizin də əsərləri saymaqla qurtaran deyil. Biz yalnız fərəhimizi, minnətdarlığımızı dilə gətirməklə kifayətlənirik. Əslində, “525-ci qəzet” müstəqil fikrin, azad sözün və ümumən demokratik düşüncənin himayədarı olan, özünəməxsus dəsti-xətti dönmədən hədəflərə doğru yönəldən, sevilən, seçilən möhtəşəm mətbuat orqanıdır.

Qəzet artıq milli-mənəvi varlığımızın ayrılmaz hissəsinə çevrilmişdir. Onun hədsiz nüfuz qazanması arealı ilə və  bu arealın mümkün rakursları özündə ehtiva etməsilə birbaşa ilgilidir. Bu arealdan “Ədəbiyyat və zaman” qırmızı xətlə keçərək özündə ədəbiyyatın və ədəbiyyatşünaslığın taleyönlü məsələlərinin qəzet səhifələrində incələnməsinə münbit zəmin yaradır.

 Bunu deyərkən biz çətin, lakin özünəməxsus yollarla irəliləyən və elmi ədəbiyyatşünaslıq müstəvisində çözümünü zəruri edən realizm, tənqidi realizm və romantizm kimi analitik düşüncə əsasında incələnən, müasirlik işığında, müstəqilliyin şərəfli yoluna şəfəq saça bilən məqalələrə qəzetdə məxsusi səhifələr ayrıldığını nəzərdə tuturuq. Vətəndaşlıq mövqeyi sərgiləyən yazılara verilən meydan da hər kəsdə könül xoşluğu doğurur. Ədəbiyyat elminin tarixi və bu tarixi hədəflərə doğru daşıyan avtoritetlər, yazıçı şəxsiyyəti və yaradıcılıq prosesi və ümumən ədəbi prosesi rövnəqləndirən yazıçı, tənqidçi və oxucu münasibətlərini hədəfləyən məqalələr nəzəri düşüncənin inkişafı üçün faydalı yazılar sırasındadır.

Məlum olduğu kimi, XX əsr əvvəlki əsrlərdə görünməyən tarixi kataklizmlər təfəkkürdə qlobal dəyişikliklərin meydana gəlməsinə səbəb oldu. Rasional elm öz inkişafı ilə misilsiz tərəqqi əmələ gətirdi. Belə olan təqdirdə dünyanı yenidən anlamaq məsələsində kamil insan amili önəm kəsb etdiyindən kontekstdə müasir dövrün intellektual və emosional ifadəsini özündə ehtiva edən təsəvvüf və postmodernizm haqda açıqlamalar yer almağa başladı ki, “525-ci qəzet” də öz səhifələrində belə bir qlobal və ədəbiyyatımız üçün taleyönlü bir problemi təbii olaraq diqqət mərkəzində saxladı. Ədəbiyyatın dünyanı son dərəcə intuitiv və subyektiv idrak vasitəsi olmasını nəzərə alaraq şərhinə həsr olunan yazıların çapı təbii olaraq Azərbaycan ədəbiyyatında təsəvvüfün rolu və məqamı barədə elmi-nəzəri düşüncəmizin mahiyyətə yönəldilməsinə zəmin yaratdı. Həqiqətən də bu istiqamətdə nəşr olunan yazılar Kamal Abdulla əsərlərində postmodernizm amili barədə bədii və elmi düşüncə formalaşdırdı ki, bu da sonucda şəxsiyyətin və yaradıcılığın uyarlılığının nə kimi amillərdən keçərək elmi-ədəbi ictimaiyyətdə konkret düşüncə formalaşdırdı. Milli mənəviyyat üstündə köklənən ədəbiyyatımızın multikultural inkişaf yoluna önəm verilməsi təbiidir. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin “Bu gün Multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda həyat tərzidir” müdrik kəlamının “525-ci qəzet”də önə çəkilməsi həm də o deməkdir ki, bu qəzet taleyönlü məsələlərə daim son dərəcə həssaslıq göstərir.

Ədəbi-nəzəri  və elmi-tənqidi düşüncənin ən yeni qənaətləri barədə açıqlamalara qəzetdə önəm verilməsi problematik məsələlərə bu çox dəyərli mətbuat orqanının həssas reaksiya verməsi insanı bədii tədqiq obyektinə çevirən ədəbiyyatın ideoloji bazasının daim diqqət mərkəzində saxlandığına, böyük ədəbiyyatın, böyük sözün keşiyində necə bir həssaslıqla yanaşıldığına bariz sübutdur. Bakının ev sahibliyi etdiyi “Ümumdünya mədəniyyətlər arası dialoq forum”un və digər beynəlxalq tədbirlərin əhəmiyyəti barədə ilkin fikirlərə məhz  “525-ci qəzet”də yer ayrılması bu mətbuat orqanının Azərbaycanın uğurlu inkişafına sevinc qatdığına əyani sübutdur və azərbaycançılığa töhfə vermək istəyindən qaynaqlanır. Ən sonda bir məqalə barədə qənaətləri yazıya gətirməyi özümə borc bildim. Bu məqalənin müəllifi görkəmli jurnalist professor Cahangir Məmmədlidir. Məqalə “Sevdim səni” - Həsənoğludan Posternakadək” adlanır (6 may 2017-ci il). Məqalədə yazıçı, ədəbiyyatşünas alim və müəllim kimi səciyyələndirilən Pərvin Nurəliyevanın “Sevdim səni” kitabında toplanan hekayələrin iç mənasının Həsənoğludan Posternakadək ilgilənməsi məqalə müəllifinin intellektual düşüncə kirdarından soraq verməklə yanaşı, həm də “525-ci qəzet”in elmi-nəzəri mülahizələrə, erudisiyalı düşüncəyə necə böyük səxavətlə yer ayırdığına əyani sübutdur. “525-ci qəzet” barədə xoş, könül açan təəssüratlarım geniş fikir yürütməyimə aman verməsə də, amalıma, əməlimə güzgü tutan bu möhtəşəm mətbuat orqanı məni yeni-yeni düşüncələr aləminə çəksə də,  asossiativ fikir dünyasına səsləsə də, qəlbimdən keçənlərin cüzi bir qismini yazıya köçürməklə kifayətlənməli oldum. Yolun daim işıqlı və uğurlu olsun, hamıya gərək olan məxsusi auralı “525-ci qəzet”.

 





18.09.2017    çap et  çap et