525.Az

"Deputatın mandatdan imtina etməsi YAP üçün itkidir"


 

"Deputatın mandatdan imtina etməsi YAP üçün itkidir"<b style="color:red"></b>

Hakim Yeni Azərbaycan Partiyası Gülər Əhmədovanın təşkilatdan çıxarılıb-çıxarılmayacağı haqda qərarı video qalmaqalı ilə bağlı araşdırmaların nəticələri məlum olandan sonra verəcək.

YAP İdarə Heyətinin üzvü, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Media forum” saytına deyib ki, fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin rektoru olmuş Elşad Abdullayevin yaydığı video ilə bağlı istintaq araşdırması gedir:

“Araşdırmalar bütün məsələlərə aydınlıq gətirəcək. YAP araşdırmaların nəticəsini gözləyir”.

“Gülər Əhmədovanın deputat mandatından imtina etməsini YAP üçün itki hesab edirsinizmi” sualına Əli Həsənov belə cavab verib: “Əlbəttə, deputatın mandatdan imtina etməsi partiyası üçün itkidir. Çünki partiya seçkilərdə hər bir deputat yeri uğurunda ciddi mübarizə aparır. Yeri itirmək partiya üçün xırda iş deyil”.

Ötən həftə deputat Gülər Əhmədovanın hazırda Fransada yaşayan sabiq universitet rektoru Elşad Abdullayevdən rüşvət istəməsini əks etdirən video yayılıb. Bakı Şəhər Prokurorluğu bu video işinə görə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə (külli miqdarda ziyan vurmaqla dələduzluq) iş qaldırıb. 2010-cu ildə 34 saylı Xətai ikinci seçki dairəsindən parlamentin deputatı seçilmiş Gülər Əhmədova Milli Məclis sədrinin adına ərizə yazaraq mandatından imtina edib.

 





02.10.2012    çap et  çap et